
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru professor Yusif Alıyevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, qonaqlar əvvəlcə agentliyin binasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, dövlətimizin başçısının yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərə, həmçinin 105 yaşlı agentlikdə müxtəlif dövrlərdə istifadə edilən texniki avadanlıqlardan ibarət muzeyə baxıblar.
Sonra AZƏRTAC-ın rəhbərliyi ilə görüş keçirilib.
Görüş zamanı agentliyin İdarə Heyətinin sədri Vüqar Əliyev qonaqlara AZƏRTAC-ın ölkənin informasiya məkanında oynadığı roldan söz açdı, bölgələrdə və xarici ölkələrdə müxbir şəbəkəsi barədə məlumat verib, jurnalistikanın üzləşdiyi çağırışlardan danışıb.
İdarə Heyətinin sədri 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə milli mətbuatımızın təməlinin qoyulduğunu bildirərək, Pedaqoji Universitetin Quba filialının nümayəndə heyətinin AZƏRTAC-a səfərinin də Milli Mətbuatımızın 150 illiyi ərəfəsinə təsadüf etdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda mətbuatın hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin bu sahəyə diqqət və qayğısı, həmçinin media nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst istifadə etməsi üçün hüquqi əsasların, əlverişli şəraitin mövcud olmasıdır. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Milli Mətbuatımızın 150 illiyinin ölkəmizdə geniş qeyd olunması da bu sahəyə göstərilən diqqətin bir göstəricisidir.
ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev isə Milli Mətbuatın 150 illik yubileyi ilə əlaqədar təşkil olunan bu səfərin, eyni zamanda, "Konstitusiya və Suverenlik İli"nə təsadüf etdiyini bildirib. O, jurnalistika təhsili və təcrübəsinin vacibliyindən danışaraq bu cür səfərlərin ali təhsil müəssisələri ilə media qurumları arasında əlaqələri dərinləşdirdiyini və tələbələrin nəzəri biliklərinin praktiki vərdişlərlə zənginləşdirilməsinə töhfə verdiyini vurğulayıb. Qeyd edilib ki, Pedaqoji Universitetin Quba filialı 30 ildən çox fəaliyyəti dövründə zəruri ehtiyac olan ixtisaslar üzrə 3 minə yaxın ilkin kadr hazırlığı həyata keçirib, elmi-pedaqoji kadr potensialı formalaşdırıb.
Görüşdə bu səfərin gələcək pedaqoqlar və jurnalistlər arasında qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar açdığı vurğulanıb.
Səfərin sonunda filialın nümayəndə heyəti – filialın direktoru professor Yusif Alıyev, direktor müavinləri İsmayıl Mahmudov, Aysel Şeydayeva, şöbə müdiri Seyid Cabbarov AZƏRTAC-ın şəhid jurnalisti Məhərrəm İbrahimovun barelyefi, agentliyin müasir texnologiyalarla təchiz olunmuş redaksiyaları, foto və videostudiyaları, həmçinin informasiya hazırlanması və yayımlanması prosesi ilə tanış olublar. Onlara milli və beynəlxalq informasiya mübadiləsinin necə həyata keçirildiyi barədə ətraflı məlumat verilib.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər