.jpeg)
Təhsilin ən önəmli pillərindən biri olan məktəbəqədər təhsil uşaqların erkən yaş dövründə intellektual, fiziki və psiхi inkişafında, özünəinam hissinin inkişaf etməsində mühüm rol oynayır. Bu baxımdan məktəbəqədər təhsil sahəsində çalışan müəllimlərin peşəkarlığı və uşaqların şəxsiyyət kimi formalaşmasında oynadıqları rol əvəzsizdir.
“Azərbaycan müəllimi” bu dəfə sizə məktəbəqədər təhsilə böyük sevgi və peşəkarlıqla yanaşan, özünü bu sahəyə həsr etmiş müəllimlərimizdən biri – Aynurə Səfərovanı tanıdır.
O, Masallı rayonu Təzə Alvadı kəndində yaşayır və uzun illərdir ki, həmin kəndin uşaq bağçasında çalışır. Astara Pedaqoji Kollecinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə məzun olan Aynurə müəllim 2008-ci ildən Təzə Alvadı kənd uşaq bağçasında müəllim-tərbiyəçi işləyir. Hazırda Atatürk Universitetində ali təhsil alır.
“Uşaqlarla işləyən şəxs onların psixologiyasını yaxşı bilməlidir”
– Aynurə müəllim, bağça müəllimi kimi fəaliyyətinizə necə başladınız? Bu sahəyə marağınız haradan yaranıb?
– Uşaqlara qarşı sevgim və onlarla işləmək arzusu məni bu sahəyə yönəltdi. Astara Pedaqoji Kollecində təhsil alarkən uşaqlarla işləməyi nə qədər çox sevdiyimi dərk etdim və bu sahəyə ürəkdən bağlandım. 2008-ci ildən bağçada müəllim kimi fəaliyyətə başladım və o gündən bu peşəyə olan sevgim daha da artdı.

– Bu illər ərzində çalışdığınız bağçada hansı dəyişiklikləri müşahidə etmisiniz?
– İllər ərzində həm tədris metodlarında, həm də şəraitimizlə bağlı bir çox dəyişikliklər baş verib. Əvvəllər daha sadə və məhdud imkanlarla işləyirdik. İndi isə valideynlərlə daha sıx əməkdaşlıq edirik, uşaqların təlim-tərbiyəsində müasir yanaşmalar tətbiq olunur. Maddi-texniki baza da əvvəlki illərə nisbətən yaxşılaşdırılıb.
– Sizcə, yaxşı bir müəllim-tərbiyəçidə hansı əsas keyfiyyətlər olmalıdır?
– Yaxşı tərbiyəçi-müəllim ilk növbədə uşaqları sevməli, səbirli, qayğıkeş, məsuliyyətli və dürüst olmalıdır. Həmçinin daim özünü inkişaf etdirməyə meyilli, yaradıcılığa açıq və ünsiyyətcil olmalıdır. Uşaqlarla işləyən şəxs onların psixologiyasını yaxşı bilməli və hər uşağa fərdi yanaşma göstərə bilməlidir.
– Hazırda Atatürk Universitetində ali təhsil alırsınız. Təhsilinizi davam etdirməyə sizi nə təşviq etdi və bu proses sizə nə kimi yeni baxışlar qazandırıb?
– Həmişə öz üzərimdə işləməyi və biliklərimi artırmağı qarşıma məqsəd qoymuşam. Təhsilimi davam etdirməkdə məqsədim həm nəzəri biliklərimi genişləndirmək, həm də idarəçilik sahəsində daha peşəkar olmaq idi. Ali təhsil mənə daha fərqli yanaşma tərzi qazandırdı, dünyagörüşüm genişləndi və özümə olan inamım daha da artdı.
“Kənddə uşaqların təbiətlə daha sıx bağlı olması onların psixoloji inkişafına müsbət təsir göstərir”
– Kənd bağçasında təlim-tərbiyə prosesini həyata keçirmək hansı üstünlük və çətinliklərlə müşayiət olunur?
– Kənd yerində işləməyin əsas üstünlüyü uşaqların daha təmiz və səmimi mühitdə böyüməsidir. Onlar təbiətlə daha sıx bağlıdırlar və bu onların psixoloji inkişafına müsbət təsir göstərir. Bəzən çətinliklər də olur. Əsasən valideynlərin maariflənmə səviyyəsinin aşağı olması bu prosesi ləngidə bilər. Amma uşaqlarla işləmək çox gözəl hissdir. Məncə, xüsusilə kənd yerlərində uşaqlar bağçaya getməlidirlər. Belə müəssisələr onların inkişafı üçün daha çox lazımdır.
.jpeg)
– Sizcə, məktəbəqədər təhsilin uşağın gələcək həyatında rolu nə dərəcədə əhəmiyyətlidir?
– Məktəbəqədər təhsil uşağın təməlini qoyan ən vacib mərhələlərdən biridir. Bu dövrdə formalaşan vərdişlər, sosial bacarıqlar və davranışlar uşağın gələcək məktəb və həyat uğurlarına birbaşa təsir edir. Ona görə də bu mərhələ çox diqqətlə aparılmalıdır və məsuliyyət tələb edir. Həm ana qayğısı, həm də müəllim nəzarəti birlikdə olmalıdır. Bu, gözəl bir hissdir.
“Texnologiya vasitədir, əsas olan sevgidir”
– Uşaqlarla daha effektiv ünsiyyət qurmaq və onları daha yaxşı anlamaq üçün hansı üsul və yanaşmalardan istifadə edirsiniz?
– Ən əsas üsulum dinləməkdir. Hər bir uşağın daxili dünyasını anlamaq üçün onu diqqətlə dinləmək və fərdi yanaşmaq vacibdir. Rollu oyunlar, rəsm, nağıl terapiyaları və əyləncəli fəaliyyətlər uşaqlarla yaxın ünsiyyət qurmağa kömək edir.
– Müasir dövrdə texnologiya, xüsusilə də telefonlar, azyaşlı uşaqların həyatında mühüm yer tutur. Sizcə, bu texnologiyaların uşaqlara müsbət və mənfi təsirləri nələrdir? Bağçada bu mövzuya necə yanaşırsınız?
– Texnologiya düzgün istifadə olunduqda uşaqlara maraqlı və öyrədici imkanlar yaradır. Lakin nəzarətsiz və həddindən artıq istifadə uşağın sosial bacarıqlarına və psixoloji inkişafına mənfi təsir göstərə bilər. Bağçada bu məsələdə balansı qorumağa çalışırıq – təlim məqsədli, qısamüddətli və nəzarətli texnologiya istifadəsinə icazə verilir. Lakin əyləncə məqsədli istifadə minimuma endirilir.
.jpeg)
– Bağçada tədrisdə texnologiyanın istifadəsi barədə fikriniz nədir? Sizcə, hansı hallarda texnologiya öyrədici və faydalı olur, hansı hallarda uşağın inkişafına maneə yarada bilər?
– Texnologiya öyrədici videolar, interaktiv oyunlar və şəkilli resurslarla uşağın marağını artırır və təhsili daha əyləncəli edir. Amma əgər texnologiya təbii oyunları, fiziki hərəkətləri və ünsiyyəti əvəz edərsə, uşaqda tənhalaşma, diqqət dağınıqlığı və davranış problemləri yarada bilər. Bu səbəbdən balanslı və məqsədli istifadəsini vacib sayıram.
“Bağçamızda oyun əsaslı öyrənmə və STEAM metoduna mərhələli şəkildə yer veririk”
– İndiki dövrün uşaqları əvvəlki nəsillərdən fərqlidir. Sizcə, bu günün uşaqları ilə işləməyin üstün və çətin tərəfləri nələrdir? Onları öyrətmək üçün hansı fərqli yanaşmalardan istifadə etmək lazım gəlir?
– Bu günün uşaqları daha açıq fikirli, maraq göstərən və texnologiyaya yaxın böyüyürlər. Bu, onların informasiya qəbulunu və öyrənməsini sürətləndirir. Amma eyni zamanda daha tez yorulur, səbirsiz olurlar və diqqət dağınıqlığı halları daha tez-tez müşahidə olunur. Onlarla işləmək üçün müəllim daha yaradıcı olmalı, monotonluqdan uzaq durmalı və dərsləri interaktiv şəkildə qurmalıdır. Çünki müasir uşaq yaradıcı müəllim tələb edir. Uşaqlar oyunla, əylənərək öyrənməyə daha çox maraq göstərirlər.
– Son illərdə məktəbəqədər təhsildə hansı müasir yanaşmalar və metodlar diqqətinizi çəkib? Sizin bağçada bu yeniliklərdən istifadə olunurmu?
– Ən çox diqqətimi çəkən yanaşmalardan biri oyun əsaslı öyrənmə və STEAM metodudur. Bu yanaşmalar uşaqlarda tənqidi düşüncə, yaradıcılıq və əməkdaşlıq bacarıqlarının formalaşmasına kömək edir. Biz də bağçamızda bu metodlara mərhələli şəkildə yer veririk. Uşaqların öyrənməyə marağını artırmaq üçün müasir resurslardan və interaktiv üsullardan istifadə etməyə çalışırıq.

– Həm şəxsi, həm də bağçanızın inkişafı baxımından hansı arzu və hədəfləriniz var?
– Şəxsi olaraq təhsilimdə daha yüksək pillələrə çatmaq və idarəçilik bacarıqlarımı təkmilləşdirmək istəyirəm. Arzum odur ki, uşaqlara daha müasir, komfortlu və təhlükəsiz mühit təqdim edək. Bağçamızda hər bir uşağın bacarığını kəşf etmək, onları cəmiyyətə sağlam və bilikli vətəndaş kimi qazandırmaq mənim əsas məqsədimdir.
– Sonda bu peşəni seçmək istəyən gənclərə nə tövsiyə edərdiniz?
– Bu peşə ilk növbədə sevgi, səbir və fədakarlıq tələb edir. Gənc xanımlara tövsiyəm odur ki, uşaqlara qarşı həqiqi sevgi hiss edirlərsə və gələcəyin formalaşmasında iştirak etmək istəyirlərsə, bu sahəyə ürəklə gəlsinlər. Çətinlikləri var, amma bu peşənin verdiyi mənəvi zövq və sevinc bütün əziyyətləri unutdurur. Uşaqlarla işləmək həyatın ən gözəl məktəbidir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər