
“Müəllimlərin işə qəbulu üzrə müsabiqə ölkənin ümumi təhsil sistemində keyfiyyətin yüksəldilməsi və peşəkar pedaqoji kadrların seçilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev deyib.
O bildirib ki, 3 iyul 2025-ci il tarixindən etibarən 2025-2026-cı tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib. Bu mərhələdə ümumilikdə 65 572 namizədin iştirakı nəzərdə tutulur.
“İmtahanlar 3, 4, 8-10 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 44 imtahan mərkəzində təşkil olunur. İmtahanlar tam elektron formada həyata keçirilir. Bu format insan amilindən asılılığı minimuma endirməklə yanaşı, şəffaflığın təmin olunmasına və nəticələrin operativ şəkildə qiymətləndirilməsinə imkan yaradır”, – deyə o bildirib.
Muxtar Hacıyev əlavə edib ki, test mərhələsinin icrası zamanı eyni vaxtda maksimum 10 000 namizədin imtahana qoşulmasına şərait yaradan xüsusi proqram təminatından istifadə olunur:
"Bu texniki imkanlar sayəsində ölkə üzrə minlərlə namizəd üçün bərabər və fasiləsiz imtahan mühiti təmin edilir. Test mərhələsi başa çatdıqdan sonra namizədlərin nəticələri proqram təminatı vasitəsilə avtomatik şəkildə hesablanır və dərhal elan olunur.
Qeyd etmək lazımdır ki, ötən il ərzində ümumilikdə 100 000-dən artıq iştirakçı müxtəlif müsabiqə və imtahanlarda elektron şəkildə iştirak edib. Cari ildə isə yalnız müəllimlərin işə qəbulu deyil, həmçinin təhsilverənlərin sertifikatlaşdırılması, direktorların işə qəbulu, yerdəyişmə və digər bu kimi proseslər də daxil olmaqla, 100 000-dən artıq şəxsin proseslərdə iştirakı proqnozlaşdırılır. Belə genişmiqyaslı rəqəmsal imtahan mexanizmləri ölkənin təhsil sistemində şəffaflıq, keyfiyyət və ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir, eyni zamanda, səmərəliliyin və ictimai etimadın artdığını nümayiş etdirir".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər