
ABŞ-nin Meyn ştatında yerləşən Morse liseyində məktəb rəhbərliyi ənənəvi cəza kimi tətbiq olunan dərsdən sonra saxlanılma ("detention") əvəzinə təbiət yürüşlərini təklif edir.
“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən xəbər verir ki, təcrübə nəticəsində həm şagirdlərdə, həm də müəllimlərdə müsbət dəyişikliklər müşahidə olunub.
Məktəbin psixoloqu və təcrübəli yürüşçü Lesli Trandi ötən ilin oktyabr ayından etibarən “detention hike”, yəni “cəza yürüşü” proqramına start verib. Məqsəd şagirdlərin davranış problemlərini cəzalandırmaqla deyil, təbiət vasitəsilə müsbət şəkildə tərbiyə etmək olub.
Əvvəlcə bəzi şagirdlər bu ideyaya maraqsız yanaşıblar. Lakin ilk yürüşlərdən sonra təbiətin səssizliyi, quş səsləri və azad atmosferin onları sakitləşdirdiyini, stresi azaltdığını bildiriblər. “Yürüşün sonunda uşaqlar sanki tam fərqli insanlara çevrilirlər”, – deyə Trandi “The Washington Post”a açıqlamasında bildirib.
Yürüşlər zamanı şagirdlər üç mil məsafə qət edir, axar su kənarında dayanaraq qəlyanaltı edirlər. Trandi onlara Vendel Berri və Meri Oliver kimi müəlliflərin qısa şeirlərini oxuyur, bu da gəncləri yenilənmə və düşünməyə təşviq edir.
Bəzi valideynlər bu yanaşmanı “yetərincə cəza xarakterli” hesab etməsələr də, nəticələr Trandinin haqlı olduğunu göstərib. Yürüşlərdən sonra şagirdlərdə davranış pozuntuları azalıb, məktəbə maraq isə artıb.
Məsələn, şagirdlərdən biri indi “qaydaları pozmaq istəyinin” azaldığını və daha rahat hiss etdiyini deyib. Başqa bir şagird isə cəza üçün başladığı yürüşləri sonradan könüllü şəkildə davam etdirib, çünki həyatında ilk dəfə həqiqətən sevdiyi bir məşğuliyyət tapdığını bildirib.
Hazırda proqram davam edir və müəllimlər qeyd edirlər ki, artıq “detention” alan şagirdlərin sayı yarıyadək azalıb. Trandi isə hesab edir ki, cəzanı anlayış və empatiya ilə əvəzləmək, gənclərin həm davranışını, həm də daxili dünyasını dəyişə bilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər