Bütün xəbərlər
16 iyul, 17:21

Naxçıvan Dövlət Universiteti beynəlxalq akademik əməkdaşlığı inkişaf etdirərək hər il dünyanın müxtəlif ölkələrindən professor və müəllim heyətini universitetə dəvət edir.

Universitet əcnəbi professor və müəllimləri cəlb etməklə həm də tədqiqat sahələrində yeni mülahizə və yanaşmaların ortaya çıxmasına, elmi diskussiyaların aparılmasına və beynəlxalq aləmdə daha çox tanınmasına yönəlmiş strateji addımlar atır.

Bu təşəbbüs NDU-nun tədris və tədqiqat fəaliyyətlərinin daha da inkişaf etdirilməsi, müasir təhsil və elmi standartlara cavab verən keyfiyyətli təhsil mühitinin yaradılması məqsədini daşıyır. 

“Azərbaycan müəllimi” Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində mühazirə deyən İstanbul Universiteti-Cərrahpaşanın Mühəndislik fakültəsinin Elektrik-elektronika mühəndisliyi kafedrasının akademiki Aysel Ersoyla müsahibəni təqdim edir.

Məlumat üçün bildirək ki, o, həm də Karyera Planlama Araşdırma Mərkəzinin müdiridir. Elektrik-elektron mühəndisliyi, enerji, enerjinin ötürülməsi və paylanması, yüksək gərginlik texnikaları, MEMS, dielektrik materiallar kimi tədqiqat sahələri üzrə çalışır.

2003-2007-ci illərdə İstanbul Universiteti-Cərrahpaşada elektrik və elektronika mühəndisliyi, 2008-2009-cu illərdə isə ABŞ-nin Kettering Universitetində elektrik və kompüter mühəndisliyi üzrə doktorantura təhsili alıb.

– Naxçıvana xoş gəlmisiniz! Necə oldu ki, sizi NDU-ya dəvət etdilər?

– 2024-2025 ci tədris ilinin əvvəlində “NDU-da bir təhsil proqramı var, qoşulmaq istəyirsiniz?” təklifi deyəndə “sevə-sevə gələrəm” dedim. Bu, Naxçıvana ilk gəlişimdir. Bura bizim üçün çox qiymətli yerdir, çünki, bildiyiniz kimi, Naxçıvan türk dünyasının qapısıdır. Bu səbəbdən dəyərli akademik dostlarım kimi mən də buraya çox sevinclə gəldim.

– Təhsil sahəniz və dərs mövzularınız hansılardır?

– Mən yenilənən enerji sistemləri, kibertəhlükəsizlik, süni intellektlə enerji verilərinin modellənməsi və gələcək təxminlərinin edilməsi sahələrində tədqiqat aparıram. Ümumilikdə 150-dən çox beynəlxalq elmi məqaləm var, o cümlədən 30-dan çoxu tanınmış Q1 jurnallarındadır. Burada elektronikanın əsasları və mikroişləmçilər üzrə dərslər keçirəm. Tələbələrim çox dəyərli və aktivdir.

– Türkiyədə dərs demisiniz. Oradakı universitetlərlə buradakı sistem arasında fərq varmı?

– Gənclər eyni motivasiya ilə dərsə gəlirlər. Hamımız universitetdə tədrisə başlayanda “müəllim və ya mühəndis olacağam” həyəcanı ilə yola düşürük. Təhsil sistemi eynidir, lakin buradakı tələbələr çox şanslıdırlar, onlar üçün burada əlavə şanslar var. Bundan başqa, burada qruplar 10-15 nəfərlikdir, mənim işlədiyim universitetdə (İstanbul Universiteti-Cərrahpaşa) isə qruplar 100 nəfərlik olur. Qruplarda tələbələrin sayının azlığı interaktiv, müzakirəyə yönəlmiş dərs keçməyə imkan verir. Türkiyədə isə dərslərdə mövzular daha sürətli keçilir. Burada dərslərdə müzakirə üçün vaxt çox ayrılır. Bu mənim üçün də çox gözəl fürsətdir, çünki uzun müddət tələbə ilə sual cavab şəklində dərs keçməmişəm.

– Naxçıvanda praktik tətbiqlər necədir?

– Türkiyədən fərqli olaraq, burada praktik tətbiqlər bir qədər azdır, lakin Naxçıvan Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir müəllim bunun üçün çox çalışır, laboratoriyalar açır, çatışmazlıqları dərhal həll edir. Tələbələrlə rəhbərlik arasında münasibət çox yaxşıdır. Türkiyədə rektorla görüşmək bir həftədən artıq vaxt aparır, bəzən isə bu, heç mümkün olmur, lakin NDU-nun rəhbərliyi daha əlçatandır.

– Nə vaxtdan Naxçıvandasınız?

– Tələbə proqramları sentyabrdan dekabra, həmçinin fevraldan mayın sonuna qədər davam edir. Mən oktyabrdan buraya gəlmişəm.

– Ailənizlə birlikdəsiniz?

– Xeyr, bu yay ailəmi buraya gətirməyi planlaşdırıram, çünki Naxçıvan haqqında mənim fikirlərimi eşitdikdən sonra onlar da maraqlanmağa başlayıblar. Bu barədə fikirləşirik.

– Naxçıvanı bəyəndiniz? Gəzməli-görməli yerləri necədir?

– Çox gəzirəm: universitetdən çıxır, dükanları gəzir, görməli yerlərlə tanış oluram. Tarixi və mədəni yerləri ziyarət etmək isə tam başqa təcrübədir. Məni Ordubada apardılar — ora yaşıl və çox gözəl bir yerdir.

– Ordubad limonunu çox bəyəndiyinizi, tez-tez ondan danışdığınızı deyirlər...

– Mənə yanlış olaraq demişdilər ki, Ordubad limonunu qabığı ilə yeməliyəm. Hər dəfə Türkiyəyə gedəndə iki ədəd Ordubad limonu aparır və onu qabıqları ilə yeyirik. Bizim evdə hətta portağalı da qabığla yeyirik! 

– Sizi Duzdağa, Möminə Xatun məqbərəsinə aparacaqlar deyirdilər...

– Deyirlər, amma hələ aparmayıblar (gülür). Mən özüm bazara gedib gəzirəm, Naxçıvan çox gözəldir.

– Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir. Sizcə, aramızdakı mədəni fərq çətinlik yaratmır?

– Xeyr, özümü evimdəki kimi hiss edirəm. Dilimiz eynidir və dil eyni olanda anlaşılmayacaq heç kəs yoxdur. Türk insanı ümumiyyətlə belədir. Naxçıvanda kimdən kömək istəsəm, heç kim üzünü geri çevirməyib. Hətta gündəlik həyatda, bazarda da heç bir fərq görmürəm.

– Elmi əməkdaşlıq barədə nə deyə bilərsiniz?

– Müəllimlərlə elmi nəşrlər məsələsi ilə bağlı qarşılıqlı əməkdaşlıq edirik. Konfranslara məqalə göndərir, birlikdə yayımlayırıq.

– Tələbələrlə münasibətiniz necədir?

– Çalışqan tələbələr mənim dediklərimi anlayır və yerinə yetirirlər. Amma oxumaq istəməyənlər bəhanə gətirirlər: məsələn, “mən azərbaycanca yazacağam”,- deyənlər olur. Mən isə “Əsas odur yazasan, dil fərqi yoxdur”, – deyirəm. Mənə verdikləri cavablarda onların gücünü görürəm. Azərbaycanda da, Türkiyədə də gələcəyimizi bu gənclər müəyyən edəcək. 

– Tədris metodunuza yeniliklər gətirmisiniz?

– 18 yaşdan yuxarı şəxslərlə böyüklər üçün təhsil prinsiplərinə uyğun işləmək lazımdır. Belə təhsildə əsas məsələ səmimiyyətdir, lakin səmimiyyətdən sui-istifadə də olmamalıdır. Mən tələbələrimlə səmimi münasibət qurmağa çalışıram: dərsimi vaxtında keçir, tapşırıqları vaxtında istəyir, ədalətli qiymətləndirirəm. Tapşırıq verəndən sonra tələbələr həll edənə qədər gözləyirəm. 

– Beynəlxalq tədbirlərdə iştirak edirsiniz?

– Müəllim yoldaşlarımla mühəndisliklə bağlı olan bütün tədbirlərdə iştirak edirəm.

– Gələcək planlarınız nədir?

– Naxçıvanla mənim aramda elə bağlılıq yaranıb ki, yaxın gələcəkdə Azərbaycanda, xüsusilə Naxçıvan Dövlət Universitetində dərs demək istərdim. Oğlum üçün bir universitet seçimi məsələsi də var, bəlkə gələcəkdə o da burada oxuyar. Artıq İstanbul Universiteti-Cərrahpaşa ilə NDU arasında əməkdaşlıq var və bu əlaqənin artmasını istəyirəm. Bəzi universitetlər ilə ikili diplom proqramları mövcuddur. Planımız budur ki, gələcəkdə tələbələr həm Naxçıvanda, həm də İstanbulda tədris və tədqiqat imkanlarına sahib olsunlar.

1 /1

Şərhlər

Xəbər lenti

16 iyul, 20:46

İsmayıllı məktəbinin bir sinfinin 4 şagirdi qızıl nişan alıb

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:43

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

16 iyul, 15:17

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16 iyul, 14:11

3 yaşında piano istədi, 11 yaşında səhnəni fəth etdi – Aylinin uğur hekayəsi

16 iyul, 13:34

Zədələndi, xallarını azaltdı, amma Avropa çempionu oldu

16 iyul, 13:23

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında esse ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.