Bütün xəbərlər
21 avqust, 14:41

Yeni tədris ilinin başlamasına bir aydan da az müddət qalır. Artıq bir neçə müddətdir ki, “Bilik günü” azad olunmuş torpaqlarda fəaliyyət göstərən məktəblərimizdə də qeyd olunur. Şagirdlərin yeni yaşayış yerlərinə alışması, onların rahatlığının təmin olunması dövlətimiz tərəfindən yüksək səviyyədə təşkil edilir. Elə buna görədir ki, Cəbrayılda Mehdi Mehdizadə adına tam orta məktəbdə, Laçında isə Sus kənd tam orta məktəbində xüsusi komissiyalar yaradılıb. Komissiyalar məktəbin müəllimləri və psixoloqunun iştirakı ilə doğma yurda köçürülən sakinlərlə – şagirdlərlə görüşür, onlara dəstək göstərirlər.

"Azərbaycan müəllimi" komissiya üzvləri ilə həmsöhbət olub. 

Yolumuzu azadlığı ilk qarşılayan Cəbrayıldan salırıq. Burada yerləşən Mehdi Mehdizadə adına tam orta məktəbdə yaradılan komissiya 2024-cü ilin oktyabrından 6 üzvlə fəaliyyətə başlayıb.

“Keyfiyyətli təhsil üçün yüksək hazırlıq lazımdır, biz də bunun üçün çalışırıq”

Komissiyanın üzvü, Cəbrayıldakı Mehdi Mehdizadə adına tam orta məktəbin uşaq birliyi təşkilatının rəhbəri Fidan Sərməstova 5 yaşına qədər Cəbrayılda böyüyüb, lakin məcburi köçkünlük səbəbindən ailəsi ilə doğma yurdunu tərk etməyə məcbur qalıb. İndi isə burada sevə-sevə geri dönən şagirdlərini qarşılayır:

"Uşaqları məktəb və bağçaya yönləndirməklə məşğuluq. Elektron qeydiyyatdan keçənlərə hər cür kömək edirik. Təbii ki, digər müəllim yoldaşlarım da bu işdə bizə dəstək verirlər. Mən özüm də valideynəm və bir valideyn kimi mənə təsir edən bir məsələni deyim: böyük oğlum buraya gələndə ilk olaraq ona dərs deyəcək müəllimlərini görməyə getmişdi. Bəzən paytaxtda olan müəllimləri və şagird yoldaşları üçün darıxır, onları görmək üçün səfərə çıxır. Buraya köç edən şagirdlərin evlərinə baş çəkirik. Sevindirici haldır ki, valideynlər bizi çox gözəl qarşılayırlar.

Bir görüşdə uşaqlardan birində özünəqapanma hiss etdim, bunu valideyninə bildirdim. Bacardığımız qədər məktəbdə və ev şəraitində valideynlərin köməyi ilə şagirdə dəstək göstəririk. Artıq həmin şagirddə irəliləyiş var, söhbət etməyə, müzakirələrə can atır, dərslərdə aktiv iştirak edir.

Şagirdləri dərs və tədbirlərə cəlb edirik. Bu da onlarda ruh yüksəkliyi yaradır. Keyfiyyətli təhsil üçün yüksək hazırlıq lazımdır. Biz də komanda olaraq bunun üçün çalışırıq".

“Həftəsonları əyləncəli tədbirlər də təşkil edirik”

Komissiyanın digər üzvləri ilə söhbətimizə davam edirik. Günay Məmmədli də Cəbrayılı tərk edərkən körpə imiş:

“Düzünü desəm, buraya gələnə qədər düşünürdüm ki, alışa bilməyəcəyəm. Çünki illərlə alışdığım bir mühit var idi. Amma ilk gəldiyim gün sanki buranı heç tərk etməmişdim. Cəbrayıl bizi səmimiyyətlə qarşıladı. Enerjili və aktiv bir komanda ilə çalışırıq. Hər yeni köç zamanı nümayəndəmiz həmin ərazidə olur. Şagirdlərlə görüşür, məktəbə gəlməzdən əvvəl onlar haqqında məlumat toplayırıq. Təhsil aldıqları məktəbdə hansı fənni, hansı müəllimi sevdiklərini öyrənirik. Bu, əslində, adaptasiyanın bir növüdür. Məqsədimiz həm də Cəbrayıldakı təhsilin də yüksək səviyyədə olduğunu göstərməkdir. Təkcə dərslərlə kifayətlənmirik. Həftəsonları şagirdlərlə əyləncəli tədbirlər də təşkil edirik”.

“Uşaqların adaptasiyası üçün onlarla mütəmadi söhbətlər aparırıq”

Müsahiblərimiz əvvəlcə özlərinin bu torpaqlara uyğunlaşmasından danışırlar. 19 ildir ki, fizika müəllimi kimi fəaliyyət göstərən Gülşən Qasımlını dinləyirik:

"Əlbəttə, illərlə yaşadığın mühitdən köçüb başqa bir yerdə yaşamaq müəyyən çətinliklər yaradır. Uşaqların adaptasiyası üçün onlarla mütəmadi söhbətlər aparırıq. Sinif daxilində musiqi aləti çalan və ya səsi gözəl olan şagirdlər bir araya gələrək ifalar edirlər. Bu, onların günlərini daha maraqlı edir, müxtəlif yaş qruplarındakı şagirdlərin bir-birilərini tanımasına şərait yaradır.

Mənim və övladlarımın doğma yurda uyğunlaşmasında heç bir çətinlik olmadı. Burada yaşayıb yaratmaq, gələcək nəsli vətənpərvər ruhda böyütmək hər bir təhsilverənin borcudur. Mən də bu borcu layiqincə yerinə yetirməyə çalışıram".

Uşaqlıqlarının gözəl çağlarının Cəbrayılda keçdiyini deyən Azadə Quliyeva və Sevinc Gülmalıyeva isə bildirirlər ki, şagirdlər bir-birilərini ilk dəfə görsələr də, ünsiyyət qurmaqda çətinlik çəkmirlər. Onlar birlikdə uğurlara imza atırlar.

“Əvvəl bəzi şagirdlər dərsdə diqqətini toplaya bilmirdi, özünə qapanırdı”

Komissiya üzvləri ilə söhbətimizi başa vurub Sus kəndinə yollanırıq. Kəndin  məktəbində bizi komissiya üzvü və məktəbin psixoloqu Nigar Mehrəmli qarşılayır. O deyir ki, işğaldan azad olunmuş torpaqlarda işləmək böyük qürur olduğu qədər böyük məsuliyyətdir:

“Sus məktəbində uşaqlarla keçirdiyimiz hər gün göstərir ki, onların ən çox qayğı və dəstəyə ehtiyac duyurlar.
Əvvəl bəzi şagirdlər yeni məktəb mühitinə uyğunlaşmaqda çətinlik çəkirdilər – kimisi dərsdə diqqətini toplaya bilmirdi, kimisi özünə qapanmış davranırdı. Uşaqlar yaşadıqları evi, dostlarını qoyub gəliblər. Buna görə də onların uyğunlaşması daha çətin olur.
Şagirdlərimizin biri hələ də əvvəl yaşadıqları yer üçün darıxır. Mən onu fərdi şəkildə izləyir, yeni dostlar tapması üçün müxtəlif fəaliyyətlərə cəlb edirəm. Onun getdikcə yeni mühitə alışdığını görmək çox sevindiricidir. Bəli, onların zamana ehtiyacı var və biz o zaman boyunca onların yanındayıq. Bir dəfə birinci sinif şagirdlərindən biri mənə dedi: "Müəllim, məktəbə gəlmək indi daha maraqlıdır, çünki burada özümü tək hiss etmirəm.

Digər bir şagird isə məktəb üçün darıxdığını söylədi. Bu sözlər bizə göstərir ki, məktəb yalnız təhsil yeri deyil, uşaqların ümidlə bağlandığı, gələcəklərini gördükləri məkandır. Valideynlərlə əməkdaşlıq da çox vacibdir. Görüşlərimizdə onlara övladlarına necə dəstək ola biləcəklərini izah edirik. Bəzən valideynlərin sadəcə dinlənilməyə ehtiyacı olur. Bu da qarşılıqlı inam yaradır.
Məktəb uşaqların həyat sevgisini, ümidini, inamını bərpa etdiyi bərpa etdiyi bir ocaqdır. Bizim məqsədimiz odur ki, Sus məktəbinin hər bir şagirdi özünü doğma yurdunda güvənli, sevilən və xoşbəxt hiss etsin. Biz inanırıq ki, bu uşaqların gözündəki parıltı Qarabağın sabahıdır".

“Məqsədimiz şagirdlərin hər zaman özlərini təhlükəsiz hiss edə biləcəkləri bir mühit yaratmaqdır”

Söhbətimizə məktəbin kitabxana müdiri Səadət Həsənova, müəllim Xatirə Şaiqova və ibtidai sinif müəllimi Gülnar İsgəndərova da qoşulur. Onlar bildirirlər ki, özləri də fərqli bölgələrdən gəliblər, lakin isti münasibət sayəsində qısa müddətdə aralarında doğmalıq yaranıb.
Səadət xanım deyir ki, kitabxanada şagirdlərin oxu vərdişlərinin inkişaf etdirilməsi üçün hər cür imkan var:

“Kitabxanamızda elmi, bədii, nağıl və oyun kitabları yer alır. Şagirdlərimizin maraq dairəsinə uyğun materiallarla təmin olunmasına xüsusi diqqət yetiririk. Hər hansı bir şagird çətinlik yaşadıqda kollektiv olaraq onun aradan qaldırılması üçün birlikdə çalışırıq. Məqsədimiz onlara özlərini hər zaman təhlükəsiz hiss edə biləcəkləri bir mühit yaratmaqdır”.

“Bu yerlərin necə müqəddəs olduğunu öyrətmək bizim borcumuzdur”

Xatirə xanım isə daha əvvəl Bakıda fəaliyyət göstərmiş Laçın məktəbində işləyib:

“Bu gün vaxtilə yurdumu tərk etdiyim yaşda olan uşaqlara, şagirdlərə torpaqlarımızın gözəlliklərini həm əyani olaraq göstərir, həm də onları tanıtmaq üçün çalışırıq. Bu yerlərin necə müqəddəs və əziz olduğunu öyrətmək bizim borcumuzdur. Burada tədris aparmaq, təbiətin qoynunda, azad edilmiş torpaqlarda dərs demək bizim üçün böyük məsuliyyət və qürurdur”.

Gülnar müəllim də fikirlərini bölüşür:

“Şagirdlərə yalnız dərsi öyrətməyə çalışmırıq. Onlara həm də səmimiyyəti, bir-birinə dəstəyi, vətənə sevgini aşılayırıq.
Valideynlərlə sıx əlaqə saxlayırıq. Onların məktəblə bağlılığının davamlı olması bizim üçün çox vacibdir. Yalnız bu əməkdaşlıq sayəsində uşaqların uğur qazanmasına nail olmaq mümkündür”.

Komissiya üzvləri və müəllimlər bildirirlər ki, Laçına köçürülən məktəblər arasında Sus kənd məktəbinin XI sinfinin şagirdlərinin buraxılış imtahanının nəticələri yüksək göstəriciləri ilə fərqlənib. Bu da burada qurulan sağlam təhsil mühitinin, müəllim-şagird-valideyn əməkdaşlığının real nəticəsidir.

1 /14

Şərhlər

Xəbər lenti

21 avqust, 16:41

Elm və təhsil işçilərinə 19 minə yaxın yollayış verilib

21 avqust, 16:30

Naxçıvanda MİQ həyəcanı: Müəllim olmağa son bir addım – REPORTAJ

21 avqust, 16:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri nə zaman açıqlanacaq? – RƏSMİ CAVAB

21 avqust, 16:29

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar

21 avqust, 16:18

ETİHİ Respublika Komitəsinin nümayəndə heyəti Qırğızıstanda forumda iştirak edir

21 avqust, 16:03

Humanitar sahələri əhatə edən Suriya - Azərbaycan İşçi Qrupunun ilk iclası keçirilib

21 avqust, 15:43

Bakı nüfuzlu beynəlxalq proqramlaşdırma müsabiqəsinə ev sahibliyi edəcək

21 avqust, 14:20

“Peşə təhsilli kadrların hazırlanmasına ciddi ehtiyac duyulur” – MÜSAHİBƏ

21 avqust, 14:05

SAT imtahanı ilə ali məktəbə qəbul olanlar da təhsil krediti ala biləcəklər – YENİ QƏRAR

21 avqust, 13:54

Təhsil krediti almaq istəyən bu tələbələr üçün bal həddi endirildi

21 avqust, 13:05

MDU-nun rektoru “İnnostart Grand Final - Demo Day” tədbirində iştirak edib

21 avqust, 13:01

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasına qeydiyyat başlayıb

21 avqust, 12:51

Sabahın hava proqnozu açıqlanıb

21 avqust, 12:26

Prezident: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək

21 avqust, 12:21

10 minə yaxın qadın peşə təhsili alacaq – Rekord say

21 avqust, 11:29

Peşə təhsili müəssisələrinə qəbul olanların NƏZƏRİNƏ!

21 avqust, 11:14

“Kibernetika və İnformatikanın Problemləri” mövzusunda VI beynəlxalq konfrans keçiriləcək

21 avqust, 11:05

Yasamaldakı MİDA Yaşayış Kompleksində ikinci bağça fəaliyyətə başlayır

21 avqust, 09:40

Təhsil krediti ilə oxuyub arzusunu reallaşdırdı – Vətənin uğur yolu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.