Bütün xəbərlər
14 aprel, 15:02

Autizmin uşaqlarda səbəb olduğu müxtəlif tip məhdudiyyətlərə baxmayaraq onları cəmiyyətə qazandırmağın ən yaxşı yolu təhsildir. Pedaqoqlar məhz ayrı-ayrı xəstəliklərin səbəb olduğu sağlamlıqda müxtəlif məhdudiyyətlərindən doğan çətinliklərə baxmayaraq, insanları həyata, cəmiyyətə qazandırmağın yollarını axtarır, həmin yolları təlim metodları şəklində tətbiq edirlər. Odur ki, təlim forması seçilərkən bu və başqa xəstəliklər deyil, onların səbəb olduqları diqqət çatışmazlığı, hiperaktivlik, əqli gerilik, nitqin inkişafında çətinlik və s. kimi problemlər nəzərə alınır. Ötən həftə dünyada Auitizm Maarifləndirmə günü qeyd edildi.  

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdiri Anar Xələfov “Azərbaycan müəllimi” qəzetinə autizmli uşaqların təhsil ehtiyaclarının ödənilməsi istiqamətində görülən işlərdən danışıb.

Autizmli uşaqların sayı artıb, yoxsa…

- Son vaxtlar belə bir fikir formalaşıb ki, autizm xəstəliyinə uşaqlarda əvvəlki illərlə müqayisədə daha tez-tez rast gəlinir. Bu da o deməkdir ki, təhsilə gələn autizmli uşaqların sayı ildən-ilə artır?

- Autizm spektr pozuntusu olan uşaqların sayı artıb, yoxsa onun erkən diaqnostikası yaxşılaşıb? Hesab edirəm ki, əsas sual budur. Autizm spektr pozuntusu olan uşaqlar əvvəllər diqqət çatışmazlığı, əqli geriliyi, nitq məhdudiyyəti, yaxud davranış pozuntusu olan uşaqların qrupuna daxil edilirdi. Artıq diaqnostika meyarları o qədər yaxşılaşıb ki, autizmli uşaqları digər sağlamlıq məhdudiyyəti olan uşaqlardan ayırmaq imkanları artıb.

- Diaqnoz dəqiq olarsa, müdaxilənin nəticəsi də effektiv olur. Bu, autizmlilərin təhsilinin də nəticəyönümlülüyü artıb deməkdir?

-  Autizm spektr pozuntusu tibbi diaqnozdur və bu, uşaqlara tibbi xidmətlərin göstərilməsinə yardımçı olur. Autizm spektr pozuntusu diaqnoz olaraq uşağın təhsilinin təşkil edilməsi üçün vacib olan məlumatları özündə əks etdirmir. Daha dəqiq desək, autizm spektr pozuntusu olan uşağa müəllimin keyfiyyətli təhsil təşkil etməsi üçün tibbi diaqnoz deyil, uşağın təhsil ehtiyaclarının müəyyənləşdirilməsi əhəmiyyət daşıyır. Misal üçün, autizm spektr pozuntusu olan uşaqda hiperaktivlik, diqqət çatışmazlığı, nitq məhdudiyyəti, əqli inkişafda çətinliklər onun təhsil ehtiyaclarının müəyyənləşdirilməsində və keyfiyyətli təhsil alması üçün müvafiq xüsusi şəraitin yaradılmasında böyük əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, qeyd olunan çətinliklərə digər sağlamlıq imkanları məhdudluq kateqoriyalarında da rast gəlinir. Belə ki, əqli geriliyi olan uşaqlarda da diqqət çatışmazlığı, hiperaktivlik, nitq məhdudiyyəti və sairə müşahidə etmək olar. Bu səbəbdən, sağlamlıq imkanları məhdud uşaqlara təhsil almaları üçün xüsusi şərait yaradıldıqda onların diaqnozları deyil, xüsusi təhsil ehtiyacları psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən müəyyən edilir və uşaqlar ehtiyaclarına uyğun olaraq, xüsusi təhsilalma formalarına yönləndirilirlər. Biz demək istəmirik ki, tibbi diaqnostika vacib deyil, əksinə uşaqlarda autizm spektr pozuntusunun erkən yaşlarda müəyyənləşdirilməsi çox əhəmiyyətlidir. Problem ondadır ki, görmə və ya eşitmə qabiliyyətinin itirilməsi, dayaq hərəkət aparatında ağır pozuntular erkən yaşda aşkar olunur, lakin autizm spektr pozuntusu ixtisaslaşmış mütəxəssis tərəfindən müayinə olunmadıqda çox gec müəyyənləşdirilir və bu səbəbdən, uşaqla erkən yaşlardan inkişaf işi aparılmır. Halbuki bu uşaqlara erkən pedaqoji müdaxilə onların inkişafında və gələcək sosial adaptasiyasında əhəmiyyətli dəyişikliyə gətirib çıxara bilər. 

Komissiyaların sayı artırılıb

- Autizm spektr pozuntusu olan uşaqlara veriləcək təhsil formasının seçilməsində ən böyük iş Psixoloji-tibbi-pedaqoji komissiyaların üzərinə düşür. Bu tədris ilində komissiyaların sayı artırılıb. Bunun səbəbi nədir?

- Bəli, sağlamlıq imkanları məhdud uşaqların təhsil ehtiyacları psixoloji-tibbi-pedaqoji komissiyalar tərəfindən müəyyən olunur.  Qanunvericiliyin tələbinə görə, komissiyalar ilboyu fəaliyyət göstərirlər. Komissiyaların fəaliyyəti regional təhsil idarələrinin fəaliyyətə başlamasından sonra da rayon və şəhər səviyyəsində saxlanılıb, hazırda 68 komissiya fəaliyyət göstərir. Komissiyaların sayı Bakı şəhərində artırılıb və bu addım əhalinin sayının çox olduğu nəzərə alınaraq atılıb. Hazırda Bakıda 5 komissiya fəaliyyət göstərir. Qeyd edim ki, sadəcə sayı deyil, komissiyaların yerləşdiyi binalar əhatə etdiyi ərazi baxımından əlçatanlıq nəzərə alınaraq seçilib. 

- Komissiyalarda sağlamlıq məhdudiyyəti müəyyənləşdirildikdən sonra uşaqların təhsilə cəlb edilməsi prosesi necə həyata keçirilir?

- Yuxarıda da dediyim kimi, autizm spektr pozuntusu özlüyündə təhsilin təşkilinə dair konkret  məlumat vermir. Çünki bu, tibbi diaqnozdur. Təhsil kontekstində onun səbəb olduğu əqli gerilik, diqqət çatışmazlığı, hiperaktivlik, nitqin inkişafında ləngimə, sosial kommunikasiya və başqa çətinlikləri nəzərə alınır. Məsələn, uşağın intellektual səviyyəsi onun ümumtəhsil proqramı ilə təlimlərə cəlb edilməsinə imkan verir, yoxsa uşaq sadələşdirilmiş proqramla təhsilə cəlb edilməlidir? “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları”nda təlimin sadələşdirilməsi və uyğunlaşdırılması nəzərdə tutulub. Bu məqsədlə, uşağın təlim ehtiyacları müəyyənləşdirilir, həmin ehtiyaca uyğun təlim forması seçilir.

Dərslik deyil, dərs vəsaitləri vacibdir

- Təhsil ehtiyacları deyərkən müəllim və dərslik ehtiyacı da nəzərdə tutulur. Xüsusi təhsil üçün müəllim tələbatı ödənilirmi, dərsliklər varmı?

- Əlbəttə ki,  təhsil ehtiyaclarından danışırıqsa, qanunvericilik uşağa tibbi, psixoloji, pedaqoji kontekstdə dəstəyi nəzərdə tutur. Dərslik deyəndə, dərs vəsaitlərini də unutmamalıyıq. Çünki xüsusi şərait yaradılmalı olan uşaqlardan danışırıq və onların təhsili üçün didaktik materiallar, əyani vəsaitlər, müxtəlif formada uyğunlaşmanı özündə ehtiva edən vəsaitlərin əhəmiyyəti dərslikdən daha böyükdür. Odur ki, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkilində dərs vəsaitləri daha vacibdir. Dərslik daha çox ümumi qəlibə girən uşaqlar üçün vacibdir. Sağlamlıq imkanları məhdud olan uşaqlar isə heterogen qrup olduğundan onların ehtiyacları müxtəlifdir. Hətta sağlamlığında məhdudiyyətləri eyni olan uşaqlarda belə bu müxtəliflik özünü qabarıq şəkildə göstərir. Ona görə də, belə uşaqlarda dərs vəsaitləri və müəllimin kompetensiyası vacibdir. Dərs  vəsaitlərinin hazırlanmasında müəllimin xüsusi rolu var. Sinifdə diferensial təlimi necə təşkil edəcəyini, hər uşağa hansı tapşırıqları verəcəyini məhz müəllim müəyyənləşdirir. Bu ildən xüsusi təhsilə cəlb olunan hər uşaq üçün fərdi tədris planı hazırlanır. Fərdi tədris planının forması hazırlanaraq Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Təhsil İnstitutu ilə birlikdə hazırladığı fərdi tədris planına dair təlimat artıq bütün təhsil müəssisələrinə göndərilib. 

- Xüsusi təhsildə müəllimlərin rolundan danışdınız. Dediyiniz qədər “kompetensiyalı” müəllimlər varmı, onlar necə hazırlanır?

- Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universitetində “Korreksiya pedaqogikası” ixtisası üzrə kadr hazırlığı uğurla həyata keçirilir. Fənn müəllimlərinin ixtisaslaşması, müəllimlərin peşəkar inkişafı istiqamətində ARTİ mütəmadi təlimlər keçirir. Lakin yaxşı müəllimin yetişməsi üçün əsas mühit məktəbdir.

Universitetlərdə istənilən fənn üzrə müəllim hazırlığı proqramlarında inklüziv təhsil fənni tədris edilir. Sağlamlıq imkanları məhdud uşaqlarla işləmək üçün müəllimlər lazım olan təlimi alırlar. Bu da o deməkdir ki, məktəbə gələn müəllim sağlamlıq imkanları məhdud uşaqlarla işləməyi, fərdi tədris planının hazırlanmasında öz rolunu və uşağa fərdi yanaşmanın xüsusiyyətlərini bilir. Bu məlumat onun ilkin mərhələdə müəllim kimi uğur qazanmasına kömək edir. Məktəb özü müəllimlərin sonrakı mərhələlərdə inkişafı üçün mühüm rol oynayır və səriştəli müəllimlərdən dəstək alaraq inkişaf edir. Eşitmə və görmə məhdudiyyətli uşaqlarla işləmək üçün zəruri bacarıqlara malik olmayan müəllimlər belə, məktəb mühitində bu sahədə təcrübə və bilik əldə edirlər.

Xüsusi təhsil müəssisələrinə müəllim seçimi necə aparılmalıdır?

-  Xüsusi təhsil məktəblərinə də müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Məlumdur ki, ümumi təhsil müəssisəsi ilə xüsusi təhsil müəssisəsində müəllimdən tələblər eyni deyil, birinin fənni üzrə ixtisas biliyinə ehtiyac daha böyük olsa da, digərinin təlim metodlarına, səbrinə ehtiyac var, elə deyilmi?

- Bəli, ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən fərqli olaraq, ixtisas biliyini daha az öyrətdiyini iddia edərək müəllimlər qiymətləndirmə prosesində fərqli yanaşma tələb edə bilərlər. Lakin reallıq ondan ibarətdir ki, xüsusi təhsil müəssisəsində çalışan müəllimlər daha yüksək kompetensiyaya malik olmalıdırlar. Məsələn, əqli geriliyi olan uşaqla işləyən müəllimin xüsusi yanaşması olmalı, müxtəlif pedaqoji metodlardan istifadə etməli, tapşırıqları uşağın səviyyəsinə uyğunlaşdırmağı bacarmalıdır. Bunun üçün müəllimdən yüksək səviyyədə pedaqoji səriştə, tədris etdiyi fənn üzrə əhatəli bilik və bacarıq tələb olunur. Keçmişdə xüsusi məktəblərə müəllim qəbulunda müəllimin humanistliyi, sağlamlıq imkanları məhdud uşaqlara nəvazişi və rəhmdilliyi prioritet xüsusiyyətlər kimi nəzərə alınırdısa, müasir xüsusi təhsilə müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan, bilikli müəllimlər qəbul olunur. Bununla yanaşı, onların sağlamlıq imkanları məhdud uşaqlarla işləməsinə imkan verən fərdi xüsusiyyətləri müsahibə mərhələsində mütəxəssislər tərəfindən qiymətləndirilir.

Şərhlər

Xəbər lenti

15 aprel, 20:47

Mehriban Əliyeva Bakıda körpələr evi və uşaq evi sosial xidmət müəssisəsini ziyarət edib

15 aprel, 20:30

Region məktəbləri ilk dəfə PISA tədqiqatlarına qoşulacaq

15 aprel, 19:55

Ekran asılılığı valideyn-uşaq münasibətlərinə təsir edir

15 aprel, 19:45

Bağçalara müdir vəzifəsi üzrə müsahibələrə start verilib

15 aprel, 19:41

Ötən il 36 məktəb direktoru işdən çıxarılıb

15 aprel, 19:00

Riyaziyyatın tədrisində neyropedaqoji yanaşma

15 aprel, 17:44

AzMİU Türkiyənin aparıcı texniki universitetləri ilə əməkdaşlıq edəcək

15 aprel, 16:07

Şagirdlərdən hekayə tələbi: Buraxılış imtahanında yenilik

15 aprel, 15:41

Təhsil krediti ilə arzularını reallaşdıran üç uşaq anası – Uğur hekayəsi

15 aprel, 15:37

Övladını özəl bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ!

15 aprel, 15:19

ATİAHİ-yə üzv təşkilatların sədrləri üçün təlimlərə start verilib

15 aprel, 15:05

ADMİU-da beynəlxalq elmi-nəzəri konfrans keçirilib

15 aprel, 14:49

Naxçıvanda əmək bazarının inkişafı məsələlərinə dair görüş keçirilib

15 aprel, 14:47

BSU-da “Beynəlxalq yay məktəbi” təşkil ediləcək

15 aprel, 14:40

Buraxılış qiymətləndirmə monitorinqinin düzgün cavabları açıqlanıb

15 aprel, 14:38

STEAM mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başladı

15 aprel, 13:54

BSU-da özbək dili tədris ediləcək

15 aprel, 13:43

Pedaqoji Universitetdə “Fizika günü” keçirilib

15 aprel, 13:40

BSU-da tədrisin idarə edilməsi tamamilə elektronlaşdırılacaq

15 aprel, 13:36

"Konstitusiya və Suverenlik İli"nə həsr olunan tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.