Bütün xəbərlər
21 yanvar, 15:47

Bullinq son illərdə məktəblərdə geniş yayılmış aktual problemlərdən biri olaraq diqqət çəkir. Bu mənfi davranış təkcə şagirdlərin akademik nailiyyətlərinə deyil, həm də onların psixoloji və fiziki sağlamlığına ciddi zərər verir. Bullinq hallarının çoxaldığı dövrdə bu problemin köklərini araşdırmaq, onun təsirini dərk etmək və qarşısını almaq üçün müxtəlif perspektivlərdən yanaşmaq lazımdır. Müsahibəmizdə məhz bunlardan danışacağıq.

“Azərbaycan müəllimi” Təhsil İnstitutunun doktorantı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sosial və mədəni fəaliyyət kafedrasının baş müəllimi Günay Məmmədzadə ilə “İbtidai siniflərdə zorakılıq və onunla mübarizənin pedaqoji yolları” mövzusunda müsahibəni təqdim edir: 

“İntihar edən bir çox şagirdin də bullinqə məruz qaldığı aşkara çıxarıldığı üçün bu məsələnin nə qədər ciddi olduğu aydınlaşır” 

– Günay xanım, bullinq nədir və bu halların artmasının səbəbləri nələrdir? Biz nəyə görə bullinq məsələsinə diqqət etməliyik?

Uşaqlar cəmiyyətin, dövlətin gələcəyidir. Onların fiziki, psixoloji, sosial inkişafına təsir edərək şəxsiyyət kimi formalaşmağına mənfi təsir göstərən istənilən hal diqqətə alınmalı və həll yolları düşünülməlidir. Bullinq də bu problemlərdən biridir. Dünya üzrə artan bullinq statistikası artıq ciddi narahatlıq doğurur və son dövrlərin araşdırmaları göstərir ki, bullinqin törədiciləri olan bullerlərin gələcəkdə cinayətkar şəxslərə çevrilmək, qurbanların isə uğursuz, cəmiyyətdə öz mövqeyini tuta bilməyən, alkoqol və narkotik vasitə aludəçiləri olma riski çoxdur. İntihar edən bir çox şagirdin də bullinqə məruz qaldığı aşkara çıxarıldığı üçün bu məsələnin nə qədər ciddi olduğu aydınlaşır.

Apardığım tədqiqatlara və bullinqlə bağlı bir sıra alimlərin araşdırmalarına əsaslanıb deyə bilərəm ki, bullinq zorakılıq əsaslı olub, özünü psixi və fiziki cəhətdən müdafiə edə bilməyən və ya etməkdə çətinlik çəkən şəxsə eyni və ya müxtəlif yaş qrupundan olan bir və ya bir neçə şəxs tərəfindən yönəldilmiş, qəsdən törədilən, təkrar edilən, özündə fiziki, psixoloji, sözlü, cinsi və sosioloji təzyiqi ehtiva edən mənfi davranışdır.

Qeyd etməliyəm ki, adətən mətbuatda məktəblərdə baş verən hər hansı bir zorakılıq faktı bullinq adlandırılır. Bu yanlışdır, çünki bir zorakılıq halının bullinq adlandırılması üçün mütləq onun davamlı baş verməsi və eyni şəxs(lər) tərəfindən törədilməsi lazımdır. 

Bullinqin nəyə görə məktəblərdə geniş yayıldığına dair suala belə cavab verərdim ki, məktəb 6-17 yaş arası uşaqların sosiallaşdığı, günlərinin 5-6 saatını keçirdikləri yerdir; elə buna görə də onların həyatında baş verən hər hansı bir hal məktəblərdə bullinq kimi üzə çıxır. Ümumiyyətlə, bullinqin səbəblərini aşağıdakı kimi sistemli qruplaşdıra bilərik: şəxsi, ailədən gələn, mühit, məktəbə aid, sosial‑iqtisadi səbəblər. 

– Bu sahələr haqqında qısa məlumat verə bilərsiniz?

Bullinqin yaranma səbəbləri sırasında ilkin olanı şəxsi səbəblərdir. Buraya şagirdin psixoloji sağlamlığı, xarakteri daxildir. Belə ki, hər bir şagird tamamilə müsbət xüsusiyyətlərə sahib olmur. Bəzən şəxsi uğursuzluqlarının, ailədən gələn aqressiyanın, maddi imkansızlıqların, ümumiyyətlə, həyatında yolunda getməyən istənilən bir şeyin günahını başqasına yıxmaq, aqressiyasını ondan çıxarmağa çalışır. Bəzən şagirdlər arasında sinfin yaxşı oxuyanlarına, müəllimlərin və şagirdlərin sevimlisi olanlara qarşı qıcıq yarana bilir, bəzən isə şagirdin məşhurlaşmaq istəyi, liderlik anlayışını düzgün dərk etməməsi, özünü güclü hiss etmək istəyi onu bullerə çevirə bilir.

İndi isə ailədən gələn səbəblərə diqqət yetirək. Uşağın tərbiyəsindəki qüsurlar, uşağın yaşadığı mühitdəki çatışmazlıqlar onun formalaşmasına mənfi təsir göstərir və bu da onun məktəbdəki davranışında özünü büruzə verir. Əgər ailədə övladlara qarşı diqqət azdırsa, onlara qarşı ayrı-seçkilik varsa və ya ərköyün böyüdülürlərsə, demək olar ki, ailədə potensial bullerlər və ya qurbanlar böyüdülür. Valideynlərin həddindən artıq tələbkar olması da uşağın psixoloji vəziyyətinə təsir edir. O ya həddindən artıq qorxaq, özünəinamsız olur və ya məsuliyyətli olur ki, bu da onun məktəbdəki davranışlarına, ünsiyyətinə birbaşa təsir edir. 

Evdə zorakılıq görən uşaqlar da potensial qurban və bullerlər ola bilərlər. Çünki evdə zorakılığın qurbanı olan uşaq ondan böyüyün qarşısında aciz olur, bu acizliyin verdiyi psixoloji əskikliklə o ya məktəbdə də daima aciz olur, özünümüdafiə edə bilmir və ya evdən aldığı aqressiyanı, mənfi enerjini birbaşa məktəbdə qurban kimi seçdiyi özündən zəif şagirdə tökərək bir növ evdəki acizliyinin kompensasiyasını edir, alçalmışlıq hissini, gücsüzlüyünü dəf etməyə çalışır. Bullinq bullerə güc və özünü önəmli hissetmə duyğusu verir. O bir növ bullinq etməklə eqosunu təmin etmiş olur. Bütün problemlərin güc yolu, konfliktlə həll olunduğu mühitdə böyüyən şagird sözsüz ki, gördüyünü məktəbdə həyata keçirməyə çalışacaq, çünki başqa ünsiyyət yolu bilmir. Ailədə güclü olanın sözünün keçdiyini görən şagird bu halı məktəbdə tətbiq edir.

Şagirdlərin tərbiyəsində texnologiyanın da rolu danılmazdır. XXI əsrdə texnologiyanın inkişafı uşaq tərbiyəsində müsbət imkanlar yaratsa da, mənfi hallar da yaradır. Televiziya, internet, sosial medianın uşaqlar üzərində mənfi təsirləri təkzibedilməzdir. Aqressiya yaradan kompüter oyunları oynayan uşaqlarda kimisə döymək, təhqir etmək halları adiləşir. Çünki onlar günlərinin ən azı iki saatını döyüş xarakterli oyunlar oynamaqla keçirirlər və oyundakı personajları öldürmək, döymək artıq onlara zövq verir və alternativ olaraq “güc” xəstəliyinə tutulmuş olurlar. Onlar virtual dünyadakı liderliklərini, aqressiyalarını real dünyaya da tətbiq etmək istəyirlər. Və təəssüf ki, bu məkanlardan biri də məktəb olur. 

Şagirdin lider olmaq arzusu, dərslərdəki uğursuzluğu, müəllimin diqqətsizliyi, rəhbərliyin idarəçilik qabiliyyətinin aşağı olması isə məktəblə bağlı səbəblərə aiddir. Hər sinifdə lider olmaq arzusunda olan qız və oğlanlar olur. Bəzən bu şagirdlər təbiətən lider xüsusiyyətlərinə malik olub digər şagirdlər arasında hörmət qazanaraq lider olurlar, bəzən isə bu cür xarakterlərdən uzaq şagirdlər sinif yoldaşları arasında istədikləri nüfuzu qazana bilmədikləri üçün bullinqə baş vururlar. Şagirdin dərslərdəki uğursuzluğu da onu buller edə bilər. Bəzən qiymətləri aşağı olan şagirdlər yaxşı oxuyan sinif yoldaşlarına qarşı bullinq tətbiq edirlər. Onlar müəllimin sevimlisi olan şagirdlərə qısqanclıqla yanaşır, öz uğursuzluqlarının qisasını onlardan almağa çalışırlar. Saydığım bu amillərin hamısı bullinqin yaranmasına birbaşa təsir edən amillərdir.

“Artıq ibtidai siniflərdə də bullinq halları artmaqdadır“

– Bəs bullinq hallarına daha çox hansı yaş qruplarında rast gəlinir?

Tədqiqatlar göstərir ki, bullinq hallarına ilkin olaraq ibtidai siniflərdə rast gəlinir. Bullinq hallarının çox olduğu yaş dövrü isə ilkin və orta yeniyetməlik yaş dövrü, yəni 5-8-ci siniflərdir.

Lakin son illərin tədqiqatları göstərir ki, artıq ibtidai siniflərdə də bullinq halları artmaqdadır. Digər siniflərə nisbətdə ibtidai siniflərdə bullinqin az olma səbəblərindən biri də elə məhz ibtidai sinif müəllimləridir. Adətən şagirdlər gündəlik dərsin 4-5 saatının ən az üç saatını ibtidai sinif müəllimləri ilə keçirdikləri üçün istər-istəməz onun təsir dairəsində olurlar. Xüsusilə 1-3-cü siniflər müəllimin hər dediyini həqiqət bilir. Müəllimlərin gizli kamera vasitəsilə onları evdə də izlədiklərini düşünürlər. Artıq 4-cü sinifdən uşaqların intellektual səviyyəsi daha da inkişaf etdiyindən onlar müəllimin bu tipli idarəetmə mexanizmlərinin mümkünsüz olduğunu anlayır, özlərini şəxsiyyət kimi dərk etməyə başlayır, onlara edilən qınaqlardan, danlaqlardan xoşlanmır və etiraz edə bilirlər. İbtidai siniflərdə bullinqin daha çox üzə çıxdığı və ya artdığı sinif elə 4-cü sinifdir. Ümumilikdə isə ibtidai sinfə yeni qədəm qoyan şagird yeni mühitlə rastlaşır, yeni sosial mühitə uyğunlaşmağa çalışdığı üçün yaşıdları tərəfindən qəbul olunmaq, sevildiyini hiss etmək ehtiyacı daha yüksəkdir. Bu ehtiyacın təmin olunmaması isə aqressiv davranışların yaranmasına şərait yarada bilir. 

– Bəs ibtidai sinif şagirləri arasında hansı bullinq növlərinə rast gəlirsiniz?

Keçən tədris ili 14 Bakı məktəbi, həmçinin Lənkəran, Quba, Tovuz və Neftçala olmaqla 4 rayon və şəhər məktəbində 2000-dən yuxarı şagird arasında apardığım tədqiqat və anket sorğusunun nəticələrinə əsaslanaraq deyə bilərəm ki, məktəblərimizdə ibtidai sinif şagirdləri arasında bullinqin daha çox fiziki, sözlü və psixoloji növləri yayılıb.

– Bunlardan hansınınsa şahidi olmusunuz?

Mənim övladım da ibtidai sinif şagirdidir. Onun sinfində bir bullinq hadisəsi olmuşdu. Bir az gülməli olacaq, amma buna səbəb şagirdin daim burnunu qarışdırması idi. Bunu görən sinif yoldaşları isə onu sözlü və sosial bullinqə məruz qoyurdular, yəni ona müxtəlif atmacalar atır, öz qruplarına daxil olmağa qoymurdular. Şagirdin dərslərində zəif olması da onun sinifdəki statusuna təsir edirdi. Həm zəif oxuyan və eyni zamanda səliqəsiz olması onu bullinqin qurbanına çevirmişdi. Qeyd edim ki, bu hadisə ilə bağlı qızım mənə məlumat vermişdi və mən də şagirdin valideyninə və sinif rəhbərinə bildirmişdim. Eləcə də qızıma təlimat vermişdim ki, qurbanı müdafiə etsin və şagirdlərə davranışlarının nəticəsini başa salsın. Sinif rəhbərinin vəziyyəti nəzarətə götürməsi və eləcə də qurbanın valideynlərinin sinif şagirdləri ilə söhbət aparması, həmin şagirdin davranışlarına diqqət etməsi ilə bu problem aradan qalxdı. 

“Bullinq qurbanlarının çoxu oğlanlardır”

– Qız və oğlanlar arasında bullinqin növlərinə məruz qalmaqda fərq varmı?

Əlbəttə, var. Bu bütün dünyada olduğu kimi, Azərbaycanda da belədir. İbtidai siniflər arasında apardığım anket sorğusunun nəticələrinə əsasən, deyə bilərəm ki, bullinq qurbanlarının çoxu oğlanlardır. Əgər qızlar arasında daha çox bullinqin psixoloji, sözlü növü yayılıbsa, oğlanlar arasında isə bullinqin fiziki, sözlü, sosial növü çox yayılmışdır. Hətta kiberbullinqə belə rast gəlmək olur.

“İbtidai siniflərin tədris binalarının ayrı olması daha yaxşı olardı”

– Bildirdiniz ki, bullinqin növlərindən biri də cinsi bullinqdir. Bəs ibtidai siniflərdə belə hallar baş verirmi, bu halların baş verməməsi üçün necə maarifləndirmə aparmalıyıq?

Bəli, elə bu tədris ilində Bakı məktəblərinin birində cinsi bullinq halına rast gəlindi. Adətən elə cinsi bullinqin qurbanı ibtidai sinif şagirdləri olurlar. Buna səbəb isə onların daha balaca, tez qorxudula bilinən olmasıdır. Cinsi bullinq qız şagirdlərə deyil, oğlan şagirdlərə qarşı daha çox olur. Bu halların baş verdiyi yer isə oğlanların sanitar qovşaqlar, idman zallarının geyinib-soyunma otaqları, məktəbin istixanaları və nəzarətsiz qala biləcək istənilən yerlərdir. Bunun üçün ibtidai siniflərin tədris binalarının ayrı olması daha yaxşı olardı. Ancaq bununla yanaşı, şagirdlərə müəyyən məsələlər mütləq izah olunmalıdır. Yad insanların bədənizə toxunuşu zamanı mütləq nəyinsə doğru olmadığını hiss edəcəksiniz. Bu zaman qorxmayın və qışqırıb özünüzü müdafiə etməyə çalışın, əks təqdirdə sizin üçün daha təhlükəli vəziyyət ola bilər. Yaxınınızdakı dostunuza, tanışınıza, etibar edə biləcəyiniz hər kəsə müəllimə, valideynə mütləq bu haqda məlumat verin, heç bir təhdiddən qorxmayın, böyükləriniz sizi müdafiə edəcəklər”, təlimatını vermək olar. Əmin olun ki, bu cür təlimat öz müsbət nəticəsini verəcəkdir.

– Dediniz ki, Bakının müxtəlif məktəblərində olduğu kimi, bölgələrimizdə də tədqiqat aparmısınız. Bəs şəhər məktəbləri ilə rayon məktəblərini müqayisə etsək, vəziyyəti necə dəyərləndirərdiniz?

Tədqiqatlarıma əsasən deyə bilərəm ki, kənd məktəblərində vəziyyət daha stabildir. Həm şagird sayının az olması, həm məktəb müəllimlərinin nisbətən kiçik əraziyə malik eyni məntəqənin sakinləri olmaları, həm də şagirdlər arasındakı qohumluq əlaqələri buna təsir edir. Bəzən hər hansı zorakılıq halı bullinqə çevrilməmiş elə ailələr arasında həll oluna bilir. Təəssüf ki, bu halı şəhər məktəblərinə aid edə bilmərik. Valideynlərin hər ikisinin işləməsi, boşanma hallarının artması şagirdlərə olan nəzarəti azaldır. Valideynlərin hər ikisinin işləməsi nəticəsində valideyn-müəllim ünsiyyətinin azalması imkan vermir ki, problem ilkin variantında valideynə çatdırılsın və onun nəzarətinə də ötürülsün. 

– Müəllimlər bullinqi aşkar etmək və qarşısını almaq üçün hansı metodlardan istifadə edə bilərlər?

Bullinqin şagirdin fiziki və psixoloji sağlamlığına təsiri böyükdür. Şagird sinifdə yatırsa (davamlı hal alarsa), onda ürəkbulanma, qusma, davamlı təşviş, özünəinamsızlıq, çəki artımı və ya azalması, depressiya kimi  hallar müşahidə olunursa, müəllim şagirdi nəzarətə götürməlidir. Belə olan halda şagirdin valideynləri ilə söhbətlər aparılmalı, həkim qərarına əsasən, heç bir problem müşahidə edilmirsə, şagird müəllimin bullinqə məruz qalma ehtimalı daha çox olan şagirdlərin risk qrupuna daxil edilməli və daim müşahidə altında saxlamalıdır. Bullinqə məruz qalan, bunu müəllim və valideynlərinə deyə bilməyən şagird çıxış yolunu dərs əsnasında yatmaqda görə bilər. Bununla yanaşı, məruz qaldığı bullinq halına görə gecə yuxusu pozulduğu üçün şagird sinifdə yata bilər. Bir sıra hallarda düşdüyü çətin vəziyyətin öhdəsindən gələ bilməyən şagird, stres hissini azaltmaq üçün qidalanmanın miqdarını artıra və ya əksinə heç yemək yeməyə bilər. Nəticə etibarilə, bullinqə məruz qalan şagirdin çəkisi sürətlə arta və ya azala bilər. Normadan artıq və ya az çəkiyə sahib olması isə şagirdin yeni bullinq obyektinə çevrilməsinə səbəb ola bilər.

Sinif yoldaşları tərəfindən bullinqə məruz qalan şagird ətrafdakılar tərəfindən sevilmədiyini, dəyərsiz olduğunu düşünə bilər. Bu da onun yeni dostluqlar qurmaq istəyinin qarşısını alacaq. Nəticə etibarilə bullinqə məruz qalan şagird assosial, özünəinamı olmayan şəxs kimi yetişəcək.

Bəzi hallarda isə bullinqə məruz qalan şagirdlərdə aqressivlik, təcavüzkarlıq müşahidə olunur. Buna səbəb başqasının təzyiqinə məruz qalan şagirdin bu hissi özündən uzaqlaşdıra bilməsi üçün fiziki baxımdan özündən zəif şagirdə təzyiq göstərərək özünəinam hissini bərpa etmək istəyidir. 

Bullinqə məruz qalan ibtidai sinif şagirdlərinin davranışlarında rast gəlinən xoşagəlməz hallardan biri də məktəbdə üzləşdikləri problemdən qaçmaq üçün dərslərdən yayınma istəyidir. Yuxarı sinif şagirdlərindən fərqli olaraq ibtidai sinif şagirdləri məktəbdən yayınmaq üçün səhhəti ilə bağlı müxtəlif yalanlar uydururlar. 

Bullinqin qarşısını almaq üçün müəllim, ilk növbədə, fərdi söhbət aparmalıdır. Nə buller, nə qurban sinif qarşısında danlanmamalıdır. Bu zaman qurban daha da psixoloji zərbə alır, özünü daha zəif hiss edir, buller isə daha da aqressiv olur. 

Müəllim sinifdə əxlaq tərbiyəsini doğru qurmalıdır. İbtidai sinifdə bullinqə qarşı kinofilmlər, cizgi filmləri izlətməklə, problemin həllinə uyğun hekayələrin seçilməsi ilə şagirdlərdə empatiya duyğusunu inkişaf etdirə bilər. Bulleri tərbiyə etməkdən ötrü bir pedaqoq kimi onun yaxşı bir xüsusiyyətini üzə çıxarıb dəstəkləməklə, enerjisini, qabiliyyətini doğru istiqamətə yönəltməklə onun müsbət şəxsiyyətə çevrilməsinə kömək ola bilər.

“Müəllimin davranışı şagirdlər tərəfindən ciddi şəkildə izlənilir”

 – İbtidai sinif müəllimlərinin bullinqin yaranması və qarşısının alınmasındakı rolunu necə dəyərləndirərdiniz?

İbtidai sinif müəllimlərinə xüsusi rəğbət, hörmət, sevgi ilə yanaşan şagirdlər ona bənzəməyə çalışırlar. Müəllimindən diqqət və qayğı görmək, onun sevimlisinə çevrilmək ibtidia sinif şagirdlərinin ən böyük arzusu ola bilər. Məhz bütün bu sadalananları nəzərə alaraq, ibtidai sinif müəlliminin şagirdlər üzərindəki təsir imkanlarının nə qədər böyük olduğunu təxmin edə bilərik.

Müəllimin davranışı şagirdlər tərəfindən ciddi şəkildə izlənilir. Müəllimin şagirdi etik davranış qaydalarından kənar çıxaraq danlaması, hər hansı mənfi xüsusiyyətinə görə ləqəb qoşması onu birbaşa sinfin bullerlərinin hədəfinə çevirir. Buna görə də müəllim şagirdi danladığı zaman ehtiyatlı olmalı, məzəmmətini təklikdə bildirməlidir. Bəzən isə müəllimin bir şagirdi həddindən artıq tərifləməsi digər şagirdlərin həmin şagirdə qarşı qısqanclıq hisslərinin yaranmasına səbəb olur və belə olan halda şagird birbaşa bullinqin hədəfinə çevrilir. 

İbtidai sinif şagirdlərinin yaş xüsusiyyətlərini nəzərə alaraq qeyd etmək olar ki, bəzən şagirdlər başlarına gələn xoşagəlməz hadisələri izah edə bilmir. Bəzən şagirdlər zorakılığa məruz qaldıqlarını bildirəcəkləri halda “xəbərçi” adlandırılacaqlarından qorxur və ya müəllimin tənəsi ilə üzləşəcəklərindən narahat olurlar. 

– Bullinqin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Bullinqə qarşı tədbirlər yalnız bullinqin baş verdiyi sinifdə aparılmamalıdır. Bu məsələ bütün məktəbi əhatə etmədikcə müsbət nəticə əldə etmək mümkünsüz olacaqdır. Bullinq və onun zərərləri haqqında təşkil olunan seminarlar bu problemin qarşısının alınmasına kömək edəcək, bullinqə məruz qalanların müdafiəsiz olmadıqlarına inanmalarına səbəb olacaq. Problemin başa düşülməsi, empatiya qurulması üçün şagirdlərə mövzuya və yaşlarına uyğun kinofilm və cizgi filmlərin izlədilməsi də bullinq hallarının qarşısının alınmasına əhəmiyyətli dərəcədə kömək edəcək vasitələrdəndir. Müsbət məktəb iqliminin formalaşdırılması da məktəblərdə bullinqin qarşısını almaqda yardım edəcək.

Problemin həlli istiqamətində valideynlərin maariflənməsi üçün bu mövzuda seminarlar təşkil olunmalı və bullinqin hər hansı bir növü ilə qarşılaşarkən aradan qaldırılması yolları öyrədilməlidir.

“Məktəblərin daxilində nizam-intizam şuralarının olması da məsələyə müsbət yöndə təsirlərini göstərir”

– Xarici ölkələrdə məktəblərdə bullinq hallarını azaltmaq üçün tətbiq olunan ən təsirli proqramlar hansılardır?

İnkişaf etmiş ölkələrin bir çoxuna diqqət etdikdə görmək olur ki, onlarda məktəbin daxili nizamnaməsi, bullinqə qarşı siyasət proqramı var. İstənilən şəxs bu sənədləri məktəbin internet səhifəsindən yükləyə bilər. Ümumi olaraq Avropa, ABŞ, Avstraliya məktəblərində bullinqə qarşı müdaxilə proqramları hazırlanır. Məktəbin bütün heyətinin və valideynlərin bullinqlə bağlı məlumatlandırılması, bu proqramların tətbiqinə cəlb olunması, problemi yaradan mövzulara dair tədris proqramında dəyişikliklərin edilməsi, şagird davranışlarının daha diqqətlə izlənilməsi, şagirdlərin kömək almağa təşviq edilməsi və zorba davranışlarla necə mübarizə aparmağı öyrənmələri kimi məsələlər bu proqramlara daxil edilir.

Problemin həlli istiqamətində İngiltərə məktəbləri isə üç həll yolu təklif edir ki, bunlar dostluq qurmaq, problemlərin danışıq yolu ilə həll edilməsi və empatiyadır. Bundan başqa məktəblərin daxilində nizam-intizam şuralarının olması da məsələyə müsbət yöndə təsirlərini göstərir. Çünki şagirdlər etdikləri davranışların cəzasız qalacaqlarını düşündükləri üçün onu davam etdirə bilirlər. Belə şuraların olması isə onların davranışlarına nəzarət etmələrinə səbəb olur.

– Bullinq hallarının qarşısını almaq üçün məktəblərdə müəllim, şagird və valideyn arasında necə effektiv əməkdaşlıq qurula bilər?

Bullinq elə bir problemdir ki, bu hal hamını maraqlandırmalıdır. Çünki məktəb cəmiyyətə təhsilli şəxs yetişdirməli olduğu kimi, psixoloji, fiziki və sosial baxımdan da sağlam fərd yetişdirməlidir. Əks təqdirdə, onun verdiyi savadın heç bir önəmi qalmır. Hər bir valideyn də övladının sağlam mühitdə, özünəinamlı, savadlı, ağıllı şəxsiyyət kimi formalaşmasını istəyir. Buna görə də hər kəs öz məsuliyyətini dərk etməli, məktəblər valideyn komitələri ilə işləməli və onlar vasitəsilə məktəbin siyasətini, tələbini valideynlərə ötürməlidir. Valideynlərin bullinqlə bağlı savadlanması üçün yalnız sinif rəhbəri və psixoloqların deyil, təlimlərə cəlb olunmuş valideyn komitələrindən də istifadə etməlidir. Hər valideyn hansı halların bullinq sayıla biləcəyini, baş verəcək istənilən bullinq hadisəsində necə davranmalı olduğunu bilməlidir.

Günay xanım, son olaraq cəmiyyəti ən çox narahat edən mövzulardan biri ilə bağlı suallarımızı cavablandırdığınız və öz təcrübələrinizi bizimlə bölüşdüyünüz üçün sizə təşəkkür edirik!

Xəbər lenti

21 yanvar, 21:18

Elm və təhsil naziri Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb

21 yanvar, 20:20

LDU-nun ictimai nəzarət qrupu imtahan prosesini izləyib

21 yanvar, 18:03

İbtidai siniflərin tədris binasının ayrı olması daha yaxşı olardı - TƏKLİF

21 yanvar, 17:27

İmişlidə qəzada yaralanan məktəblinin vəziyyəti açıqlanıb 

21 yanvar, 17:01

Cəzaçəkmə müəssisələrindəki məktəblərdə 667 şagird təhsil alır - ÖZƏL

21 yanvar, 16:37

Çin ilk dəfə kosmosda oksigen əldə edib

21 yanvar, 16:33

İbtidai sinif şagirləri arasında hansı bullinq növlərinə rast gəlinir? - AÇIQLAMA

21 yanvar, 16:28

Bu məktəblərdə iki proqramlaşdırma dili öyrədilir – MÜSAHİBƏ

21 yanvar, 16:27

4SİM rəqəmsal bacarıq boşluğunu aradan qaldırır

21 yanvar, 16:12

NASA-nın “Hubble” teleskopu Andromeda qalaktikasının gizli tarixini araşdırır

21 yanvar, 15:41

Yüksək proteinli ət insanların koqnitiv bacarıqlarını inkişaf etdirib - TƏDQİQAT

21 yanvar, 15:34

Quba-Xaçmaz bölgəsində fənn olimpiadalarında uğur qazanan şagirdlərin sayı artıb

21 yanvar, 15:32

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarında dəyişiklik edilib - Qərar

21 yanvar, 15:09

Mərhəmətə sığınanlar - REPORTAJ

21 yanvar, 14:37

Naxçıvanın “ASAN xidmət” mərkəzində ilk dəfə təhsil xidmətlərin göstərilməsinə başlanılıb

21 yanvar, 13:00

Şagirdlərin tərbiyəsində düzgün təlim strategiyalarının seçilməsi

21 yanvar, 12:22

AzMİU Kunayev Universiteti ilə birgə layihələr həyata keçirəcək

21 yanvar, 12:10

“Çıxın otaqdan, dərsimə mane olursunuz” – “Müəllimliyin insanlıq fəlsəfəsi”

21 yanvar, 12:07

UFAZ-da yaz semestrinin dərslərinə start verilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.