
Zaman dəyişir, dünya sürətlə inkişaf edir və bu dəyişikliklərə uyğun şəkildə bilik və elmi potensial da ön plana çıxır. Bu gün Azərbaycanın gələcəyi olan gənclər yalnız milli səviyyədə deyil, beynəlxalq elmi və akademik mühitdə də öz sözünü deyirlər. Bu inkişafda isə dövlətin apardığı məqsədyönlü siyasət, xüsusilə də gənclərin xaricdə təhsil almasına dəstək göstərən proqramlar mühüm rol oynayır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” bunlardan biridir. Proqram yalnız bir təqaüd mexanizmi deyil, eyni zamanda Azərbaycanın gələcəyinə qoyulan strateji bir sərmayədir. Gənclərə dünya səviyyəli universitetlərdə təhsil almaq imkanı yaratmaqla yanaşı, onların biliklərini və təcrübələrini vətənə qaytarması üçün geniş perspektivlər təqdim edir.
Növbəti tədris ilində bu proqram çərçivəsində ümumilikdə 500 gənc dünya universitetlərində təhsil almağa hazırlaşır. Onlardan 19-u doktorantura pilləsində təhsil alacaq. Bu gənclər artıq yalnız öz gələcəkləri üçün deyil, həm də ölkənin elmi inkişafına töhfə vermək üçün yola çıxırlar.
“Azərbaycan müəllimi”nin qonağı olan Ülkər İmanzadə, Nuranə Məmmədova və Heydər Eminli Dövlət Proqramı çərçivəsində doktorantura təhsilini xaricdə davam etdirəcək gənclərdəndirlər. Onlar dünyanın ən nüfuzlu ali təhsil ocaqları - Oksford və Qlazqo universitetlərindən qəbul alıblar.
Qlazqo Universitetini seçməyimdə əsas səbəb…
650 balla Azərbaycan Dillər Univetsitetinin “Tərcümə” (ingilis dili) ixtisasına qəbul olunan Ülkər İmanzadə sonradan magistr təhsilini “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Belfast Kraliça Universitetində “Təhsil elmləri” ixtisası üzrə alıb. Ülkər deyir ki, doktorantura təhsilini Qlazqo Universitetində “Kompüter elmləri” ixtisası üzrə seçib və texnologiya ilə təhsilin kəsişməsində dəyər yaradan tədqiqatlar aparmaq niyyətindədir: “Əslində bir neçə universitetdən qəbul almışdım, amma Qlazqo Universitetini seçməyimdə əsas səbəb supervayzerim Maria xanımla tədqiqat maraqlarımızın üst-üstə düşməsi oldu. Doktorantura əsasən tədqiqat üzərində qurulduğu üçün onunla birgə işləmək və süni intellektin təhsildə rolu, insan faktorunun əhəmiyyəti kimi mövzuları araşdırmaq mənim üçün maraqlıdır”.
.jpeg)
Dövlət Proqramı çərçivəsində doktorantura təhsili almaq sevincini yaşayan Ülkər deyir ki, qəbul prosesi olduqca obyektiv və şəffaf keçirildi, lakin güclü rəqabət var idi: “İlk başda tərəddüdlərim olsa da, hazırlığıma və motivasiyama güvənirdim və nəticədə qəbul olundum. Dövlət Proqramı bizə qabaqcıl universitetlərdə oxumaq, yeni bilik və təcrübə qazanmaq, beynəlxalq elmi mühitdə iştirak etmək şansı verir. Eyni zamanda müxtəlif ölkələrdən olan insanlarla tanış olmaq, onların mədəniyyətini öyrənmək və ölkəmizi tanıtmaq baxımından fürsət yaradır”.
Ülkər gələcək hədəflərindən də söz açır. Qeyd edir ki, süni intellektin təhsildə tətbiqi üzrə yeni yanaşmalar hazırlamaq və onların praktiki nəticələrini Azərbaycanın təhsil sisteminə gətirmək istəyir. Ən böyük arzusu bu sahədə elmi-tədqiqat mərkəzi yaratmaq və ölkəmizin qlobal təhsil innovasiyalarında söz sahibi olmasına öz töhfəsini verməkdir: “Gələcək texnologiyadadır, amma texnologiyanı yönləndirən insanlar olacaq. Mən istəyirəm ki, gənclərimiz bu istiqamətdə öncül olsunlar. Bir azərbaycanlı xanım olaraq bu sahədə təmsil olunmaq isə mənim üçün məsuliyyət və qürur mənbəyidir”.
Müsahibim xaricdə təhsil almaq istəyən gənclərə tövsiyə edir ki, əvvəlcə məqsədlərini dəqiq müəyyənləşdirsin, dil biliklərini gücləndirsinlər və universitet seçimində yalnız reytinqə deyil, öz maraq və tədqiqat istiqamətlərinə də diqqət yetirsinlər.
Yalnız bir plan yeri olan universitetə müraciət etmişdi, ora da qəbul oldu
Digər gəncimiz Nuranə Məmmədovanın uğurları ilə öncədən tanış idim. Dünya üzrə 11 000 namizəd arasından seçilərək adı “Global Top 50 Students” siyahısına daxil edilən Nuranənin xaricdəki təhsil uğurları, fəaliyyəti elə “Azərbaycan müəllimi”ndə geniş işıqlandırılmışdı. Nuranə ilə budəfəki söhbətimiz Dövlət Proqramının onun gələcək elmi fəaliyyətinə yaratdığı imkanlarla bağlı oldu. Dövlət Proqramı təqaüdçüsü magistratura təhsilini Oksford Universitetində “Diplomatiya” ixtisası üzrə bitirib və elə həmin universitetdə “Qlobal və ərazi araşdırmaları” ixtisası üzrə doktorantura təhsili almaq imkanı əldə edib. Tədqiqat işi beynəlxalq münasibətlər sahəsi ilə bağlıdır.

Ötən müsahibəmizdə Nuranə xarici ölkələrin nüfuzlu universitetlərindən birində doktorantura təhsili almaq istədiyini demişdi. Artıq bu arzusunu da Dövlət Proqramı sayəsində gerçəkləşdirir: “Bu proqram bir çox tələbənin, o cümlədən mənim həyatımda dönüş nöqtəsi olub. Bizə yalnız xaricdə təhsil almaq imkanı yaratmır, həm də qlobal miqyasda rəqabət apara biləcək bilik və təcrübə qazanmağımıza şərait yaradır. Mənim üçün bu, həm akademik inkişaf, həm də ölkəmə dəyərli töhfələr vermək baxımından böyük bir fürsətdir. Xüsusilə vurğulamaq istəyirəm ki, proqramın verdiyi dəstək olmasaydı, dünyanın ən nüfuzlu universitetlərində tələbələrimizin təhsil almaları bu qədər əlçatan olmazdı. Əminəm ki, proqram sayəsində Azərbaycan gəncləri elm, siyasət, iqtisadiyyat və texnologiya sahələrində mühüm uğurlar qazanacaqlar və gələcəkdə daha böyük nailiyyətləri ilə adlarından söz etdirəcəklər. Bu imkan dövlətimizin bizə göstərdiyi böyük etimadın və dəstəyin təzahürüdür. Biz isə, öz növbəmizdə, Dövlət Proqramı təqaüdçüləri olaraq bu etimadı doğrultmağa çalışmalıyıq.
Sual oluna bilər ki, niyə təhsilim üçün məhz Oksford Universitetini seçmişəm? Cavab olaraq qeyd edim ki, mən magistr təhsilimi burada alarkən artıq anladım ki, Oksford yalnız bir universitet deyil, həm də qlobal elmi mərkəzdir. Oksford Universiteti həm qədim ənənələri, həm də müasir elmi mühiti ilə seçilir. Seçdiyim sahə üzrə dünyanın ən qabaqcıl alimləri burada fəaliyyət göstərirlər. Bu elm ocağı mənə yalnız multidisiplinar araşdırma aparmaq imkanı deyil, eyni zamanda müxtəlif ölkələrdən gələn tələbələrlə bilik və təcrübə mübadiləsi aparmaq fürsəti yaradır. Universitet seçimimdə magistratura dövründə dərs aldığım professorlarımın da böyük təsiri oldu. Onlar məni tez-tez Oksfordda qalıb doktorantura təhsilimi davam etdirməyə həvəsləndirirdilər. Hətta doktorantura təhsilim zamanı burada dərs deməyimi də təkid, öz fənlərinin seminarlarını aparmağımı təklif edirdilər”.
Nuranə deyir ki, dünyanın bir nömrəli universitetində doktorantura proqramına müraciət edərkən nə qədər inamlı olsan da, nəticəyə tam əmin olmaq mümkün deyil. Çünki seçim prosesi son dərəcə rəqabətlidir və müraciət edənlər adətən dünya səviyyəsində yüksək hazırlıqlı namizədlər olur. Onun müraciət etdiyi istiqamət üzrə isə yalnız bir doktorant yeri ayrılmışdı: “Buna baxmayaraq, mən yalnız bir universitetə və nəzərdə tutulan 1 doktorant yerinə müraciət etmişdim. Bu, böyük risk idi, amma mən dəqiq nə istədiyimi bilirdim və alternativ axtarmadım. Qəbul prosesi barədə isə qısaca deyə bilərəm ki, asan deyildi, çünki çoxsaylı yüksək biliyə malik gənclər var idi. Eyni zamanda ciddi elmi araşdırma təklifi hazırlamaq, akademik potensialımı sübut etmək və əvvəlki təhsilləri fərqlənmə ilə bitirmək əsas şərtlərdən biri idi”.
Gələcəkdə elmi fəaliyyətini davam etdirmək və Azərbaycanın elmi-intellektual potensialının gücləndirilməsinə töhfə vermək Nuranə Məmmədovanın ən böyük arzusudur. Deyir ki, onun üçün təhsil təkcə bilik toplamaqdan ibarət deyil, bu biliyi paylaşaraq ətrafdakılara fayda verməkdir: “Bu baxış bucağından yanaşaraq, gələcək elmi fəaliyyətimdə ölkəmin tələbələrinə dərs deməklə onların həm peşəkar, həm də elmi inkişafına müsbət təsir göstərmək istəyirəm. Araşdırmalarımda beynəlxalq münasibətlər, regional siyasət və müasir çağırışlar mövzularına fokuslanaraq Azərbaycanın qlobal məkanda mövqeyini daha da möhkəmləndirməsinə çalışacağam”.
Doktoranturada təhsil almaq üçün əvvəlcədən planlama olduqca vacibdir
Sonuncu müsahibimiz Heydər Eminli də Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Qlazqo Universitetində “Təhsil” ixtisası üzrə doktoranturada təhsil almaq hüququ əldə edib. Heydər Dövlət Proqramına müraciət etməzdən əvvəl seçdiyi ixtisas üzrə aparıcı universitetləri araşdırdığını və onların tələblərini yaxından öyrəndiyini söyləyir. Gəncimiz qeyd edir ki, doktoranturaya qəbul olmaq digər pillələrə qəbul olmaqdan bəzi xüsusiyyətlərinə görə fərqlənir:

“Bu pillə üçün sizin seçdiyiniz ixtisas üzrə konkret araşdırma planınız, magistratura üzrə yüksək nailiyyət, eləcə də mükəmməl dil bilik və bacarıqlarınız olmalıdır. Qeyd edim ki, magistr təhsilimi də məhz Böyük Britaniyada aldığım üçün bu prosesdə artıq müəyyən təcrübə əldə etmişdim. Amma bununla belə, doktoranturada təhsil almaq üçün əvvəlcədən planlama olduqca vacibdir. Magistraturada oxuyarkən çalışdım ali təhsilin həmin pilləsini fərqlənmə ilə bitirim ki, dünyanın qabaqcıl universitetlərinə qəbul olmaq üçün bunun əsas şərtlərdən biri olduğu qarşıma çıxanda gecikmiş vəziyyətdə qalmayım. Digər bir əhəmiyyətli məqam tədqiqat aparacağın sahə üzrə artıq əvvəlcədən müəyyən bilik və bacarıqlara, hətta təcrübəyə sahib olmaqdır”.
Heydər qeyd edir ki, doktorantura pilləsi üçün “Təhsil” ixtisasını seçməsi təsadüfi deyil. Təhsil məsələləri, onun inkişafı dövlətimizin hər zaman diqqətdə saxladığı prioritet istiqamətlərdən biri olduğundan bu sahədə aparacağı elmi-tədqiqat işləri, araşdırmaları ilə öz töhfəsini vermək arzusundadır: “İnklüziv təhsil mənim üçün maraqlı bir sahədir. Hesab edirəm ki, bu istiqamətdə ciddi araşdırmalara və yeniliklərin tətbiqinə ehtiyac var”.
Öyrən, qayıt, Vətənə xidmət et!
Bəli, Dövlət Proqramı təqaüdçüləri onlara olan etimadın və məsuliyyətin fərqindədirlər. Bu proqram Azərbaycan gənclərinə ən yüksək səviyyədə təhsil imkanları yaratmaqla onların nə qədər perspektivli, savadlı olmalarını göstərir. Gənclərimiz anlayırlar ki, bu proqram yalnız bir təhsil imkanı deyil, həm də ölkənin gələcəyinə qoyulan bir sərmayədir. Xaricdə təhsil alan hər bir gənc öz biliyi, təcrübəsi və töhfəsi ilə Azərbaycanın inkişafına xidmət etmək niyyətindədir. Gənclərimiz dünyanın ən tanınmış universitetlərində təhsil alsalar da, elmi araşdırmalar aparsalar da, onların hər addımında bir fikir, məqsəd var: “Öyrən, qayıt və Vətənə xidmət et!”
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər