Ali məktəblərə imtahansız qəbul olan subbakalavrların sayı artır – ARAŞDIRMA
Artıq bir necə ildir ki, Azərbaycanda subbakalavr dərəcəsi alan bütün məzunlara ali məktəblərə imtahansız, müsabiqə yolu ilə qəbul olmaq imkanı verilib. Kollec bitirənlərə 2012-ci ildən subbakalavr dərəcəsi verildiyindən ölkədə yalnız həmin ildən sonra orta ixtisas təhsili müəssisələrinin məzunu olan şəxslər bu imkandan yararlana bilirlər.
Eyni zamanda yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil almış subbakalavrlar kolleci bitirmiş subbakalavrlara bərabər tutulduğundan onların da ali məktəblərə müsabiqə yolu ilə daxil olmaq hüququ var.
Beləliklə, 2019-cu ildən orta ixtisas təhsil pilləsi, 2021-ci ildən isə yüksək texniki peşə təhsili səviyyəsi üzrə oxumuş subbakalavrlar yalnız müsabiqədə iştirak etməklə ali məktəblərə qəbul ola bilirlər.
Qəbul qaydası necədir?
Subbakalavrların ali məktəblərə imtahansız qəbulu qaydaları Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Qərara əsasən, məzunun bitirdiyi ixtisasla ali məktəbdə qəbul olmaq istədiyi ixtisas arasında mütləq şəkildə uyğunluq olmalıdır. Bu ixtisasların uyğunluğunu isə Elm və Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzi (DİM) ilə razılaşdırılmaqla müəyyən edir.
Qəbul proseduruna gəldikdə, ali məktəbə daxil olmaq istəyən subbakalavrların ərizələrinin qəbulunu DİM həyata keçirir. Subbakalavrlar bakalavriat səviyyəsinə qəbul olarkən həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları dilə uyğun ixtisasları seçməlidirlər.
Ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavrlar isə xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçməli və müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla qabiliyyət imtahanlarında iştirak etməlidirlər.
Subbakalavrlar müsabiqədə qəbul imtahanı verən abituriyentlərlə eyni zamanda iştirak edirlər. Belə subbakalavrlar müsabiqədə qəbul imtahanı verən və müvafiq ixtisaslar üzrə müəyyən edilmiş keçid balını toplayan abituriyentlər yerləşdirildikdən sonra iştirak edirlər.
Subbakalavrlar ali məktəblərə qəbul zamanı müsabiqədən keçdiyi ilk ixtisasa yerləşdirilirlər. Müsabiqədə ümumi orta müvəffəqiyyət göstəriciləri daha yüksək olan subbakalavrlara üstünlük verilir.
Subbakalavrın imtahan vermədən müsabiqədə iştirak etməsi onu DİM-in ali məktəblərə qəbul üçün keçirdiyi tələbə qəbulu müsabiqəsində ümumi qaydada iştirak etmək hüququndan məhrum etmir.
Lakin bəzi hallarda subbakalavrın müsabiqədə iştirakına icazə verilmir. Sənədlərdə uyğunsuzluq və ya çatışmazlıq aşkar edildikdə, onların aradan qaldırılması mümkün olmadıqda subbakalavrın müsabiqədə iştirakına yol verilmir. Belə hallar müsabiqədən sonra aşkar edildikdə subbakalavrın yerləşdirilməsi ləğv edilir.
3 ildə 2 dəfəyə yaxın artım
Azərbaycanda ali məktəblərə imtahansız qəbul olan subbakalavrların sayı getdikcə artır. 2022-ci ildə ali təhsil müəssisələrinə 3583, 2023-cü ildə 5121, 2024-cü ildə isə 7401 subbakalavr ali məktəbə qəbul olunub. Belə məzunların əksəriyyəti oxumaq üçün dövlət ali məktəblərini seçir. 2022-ci ildə subbakalavrların 65.50%-i (2347 nəfər) ali təhsilini dövlət, 34.50%-i (1236 nəfər) özəl məktəbdə almaq qərarını verib.
2023-cü ildə isə subbakalavrların 68.27%-i (3496 nəfər) dövlət, 31.73%-i (1625 nəfər) özəl ali təhsil müəssisələrinin tələbəsi adını qazanıb.
DİM-in təhlillərindən görünür ki, subbakalavrların çoxu I və II qrup ixtisasları üzrə təhsil alır.
Qurumun 2023-cü il üzrə tələbə qəbulu ilə bağlı apardığı araşdırmaya görə, həmin ildə subbakalavrların böyük hissəsi “Mühasibat” (552 nəfər), “İqtisadiyyat” (539 nəfər), “Maliyyə” (519 nəfər), “Menecment” (258 nəfər), “İnformasiya texnologiyaları” (253 nəfər), “Dövlət və bələdiyyə idarəetməsi” (228 nəfər), “Kompüter mühəndisliyi” (224 nəfər), “Nəqliyyat mühəndisliyi” (204 nəfər), “Radiotexnika və telekommunikasiya mühəndisliyi” (157 nəfər), “Elektrik və elektronika mühəndisliyi” (149 nəfər), “Energetika mühəndisliyi” (147 nəfər), “Baytarlıq təbabəti” (134 nəfər), “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” (127 nəfər), “Qida mühəndisliyi” (124 nəfər) və “Mexanika mühəndisliyi” (119 nəfər) ixtisaslarına qəbul olub. Bu ixtisasları seçən subbakalavrlar ali təhsil müəssisələrinə qəbul olan subbakalavrların 72.92%-ni təşkil edib. İxtisas seçimi mərhələsində subbakalavrların 1228 nəfəri ərizəsində ali təhsil müəssisələrinin yalnız dövlət sifarişi əsasında ayrılmış plan yerlərini, 8204 subbakalavr isə yalnız ödənişli əsaslarla ayrılmış yerləri seçib.
Balı aşağı olanlar daha çox bu ixtisasları seçirlər
Göstəricilərə gəldikdə, ali təhsil müəssisələrinə qəbul olan subbakalavrların orta diplom balı 81.350 olub. Bu göstəriciləri aşağı olanlar, əsasən, “Geologiya” (57.200 bal), “Riyaziyyat və informatika müəllimliyi” (68.367 bal), “Mədən mühəndisliyi” (68.551 bal) və “İnformatika müəllimliyi” (68.554 bal) ixtisaslarına qəbul olublar. Balı yüksək olan subbakalavrlar isə daha çox “Statistika” (94.255 bal ), “Bitki mühafizəsi” (93.423 bal), “Biologiya” (93.033 bal), “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” (92.736 bal), “Rəngkarlıq” (92.578 bal), “Turizm işinin təşkili” (91.854 bal), “Turizm bələdçiliyi” (91.533 bal), “Ekologiya” (91.164 bal), “Kitabxanaçılıq və informasiya fəaliyyəti” (91.054 bal) və “Təsviri incəsənət müəllimliyi” (90.111 bal) ixtisaslarını seçiblər.
“Subbakalavrlar üçün xüsusi tədris planı hazırlansın”
DİM-in apardığı təhlillərə görə, subbakalavrların I-IV ixtisas qrupları üzrə əldə etdikləri imtahan nəticələri abituriyetlərdən və imtahanda abituriyent kimi iştirak edən subbakalavrların nəticələrindən zəifdir. DİM-in tələbə qəbulu kampaniyasının nəticələri ilə bağlı apardığı son araşdırmada (2023-cü il üzrə) qeyd edilir ki, ixtisas seçimində iştirak edən abituriyetlərin topladığı balların riyazi gözləməsi (332.87) imtahanda iştirak edən subbakalavrların analoji göstəricisindən 2.4 dəfə böyükdür. Bütün bu qeyd olunanlar onu göstərir ki, imtahan vermədən ali təhsil müəssisələrinə qəbul olmaq imkanı əldə etmiş subbakalavrların hazırlıq səviyyəsi (imtahan nəticələri əsasında) ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin hazırlıq səviyyəsindən çox aşağıdır. Bu isə ali təhsil müəssisələrində tədris zamanı müəyyən problemlərin ortaya çıxmasına səbəb ola bilər. DİM bunu nəzərə alaraq təklif edir ki, ali təhsil müəssisələrində subbakalavr kimi qəbul olanlar üçün xüsusi tədris planı hazırlansın və onların mütəxəssis kimi hazırlığı bu tədris planı çərçivəsində onlarla daha intensiv məşğul olmaqla həyata keçirilsin.
Belə tələbələrin təhsil aldığı müəssisələrdən biri olan BDU bu qrupa aid edilən təhsilalanlarının akademik göstəricilərinin yüksəldilməsi ilə bağlı hər hansı bir xüsusi işlərin görülməsinə ehtiyac duymur.
Universitetdən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq, bildirilib ki, hazırda BDU-da qeyd edilən kateqoriyaya aid olan 220-dən çox tələbə bakalavriat səviyyəsində 13 ixtisas üzrə təhsil alır. Onların 55%-i qiyabi, digərləri əyani təhsilalma forması üzrə təhsilini davam etdirirlər.
Universitet bu tələbələrin akademik göstəricilərini də qənaətbəxş sayır: “Onların 90 faizindən çoxu imtahanlardan müvəffəq qiymət alır, akademik borcları yoxdur. Təsadüfi deyil ki, subbakalavr tələbələrinin 30 faizinin göstəricisi 71-dən yuxarıdır. Onlar tədris prosesinə daha rahat uyğunlaşırlar, çünki orta ixtisas təhsili aldıqları zaman artıq tədris prosesinin bir çox tərəfləri ilə tanış olurlar. Bu, ali təhsil pilləsində tədrisdə iştirak zamanı tələbələrə olduqca kömək edir. Demək olar ki, tələbələrimiz tədris prosesində aktiv iştirak edir, digər tələbələr kimi müxtəlif növ üstünlüklərdən istifadə edə bilirlər. Bu baxımdan onların akademik göstəricilərinin yüksəldilməsi ilə bağlı hər hansı xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulmur”.
“Subbakalavrların bəziləri tədrisdən yayınmağa çalışır”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının elmi işlər üzrə direktor müavini pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nurali Çələbiyev də çalışdığı təhsil müəssisəsində oxuyan subbakalavrların akademik göstəricilərinin orta səviyyədə olduğunu düşünür.
O qeyd edib ki, belə subbakalavrların tədrisə adaptasiyasında hər hansı problem olmasa da, filialda qiyabi şöbə fəaliyyət göstərmədiyindən bəziləri, xüsusilə qızlar ailəli olduqlarına görə tədrisdən yayınmağa çalışır, onlar üçün xüsusi güzəştlərin tətbiqini istəyirlər. Bu isə yalnız əyani təhsilalma formasının tətbiq olunduğu müəssisədə mümkünsüzdür.
N.Çələbiyev deyib ki, son altı ildə (2019-2024-cü illər) ADPU-nun Şəki filialına 5 ixtisas üzrə (“Riyaziyyat və informatika müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Məktəbəqədər təhsil”, “İnformatika müəllimliyi”) 58 subbakalavr qəbul olub. Onların 33-ü qeydiyyatdan keçərək tələbə kontingenti sırasına daxil olub. 2022-ci ildə “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təhsil” ixtisasları üzrə təhsil alan tələbələrdən 2 nəfəri akademik məzuniyyət götürüb, 2021-ci ildə “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə 1 nəfər, 2022-ci ildə “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə 1 nəfər, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 3 nəfər, “Məktəbəqədər təhsil” ixtisası üzrə 2 nəfər, 2023-cü ildə “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə isə 1 tələbə müxtəlif əsaslı səbəblərə görə filialdan xaric edilib.
“Subbakalavrlar üçün ayrıca plan yerləri müəyyənləşdirilsin”
Subbakalavrla bağlı ortaya çıxan digər problemlər barədə danışan ekspert bunu da vurğulayıb ki, bu kateqoriyadan olan məzunların əksəriyyəti təhsilini başa vurduqdan sonra əmək bazarında iş tapa bilmir. Digər tərəfdən, qiyabi təhsilalma forması üzrə plan yerlərinin azlığı subbakalavrların ali təhsil almaq imkanlarını məhdudlaşdırır. O, bu amilləri nəzərə alaraq ali məktəblərə qəbul zamanı subbakalavrlar üçün ayrıca plan yerlərinin müəyyənləşdirilməsini məqsədəuyğun hesab edir: “Subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulu bütün ixtisas qruplarını əhatə etsə də, onların qiyabi təhsilalma imkanları yalnız I, II və IV qruplara aid edilən ixtisaslarda mövcuddur. Belə ki, I ixtisas qrupu üzrə respublikanın 13, II ixtisas qrupu üzrə 16, IV ixtisas qrupu üzrə 7 ali məktəbində qiyabi təhsilalma üçün seçim imkanı var”.
Ekspert ali məktəblərə qəbul olan subbakalavrlarla bağlı başqa problemin də olduğunu açıqlayıb. Onun sözlərinə görə, subbakalavrların bəziləri ali məktəb üçün ayrılmış plan yerini tutur, lakin sonra hansısa səbəbdən qeydiyyatdan keçmirlər. Bu da öz növbəsində ali məktəblərə bakalavriat səviyyəsinə qəbul zamanı bəzi plan yerlərinin boş qalmasına səbəb olur.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)