Bütün xəbərlər
2 may, 16:07

Universitetlərdə karyera mərkəzləri fəaliyyət göstərir, gənclərə karyera və təcrübə imkanları qazandıran sərgilər təşkil edilir. Hər universitet nə az, nə çox, ildə bir dəfə sərgi keçirib, əməkdaşlığı olan bütün böyük şirkətlərin imkanlarını tələbələrinə təqdim edir. Ötən gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) də bir sərgi təşkil olunub. Artıq onlar üçün ənənəvi xarakter alan bu sərgi universitetin indiyədək təşkil etdiyi sayca VI, miqyasca ən böyük karyera sərgisi olub. Belə ki, memarlıq, dizayn, inşaat, mühəndislik, texnologiya, nəqliyyat, maliyyə və xidmət sahələrini əhatə edən sərgidə 800-dən artıq vakansiya tələbə və məzunlara təqdim olunub. Əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına dəstək məqsədi daşıyan sərgi universitetin əməkdaşlıq etdiyi şirkətlərin iştirakı ilə baş tutub. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən dövlət və özəl qurumlarla yanaşı, SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Bakı Metropoliteni” QSC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu, Təhsilin İnkişafı Fondu, Təhsil Tələbə Kredit Fondu, Əmlak Məsələləri Dövlət Xidməti, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, “Azərişiq” ASC , “Azərsu” ASC “Baku Design Center” MMC, “Dizayn Buro” MMC, “PMD” Projects MMC, “Azərgold” QSC, “Embawood” MMC, “Holcim”, “PROYAPI”, Kapital  Bank, Yelo Bank, Beynəlxalq Bank, “Veysəloğlu” MMC, “AzVirt” MMC, “Metak” və ümumiyyətlə, tanınan 90-dan artıq aparıcı müəssisə və təşkilat iştirak edib.

Xatırladaq ki, sərginin əsas məqsədi bilikli, bacarıqlı, peşəkar potensiala malik gənclərin dövlət və özəl sektorda uğurlu şəkildə məşğulluğuna şərait yaratmaq, eləcə də müəssisələrdəki iş imkanları barədə məlumatlandırma platforması təqdim etməkdən ibarət olub.

“AzMİU-nun inkişafında universitetin partnyor şirkət və təşkilatlarla qurduğu əməkdaşlıqların rolu danılmazdır”

AzMİU rektoru professor Gülçöhrə Məmmədova ölkəmizin memarlıq, inşaat, şəhərsalma, nəqliyyat, iqtisadiyyat və digər mühüm sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlandığını deyib. O, bu prosesdə universitetdə artıq ənənəvi xarakter alan sərgilərin tələbə və məzunların gələcək karyeralarının formalaşmasında əhəmiyyətli rolu olduğuna inanır. Çünki bu cür sərgilər vasitəsilə gənclər əmək bazarının real tələbləri ilə tanış olur, ixtisaslarına uyğun qurumlarla birbaşa ünsiyyət imkanı qazanırlar. Rektorun fikrincə, AzMİU-nun inkişafında universitetin partnyor şirkət və təşkilatlarla qurduğu əməkdaşlıqların rolu danılmazdır.

“Universitet tələbələri təhsilinin bitməyini gözləməməli, təcrübə toplamalı, şirkətlər isə tələbələri təcrübəyə cəlb edərək işçi bazası yaratmalıdır”

Sərgidə stendi ilə tələbələrin marağını cəlb edən qurumlardan biri Təhsilin İnkişafı Fondu olub. Onlar “Tələbə plus” layihəsi çərçivəsində tələbələrə təklif olunan yeni güzəştlərlə maraqlanıblar. Fondun nümayəndələri Almaz Axundzadə və Jalə Məmmədova bu layihə çərçivəsində mümkün güzəştlər barədə məlumatlar veriblər. Fondun İdarə Heyətinin sədri Elnur Nəsibovun fikrincə, təhsilin inkişafı bir qurumdan yox, dövlət və özəl şirkətlərdən, tələbələrdən, təhsil müəssisələrindən, bir sözlə, hamıdan asılıdır. Odur ki, universitet tələbələri təhsilinin bitməyini gözləməməli, təcrübə toplamalı, şirkətlər isə tələbələri təcrübəyə cəlb edərək işçi bazası yaratmalıdır: “AzMİU-da da şirkətlərin kadr bazasını zənginləşdirəcək bacarıqlı kadrlar hazırlanır. Məhz bu universitetin məzunları ölkənin tikinti sektorunda, xüsusən Qarabağda layihələrin həyata keçirilməsində fəal iştirak edirlər”.

Şirkətlərdən aktiv vakansiyalar və şərtlər: “Çəkinməyin müraciət edin”

“Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Talıbov “Azərbaycan müəllimi”nə özünün də məzunu olduğu AzMİU-nun tələbələrinə təqdim etdikləri imkanlardan danışıb: “Şirkətimizin 25 mindən artıq işçisi var, ildə 3000-dən çox yeni iş yeri açırıq. Həmin iş yerlərinə bacarıqlı kadrlar lazım olur ki, onların da bir qismi məhz AzMİU-dan gəlir. Universitetlər olmadan iqtisadiyyatın inkişafı mümkün deyil. Ali məktəb tələbələrinin təcrübə qazanmasına, peşəkar kadrların hazırlanmasına dəstək verməliyik ki, universitetlərdə nəzəriyyə ilə təcrübə birləşsin”.

“PMD Projects” MMC-də təcrübə proqramlarına indiyədək karyera sərgilərindən 996 nəfər baş vurub, onlardan 96 nəfər işə alınıb, hazırda 40 nəfər işə davam edir. Hazırda şirkətin 33 aktiv vakansiyası olduğunu vurğulayan şirkətin direktor müavini Ali Altunışık “Azərbaycan müəllimi”nə açıqlamasında şirkətdə işə alınma şərtlərindən danışıb: “Təcrübəyə də, işə də götürərkən tələbələrdə bəzi keyfiyyətlərə diqqət edirik. Onların akademik biliklərini, dünyagörüşlərini, problem çözmə qabiliyyətlərini yoxlayan test edirik. Psixoloji, riyazi, məntiqi, geometrik biliklərdən ibarət bu testin nəticəsindən asılı olaraq qərar veririk. Məqsədindən asılı olmayaraq, müraciət edən hər kəs bu testdən keçməlidir. Fərqlənənlər bəlli bir müddətdə təcrübə keçir və uğur qazanarsa, şirkətimizdə işə qəbul olunur. Odur ki, sərgidə hər kəsə deyirik ki, çəkinməyin müraciət edin”.

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri İlham Mirzəliyevin sözlərinə görə, AzMİU ilə uzun illərdən bəri davam edən əlaqələri var: “Ən yeni texnologiyalarla işləmək bacarığının inkişafı üçün tələbənin potensial iş yerlərini görməsi vacibdir. Tikinti meydanlarında universitet məzunları fəaliyyət göstərir. “Azəristiliktəchizat”da 20-yə yaxın vakansiya var. Ola bilsin ki, həmin vakansiyalara təcrübəli şəxslər tələb olunsun. Ancaq müsabiqə yolu ilə olduğundan universitetin tələbələri arasında da vərdişlərindən asılı olaraq həmin yerləri qazananlar ola bilər. AzMİU kadrlarımızı götürdüyümüz 3 universitetdən biridir. Hazırda müəssisəmizdə universitetin 57 məzunu işləyir”.

İ.Mirzəyev əlavə edib ki, karyera sərgilərinə mütəmadi qatılırlar və indiyədək 14-15 nəfər işçi götürüblər.

Maraqlıdır, sərgiyə böyük ümidlərlə qatılan 2000-ə yaxın tələbə bu sərgidən nə qazanıb?

Nəsimi Hüseynzadə “Nəqliyyat mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsidir: “İndiyədək universitetimizdə keçirilən sərgilərə qatılmasam da, bu sərgidə iştiraka həvəslə gəldim. Ümidliyəm, çünki əvvəlki sərgilərdə təcrübə imkanı qazanan bir neçə nəfərlə danışmışam”.

Nəsimi bütün stendlərə yaxınlaşmayıb: “Yalnız ixtisasıma uyğun iş yerləri ilə maraqlandım. “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin stendlərinə yaxınlaşıb vakansiyalar üzrə müraciət etdim. Aktiv vakansiyalar olmadığına görə, mənə yeni vakansiyalardan vaxtında xəbər tutmaq yolları barədə məlumat verdilər. Bizim universitetin məzunu olan şirkət əməkdaşı öz təcrübəsindən danışdı, mənə çox maraqlı oldu. Sərgidə iştirak hədəfimə gedən yolu sanki aydınlaşdırdı, artıq işi harda, necə axtaracağımı bilirəm. Qarşıda iş axtarmaq üçün bir ilim də var və bu da şanslarımı artıracaq”.

Şahnaz Rüstəmli “İnformasiya texnologiyaları” ixtisası üzrə IV kurs tələbəsidir: “İnformasiya texnologiyaları həyatımızın hər yerində var. Ona görə bütün stendlərlə maraqlandım. “Front-end web development” əsaslı proqramlaşdırma ilə maraqlandım. Hər şirkət öz məlumatını verdi. İş üçün CV təqdim edəcəyim və ümidli olduğum yerlər var”.

İndiyədək də sərgilərə qatılan Şahnazın sözlərinə görə, artıq IV kursda oxuduğu üçün bu sərgiyə də fərqli yanaşıb: “Təhsil müddətinin bitməsinə qalan vaxt azaldıqca həyəcan insanı sarır. Ona görə indi şirkətlərin iş imkanları ilə daha ciddi maraqlandım”.

AzMİU sərgisinə maraq universitet sərhədlərini aşıb

Nuray Abdullayevanın əlləri doludur. Bütün stendlərlə maraqlanıb, hamı ilə danışıb. Dediyinə görə, tələbə deyil, amma AzMİU-nun sərgisi barədə eşidib və iştirak etmək istəyib. Əldə etdiyi məlumatlar onun üçün də çox faydalı olub.

Məzunlarının 80 faizindən çoxu təhsilini başa vurduğu ilk il ərzində ixtisasına uyğun sahələrdə iş tapır

Beləliklə, karyera sərgisi bir gün ərzində şirkətlərə öz kadr bazasını formalaşdırmaq, tələbələrə iş və təcrübə imkanları barədə məlumat əldə etmək, şansları da dünyagörüşləri və bacarıqları qədər açıqdırsa, hətta iş yeri tapmaq, yaxşı müəssisələrdən birində təcrübə keçmək şansı qazanmaq deməkdir. Bu şansdan kimin istifadə etdiyinə gəlincə, AzMİU Təcrübə və Karyera Mərkəzinin direktoru Xanlar Qəniyevin sözlərinə görə, hər sərgidən sonra hazırladıqları hesabatlardan görünən odur ki, həm şirkətlər, həm tələbələr qazanır. O, “Azərbaycan müəllimi”nə açıqlamasında ötən ilin hesabatına əsaslanıb: “Pandemiya dövrü istisna olmaqla, 2019-cu ildən bəri hər il karyera sərgisi keçiririk və prosesə ildən-ilə artan dinamika ilə davam edirik. Ötən il sərgiyə 600 vakansiya ilə 70-dən çox şirkət qatılıb. 600 vakansiyadan 400-ə yaxın tələbəmiz yararlanıb. Bu il də təqribən 400-500 nəfərin yararlanacağını düşünürük. Ümumiyyətlə, hər il keçirilən karyera sərgilərindən sonra 1-2 ay ərzində hesabat hazırlayıb həm universitet rəhbərliyinə, həm də aidiyyatı qurumlara təqdim edirik”.

Xanlar Qəniyev əlavə edib ki, universitetin təşkil etdiyi sərgilərdə inşaat, memarlıq və iqtisadiyyat yönümlü şirkətlər iş və təcrübə imkanı təklif edirlər: “Builki Karyera Sərgisində 40-dan artıq nüfuzlu şirkətin rəhbər heyəti iştirak edib. Bu isə tələbə və məzunlar üçün mövcud vakansiyalar, o cümlədən peşəkar inkişaf imkanları ilə birbaşa tanış olmaq baxımından mühüm fürsət yaradıb”.

AzMİU-dan hər il 1400-dən çox bakalavr və 400-dən artıq magistr məzun olur. Onlardan 80 faizindən çoxu təhsilini başa vurduğu ilk il ərzində ixtisasına uyğun sahələrdə iş tapır.

1 /10

Şərhlər

Xəbər lenti

2 may, 20:20

Müəllimlik Peşəsi üzrə Beynəlxalq Sammit

2 may, 19:25

“Avropada məktəb direktorlarının, müəllimlərin əməkhaqları və müavinətləri 2022/2023”

2 may, 17:50

Elmi inteqrasiyanın yeni mərhələsi: Batabat Astrofizika Rəsədxanasının üstünlükləri və imkanları

2 may, 17:48

Tarix fənni üzrə RFO-nun final turunun ilkin nəticələri elan edildi

2 may, 17:31

6 apreldə keçirilmiş imtahanlarda 8 nəfərin nəticələri ləğv edilib

2 may, 17:20

Naxçıvana ilk medalı gətirən şagird – Süni intellektli robot da hazırlayıb

2 may, 17:16

Aprelin 6-da keçirilmiş imtahanların nəticələri açıqlandı

2 may, 17:03

“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir

2 may, 16:59

“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir

2 may, 16:47

Tələbə qəbulu qaydalarında bəzi dəyişikliklər edilib

2 may, 16:43

“Şahin” hərbi idman oyunlarının zona mərhələsi keçirilir

2 may, 16:30

Qazaxıstanın "500 alim" layihəsi – Beynəlxalq təcrübə

2 may, 16:30

Suraxanı məktəbliləri “Ədibin Evi”ndə xalçaçılıq irsimizlə tanış olublar

2 may, 16:27

Narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirilib

2 may, 16:24

Ötən ay xaricdə təhsil alan 351 nəfərin diplomu tanınıb

2 may, 15:37

Aqrar sığorta eksperti olmaq üçün tələb olunan ixtisaslarda dəyişiklik edilib

2 may, 15:29

ADPU-da növbəti dəfə "Mən rəhbər olsam” layihəsi keçirilib

2 may, 15:23

Apellyasiya Komissiyası fəaliyyətə başlayacaq

2 may, 15:05

Bəzi universitetlərin magistraturalarına qəbul qaydası dəyişib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.