Azərbaycanda su ehtiyatları məhdud olduğu heç kimə sirr deyil. Əlbəttə ki, o da məlumdur ki, bu təbii sərvət ölkəmizin iqtisadi və sosial inkişafı üçün həyati əhəmiyyət kəsb edir. Su, yalnız içməli su təchizatı və kənd təsərrüfatı üçün deyil, həm də sənaye və ekoloji balansın qorunması baxımından önəmli bir resursdur. Bu resursun effektiv idarə edilməsi və meliorasiya sahəsində aparılan işlər ölkə iqtisadiyyatının dayanıqlılığını təmin etmək üçün böyük rol oynayır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Meliorasiya və su təsərrüfatı tikintisi" kafedrasının fəaliyyəti, məhz bu sahənin inkişafına, su təsərrüfatının idarə olunmasına və ölkəmizin meliorasiya infrastrukturunun təkmilləşdirilməsinə həsr olunub. Kadr hazırlığı, elmi tədqiqatlar və istehsalatla olan əlaqələr bu istiqamətdəki uğurları təmin edən mühüm amillərdir. Su təsərrüfatı sahəsindəki elmi-texniki inkişaflar və istehsalat elm vəhdəti, yalnız nəzəri biliklərin deyil, həm də praktiki həllərin tətbiqinə şərait yaradır.
Bugünkü müsahibəmizdə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının son illərdəki inkişafı, Azərsu ilə əməkdaşlıq, beynəlxalq əlaqələr və su təsərrüfatı sahəsindəki elmi tədqiqatlar barədə geniş məlumat almaq məqsədilə, bu sahədəki önəmli işləri ilə tanınan professor Zakir Musayev ilə söhbət edəcəyik.
Zakir müəllim, son 20 ildə “Meliorasiya və Su Təsərrüfatı Tikintisi” kafedrasının elmi-texniki inkişafı və əldə etdiyimiz nailiyyətlər barədə məlumat verməyinizi xahiş edirik.
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) artıq 50 ildir ki, elm və təhsil sahəsində uğurla fəaliyyət göstərir. Universitetimiz son dövrlərdə dünya nüfuzlu “QS Quacquarelli Symonds” agentliyinin “QS Europe 2025” və “QS Western Asia 2025” reytinqlərində inkişaf göstərərək, sırasını yüksəldib. Bu, universitetimizin strateji fəaliyyətinin və keyfiyyətli təhsilin göstəricisidir. Bu yarıməsrlik dövr ərzində universitetimizin digər kafedraları kimi, bizim kafedranın da xüsusi rolu olmuşdur. “Meliorasiya və Su Təsərrüfatı Tikintisi” kafedrası “Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri” fakültəsinin tərkibində fəaliyyət göstərir və elmi-texniki inkişaf sahəsində mühüm addımlar atılmışdır.
Son 20 il ərzində kafedramızda 15-dən çox yerli və xarici doktorant və tədqiqatçı doktoranturaya qəbul edilmiş, dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişdir. Hazırda da 3 doktorant müdafiə ərəfəsindədir. Dövlət büdcəsi hesabına apardığımız elmi tədqiqatlar müvəffəqiyyətlə tamamlanmış və əldə edilən yeniliklər istehsalata tətbiq olunmuş, beynəlxalq jurnallarda nəşr edilmişdir.
2003-cü ildə, universitetimizin rektoru professor Gülçöhrə Məmmədovanın təşəbbüsü ilə Azərbaycan Dövlət Neft Şirkəti və Təhsil Nazirliyi ilə aparılan danışıqlar nəticəsində “Neft-qaz sənayesində mühəndis qurğularının tikintisi” ixtisası üzrə bakalavr təhsili başlamışdır. Bu, ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının həyata keçirildiyi bir dövrə təsadüf edir və mütəxəssis hazırlığının vacibliyini vurğulayırdı. Sonradan bu sahə “Dəniz hidrotexniki qurğuların tikintisi” magistratura proqramı ilə genişlənmişdir.
Mənbə: AzMİU
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)