Bütün xəbərlər
3 dekabr, 12:45

Bu gün cəmiyyətimizin ən həssas üzvlərinin - xüsusi qayğıya ehtiyacı olan insanların günüdür. "Azərbaycan müəllimi" olaraq, bu əlamətdar gün münasibətilə qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan Mingəçevir Uşaq və Ailələrə Dəstək Mərkəzinə baş çəkdik. 2005-ci ildə "Uşaqların Xilası” Təşkilatının yaratdığı mərkəzin tək valideynli, valideyn himayəsindən qismən və ya tam məhrum olmuş, sağlamlıq imkanları məhdud, məcburi köçkün ailələrinin uşaqlarına, eləcə də risk qrupuna aid olan uşaqlara təmənnasız xidmət göstərir.

Mərkəzin direktoru Aygün Fərruxovanın sözlərinə görə, rəhbərlik etdiyi qurum 2009-cu ildən Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir: “Əsas məqsədimiz xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasını təmin etmək, onların təhsil və tərbiyəsinə dəstək olmaqdır. Hər bir uşağın fərdi xüsusiyyətlərini nəzərə alaraq onların potensialını üzə çıxarmağa çalışırıq. Uşaqlarımızın sevinci və uğurları bizim ən böyük mükafatımızdır”.

Mərkəzin müəllimi Elnarə Səmədova uşaqların sağlam inkişaf etməsi üçün əlindən gələni etməyə çalışır: “Uşaqlarımızın müayinə və müalicələrini təşkil etmək üçün bacardığımı edirəm. Müxtəlif reabilitasiya mərkəzlərində onların müalicələrini, hətta cərrahi əməliyyatlarını etdirməyə çalışıram. Bu yolda çətinliklərlə qarşılaşsaq da, uşaqlarımızın sağlamlığı naminə onları dəf etməyə səy göstəririk”.

Elnarə xanım deyir ki, uşaqların müasir biliklərə yiyələnməsi üçün kompüter və ingilis dili dərnəkləri yaradıblar. Bu dərnəklər onların dünyagörüşünü genişləndirir və gələcəkdə daha geniş imkanlara sahib olmalarına kömək edir: “Müxtəlif ekskursiyalar və gəzintilər təşkil edirik. Bununla uşaqlarımızın sosial bacarıqları inkişaf edir, dünyagörüşləri genişlənir. Valideynlərin iştirakı ilə keçirilən tədbirlər valideyn-müəllim birliyini möhkəmləndirir”.

Reabilitasiya məşğələləri uşaqların motor bacarıqlarını inkişaf etdirir

Reabilitasiya üzrə müəllim Könül Qayıdova uşaqların fiziki inkişafına dəstək olur: “Hər bir uşaqla onların fərdi ehtiyaclarını nəzərə almaqla işləyirik. Reabilitasiya məşğələləri onların motor bacarıqlarını inkişaf etdirir, özünəinamlarını artırır. Müxtəlif məşqlər və terapiya üsulları ilə uşaqların fiziki məhdudiyyətlərini aradan qaldırmağa çalışırıq”.

Loqoped Kamil Yusibov isə nitq pozuntuları olan uşaqlarla çalışır. Onun sözlərinə görə, uşaqların nitq qabiliyyətlərini inkişaf etdirmək üçün müasir metodlardan istifadə edir. Onların ünsiyyət bacarıqlarını artırmaq məqsədilə oyunlardan, interaktiv məşğələlərdən və xüsusi təlim proqramlarından faydalanır. Məqsəd onların cəmiyyətlə daha rahat ünsiyyət qurmasına yardım etməkdir.

Burada uşaqlar həm də sosiallaşırlar

Uşaq və Ailələrə Dəstək Mərkəzində uşaqların qidalanması xüsusi diqqət mərkəzindədir. Burada uşaqlar səhər, ikinci səhər, günorta yeməyi yeyir və qəlyanaltılarla təmin olunurlar.

Bu, onların sağlam böyüməsinə və inkişafına mühüm töhfə verir.

Mərkəzdə uşaqlar üçün mütəmadi olaraq əyləncəli tədbirlər, yarışlar və müsabiqələr təşkil olunur, keçirilən rəsm müsabiqələri, şeir yarışmaları, idman tədbirləri onların yaradıcılıq və fiziki bacarıqlarını inkişaf etdirir. Təşkilatın Mingəçevir Dövlət Dram Teatrı, Mingəçevir Gənclər Evi və digər qurumlarla sıx əməkdaşlığı sayəsində görülən tədbirlər uşaqların sosiallaşmasına və mədəni inkişafına töhfə verir. Tədbirlərdə iştirak edən xeyriyyəçi insanlar uşaqlara maddi və mənəvi dəstək göstərirlər.

Mərkəzin psixoloqu Reyhan Allahverdiyeva uşaqların emosional və psixoloji sağlamlığına diqqət yetirir. Onun keçirdiyi fərdi və qrup məşğələləri uşaqların sosial adaptasiyasına və daxili dünyalarının zənginləşməsinə kömək edir.

Mərkəzdə fəaliyyət göstərən dərnəklər uşaqların bacarıqlarını inkişaf etdirir. Buradakı toxuculuq dərnəyində uşaqlar toxuculuq sənətini öyrənir, əl işləri hazırlayır, “Bacarıqlı əllər” dərnəyində sənətkarlıq fəaliyyətləri ilə məşğul olurlar. Kompüter dərnəyində isə kompüter biliklərinə yiyələnir, müasir texnologiyadan istifadə etməyi öyrənirlər. İngilis dili dərnəyi uşaqların xarici dil bacarıqlarını artırır.

Mərkəzin həkimi Şəlalə Quliyeva və tibb bacısı Aynurə Zeynalova uşaqların sağlamlığını daim nəzarətdə saxlayırlar. Onlar uşaqları mütəmadi olaraq, müayinələrdən keçirir, lazım olduqda müalicə olunmasını təmin edirlər.

Dərnəklərin məzunları arasında ali və orta ixtisas təhsillilər də var

Mərkəzin dərnəklərinin bir çox məzunları hazırda ali və orta ixtisas təhsili alır, müxtəlif peşələrə yiyələniblər. Məzunlar arasında yanğınsöndürən, xilasedici, mühafizəçi, musiqiçi, rəssam, usta, maliyyə mütəxəssisi kimi çalışan peşə sahibləri də var.

Fidan Yusifzadə voleybol üzrə respublikanın birinci dərəcəli idmançısıdır və hazırda Azərbaycan İdman Akademiyasında təhsil alır.

Mərkəzin müxtəlif yarışlarında, təlimlərində iştirak edərək sertifikat və fəxri fərmanlar qazanan 21 yaşlı Fidanın sözlərinə görə, 8 yaşından idmanla - atletika, üzgüçülük, futbol, həndbol, basketbol ve voleybolla məşğuldur.

Mingəçevir Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyəti bir daha göstərir ki, sevgi, fədakarlıq və həssas yanaşma ilə hər bir maneəni aşa bilərik. Burada çalışan müəllimlər və əməkdaşlar, uşaqların həyatını işıqlandırmaq üçün yorulmadan çalışırlar. Onların əməyinin nəticəsi olaraq, uşaqlar gələcəyə ümidlə baxır, cəmiyyətin fəal və faydalı üzvləri kimi yetişirlər.*

1 /7

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.