
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Türkiyənin Ege Universiteti ilə elmi əməkdaşlıq çərçivəsində “Ege Universiteti ilə AzMİU arasında elmi əməkdaşlıq imkanları” mövzusunda seminar keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, seminar Beynəlxalq Ortaq Təhsil Proqramlarının İdarəedilməsi sektoru və Elmi-tədqiqat şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Seminarda Ege Universitetinin Landşaft memarlığı kafedrasının müdiri professor Emine Malkoç True və həmin kafedranın professoru Erhan Vecdi Küçükerbaş, eləcə də AzMİU-nun akademik heyəti iştirak ediblər.
Görüşdə iki ali təhsil müəssisəsi arasında elmi əməkdaşlıq, təcrübə mübadiləsi, ortaq layihələrin həyata keçirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Eyni zamanda, Ege Universitetində tətbiq olunan iki əsas akademik idarəetmə sistemi – ÜNİSİS (Üniversite Bilgi Sistemi) və Ders Bilgi Paketi barədə ətraflı məlumat təqdim edilib. Bu sistemlərin tədris proseslərinin rəqəmsallaşdırılması, idarəetmədə şəffaflığın təmin olunması və akademik fəaliyyətin effektiv təşkili baxımından rolu vurğulanıb.
Seminarda Orhun mübadilə proqramı çərçivəsində Ege Universitetində təhsil alan AzMİU tələbələrinin akademik uğurları diqqətə çatdırılıb. Qonaqlar bu proqram çərçivəsində iştirak edən tələbələrin fəallığını və əldə etdikləri nəticələri yüksək qiymətləndiriblər.
Seminar AzMİU ilə Ege Universiteti arasında akademik əlaqələrin möhkəmləndirilməsi, elmi əməkdaşlığın genişləndirilməsi və beynəlxalq təcrübə mübadiləsinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər