Bakı Dövlət Universitetində (BDU) görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın anadan olmasının 85 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib.
“Ərəbşünaslıq və şərqşünaslıq: müasir dünyada mədəniyyətlərarası dialoq” mövzusunda təşkil edilən tədbirdə BDU-nun rektoru Elçin Babayev, AMEA prezidenti İsa Həbibbəyli, Milli Məclisin deputatları iştirak ediblər.
“Aida İmamquliyeva Azərbaycanda ərəb ədəbiyyatşünasları məktəbinin yaradıcısıdır”
BDU-nun rektoru Elçin Babayev açılış nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycanın XX əsrdə dünya elminə bəxş etdiyi parlaq imzalar arasında görkəmli şərqşünas alim, məharətli elm təşkilatçısı, nüfuzlu pedaqoq, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın özünəməxsus yeri var. O, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın elmlər doktoru və professor, ərəb-məhcər ədəbiyyatının tədqiqatçısı, ərəb ədəbiyyatşünasları məktəbinin yaradıcısıdır.
E.Babayevin fikrincə, bunlar görkəmli alim Aida İmanquliyevanın milli kökə, xalqa bağlı olan, milli yaddaşın qorunmasına xidmət edən elmi irsinin kiçik bir hissəsidir. Onun fikrincə, XX əsr Azərbaycan mətbuatının əsas simalarından olan, görkəmli jurnalist və pedaqoq Nəsir İmanquliyevin və yüksək ziyalılığı ilə seçilən Gövhər İmanquliyevanın ailəsində dünyaya gələn Aida xanımın əhatə olunduğu saf mühit bu parlaq şəxsiyyətin gələcək uğurlarını şərtləndirən əsas amillərdəndir: “Məhz bu mühitin möhkəm təməlləri sayəsində formalaşan Aida xanım orta təhsilini qızıl medalla başa vurub, BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olub. Universiteti fərqlənmə diplomu ilə bitirən Aida İmanquliyeva təhsilini aspiranturada davam etdirib, orijinallığı, elmi yenilikləri, əhatəliliyi ilə seçilən namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib”.
Rektor Aida İmamquliyevanın elmi yaradıcılığından danışaraq deyib ki, o, 30 il Şərq mədəniyyətini, mənəvi dəyərlərini, ictimai-siyasi fikrini araşdırıb yaradıcılığı ilə Azərbaycan şərqşünaslıq elminin inkişafı tarixində parlaq səhifə açıb: “Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur. Aida xanım elmi fəaliyyəti dövründə bir sıra sanballı əsərlər yazıb, eyni zamanda respublikamızda və xarici ölkələrdə keçirilən nüfuzlu beynəlxalq konfranslarda yüksək elmi səviyyəsi ilə seçilən məruzələrlə çıxış edib”.
BDU-nun Şərqşünaslıq fakültəsində ərəbşünas kadrların hazırlanması işinə töhfə verib
Rektor Aida İmanquliyevanın BDU-nun Şərqşünaslıq fakültəsində ərəbşünas kadrların hazırlanması işinə verdiyi böyük töhfəyə diqqət çəkib: “20 ildən artıq müddətdə ərəb ədəbiyyatından dərs deyib, mühazirələr oxuyub, xüsusi kurslar keçib, dissertasiya və diplom işlərinə rəhbərlik edib. Onun bilavasitə rəhbərliyi altında Ərəb filologiyası şöbəsində 10-dan çox namizədlik dissertasiyası müdafiə edilib, ərəb ədəbiyyatının, ərəb-Azərbaycan ədəbi əlaqələrinin müxtəlif sahələrini araşdıran monoqrafiyalar, kitablar yazılıb. Aida İmanquliyeva yüksək intellekti, ziyalılığı, kübarlığı, xeyirxahlığı, insanpərvərliyi ilə örnək bir ömür yaşayıb, onu tanıyanların qəlbinə silinməz izlərlə əbədi həkk olunub”.
Sonra professor Aida İmanquliyevanın zəngin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.
“Professor Aida İmanquliyevanın elmi fəaliyyəti Şərqlə Qərbi vəhdət şəklində öyrənməyə, mədəniyyətlərarası dialoqa həsr olunub”
AMEA prezidenti, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq məktəbinə yeni filoloji istiqamət gətirib. Onun ərəb ədəbiyyatına həsr etdiyi tədqiqatlar, monoqrafiyalar, məqalələr, yetirmələrinin yazdığı əsərlər şərqşünaslığın filoloji, ədəbiyyat qolunu inkişaf etdirib. Görkəmli alim ərəb mühacirət ədəbiyyatına dair əsərləri ilə Azərbaycan, bütövlükdə dünya şərqşünaslıq elminə əvəzsiz töhfələr verib.
Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov isə bildirib ki, şərqşünaslıq elminin əsasını mədəniyyətlər, dinlər, insanlar arasında körpü yaratmaq təşkil edir. Professor Aida İmanquliyevanın da bütün elmi fəaliyyəti Şərqlə Qərbi vəhdət şəklində öyrənməyə, mədəniyyətlərarası dialoqa həsr olunub. Bu baxımdan Aida İmanquliyeva Azərbaycan elminin, ziyalılığının işığı kimi daim parlayacaq.
Milli Məclisin deputat, professor Jalə Əliyeva, BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlcuk Karakılıç, BDU-nun Ərəb filologiyası kafedrasının müdiri, dosent Vüqar Qaradağlı çıxışlarında professor Aida İmanquliyeva ilə bağlı xatirələrini bölüşüb, onun Azərbaycanın elm və təhsil tarixindəki müstəsna rolundan, cəmiyyətə, elmə, təhsilə, mədəniyyətə verdiyi əvəzsiz töhfələrdən danışıblar. Qeyd olunub ki, Sərq-Qərb mədəni əlaqələrinin inkişafında, Azərbaycan fəlsəfi fikrinin islam aləmində yayılmasında professor Aida İmanquliyevanın tədqiqatları mühüm əhəmiyyət kəsb edir.
Konfrans işini 8 bölmə iclası ilə davam etdirib.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)