Bütün xəbərlər
25 fevral, 19:20

Müəllimin töhfə vermədiyi bir sahə yoxdur. Yetişdirdiyi bağın bəhərləri yüzlərlədir. Bu gün öz sözünü demiş həkim, mühəndis, müəllim, incəsənət xadimləri kimi... Fədakar müəllimlər öz ömrünü şam kimi əridib bu bağın, bağçanın al-əlvan olması üçün. Yetirmələrinin uğurlarından ruhlanan müəllimlərimiz özlərini daha gümrah hiss edirlər. Onları bir məqsəd birləşdirir: Şəxsiyyət yetişdirmək, parlaq gələcəyə nail olmaq…     

“Azərbaycan müəllimi” bu dəfə məhsuldar pedaqoji fəaliyyəti ilə seçilən, İsmayıllı təhsilinin qocaman müəllimlərindən olan Abbas Vahabovla görüşüb, onun fikirlərini öyrənib.

Abbas Tahir oğlu Vahabov 1949-cu ildə İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. 1964-cü ildə Təzəkənd kənd səkkizillik, 1966-cı ildə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbini bitirib. 1966-1970-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji Universitetinin Coğrafiya fakültəsində təhsil alıb. 1970-ci ildə İsmayıllı rayon Təzəkənd kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə  başlayan Abbas Vahabov 1972-1973-cü illərdə ordu sıralarında xidmət edib. Ordudan qayıtdıqdan sonra İsmayıllı rayonunun Qalacıq və Topçu kənd tam orta məktəblərində müəllim işləyib. 1975-ci ildən 2011–ci ilə kimi İsmayıllı rayon Təzəkənd kənd tam orta məktəbində müəllim, təşkilatçı, tədris işləri üzrə direktor müavini  vəzifələrində çalışıb. 1984-cü ildə Təhsil Nazirliyi tərəfindən “Metodist müəllim” adına layiq görülüb. 2011-2021-ci illərdə İsmayıllı rayon Brovdal kənd ümumi orta məktəbində və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində müəllimlik fəaliyyətini davam etdirib.

Abbas Vahabovun yetirmələri hazırda ölkəmizin nüfuzlu ali məktəblərində, həmçinin ölkəmizdən kənarda, İngiltərə, İtaliya, Rusiya, Cənubi Koreya, Avstraliya, Bosniya və Hersoqovinada təhsillərini davam etdirirlər. Dərs dediyi şagirdlərdən 6 nəfəri alimlik dərəcəsi alıb. Onlardan 2-si Beynəlxalq Mühəndislik Akademiyasının üzvləridir. Müəllimlik fəaliyyətinə başladığı vaxtdan 200-dən artıq şagirdi iqtisadçı və müxtəlif peşələrə yiyələnmişdir. Üç övladı var. Hər üçü müəllimlik peşəsində çalışırlar.

- Abbas müəllim, əsl müəllim necə olmalı, hansı davranışları ilə nümunə olmalıdır? 

- Müəllimlər cəmiyyətdə layiqli yeri olan insanlardır. Onlar öz peşələrinin çətinliyini, məsuliyyətini başa düşüb qazandıqları uğurlardan zövq alırlar. Əsl müəllim şagirdlərinə dövlətin, cəmiyyətin tələblərinə uyğun biliklər verir. Müəllim yalnız özünü inkişaf etdirdikdən sonra ona etibar edilmiş uşaqların düzgün formalaşmasına nail ola bilər. Müəllim öz davranışı, danışıq tərzi, geyimi ilə fərqlənməlidir. O,  hər bir şagirdi özünə inandırmağı bacarmalıdır. Şagirdlərinin fərdi-psixoloji vəziyyətlərini, maraq və tələblərini öyrənməlidir. Müəllim uşaqlarla dostluq etməyi bacarmalı, onların sevincini, kədərini hiss etməli, qəlblərini oxumağı bacarmalıdır. Şagirdlər müəllimin simasında bilikli, peşəsinə vurğun ağıllı bir insan görməlidirlər. Hər bir şagirdə fərdi yanaşılmalı, ona düzgün yol göstərilməlidir. “Mən dünyada müəllimdən yüksək ad tanımıram” deyərkən Ümummilli Lider Heydər Əliyev məhz əsl müəllimləri nəzərdə tutmuşdur. Yaxşı müəllim millətin gələcəyinin onlara etibar edildiyini unutmamalıdır. Müəllim səmimi və nəzakətli, gülərüz, qayğıkeş, şagirdləri ilə hörmətlə rəftar etməlidir. Sinifdə heç bir şagirdi pərt etməməli və alçaltmamalıdır. 

- Pedaqoji fəaliyyətiniz dövründə əldə etdiyiniz uğurlardan danışmağınızı istərdik.

- İlk pedaqoji fəaliyyətimə 1970-ci il sentyabrın 1-də Təzəkənd məktəbinin 6-cı sinfində dediyim coğrafiya dərsi ilə müəllimliyə başlamışam. Ömrümün 50 ilə yaxın bir dövrünü gənc nəslin təlim və tərbiyəsinə həsr etmişəm. 1987-ci ildə Respublika Pedaqoji mühazirələrində “Coğrafiyanın tədrisində təlim bacarıqlarından istifadə” mövzusunda məruzəm birinci dərəcəli diploma layiq görülüb. Respublika Yaradıcı Müəllimlər İttifaqının idarə heyətinin üzvü olduğum vaxtlarda İsmayıllı Təhsil Şöbəsində müəllimlərimizin uğur hekayələrinə aid güşə hazırlamışdım və bu təşəbbüsüm qabaqcıl təcrübə olaraq rayon məktəbləri arasında yayılmışdı. İsmayıllıda respublikanın gənc geoloqlarının yarışında Təzəkənd məktəbinin komandasına rəhbərlik edirdim və uğurlu çıxışımıza görə fəxri fərman və qiymətli hədiyələrlə təltif edildik. “Cavanşir Yurdu” komandası Azərbaycan televiziyasının təşkil etdiyi “Məktəblilərin Tusi Kulubu” bilik yarışmasında superkuboku qazanıb. 2007-ci ildə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişəm. 2008-2009-cu illərdə Respublika Yaradıcı Müəllimlər İttifaqının idarə heyətinin üzvü olaraq bölgələrdən olan müəllimləri təmsil etmişəm. 

- Bir qədər də coğrafi biliklərin önəmi və tədris metodikanızdan bəhs etməyinizi istərdik.

- Coğrafiyanın məktəblərdə tədris olunmasının başlıca məqsədi dünyanın, həmçinin Azərbaycanın təbii şəraiti, təbii ehtiyatları, demoqrafik vəziyyəti, iqtisadi və sosial-coğrafi xüsusiyyətləri, qloballaşma problemləri barədə təsəvvür yaratmaqdır. Həmçinin coğrafiyanın öyrənilməsi mədəni cəhətdən məlumatlı bir cəmiyyətin, savadlı bir təbəqənin yaranmasına gətirib çıxarır. Dünyada baş verən hadisələri daha yaxşı başa düşməyə kömək  edir. Coğrafiya ən maraqlı fənlərdəndir. 6-8-ci siniflərin şagirdləri coğrafiyanın öyrənilməsinə daha çox meyil edirlər. Bu fənnə marağın artırılmasında coğrafiya kabinetinin də rolu böyükdür. Məktəbdə hazırladığım coğrafiya kabinetinin vəsaitlərinin əksəriyyəti şagirdlər tərəfindən hazırlanıb. Kabinetdə dünya ölkələrinin bayraqları, onlara aid albomlar, ölkələrin himnləri saxlanılır. Coğrafiya gecələrinin, siniflərarası  yarışların, təbiətə ekskursiyaların da şagirdlərin fənnə marağını artırdığını bilirdim deyə bu üsullardan istifadə edirdim. Pedaqoji fəaliyyətim həm ənənəvi təhsil sisteminin, həmçinin də interaktiv təlim metodlarının tətbiq olunduğu dövrləri əhatə edir. Hər ikisində öyrətməyi çox sevmişəm. Uzun illər ənənəvi təlim metodları ilə tədrisi həyata keçirsəm də fəal təlim metodları ilə də olduqca uğurlu dərs prosesinin baş tutduğunu deyə bilərəm. Mən elə düşünürəm ki, hansı təlim metodları ilə olursa-olsun, öyrətmək istəyən müəllim şagirdinə elmi təfəkkürü və dünyagörüşünü bəxş edəcəkdir. 

- Müasir dövrdə coğrafiyanın rolu dəyişibmi? Sizcə, texnologiyanın inkişafı bu sahəyə necə təsir edir?

- Müasir dövrdə coğrafiyanın ənənəvi sahələri hesab etdiyimiz ölkəşünaslıq, geomorfologiya, iqlimşünaslıq, hidrologiya, torpaq-bitki coğrafiyası, kartoqrafiya, təsərrüfat sahələrinin coğrafiyası hazırda texnologiyaların inkişafı nəticəsində yeni sahələrlə əvəz olunur. Bura riyazi coğrafiya, coğrafi informasiya sistemləri, ekoloji coğrafiya, şəhər planlaşdırılması, tibbi coğrafiya, siyasi coğrafiya, rekreasiya coğrafiyası və başqaları daxildir. Vaxtilə L.Tolstoy “Coğrafiya ancaq faytonçulara lazımdır ki, müştərilərini lazım olan yerə aparsın” dediyi bu elm sahəsi olmadan həyatımızı təsəvvür etmək mümkün deyil. 

- Bu gün müəllim olan gənclərə hansı tövsiyələri verərdiz?

- Gənc müəllimlərə demək istərdim ki, müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli peşədir. Əcdadlarımız həmişə müəllimlərə hörmətlə yanaşıblar. Müəllim şagirdlərinin hər cür şıltaqlıqlarına, əziyyətlərinə dözür, kədərləri ilə kədərlənir, sevincləri ilə sevinir. Müəllim həmişə öz üzərində çalışmalı, ixtisasını mükəmməl bilməlidir. Cəmiyyətin formalaşması, insanların geniş dünyagörüşünün inkişafı müəllim əməyinin nəticəsidir.

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.