Sağlamlıq imkanları məhdud uşaqların məhdudiyyətsiz təhsil imkanları
Hər il 3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər Günü kimi qeyd olunur. Azərbaycanda bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə yaxşılaşdırılır. BMT Baş Məclisinin 2006-cı ildə qəbul etdiyi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya qoşulan Azərbaycanda əlillərin təhsilinə xüsusi diqqət yetirilir.
Sağlamlıq imkanları məhdud şəxslərin təhsilin bütün pillələrində təhsil hüququnu digər şəxslərlə bərabər səviyyədə təmin etmək və onların təhsili üçün maneəsiz mühit yaratmaq üçün ölkəmizdə davamlı olaraq tədbirlər həyata keçirilir. “Təhsil haqqında” qanuna görə, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər kəs üçün təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Həmin qanuna əsasən, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir və hər bir təhsilalan dövlət təhsil müəssisələrində pulsuz ümumi təhsil almaq hüququna malikdir.
Sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququ təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin edilir, onların təhsili üçün maneəsiz mühit yaradılır.
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunda xüsusi təhsil, evdə təhsil və inteqrasiyalı təhsilin təşkili ilə bağlı normalar yer alıb. Sağlamlıq imkanları məhdud şəxslərin fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, öz yaşıdları ilə eyni formada təhsilə cəlbi məqsədi ilə “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib.
Şagirdlərin keyfiyyətli təhsil almaq hüququnun dəstəklənməsi, inklüziv təhsil təşkil olunan ümumtəhsil müəssisələrinin əhatəsinin genişləndirilməsi məqsədilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi də müvafiq tədbirlər görüb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə bildirilib ki, 29 yeni məktəbdə inklüziv siniflər təşkil edilib və həmin məktəblərə korreksiyaedici pedoqoqlar göndərilib.
Ümumilikdə ölkə ərazisində 67 məktəbdə inklüziv sinif fəaliyyət göstərir, 362 sağlamlıq imkanları məhdud şagirdə "Fərdi Tədris Planları" hazırlanıb və 42 inklüziv sinif təşkil edilmiş məktəbdə loqoped-müəllim işə cəlb edilib. 41 inklüziv məktəb köməkçi otaqda tələb olunan avadanlıqlarla və əyani vəsaitlərlə təmin olunub.
Məktəbəqədər xüsusi təhsil müəssisələrinin fəaliyyətininin təkmilləşdirilməsi planı hazırlanıb. Plana uyğun olaraq məktəbəqədər xüsusi təhsil müəssisələrində ümumi təyinatlı qruplar açılıb. Xüsusi təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə 71 məktəb və 562 nəfər pedaqoq təlimlərdə iştirak edib.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün təyin edilmiş diaqnozun dəqiqləşdirilməsi, bunun əsasında müvafiq qiymətləndirilmənin aparılması, qərar qəbul edilməsi və valideynlərə və ya digər qanuni nümayəndələrə müvafiq məsləhətlərin verilməsi məqsədilə fəaliyyət göstərən Psixoloji-tibbi-pedaqoji komissiyanın (PTPK) elektron sistemi yaradılıb.
Bakı Şəhəri Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə eşitmə və görmə qabiliyyəti məhdud olan uşaqlar üçün brayl əlifbası və latın qrafikalı işarət dili əlifbası ilə kitablar çap edilib.
Sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar fəaliyyətə cəlb olunması üçün yeni konsepsiya hazırlanıb.
Qeyd edək ki, sağlamlıq imkanları məhdud hər bir şagirdin “Fərdi tədris planı”nın həyata keçirilməsi əsas prioritetlərdəndir. Tədris ili ərzində şagirdin fərdi ehtiyaclarına uyğun olaraq sinifdə və sinifdən kənarda ediləcək fiziki mühit tənzimləmələri əlavə edilməsi nəzərdə tutulub.
2024-2025-ci tədris ilində Azərbaycanda 6421 nəfər evdə təhsilə cəlb olunub
Dövlət başçısının “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” verdiyi daha bir sərəncamı ilə I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
2018-ci ildə qəbul edilmiş “Peşə təhsili haqqında” qanunun 20.8.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Nəticədə ildən-ilə peşə təhsili almaq istəyənlərin sayı artır. Təkcə bu il peşə təhsili müəssisələrinə qəbul olanların 506 nəfəri sağlamlıq imkanları məhdud olan şəxs, 378 nəfər III dərəcə, 264 nəfər II dərəcə, 28 nəfər isə I dərəcə əlilliyi olan şəxsdir.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)