Bütün xəbərlər
22 aprel, 13:20

Dünyanın nüfuzlu ali təhsil müəssisələrinə üz tutan gənclərimizin sayı ildən-ilə artır. Tələbələrimizin maraq göstərdiyi ixtisasların seçimi və rəngarəngliyi də diqqəti cəlb edir. Ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələri üzrə gələcəkdə kadr eyhtiyyatımız olacaq. Bu gənclərdən biri də hazırda dünya reytinqqində ən yaxşı 10 universitet sıralamasında yerələşən ABŞ-nin Yale Universitetinin tələbəsi Aylin Ələkbərlidir.

“2019-2028 Dövlət Proqramı” çərçivəsində təhsilini davam etdirən Aylinlə tanışlığa onun öz sözləri ilə başlayırıq.

– Adım Aylindir, 25 yaşım var, Bakı şəhərində anadan olmuşam. Hazırda ABŞ-nin Yale Universitetində qrafik dizayn üzrə magistr təhsili alıram. Təhsil hər zaman ailəmiz üçün çox önəmli olub. Atam Hacı Zeynalabdin Tağıyevin bir deyimini tez-tez xatırladır: “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli ailə”. Ailəm mənim və bacımın təhsilini hər zaman prioritet hesab edib.  

Təhsil həyatımın ilk illərini Bakıdakı 27 nömrəli tam orta məktəbdə keçirmişəm. İlk sinif müəllimim İnarə xanım güclü bir qadın olaraq mənim ilk rol modellərimdən biri olub. Məni öz qızı kimi sevib, qayğı göstərib. 6-cı sinfin sonunda imtahan verərək, Qafqaz Gimnaziyasına təqaüdlə daxil oldum. Müəllimlərim mənə çox dəstəkçi idilər. Məktəb mənə həm yerli, həm də beynəlxalq yarışmalarda iştirak etmək üçün bir çox fürsət təqdim edirdi. Dərslərin ingilis dilində keçirilməsi mənim dil bacarıqlarımı gücləndirdi. 

Azərbaycandan ABŞ-yə uzanan yol. Bu yolda kimlərin sizə dəstəyi olub?

– Ali təhsilimə əvvəlcə Azərbaycan–Fransız Universitetində (UFAZ) “Geofizika mühəndisliyi” ixtisasında başladım. Bu, inanılmaz bir icma idi. Bir çox ağıllı və istedadlı insanın arasında olmaq məni çox ilhamlandırırdı. Universitetimiz Qərb universitetləri ilə sıx əlaqəli olduğu üçün məzun olanların çoxu xaricdə magistr təhsili almağa və ya beynəlxalq şirkətlərdə işləməyə gedirdi. Universitet daxilində və xaricində bir neçə hakaton və yarışmada iştirak etdim. Adətən 4 nəfərlik komandamız olurdu və mənim rolum komandanın dizayneri idi. İstedadlı proqramçı komanda yoldaşlarımla birlikdə aşağıdakı nəticələri əldə etmişik: “Aquahack”da 3-cü, “Baku Food Hackathon”da 2-ci, “Genderhack”Da 1-ci yerlər. “Genderhack”da iştirak etdiyimiz layihə ilə  Almaniya və Fransa səfirlikləri tərəfindən təşkil edilən gender bərabərliyi mükafatının finalçılarından oldum. 2022-ci ildə "Perspektywy Women in Tech" təqaüdünü qazandım və bu, mənə Varşavaya səfər edib texnologiya konfransında iştirak etmək imkanı verdi. 

Bu tədbirlərdə iştirakım mənim dizayner olaraq yetişməyimə kömək etdi. Amma bu yolda həyatımda böyük rol oynayan müəllimlərim də olub. UFAZ-da ingilis dili müəllimim Şəbnəm xanım mənə ilk təkanı vermişdi. O, mənim fotoqrafiya və dizayna marağımı bilirdi və mənə bir fotoqrafiya kitabı hədiyyə etdi. Bu, məni çox ilhamlandırdı və marağımı daha ciddi şəkildə davam etdirməyə başladım. “UFAZ Arts Club”u yaratdım, burada tədbirlər və seminarlar təşkil edirdim.

2020-ci ildə, COVID-19 dövründə UFAZ-ın PR meneceri Nəzrin Mirzəyevanın redaktəsi ilə "Lucent" adlı tələbə jurnalını yaratmağa və dizayn etməyə qərar verdim. Bu jurnal UFAZ tələbələrinin 40-dan çox esse, şeir və sənət əsərlərini özündə cəmləşdirir. Bütün bu təcrübələr mənim xaricdəki universitetlərə qəbulumda böyük rol oynadı. Beləliklə, UFAZ-ın işçiləri, tələbələri və müəllimləri ABŞ-yə təhsil yolumda mənə böyük dəstək oldular.

“2022-2028 Dövlət Proqramı” sizin üçün nə kimi imkanlar açdı, proqramın əhəmiyyəti barədə nə deyə bilərsiniz?

– Yale Universiteti mənə təhsil haqqı və sağlamlıq sığortası üçün tam təqaüd verir. Dövlət Proqramı mənə yaşayış xərcləri, viza və uçuş biletləri ilə kömək edir. Burada yaşamaq dövlət təqaüdünün dəstəyi olmadan mümkün olmazdı. Bu proqrama gənc həmvətənlərimə ən yaxşı təhsili almaq və ölkəmizə töhfə vermək imkanı verdiyi üçün çox minnətdaram.

Xaricdə təhsil həyatınız necə keçir? Adaptasiya prosesi çətin olmadı ki..

– 2020-ci ildə “Erasmus” proqramı ilə bakalavr təhsilimin bir semestrini İspaniyada keçirmişdim, lakin COVID səbəbindən bundan tam yararlana bilmədim. Hazırda ABŞ-dəki təhsil həyatımdan çox məmnunam. Burada beynəlxalq bir mühit var və dünyanın hər yerindən fərqli insanlarla tanış ola bilirsiniz.

Adaptasiya prosesi zaman alsa da, orada yalnız siz yeni deyilsiniz, hamı yenidir, buna görə mədəniyyətə birlikdə uyğunlaşırıq. Mən Çindən olan otaq yoldaşım Echo ilə birlikdə mədəniyyətlərimizdə bəzi kiçik oxşarlıqları kəşf edirik. O, artıq çayı armudu stəkandan içir. Mənim şəhərim olan Nyu Haven Nyu-Yorka çox yaxındır, buna görə tez-tez ora gedirəm. Və əlbəttə ki, Nyu-Yorkda istədiyiniz hər əyləncə, muzey, təbdirlər əlçatandır.

Yale Universitetinın tədris mühiti barədə nə deyə bilərsiniz? Sizin üçün maraqlı olan təcrübələr nələr oldu?

– Təsəvvür edə biləcəyiniz kimi, bu, çox intensiv bir proqramdır. Dizaynerlər olaraq hər birimiz öz studiya məkanımıza sahibik və günümüzün əksər hissəsini studiyada işləyərək keçiririk. Müəllimlərimiz dizayn sənayesində tanınan, uğurlu fərdlərdir. Universitetin digər fakültələrindən dərslər almaq üçün azadlığımız var. Ən çox bəyəndiyim dərslərdən biri “Mechanical Artifact” adlanır. Burada biz astronavtların özləri ilə MIT professorları tərəfindən tikilən kosmos yaşayış mühitlərinə aparacaqları əşyalar hazırlayırdıq. Proqramımın ən dəyərli təcrübələrindən biri isə 2023-cü ilin noyabr ayında hazırladığım animasiyanın “Times Square”də 4 gün ərzində nümayiş olunması oldu.

– "Graphic Design" sizin üçün nə dərəcədə maraqlı ixtisas sahəsidir? Seçdiyiniz ixtisas dünyada nə dərəcədə prioritetdir?

– Dizayn həmişə aktual olacaq bir sahədir. Bütün sənaye sahələrində buna ehtiyac var, çünki insan və məhsul, yaxud insan və məkan arasında əlaqə qurmaq üçün dizayna ehtiyac duyulur. Sənayedə rolundan başqa, dizayn rəsm, heykəltəraşlıq və s. kimi bir incəsənət formasıdır. Mən həmçinin çox animasiya edirəm, bir sənətkar olaraq mənim üçün bu, özümü ifadə etməyin ən asan yoludur.

– "Graphic Design" mütəxəssisi kimi Azərbaycanda nə kimi sahələrdə töhfə verməyi düşünürsünüz?

– Mən Azərbaycanda daha eksperimental qrafik dizayn üçün bir məkan yaratmaq və ümumiyyətlə, cəmiyyətdə sənətə olan marağı artırmaq istəyirəm. Bu, ali təhsil müəssisələrində qrafik dizayn üzrə tədris proqramının islahatından başlaya bilər. Mən əldə etdiyim bilikləri Azərbaycandakı tədris proqramına gətirmək istəyirəm.

Böyük Zəfərdən sonra Qarabağda infrastruktur, bərpa-quruculuq işləri aparılır. Qrafik dizayner olaraq bu proseslərdə yer almaq istərdinizmi?

– Qrafik dizayn şəhərsalma sahəsində mühüm rol oynayır, çünki şəhər inkişaf layihələri barədə mürəkkəb məlumatları vizual şəkildə çatdırır, yol tapma sistemləri və nişanlar vasitəsilə istiqamətlənməni yaxşılaşdırır, icma ilə əlaqələrin qurulmasına kömək edir və nəhayət, şəhər mühitinin estetikası və istifadəçi təcrübəsini formalaşdırır, sakinlər və ziyarətçilər üçün daha əlçatan və zövqlü edir. Mən işğaldan azad olunmuş ərazilərimizin bərpasında iştirak etməkdən şərəf duyaram.

– Gələcək hədəfləriniz barədə.

– Son iki ildə ABŞ, İngiltərə, Şotlandiya, Meksika, Bosniya və Hersoqovina, Rusiya və Malayziyada müxtəlif film festivallarında və qrup sərgilərində iştirak etmişəm. İşimi daha çox ölkələrdə, yaxşı tanınmış tədbirlərdə və fərdi sərgilərdə nümayiş etdirməyə davam etmək istərdim. Əlbəttə, bunun üçün sənətimi daha da inkişaf etdirməliyəm. Azərbaycanın və xarici ölkələrin tanınmış brendləri və şirkətlərlə işləmək istəyərdim. Gələcək fürsətləti səbirsizliklə gözləyirəm.
- Sizə təhsil həyatınızda bol uğurlar arazulayırıq!

1 /1

Şərhlər

Xəbər lenti

22 aprel, 19:35

UNEC-də “Erkən nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir baş tutub

22 aprel, 19:05

Yeni peşələrin iqtisadiyyatda rolu

22 aprel, 18:05

ADPU-da “Süleyman Sani Axundov – 150” konfransı keçirilib

22 aprel, 17:38

MDU-da imtahan prosesi ilə bağlı yeniliklər olunacaq

22 aprel, 17:32

Nazir müavini Həsən Həsənli Özbəkistanda STEAM Mərkəzinin açılışında iştirak edib

22 aprel, 17:22

Emin Əmrullayev Türk Hava Qurumu Universitetinin rektoru ilə görüşüb

22 aprel, 17:20

“Təhsillə güclən, erkən nikahla yüklənmə” adlı tədbir keçirilib

22 aprel, 17:15

UNEC-də "Sükutla gələn faciə: narkomaniya" mövzusunda seminar keçirilib

22 aprel, 17:14

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində vorkşop keçirilib

22 aprel, 17:11

ADNSU-da tələbələr üçün təlim keçirilib

22 aprel, 16:30

ADU-da tütünsüz həyatla bağlı maarifləndirici tədbir keçirilib

22 aprel, 15:51

Buraxılış imtahanında fərqlənənlər – İsmayıllı Dağlıq Şirvanın ən seçilən rayonu olub

22 aprel, 15:24

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim olunub

22 aprel, 15:20

Balaca qəlblərin böyük dünyası – Boladi kənd uşaq bağçasında bir gün

22 aprel, 15:08

Qarabağ Universiteti vakansiya elan edir

22 aprel, 14:56

BMU-da karyera təlimi baş tutub

22 aprel, 14:15

Şagird xarici dil öyrənir, amma danışa bilmir – SƏBƏB?

22 aprel, 14:01

UNEC tələbələri ilə "Karyerada əlillik" mövzusunda görüş keçirilib

22 aprel, 13:13

Yer Günü üçün fəaliyyət planı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.