Bütün xəbərlər
21 iyul, 15:30

rbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Minillər boyu Qərbi Azərbaycanda (indiki Ermənistanda)  yaradılmış mədəni irs yalnız bir xalqın keçmişinin izi deyil, həm də onun maddi və mənəvi varlığının ayrılmaz tərkib hissəsidir. Qəbiristanlıqlar, qədim yaşayış məskənləri, monumental abidələr, məscidlər, türbələr, pirlər, ziyarətgahlar, daş kitabələr Azərbaycan xalqının tarixi yaddaşının daşıyıcısı, milli kimliyinin canlı şahidləridir. Onlar əsrlər boyu bu torpaqlarda yaşamış bir millətin mədəni-mənəvi varlığını, dünyagörüşünü və bəşəri sivilizasiyaya verdiyi töhfələri özündə əks etdirir. 

Türkmənçay müqaviləsi: milli faciəmizin əsası

Türkmənçay müqaviləsindən (1828) sonra ermənilərin kütləvi şəkildə İrəvan xanlığı ərazisinə köçürülməsi bölgənin etnik-demoqrafik tərkibində mühüm dəyişikliklərə səbəb oldu. Bu köçürülmə nəticəsində azərbaycanlıların bölgədəki say üstünlüyü tədricən zəifləməyə, ermənilərin sayı isə sürətlə artmağa başladı. Azərbaycanlılara məxsus olan zəngin mədəni irs tədricən üstünlük  qazanan erməni şovinistlərinin və vandallarının  hədəfinə çevrildi. İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus maddi-mədəni irs nümunələri planlı və məqsədyönlü şəkildə ya dağıdıldı, ya da özününküləşdirildi,  izlər silindi, həqiqətlər təhrif olundu, zəngin tarixi irs məhv edildi. Bu, yalnız maddi-mənəvi dəyərlərin  yox edilməsi deyil, həm də bir xalqın yaddaşına, ruhuna və kimliyinə qarşı yönəlmiş mədəni soyqırımı aktıdır.

“Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası

Məhz bu tarixi-mədəni soyqırımı faktlarını sənədləşdirmək, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və milli yaddaşı daha da gücləndirmək məqsədilə Qərbi Azərbaycan İcması tərəfindən “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasının nəşrinə başlanılıb. Bu silsilənin ilk buraxılışı olan “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin - qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” adlı fundamental nəşr, öz əhatəli məzmunu və faktoloji əsasları ilə xüsusi elmi və ictimai əhəmiyyət daşıyır.

Bu mühüm nəşr Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, dosent Əziz Ələkbərlinin və tədqiqatçı alim Səbuhi  Hüseynovun böyük zəhmət və fədakarlıqla ərsəyə gətirdiyi sanballı elmi-tarixi araşdırmadır. Fundamental nəşrin ərsəyə gəlməsində müəlliflərin həm peşəkar elmi yanaşması, həm də milli məsuliyyət hissi həlledici rol oynayıb. Bu tip əsərlər Qərbi Azərbaycan İcmasının Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirdiyi məqsədyönlü fəaliyyətin və qayıdış strategiyasının vacib tərkib hissəsidir.

Nəşrin meydana gəlməsində tədqiqatın ideya müəllifi və layihə rəhbəri, sənətşünaslıq elmlər doktoru, professor Ədalət Vəliyevin böyük əməyi və intellektual rəhbərliyi həlledici rol oynamışdır. Onun təşəbbüsü, strateji baxışı və ideya dəstəyi sayəsində bu fundamental tədqiqat işi sistemli şəkildə ərsəyə gətirilmiş və elmi ictimaiyyətə təqdim edilmişdir.

Professor Ə.Vəliyevin bu fundamental nəşrə  yazdığı ön sözdə tədqiqatın  zəruriliyi, Qərbi Azərbaycanın maddi-mədəni irsinin sənədləşdirilməsinin milli və beynəlxalq miqyasda əhəmiyyəti, eləcə də bu sahədə aparılan məqsədyönlü fəaliyyətin tarixi mahiyyəti aydın şəkildə ifadə olunmuşdur: “Azərbaycanda ilk dəfə Ermənistan tərəfindən azərbycanlıların qəbiristanlıqlarının sistemli şəkildə dağıdılması siyasəti və onun nəticələri tədqiqat obyektinə çevrilmişdir. Bu tədqiqat tarixi-etnik torpaqları olan Qərbi Azərbaycandakı qəbiristanlıqlara qarşı Ermənistan dövəti tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən vandalizm siyasətinin  sənədləşdirilməsinə həsr edilmişdir”.

Kitabın “Gülüstan” sarayında, respublikamızın ayrı-ayrı rayon və şəhərlərində, ali təhsil müəssisələrində   elmi və siyasi elitanın iştirakı ilə yüksək səviyyədə təqdimat mərasimlərinin keçirilməsi nəşrin milli düşüncə və tarixi şüurunun formalaşmasında mühüm rol oynadığını bir daha nümayiş etdirdi.

Bu nəşrin monoqrafiya deyil, məhz “hesabat və materiallar” formasında tərtib edilməsi onun həm orijinallığını, həm də funksionallığını  xeyli dərəcədə artırmışdır. Belə bir unikal yanaşma əsəri yalnız akademik auditoriyaya deyil, həm də beynəlxalq təşkilatlara, hüquq müdafiəçilərinə, diplomatik dairələrə və geniş ictimaiyyətə ünvanlanmış dəyərli informasiya mənbəyinə çevirmişdir. Bu format  kitabı  elmi-tarixi dəyərini saxlamaqla yanaşı, onu beynəlxalq hüquq, tarixi ədalət və mədəni yaddaşın bərpası kontekstində xüsusi aktuallığa malik sənədlər toplusuna çevirmişdir. 

“Qərbi Azərbaycan İrsi”nin strukturu

“Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasının 5 hesabatdan ibarət olması nəzərdə tutulub. I, II, III hesabatlarda Qərbi Azərbaycanda Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılan azərbaycanlılara məxsus qəbiristanlıqlar, IV hesabatda məscidlər, V hesabatda isə pirlər və türbələr öz əksini tapacaq.   

Kitabın 896 səhifədən ibarət olan  I cildində 1991-ci ilə qədər Qərbi Azərbaycan - indiki Ermənistan ərazisində mövcud olmuş, indi isə yalnız xarabalıqları qalmış 700-dən çox azərbaycanlı qəbiristanlığının 201-nin əvvəlki və indiki vəziyyətindən bəhs edilib, hər bir qəbiristanlığın vəziyyəti haqqında maksimum təsəvvür yaradılmasına nail olunub. 

Ciddi metodoloji yanaşma əsasında hazırlanan kitabda  müxtəlif elm sahələrinin (tarix, arxeologiya, coğrafiya, hüquq və informasiya texnologiyaları) sintezindən,  1890-1991-ci illərdə Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib və nəşr edilən, uzun müddət məxfilik statusunda saxlanılan müxtəlif ölçülü 250-dən çox topoqrafik xəritədən, Amerika Birləşmiş Ştatlarının kəşfiyyat peyklərinin təsvirlərindən, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycan arxivlərində saxlanılan sənədlərdən, Almaniya, ABŞ, Rusiya kitabxanalarındakı mənbələrdən, foto-video materiallardan, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların xatirələrindən istifadə edilib.

Araşdırmada istinad edilən xəritə kolleksiyaları Berlin Humboldt Universitetinin Coğrafiya Departamentindən, Greifsvald Universitetinin Coğrafiya və Geologiya İnstitutundan, İndiana Universitetinin Elmi Kitabxana Fondundan, ABŞ Milli Konqres Kitabxanasından, Rusiya Coğrafiya Cəmiyyətinin Tarixi kartoqrafiya bölməsindən toplanılıb.

Elmi əsərlərin yazılması üçün dünyada tanınan “Çikaqo 17 nəşr üslubu”nda hazırlanmış tədqiqat işində multispektral təhlil metodları mühüm yer tutur. Kitabda ABŞ Geoloji Xidmətinin EROS mərkəzindən əldə edilən “Landsat-4” və “Landsat-5” peyklərinin 3-cü və 4-cü sensorlarından alınmış multispektral təsvirlər əsasında landşaft transformasiyaları və bitki örtüyü dinamikası təhlil olunub. İnfraqırmızı və qırmızı spektral diapazonlarda aparılan analizlər torpaq örtüyündə və torpaq istifadəsindəki dəyişikliklərin, eləcə də qəbiristanlıqların landşaft mühitinin dəyişməsinin aşkarlanmasına imkan verib. Xəritə və peyk görüntüləri əsasında yerinə yetirilmiş təhlillər, dəyişikliklərin dinamikası və yerin faktiki vəziyyəti arasındakı fərqlər bu dağıntıların tək-tək yox, sistemli şəkildə həyata keçirildiyini obyektiv şəkildə sübut edir. Buna görə də kitabı  beynəlxalq hüquqi platformalarda istinad oluna bilən etibarlı faktoloji materiallar toplusu kimi dəyərləndirə bilərik. Çünki burada beynəlxalq humanitar hüquq və mədəni irsin qorunmasına dair konvensiyaların  vacib müddəaları nəzərə alınıb. “Mədəni soyqırımı” anlayışı bu hüquqi çərçivədə işlənib və faktlarla sübut olunub. Bu yanaşma göstərir ki, nəşr təkcə məlumat toplusu deyil, həm də hüquqi baxımdan əsaslandırılmış və məqsədyönlü şəkildə hazırlanmış strateji sənəddir. 

Kitabın strukturu ön söz,  iki hissə,  coğrafi adlar üzrə göstəricilər, istifadə olunmuş  mənbə və ədəbiyyat siyahısı, arxivlərin qısaldılmış adlarından ibarətdir. 

Birinci hissədə “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabatın məqsədi və vəzifələri açıqlanır, tədqiqatın predmeti və əhatə dairəsi müəyyənləşdirilir, istifadə olunan metodoloji prinsiplər, mənbələrin təsnifatı və onların hər birinin elmi səciyyəsi təqdim olunur. Tədqiqatın mərhələləri, qəbiristanlıqlara vurulmuş zərərin müəyyən olunması üçün tətbiq edilən metod və əldə olunan məlumatların sistemləşdirilməsi üsulları geniş şəkildə izah edilir, bu zərərin hüquqi nəticələri kontekstində Ermənistanın beynəlxalq hüquq qarşısında daşıdığı məsuliyyət əsaslandırılır.

İkinci hissədə “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabatın əsas empirik materialları təqdim olunur. Bu bölmədə Axta, Allahverdi, Amasiya, Barana, Basarkeçər, Böyük Qarakilsə, Çəmbərək, Ellər, Əştərək, Gorus, Hamamlı, Karvansara, Keşişkənd, Qafan, Qarakilsə, Qəmərli, Qızılqoç, Meğri, Paşalı, Talın, Vedi, Vorontsovka rayonlarının hər birinin tarixi-coğrafi təsviri, inzibati əhatə dairəsi, yaranma tarixi və ərazi xüsusiyyətləri sistemli şəkildə təqdim edilir. Bu rayonların inzibati ərazisinə daxil olan  kəndlərə aid azərbaycanlı qəbiristanlıqları ayrıca tədqiqat predmetinə çevrilir.  Hər bir qəbiristanlıq üzrə onun coğrafi koordinatları, topoqrafik xəritələrdə yerləşməsi, mövcud vəziyyəti, dağıdılma səviyyəsi və sənədlərlə təsdiqlənmiş vizual (foto) materiallar təqdim olunur. Qəbiristanlıqların identifikasiyası zamanı xəritə materialları, arxiv sənədləri, peyk görüntüləri və digər  məlumatlardan istifadə edilir. Bütün bu məlumatlar sistemli və metodoloji ardıcıllıqla təqdim olunur, hər bir coğrafi məkan üzrə müqayisəli təhlillər aparılır. Statistik və vizual dəyərləndirmə ilə kifayətlənməyən müəlliflər  sənədləşdirilmiş mədəni soyqırımı faktlarını elmi əsaslarla təqdim etməyə nail olurlar. 

Qəbiristanlıqlar: torpağa vurulmuş daş möhür

Hər bir xalqın maddi-mədəni irsinin ən vacib hissəsini əsrlər boyu formalaşmış qəbiristanlıqlar təşkil edir. Qəbiristanlıqlar millətin yaşadığı torpaqlarda varlığının, mədəniyyətinin, dininin, dilinin, mənəviyyatının ən səssiz, lakin ən dərin izləridir. Qəbiristanlıqlar bir xalqın tarixini danışan daş kitabələrdir, torpağa vurulmuş daş möhürdür. “Tarix susanda, daşlar danışar, qəbiristanlıqlar bu daşların ən sərrast nitqidir” (Ş.L.Monteskye). Qəbiristanlıqlar yalnız dəfn yeri deyil, həm də tarixi yaddaş daşıyıcısı, mədəni kimlik göstəricisi, nəsillərarası mənəvi körpüdür. 

Qəbiristanlıqlar tarixi  (qəbir daşlarında yer alan adlar, tarixlər, titul və dini simvollar müəyyən bir dövrün tarixi faktlarını, əhalinin etnik və dini tərkibini, yaşayış məkanlarını, dil xüsusiyyətlərini və sosial strukturunu əks etdirir), mədəni (qəbiristanlıqlar xalqın mədəni dəyərlərinin, estetik zövqünün, adət-ənənələrinin, simvolik ifadələrini qoruyur),  mənəvi-fəlsəfi (qəbiristanlıqlar  xalqın həyat və ölümə olan münasibəti,  dini-mənəvi dünyagörüşünü əks etdirir),  milli kimliyin qoruyucusu (qəbiristanlıqlar bir xalqın milli yaddaşını, etnik kimliyini və tarixi varlığını torpaq üzərində fiziki formada qoruyub saxlayan məkanlardır), nəsillərarası varislik (dünyasını dəyişənlərin məzarlarını ziyarət etmək, onların ruhuna dua oxumaq, uşaqlara bu yerləri göstərmək xalqın nəsildən-nəslə ötürdüyü yaddaş və hörmət ənənəsinin bir formasıdır) funksiyalarını yerinə yetirir. 

Deməli, bu  “səssiz kitablar” daşlar vasitəsilə danışan tarix, ölməz şahidlərdir. Qəbiristanlıqlar xalqın keçmişini bu günə və gələcəyə bağlayan mənəvi körpü rolunu oynayır. Məhz buna görə də erməni vandalları  azərbaycanlılara məxsus qəbiristanlıqları sistemli şəkildə dağıtmaqla, bir xalqın tarixini, yaddaşını, ruhunu, mənəvi bütövlüyünü və varlığını məhv etməyə çalışmışlar. Qəbiristanlıqları xalqın mədəni varlığının əsas sütunu hesab edən rus yazıçısı və publisisti İ.Erenburq “Bir xalqın mədəniyyətini məhv etmək istəyirsənsə, əvvəlcə onun qəbiristanlıqlarını dağıt” - deməklə mədəni soyqırımın mahiyyətini və bu soyqırımın hansı strateji məqsədlərə xidmət etdiyini çox aydın və təsirli şəkildə ifadə etmişdir. Bu baxımdan, Ermənistan ərazisində azərbaycanlılara məxsus qəbiristanlıqların məqsədyönlü şəkildə dağıdılması, izlərinin silinməsi mədəni soyqırım siyasətinin bariz nümunəsidir.

Ermənilər indiki Ermənistan ərazilərinin həmişə yalnız özlərinə məxsus olduğu barədə süni və saxta tarix yaratmağa çalışırlar. Bu məqsədlə azərbaycanlılara aid olan mədəni və dini abidələri - məscidləri, qəbiristanlıqları, türbələri sistemli şəkildə məhv edir, dağıdırlar. Onlar əsassız ərazi iddialarını beynəlxalq ictimaiyyətə qəbul etdirmək məqsədilə azərbaycanlıların bu ərazilərdə tarixən yaşamadığını sübut etməyə, tarixi reallıqların izlərini silərək saxta “tarix” üzərində iddialarını əsaslandırmağa çalışırlar. 

Azərbaycanlıların müsəlman olması səbəbindən, bu dağıntılar həm də islamofobiyanın dini nifrət formasını əks etdirir. Məscidlərin və qəbiristanlıqların məqsədyönlü şəkildə məhv edilməsi dini və mədəni dözümsüzlüyün bariz nümunəsidir və bu, təkcə maddi deyil, xalqımızın tarixi yaddaşına və mənəvi kimliyinə vurulmuş ağır zərbədir. Deməli, Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması etnik nifrət, mədəni soyqırımı, tarixin saxtalaşdırılması və ərazi iddialarını möhkəmlətmək məqsədilə həyata keçirilmiş planlı və sistematik bir fəaliyyətdir.

Qırılmış qəbir daşlarının göylərə qalxan naləsi

Görkəmli Azərbaycan yazıçısı Ə.Haqverdiyev yazırdı ki, qəbir daşları bir xalqın ömrü qədər danışar, onlara toxunan əllər sanki  tarixə toxunur. “Qərbi Azərbaycan İrsi” kitabında təqdim olunan 201 qəbiristanlıq sanki bir zamanlar orada uyuyan əcdadlarımızın səsini bizə çatdırdı. Hər bir daşın dağıdılmış görüntüsündə bir ömrün susdurulmuş hekayəsini, bir ailənin kəsilmiş soy bağını, canilərin bir xalqın ruhuna tuşladıqları əli gördük. Vaxtilə əcdadlarımızın uyuduğu, duaların ucaldığı qəbiristanlıqlar bu gün tanınmaz haldadır. Bir zamanlar abidə kimi ucalan sinə daşları ya tamamilə sökülüb, ya da vəhşicəsinə parça-parça edilib. Qəbir daşlarının yerində indi səssizlik hökm sürür - ot-ələf basmış sahələr, yox olmuş məzar yerləri, dağıdılmış abidələrin qırıntıları... İzlər elə məqsədyönlü şəkildə silinib ki, sanki bu torpaqlarda nə vaxtsa həyat olmayıb, azərbaycanlılar heç vaxt yaşamayıb. Sındırılmış, parça-parça edilmiş, yerində əkin sahələri salınmış qəbiristanlıqların hər qarışında Qərbi azərbaycanlıların susdurulmuş yaddaşı, darmadağın edilmiş mənəvi irsi və tapdanmış Vətən haqqı yatır. Bu yerlər təkcə məzarların deyil, həm də xalqın taleyinin və tariximizin üzərindən şum çəkilmiş torpaqlarıdır. 1905-1906, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə zorla ata-baba yurdlarından didərgin salınmış, etnik təmizliyə və deportasiyaya məruz qalmış  Qərbi azərbaycanlıların izləri məqsədli şəkildə ermənilərin əli ilə silinib. Qəbirlər dağıdılsa da, daşlardan adlar silinsə də, orada uyuyanların ruhu haray çəkir, bizi səssiz fəryadla qədim yurdlarımıza - doğma torpaqlarımıza çağırır. 

Kitabdakı dağıdılmış qəbir daşlarının şəkillərinə baxdıqca “Dədə Qorqud” filmindəki o məşum səhnə - qırılmış qəbir daşlarının göylərə qalxan naləsi qulağımızda səslənir. Amma bu haray kino deyil, gerçəkliyin özüdür. Bu görüntülər təkcə gözlərimizi yaşartmır, ruhumuzu parçalayır. Çünki dağıdılmış sinə daşları dünyasını dəyişənlərdən daha yox, dirilərə  - onların varislərinə qarşı yönəlmiş vəhşiliyin bariz nümunəsidir. Bu daşların altında cəsədlərlə yanaşı, susdurulmuş tarix, əzilmiş kimlik və ümidlərin gömüldüyü bir taleyin səssiz şahidləri yatır. Bu, ermənilərin yalnız insan qatili deyil, həm də mədəniyyət qatili olmalarının sübutudur. Dəhşət yalnız fiziki dağıntının miqyasında deyil, həm də insanlığa qarşı yönəlmiş düşüncənin qəddarlığındadır. Ulu Öndər Heydər Əliyevin təbirincə desək:”Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir”. 

Qəbiristanlıqların daş yaddaşını oyadan və  onu sənədləşdirən kitab 

Bu faciəvi tarixi reallıq fonunda “Qərbi Azərbaycan İrsi” kitabı yalnız itirilmiş mədəniyyətin və yaddaşın bərpası deyil, həm də haqqın, ədalətin və tarixi həqiqətin bərqərar olması üçün mühüm bir sənəddir. Bu nəşr məhv edilən qəbiristanlıqların daş yaddaşını oyadan, onu sənədləşdirən və  xalqın susdurulmuş haqq səsini dünyaya çatdıran, dağıdılmış qəbiristanlıqların yerinə yaddaş salnaməsi ucaldan bir sənəd abidəsidir, tarixə qarşı yönəlmiş cinayətin sənədli sübutudur. Vizual materiallardan tutmuş arxiv sənədlərinə, peyk təsvirlərindən xəritə analizlərinə qədər hər bir detal bu soyqırımın miqyasını və məqsədli xarakterini dəqiq şəkildə göstərir.

“Qərbi Azərbaycan İrsi” yalnız bir kitab deyil, Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpası uğrunda aparılan mübarizənin mühüm mərhələsini əks etdirən ideoloji və strateji sənəddir. O, tarixdən silinməkdə olan zəngin bir irsin, ruhun və yaddaşın dirçəlişinə çağırış, tarixi ədalətin bərpası, milli yaddaşın yenidən formalaşdırılması və mədəni kimliyin qorunması istiqamətində atılmış prinsipial bir addımdır. Hər dağıdılmış qəbirin, hər məhv edilmiş mədəniyyət nümunəsinin izini sənədləşdirən bu kitab yalnız keçmişi deyil, həm də gələcəyi qorumağa xidmət edir. Qərbi Azərbaycan bizim üçün yalnız bir coğrafi məkan deyil, həm də milli yaddaşın simvoludur.

Kitabın ərsəyə gəlməsi yalnız elmi deyil, eyni zamanda siyasi və ideoloji baxımdan da böyük əhəmiyyət daşıyır. Azərbaycan dövləti və cəmiyyəti bu məsələ ilə bağlı mövqeyini sözlə deyil, faktlara və sənədlərə əsaslanaraq ortaya qoyur.

Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin kitabın epiqrafı kimi seçilmiş və artıq bir millətin ideya bələdçisinə çevrilmiş aşağıdakı fikirləri nəşrdə toplanmış materialların ruhunu, məqsədini və gələcəyə yönəlmiş məzmununu dəqiq ifadə edir: “Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Zəngəzur, Göyçə mahalı bizim tarixi torpaqlarımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq”.

 “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin - qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” adlı  kitab tarixi yaddaşın sənədləşdirilməsi ilə yanaşı, Qərbi Azərbaycana sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə qayıdış prosesinə verilmiş mühüm töhfə kimi dəyərləndirilə bilər.  Bu kitab təkcə dağıdılmış abidələrin fotosu və koordinatları deyil, həm də bir xalqın pozulmuş haqq səsinin sədasıdır. O səs isə artıq susmur- sənədlərlə, sübutlarla, faktlarla danışır.

Minnətdarlıq

Bu dəyərli nəşrin ərsəyə gəlməsində tədqiqatın ideya müəllifi və layihə rəhbəri, sənətşünaslıq elmləri doktoru, professor Ədalət Vəliyevin, həmçinin müəlliflər - Qərbi Azərbaycan İcmasının  İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, dosent Əziz Ələkbərlinin və tarixçi alim Səbuhi Hüseynovun gərgin əməyi, fədakarlığı və yüksək milli məsuliyyəti xüsusi qeyd olunmalıdır. Onları bu əhəmiyyətli elmi nəşrin ərsəyə gəlməsi münasibətilə səmimi qəlbdən təbrik edir, əsərin növbəti cildlərinin də işıq üzü görməsini arzulayıram.

Fərrux RÜSTƏMOV,
Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi 

Şərhlər

Xəbər lenti

21 iyul, 20:04

Müəllimlərin işə qəbulu imtahanının nəticələri açıqlandı

21 iyul, 18:50

"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru "Əməkdar jurnalist" fəxri adına layiq görülüb

21 iyul, 17:57

Prezident İlham Əliyev media nümayəndələrini mükafatlandırıb – SƏRƏNCAM

21 iyul, 16:11

Aşpazlığa gedən yol videoçarxdan başladı – Peşə təhsili Orxanın həyatını necə dəyişdi?

21 iyul, 15:54

“Buradan getmək istəmirik” – Həmkarlar İttifaqının istirahət mərkəzlərində yay tətili

21 iyul, 15:16

BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək

21 iyul, 15:07

Məktəbəhazırlıq qrupları məktəbdənkənar təhsil müəssisələrində də yaradılacaq 

21 iyul, 14:57

ETN-in Uşaqların Müdafiəsi İdarəsi işçi qəbulu elan edir

21 iyul, 14:37

MDU-nun tələbələri üçün yeni təqaüd təsis edilib

21 iyul, 14:11

Elm və təhsil nazirinin Oğuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

21 iyul, 12:53

"İlin Gənc Müəllimi-2024" sorğu-müsabiqəsi BAŞLADI 

21 iyul, 12:47

Peşə təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı brifinq keçirilib

21 iyul, 12:46

Sabahın hava proqnozu açıqlanıb

21 iyul, 11:58

Dövlət Agentliyinin direktoru: Yeni peşə təhsili müəssisələri tikilir

21 iyul, 11:47

Türkiyə ilə birgə peşə məktəbləri yaradılacaq

21 iyul, 11:45

Ceyhun Kərəmov: “Böyük Qayıdış” çərçivəsində 711 nəfər məzun olub

21 iyul, 11:41

Peşə təhsili ilə bağlı yeni ixtisas təsnifatı hazırlanacaq

21 iyul, 11:34

Qadınların peşə təhsilinə marağı artıb

21 iyul, 11:32

Dual peşə təhsilinə ayrılan yerlərin sayı artırılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.