
Bakı bu il dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından birinə – 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalına ev sahibliyi edəcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqə 31 avqust – 5 sentyabr tarixlərində baş tutacaq.
Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışı hesab olunan müsabiqə “ICPC Azərbaycan” icması ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində keçiriləcək.
ICPC Dünya Finalının Bakıda keçirilməsi Azərbaycanın rəqəmsallaşma və innovasiya sahəsində beynəlxalq nüfuzunun artmasına, ölkəmizin qlobal rəqəmsal transformasiya prosesində aparıcı mərkəzlərdən birinə çevrilməsinə töhfə verəcək.
Müsabiqədə dünyanın müxtəlif ölkələrindən ən güclü universitet komandaları iştirak edəcək. Hər il 110-dan çox ölkədən 3500-ə yaxın universiteti təmsil edən 70 minədək tələbə-proqramçı ICPC-nin rəsmi mərhələlərində mübarizə aparır. Dünya finalında isə 50-dən artıq ölkədən təxminən 140 universitet komandası (hər biri 3 tələbədən ibarət olmaqla) biliklərini sınayacaq.
Azərbaycan universitetləri 2005-ci ildən etibarən ICPC-nin regional mərhələlərində iştirak edir. Bu müddətdə ölkədə proqramlaşdırmanın təbliği, gənclərin sahəyə marağının artırılması və mövcud potensialın inkişafı istiqamətində mühüm işlər görülüb. 2024-cü ildə ADA Universitetinin komandası Misirin Luksor şəhərində keçirilən dünya finalında uğurlu nəticə göstərib.
Qeyd edək ki, ICPC 1970-ci ildə ABŞ-də yaradılıb. 1977-ci ildən beynəlxalq status qazanmış yarış tələbələrin proqramlaşdırma bacarıqlarını, alqoritmik düşünmə qabiliyyətlərini və komanda işini inkişaf etdirməyə xidmət edir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər