“Elmi nəticələrin kommersiyalaşdırılması zəruridir”
Dünyada gedən qloballaşma prosesi doktorantura səviyyəsində də təhsilin məzmununun təkmilləşdirilməsini, kadrların daha müasir, beynəlxalq rəqabətə uyğun şəkildə hazırlanmasını zəruri edir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində doktorantura təhsili ilə bağlı olan bəzi vacib məsələlər barəsində danışıb.
- Azərbaycanda doktorantura təhsili ölkəmizin yüksək səviyyəli kadr hazırlığına tələbat duyduğu sahələr üzrə təşkil edilir?
- Bu gün Elm və Təhsil Nazirliyi, həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi çalışır ki, ölkəmizdə elmi tədqiqatlar müasir dünyada elmin inkişaf meyillərindən irəli gələn sahələri əhatə etsin, ölkəmizin sosial-iqtisadi, mənəvi-mədəni problemlərinin həllinə yönəlsin.
Bu gün elm, eləcə də texnologiyaların inkişafı üçün önəmli olan sahələr var. Azərbaycanda da elmin, texnologiyanın inkişafına ciddi təkan verən fizika, riyaziyyat, kimya, biologiya, onların müasir ixtisas istiqamətləri - biofizika, biotəbabət, molekulyar biologiya, gen mühəndisliyi, kompüter elmləri, süni intellekt, kibertəhlükəsizlik və s. sahələr üzrə kadr hazırlığına diqqət yetirilir. Biz doktoranturada dövlət sifarişli yerlər üzrə qəbul planını artırmaqla bu sahələr üzrə kadr hazırlığına daha çox önəm verəcəyik. Bu, eyni zamanda humanitar sahələri əhatə edəcək. Tariximiz, dilimiz, mədəniyyətimizlə də bağlı tədqiqatların aparılmasına xüsusi diqqət yetirilir. Ədəbiyyat sahəsində klassiklərimizin daha dərindən öyrənilməsi, tariximizin daha obyektiv araşdırılması, azərbaycançılıq ideyalarının tədqiqi əsas hədəflərimizdir. Bu gün müasir Azərbaycanın özü də bir tədqiqat obyektidir. Azərbaycan artıq regionun lider ölkəsinə çevrildiyindən bunun iqtisadi, siyasi baxımdan tədqiq edilməsinə ehtiyac var.
- Hazırda doktorantura səviyyəsində qeyd etdiyiniz istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilir?
- Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatı 2012-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Kifayət qədər əhatəli təsnifatdır. Zərurət yarandıqda bu təsnifatda dəyişikliklər də edilə bilər. Əvvəlki illərdən fərqli olaraq, nazirlik qəbul planında bayaq sadaladığım sahələrdə tələbat duyulan ixtisaslar üzrə qəbul yerlərinin sayını artırıb. Bu istiqamətlər, xüsusilə dəqiq elmlərə aiddir. Elə ixtisaslar var ki, əmək bazarında onlara çox yüksək tələbat var. Məsələn, proqramçılar, kompüter və sistem mühəndisləri və s. Hesab edirəm ki, belə ixtisaslar üzrə kadr hazırlığına xüsusi diqqət yetirməliyik.
- Bu yaxınlaradək elmi tədqiqatların aparılması daha çox elmi müəssisələrin vəzifəsi hesab edilirdi, universitetlər isə tədris müəssisəsi sayılırdı. Ancaq artıq bu yanaşma dəyişdirilir. Sizcə, universitetlər yeni yanaşmaya uyğun olaraq, elmi tədqiqat fəaliyyətlərini genişləndirə bilirlər?
- Həm dünya təcrübəsinə, həm də öz təhlillərimizə əsaslanaraq, deyə bilərik ki, universitetlərdə elmi tədqiqat fəaliyyəti genişlənməli, kütləviləşməlidir. Bunun aternativi yoxdur. Elmi tədqiqat fəaliyyəti kadr hazırlığına və universitetlərin reytinqinə böyük təsir göstərir. Bu proses bakalavriat səviyyəsindən tutmuş doktoranturaya qədər ardıcıl davam etməlidir. Gənclərimizin bu prosesə ali təhsilin ilk səviyyəsindən geniş tərkibdə cəlbini hədəf olaraq müəyyən etmişik və buna çalışırıq. Hədəflərə çatmaqdan ötrü bir sıra planlarımız var. Əlbəttə, elmi tədqiqat fəaliyyəti daha çox doktorantura təhsilinə aiddir. Amma tələbələrin həm bakalavriat, həm də magistratura səviyyəsində apardığı tədqiqat işləri universitetlərin elmi tədqiqat işlərinin tərkib hissəsi olmalıdır.
- Son illərdə dövlət xətti ilə xaricdə təhsilin daha çox doktorantura səviyyəsi üzrə təşkilinə üstünlük verilir. Azərbaycan elmi, təhsili bundan nə kimi faydalar görür?
- Hələ 2012-2014-cü illərdə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı əsasında gənclərin xaricdə doktorantura təhsili alması üçün Azərbaycan Milli Elmlər Akademiyasına yarım milyon maliyyə vəsaiti ayrılmışdı. O vəsait hesabına müxtəlif istiqamətlər üzrə 50-dən çox doktorant və dissertant xaricdəki nüfuzlu elmi mərkəzlərə və universitetlərə göndərildi. Bunun çox yaxşı nəticəsi oldu, həmin doktorantların bir qismi elmi dərəcə alaraq xaricdəki müxtəlif elmi mərkəzlərdə alim kimi çalışır. Bir qismi isə geri qayıdaraq Azərbaycanın elmi müəssisələrində və universitetlərində işləyir. Bu proqram həm də imkan verdi ki, doktorantlar ikili diplom proqramlarında iştirak etsinlər. Azərbaycanda ilk dəfə doktorantura təhsili üzrə ikili müdafiələrin aparılması və ikili diplomların alınması məqsədilə ilə əməkdaşlığa başlanıldı. Bu təcrübə sonradan genişləndi. Hazırda universitetlərimiz təhsilin bütün səviyyələrində dünyanın müxtəlif universitetləri ilə ikili diplom proqramlarını həyata keçirir.
Hazırda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-cı illər üçün Dövlət Proqramı” çərçivəsində doktorantura təhsili almaq üçün gənclərin xarici universitetlərə göndərilməsi nəzərdə tutulur.
- Dünyada elmi nəticələrin biznesdə tətbiqi təcrübəsi geniş yayılıb. Azərbaycanda iş adamları elmi tədqiqatların biznes sektoruna gətirilməsinə maraq göstərirlər?
- Bu, çox vacib məsələdir. Dünyada böyük layihələr, çox dərin, fundamental tədqiqatlar böyük şirkətlərin sifarişləri əsasında həyata keçirilir. Dövlət burada az rol oynayır, belə tədqiqatlara az vəsait xərcləyir. Elmi nəticələrin kommersiyalaşdırılması olduqca zəruridir, universitetlərimiz və alimlərimiz buna çalışmalıdır. Təəssüf ki, özəl sektor elmi fəaliyyətə hələ lazımi səviyyədə investisiya qoymaq istəmir. Ona görə də bunu təşviq etməliyik. Bunu necə etmək olar? Özəl şirkətə kadr lazımdırsa, onlar həmin kadrın hazırlanmasına müəyyən maliyyə vəsaiti ayırmalıdırlar. Sahibkarlar başa düşməldirlər ki, əqli mülkiyyətin kommersiyalaşdırılması ilə, intellektual əməyin, yeni texnoloji məhsulun biznesi ilə məşğul olsalar, daha yüksək gəlir əldə edə bilərlər. Bunun üçün ilkin mərhələdə böyük vəsait tələb olunmur. Tutaq ki, bir necə startapı maliyyələdirmək üçün böyük zavodun tikilməsinə ehtiyac yoxdur. İstedadlı gənclərə universitetdə oxuyarkən dəstək olsan, universiteti bitirdikdən sonra onlar üçün bir ofis yeri təşkil edib, startap layihələrinin ilkin fəaliyyətləri üçün şərait yaratsan, yüksək məbləğdə maya qoymadan böyük gəlir əldə edə bilərsən. Biz bunu təşviq etməliyik. Həm də tələbələrimizə bunu aşılamalıyıq ki, onlar universiteti bitirdikdən sonra kiminsə qapısını döyüb iş axtarmasınlar, özləri iş yerləri yaratmağa çalışsınlar.
- Sizcə, elmin kommersiyalaşdırılmasında iştiraka həvəsləndirmək məqsədilə iş adamlarının stimullaşdırılması səmərə verər?
- Stimullaşdırmağın müxtəlif yolları var. Burada dünya təcrübəsindən istifadə etmək olar. Dövlət elmin kommersiyaşdırılması ilə bağlı fəaliyyətə müxtəlif növ vergi güzəştləri, innovativ layihələrə sadə tender proseduru tətbiq edə bilər, aidiyyəti qurumlar təşkilati dəstək verə bilərlər. Universitetlər də öz növbəsində özəl sektorla qarşılıqlı faydalı münasibət qurmalıdırlar.
- Elmi işçilərin stimullaşdırılması hansı formada ola bilər?
- Bildiyiniz kimi, hazırda yaxşı elmi nəticələri olan alimlərin əməyi ETN-ə dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti çərçivəsində, daxili imkanlar hesabına stimullaşdırılır. Eyni zamanda bir sıra tətbiqi xarakterli layihələr məqsədli olaraq, maliyyələşdirilir. İstərdik ki, həmin layihələrin nəticələrində maraqlı olan müvafiq dövlət və özəl qurumlar da maliyyələşmədə iştirak etsinlər. Nazirlik daha çox vəsait və uzun müddət tələb edən layihələrin maliyyələşdirilməsi üçün büdcənin davamlılığına əmin olmalıdır. Bilməlidir ki, bu və ya digər ciddi layihəni maliyyələşdirməyə başlayarsa, bunu 5-10 il müddətində, yekun nəticə alınanadək davamlı olaraq edə biləcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (1)
Vaqif Fətullayev
Təhsil mütəxəssisi, tədqiqatçı, jurnalist
11/22/2024, 11:55:24 AM
Təbii ki, özəl şirkətlərə kadr lazımdırsa, həmin kadrların hazırlanmasına maliyyə ayırmaları tam mən
...daha çox göstər