
Əgər bir uşağın uğurlu və özünə güvənən bir şəxsiyyət kimi formalaşmasını istəyiriksə, bu yolda yalnız ananın deyil, atanın da iştirakı mütləqdir. Adətən məktəb həyatında anaların fəallığı daha çox nəzərə çarpır, valideyn iclaslarında, məktəb tədbirlərində əsasən anaları görürük. Bəs atalar haradadır? Onların susqun müşahidəçilərə çevrilməsi uşağın psixoloji inkişafında hansı boşluqlar yaradır? Bu suallar ətrafında düşünərkən unutmamalıyıq ki, atanın məktəb həyatındakı iştirakı təkcə maraq deyil, həm də məsuliyyət və rol model funksiyası daşıyır. Psixoloji baxımdan ata dəstəyini hiss edən uşaq məktəbə daha güvənli yanaşır, özünü dəyərli hiss edir və sosial bacarıqları daha güclü inkişaf edir.
“Azərbaycan müəllimi” “Psixoloq deyir ki…” rubrikası çərçivəsində mövzu ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru psixoloq Zeynəb Əliyevanın fikirlərini öyrənib.
Övladının məktəb həyatında iştirak edəndə uşaq məsuliyyət hissini daha erkən yaşlardan qavrayır
Həmsöhbətimiz bildirir ki, bəzi ailələrdə məktəb məsələlərini anaların həll etməsi adi hal kimi qəbul olunur. Ata daha çox ailənin maddi təminatçısı, ana isə uşağın təhsili və tərbiyəsi ilə məşğul olan şəxs kimi görülür: “Bilirsiniz, ata övladının məktəb həyatında iştirak edəndə, uşaq məsuliyyət hissini daha erkən yaşlardan qavrayır. Əks halda, bəzi uşaqlar təhsilin sadəcə anaları üçün önəmli olduğunu düşünə bilər. Valideyn iclaslarında təkcə uşaqların qiymətləri deyil, həm də onların emosional vəziyyəti, sinifdəki davranışları müzakirə edilir. Ata bu iclaslara gəlmədikdə, o,övladının sosial mühiti haqqında mühüm məlumatlardan xəbərsiz qalır. Ataların valideyn iclaslarında iştirak etmələri yalnız uşaqlar üçün deyil, məktəbin ümumi sosial mühitinə müsbət təsir göstərə bilər”.
Psixoloqun sözlərinə görə, uşaqlar valideynlərini bir növ "model" olaraq qəbul edir və onların davranışlarını öyrənirlər. Ataların məktəb iclaslarında iştirak etməsi uşaqlarda məsuliyyət, əməkdaşlıq, həssaslıq kimi müsbət dəyərləri inkişaf etdirə bilər.
Araşdırmalar göstərir ki, ataların məktəb iclaslarında iştirak etməsi uşaqların psixoloji sağlamlığına da müsbət təsir edir. Onlar özlərini dəyərli hiss edir ki, bu da onların emosional inkişaflarına müsbət təsir edir.
Diqqət yetirsək görmüş olarıq ki, ataların övladlarının təhsil aldığı məktəblə, müəllimlə maraqlanması uşaqların akademik göstəricilərinin yüksək olmasına da birbaşa təsir göstərir. Həmin valideynlərin uşaqları daha məsuliyyətli olurlar.
Psixoloqun fikrincə, ataların məktəb iclaslarında iştirak etməməsi bir çox səbəbdən qaynaqlana bilər və bunun arxasında müxtəlif psixoloji faktorlar dayanır: “Belə ki, hələ də məktəb məsələlərinə daha çox anaların baxması normal qəbul edilir. Atalar isə ailənin maddi təminatı və digər işlərlə məşğul olmaqla öz məsuliyyətlərini yerinə yetirdiklərini düşünürlər. “Bu, ananın işidir” yanaşması, onların iclaslara qatılmasını ikinci dərəcəli görməsinə səbəb ola bilər.
Bəzi atalar övladlarının təhsil məsələlərinə aktiv şəkildə qarışmağa ehtiyac duymur, çünki bu sahədə özlərini kifayət qədər kompetent hiss etmirlər."Onsuz da anamız maraqlanır" düşüncəsi onları məsuliyyətdən uzaqlaşdıra bilər”.

Özü məktəb illərində mənfi təcrübələr yaşayıbsa…
Zeynəb Əliyevanın sözlərinə görə, digər bir psixoloji məqam isə əgər ata özü məktəb illərində mənfi təcrübələr yaşayıbsa (müəllimlər tərəfindən tənqid edilibsə və ya məktəbi sevməyibsə), bu iclaslara getməyə qarşı onda daxili müqavimət yarada bilər. “İclasa getmək nəyə lazımdır? Onsuz da müəllimlər tənqid edəcək" kimi fikirlər formalaşa bilər: “Bundan başqa qeyd edə bilərəm ki, “özünü gərəksiz” hiss edən bəzi atalar məktəb iclaslarının əsasən analara yönəldiyini düşünür və orada özlərinin heç bir töhfə verə bilməyəcəklərinə inanırlar. “Mən getsəm, nə dəyişəcək?" və ya "məndən nə soruşacaqlar ki?" kimi düşüncələr onun iclasa qatılmaq motivasiyasını azalda bilər. Həmçinin iş yerlərində elastik saatlar olmadığı üçün bəzi atalar iclasa vaxt ayıra bilmir. Hətta vaxtı olsa belə, “bu, prioritet deyil” deyə bilər”.
Psixoloq bildirir ki, əgər ailədə ümumiyyətlə valideynlər arasında rollar dəqiq bölünübsə və ata bu mövzularda maraqlanmağa alışmayıbsa, məktəb iclasına qatılmaq ağlına belə gəlməyə bilər. Ana bu məsələləri həll edirsə, ata passiv mövqedə qalır.
Ataların övladının oxuduğu məktəblə əlaqəsinin olması, iclaslara qatılması uşaqların psixologiyası yanaşı, ailədaxili münasibətlərə də müsbət təsir edir. İlk növbədə, bu iştirak uşağa atasının onun təhsilinə və inkişafına əhəmiyyət verdiyini göstərir. Uşaq özünü daha önəmli hiss edir, çünki valideynlərinin onun uğurlarına və çətinliklərinə biganə qalmadığını görür. Bu, uşağın özünəinamını artırır və məktəbdə daha motivasiyalı olmasına səbəb olur. Atanın məktəb həyatında aktiv iştirakı həm də onun akademik məsuliyyət hissini formalaşdırır. Uşaq anlayır ki, ailəsi onun dərslərini ciddi qəbul edir və bu da onu daha diqqətli və məsuliyyətli olmağa təşviq edir.
Zeynəb Əliyevanın fikrincə, atanın iclaslarda iştirak etməsi, eyni zamanda məktəb-müəllim-valideyn münasibətlərini möhkəmləndirir.
Müəllimlər uşağın hər iki valideyni ilə əlaqə saxladıqda, məktəblə ailə arasındakı əməkdaşlıq daha sağlam olur və bu da uşağın təhsilində müsbət nəticələrə səbəb ola bilər.

Ata yalnız qaydalar qoyan və cəza verən bir fiqur deyil
Uşaq atasının yalnız qaydalar qoyan və cəza verən bir fiqur deyil, həm də onu dəstəkləyən və anlayan biri olduğunu hiss edir. Bu, ata ilə uşaq arasında daha açıq və etibarlı bir ünsiyyət qurmağa kömək edir.
Ataların valideyn iclaslarına aktiv şəkildə qatılmaları üçün hansı addımlar atmaq olar? Psixoloqun sözlərinə görə, ilk növbədə, bu iclasların yalnız akademik məsələlər üçün deyil, valideynlərin də fəal iştirak edə biləcəyi bir platforma olduğu vurğulanmalıdır.
Məktəblərdə ataların iştirakını artırmaq üçün iclasları daha interaktiv və cəlbedici etmək olar. Məsələn, ataları birbaşa maraqlandıran mövzular daxil edilə bilər. Ailələrdə isə analar bu məsuliyyəti təkbaşına üzərinə götürmək əvəzinə, ataları da bu prosesə cəlb etmək üçün onları təşviq edə bilərlər. Ata üçün iclasın vacibliyini vurğulamaq, ona konkret məsələlərdə söz haqqı vermək və iştirakının uşağa necə müsbət təsir edəcəyini izah etmək motivasiyaedici olar. İş qrafikinin sıx olması bəhanəsini aradan qaldırmaq üçün iclas vaxtları daha elastik şəkildə təşkil edilə və ya onlayn iştirak imkanı yaradıla bilər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər