Bütün xəbərlər
28 aprel, 13:30

Son illər Azərbaycanın beynəlxalq elm və təhsil sahəsindəki tərəfdaşlıqları daha da genişlənməkdədir. Bu yaxınlarda imzalanan mühüm sənədlərdən biri də Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm və texnologiya sahələrində əməkdaşlıq haqqında Protokoldur. Bu əməkdaşlıq çərçivəsində birgə elmi-tədqiqatlar, texnologiya transferi və innovasiyaların kommersiyalaşdırılması istiqamətində geniş imkanlar yaranacaq. 

Bu kontekstdə, dünyanın ən dinamik və texnologiya yönümlü təhsil sistemlərindən biri hesab edilən Çin modelinin öyrənilməsi və uyğun elementlərinin Azərbaycanda tətbiqi aktuallaşır. Maraqlıdır, görəsən, Çin təhsil sisteminin idarəetmə strategiyaları nədən ibarətdir və bu təcrübənin hansı cəhətləri bizim reallıqlara uyğunlaşdırıla bilər?

“Azərbaycan müəllimi” bu suallara cavab tapmaq məqsədilə hazırda Pekin Pedaqoji Universitetinin Təhsil fakültəsində “Təhsil texnologiyaları” ixtisası üzrə doktorantura təhsili alan, eyni zamanda Çin Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Bilik Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzində çalışan gənc tədqiqatçı Murad Əliyevlə həmsöhbət olub. Onun elmi fəaliyyəti süni intellektin təhsildə tətbiqi, rəqəmsal öyrənmə sistemləri və müəllimlərin düşünməyə əsaslanan təlim bacarıqlarının inkişafı ilə bağlıdır.

Əsas hədəf: müəllim hazırlığının dəstəklənməsi və tədris keyfiyyətinin artırılması

Əvvəlcə, qısa olaraq, Çin təhsil sisteminin strukturuna nəzər salaq. Bu sistem mərkəzləşdirilmiş və vahid strateji idarəetmə modelinə əsaslanır. Təhsil Nazirliyi bütün səviyyələrdə siyasət və normativləri müəyyənləşdirir. Bununla yanaşı, yerli idarəetmə qurumlarına da müəyyən səlahiyyətlər verilir ki, onlar mərkəzi qərarları öz bölgələrinin ehtiyaclarına uyğunlaşdıraraq həyata keçirsinlər. Bu ikili struktur – mərkəzi rəhbərlik və yerli uyğunlaşdırma – sistemin həm koordinasiyalı, həm də çevik fəaliyyətini təmin edir. Bu struktur yanaşmanın davamı olaraq, Çin hökuməti regionlararası balanslaşdırılmış inkişafı təşviq etmək məqsədilə məqsədyönlü investisiya proqramları həyata keçirir. Bu proqramlar çərçivəsində regionlardakı məktəblər üçün maliyyə vəsaitlərinin ədalətli bölüşdürülməsi, müəllim hazırlığının dəstəklənməsi və tədris keyfiyyətinin artırılması əsas hədəflər kimi müəyyənləşdirilib.

Gənc tədqiqatçı qeyd edir ki, Çində təhslilin inkişafı ilə bağlı qəbul olunmuş əsas strateji sənədlərdən biri “Təhsilin modernləşməsi – 2035” planıdır. Sənəddə təhsildə bərabərlik və keyfiyyətin artırılması, müəllimlərin peşəkar inkişafı, rəqəmsallaşma və texnologiya əsaslı tədris metodlarının tətbiqi əsas prioritet sahələr kimi qeyd olunub. Bu strateji çərçivənin icrasını təmin etmək məqsədilə 14-cü beşillik plan (2021–2025) əsasında konkret tədbirlər müəyyənləşdirilib:

“Çin təhsilində texnologiyaya əsaslanan idarəetmə və tədris modelləri sistemin effektivliyini artıran əsas amillərdən biri kimi çıxış edir. Süni intellekt, böyük verilənlər (big data) və bulud texnologiyalarından istifadə etməklə təhsilin monitorinqi, idarə olunması və fərdiləşdirilmiş tədris imkanları yaradılır. Xüsusilə pandemiya dövründə bu texnoloji imkanlar vasitəsilə geniş tətbiq olunub. Çin hökuməti tərəfindən 2020-ci ildə yaradılmış “Smart Education of China” platforması ümumtəhsil, peşə və ali təhsil sahələri üçün 90 mindən artıq təhsil resursu təqdim edir.13 milyondan çox istifadəçisi olan platforma məsafədən təhsilin fasiləsizliyini təmin edir. Bununla yanaşı, platforma üzərindən 10 milyondan çox müəllimə təlim keçilib. Bu kənd məktəblərində təhsil keyfiyyətinə və əlçatanlığa böyük töhfə oldu”.

Murad Əliyevin sözlərinə görə, Çin təhsil siyasətində müəllim hazırlığı və onların peşəkar inkişafı mühüm strateji istiqamət kimi müəyyən edilib. Bu sahədə tətbiq olunan milli sertifikasiya sistemləri müəllimlərin keyfiyyətli tədrisə hazırlığını artırır. 2018–2022-ci illəri əhatə edən “Müəllim Təhsilinin Canlandırılması üzrə Fəaliyyət Planı” çərçivəsində 10 milyondan çox müəllim etik dəyərlər, pedaqoji biliklər və rəqəmsal bacarıqlar sahəsində təkmilləşdirilib. Əlavə olaraq, Çin hökuməti az resurslu bölgələrdə çalışan müəllimlərin dəstəklənməsinə xüsusi önəm verir. Bu məqsədlə Pekin Pedaqoji Universiteti (Beijing Normal University) kimi qabaqcıl ali təhsil müəssisələri regionlardakı məktəblərlə tərəfdaşlıq quraraq ixtisasartırma proqramları həyata keçirirlər. “Tərəfdaş universitet – hədəf region” modeli çərçivəsində icra olunan bu proqramlar həm mərkəzi, həm də əyalət səviyyəsində maliyyələşdirilir və ölkə üzrə təhsil bərabərliyini təşviq edir.

O həmçinin əlavə edib ki, təhsildə keyfiyyətli idarəetmənin təmin olunmasında yalnız müəllimlər deyil, məktəb direktorları və digər rəhbər kadrların da inkişafı həlledici rol oynayır. Çin hökuməti bu istiqamətdə "Aparıcı Direktorlar Studiyası" (Master Principal Studio) modelini tətbiq edir. Bu model çərçivəsində təcrübəli direktorlar, yeni rəhbərlər və orta səviyyəli menecerlər birgə öyrənmə və təcrübə mübadiləsi imkanlarından yararlanırlar. Bu yanaşma məktəblərarası əməkdaşlığı gücləndirməklə yanaşı, liderlik bacarıqlarının inkişafına da mühüm töhfə verir.

Süni intellekt sistemlərinin məktəblərə inteqrasiyası

Həmsöhbətimiz təklif edir ki, Azərbaycanda da bu təcrübələrdən faydalı şəkildə istifadə etmək mümkündür: 

“Məsələn, ucqar bölgələrdə məktəblərin vəziyyətini yaxşılaşdırmaq üçün regional inkişaf proqramları həyata keçirilə bilər. Rəqəmsal texnologiyalar, xüsusilə süni intellekt sistemlərinin məktəblərə inteqrasiyası prioritet sahələrdən biri olmalıdır. Bundan əlavə, Bakı və region universitetləri arasında strukturlaşdırılmış əməkdaşlıq modelləri qurula bilər. Məsələn, ADPU, ADA, BDU və UNEC kimi ali məktəblər bölgələrdə çalışan müəllimlər üçün fənn əsaslı ixtisasartırma modulları təqdim edə bilər. Bu təlimlərdə süni intellekt, düşünmə yönümlü dərs dizaynı, qiymətləndirmə və kurikulum yenilikləri kimi mövzular əhatə oluna bilər. Belə proqramlar pedaqoji və texnoloji səriştələrin inkişafını sürətləndirə bilər”.

Region müəllimlərinin təlimi üçün fondler yaradılmalıdır 

O əlavə edib ki, məktəb idarəçiliyində nəticəyə əsaslanan qərarvermə sistemlərinin tətbiqi də uğurlu ola bilər. Bu baxımdan məktəb direktorlarının liderlik qabiliyyətlərinin sistemli şəkildə inkişaf etdirilməsi olduqca vacibdir. Bunun üçün xüsusi maliyyə mexanizmləri, məsələn, region müəllimlərinin təlimi üçün fondların yaradılması nəzərdə tutulmalıdır. Eyni zamanda, ali təhsil müəssisələrinə mentorluq funksiyası verilərək onların bir neçə rayonda sistemli təlimlər həyata keçirməsi təmin olunmalıdır. 
Onun sözlərinə görə, Çin təhsilində ali təhsilin inkişafı və dövlət dəstəyi ön plandadır. Çində ali təhsilin inkişafı istiqamətində həyata keçirilmiş üç əsas dövlət təşəbbüsü — “211 Layihəsi” (1995), “985 Layihəsi” (1998) və “Double First Class (Ali təhsildə ikiqat liderlik)” proqramı (2015) ali məktəblərin qlobal rəqabətə hazırlanması və elmi-tədqiqat potensialının artırılması məqsədi daşıyır. Bu layihələr seçilmiş universitetlərə maliyyə, infrastruktur və beynəlxalq əməkdaşlıq imkanları baxımından xüsusi dəstək göstərməklə Çin ali təhsil sistemini beynəlxalq səviyyədə möhkəmləndirib. 

“Çində ali təhsilin inkişafı məqsədilə həyata keçirilən təşəbbüslər göstərir ki, seçilmiş universitetlərə və ixtisas sahələrinə yönələn sistematik dövlət dəstəyi onların qlobal rəqabət qabiliyyətini artırmaqda mühüm rol oynayır. Bu təcrübə əsasında Azərbaycanda da prioritet ali məktəblər və strateji sahələr üçün xüsusi inkişaf proqramı, məsələn, “Milli İkiqat Liderlik Proqramı” formalaşdırıla bilər. Belə bir yanaşma ali təhsil sisteminin beynəlxalq səviyyədə möhkəmlənməsinə, elmi potensialın güclənməsinə və regional innovasiya liderliyinin təşviqinə şərait yarada bilər”, - deyə gənc tədqiqatçı təklif irəli sürüb. 

Bəs elm və texnologiya sahəsində Çin ilə əməkdaşlıq Azərbaycan üçün hansı imkanları yarada və bu istiqamətdə gənc tədqiqatçıların rolu nə ola bilər?  

Azərbaycanın gənc tədqiqatçıları üçün geniş perspektivlər

Müsahibimiz qeyd edir ki, Çinlə elm və texnologiya sahəsində əməkdaşlıq Azərbaycan üçün həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə mühüm imkanlar yaradır. Qeyd etmək olar ki, süni intellekt, robotexnika, böyük verilənlər, kosmik tədqiqatlar və yaşıl texnologiyalar sahəsindəki inkişaf Çini qlobal texnoloji gücə çevirib. Azərbaycan isə bu sahələrdə inkişaf etməkdə olan ölkə olaraq Çinlə tərəfdaşlıqdan həm bilik mübadiləsi, həm də ortaq layihələr və texnologiya transferi baxımından böyük fayda götürə bilər: 


“Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın gənc tədqiqatçıları üçün geniş perspektivlər açılır. Gənc tədqiqatçılarımızın rolundan danışmaq üçün, daha dəqiq olsun deyə, əvvəlcə mən bu tədqiqatçıları iki qrupa ayırmaq istərdim: Azərbaycanda fəaliyyət göstərən tədqiqatçılarımız və Çində müxtəlif universitet və tədqiqat mərkəzlərində çalışan tədqiqatçılarımız”.

“Süni intellekt, maşın öyrənməsi və yaşıl enerji sahələrində Çin təcrübəsi əsasında yeni araşdırmalar aparıla bilər"

M.Əliyev əlavə edib ki, Azərbaycanda fəaliyyət göstərən gənc tədqiqatçılar Çin ilə elmi-texniki əməkdaşlıq çərçivəsində bir çox sahədə aktiv iştirak edə bilərlər. Bu tədqiqatçılar üçün əsas imkanlardan biri Çin universitetləri və tədqiqat institutları ilə birgə layihələrə qoşulmaq və yeni texnologiyaların Azərbaycanda tətbiqinə töhfə verməkdir. Məsələn, süni intellekt, maşın öyrənməsi və yaşıl enerji sahələrində Çin təcrübəsi əsasında yeni araşdırmalar aparıla bilər. Onlar həmçinin yerli elmi mərkəzlərdə Çində öyrəndikləri metod və yanaşmaları tətbiq edərək akademik mühitin inkişafına dəstək ola bilərlər. Bu əməkdaşlıq eyni zamanda ölkə daxilində elmi innovasiyaların yayılmasını sürətləndirə və texnologiya transferi üçün əsas platforma yarada bilər:

“Çində müxtəlif universitet və tədqiqat mərkəzlərində çalışan gənc azərbaycanlı tədqiqatçılar isə iki ölkə arasında elmi körpü rolunu oynaya bilərlər. Bu tədqiqatçılar Çin elmi sisteminə inteqrasiya olduqları üçün qabaqcıl laboratoriyalarda işləyir, beynəlxalq layihələrdə iştirak edir və qlobal elmi icma ilə sıx təmasda olurlar. Onlar Azərbaycan universitetləri ilə Çin tərəfdaşları arasında əlaqələrin qurulmasına təşəbbüs göstərə, birgə elmi konfranslar təşkil edə və ortaq tədqiqat istiqamətləri formalaşdıra bilərlər. Eyni zamanda, Çində mövcud olan təqaüd proqramları, texnologiya parkları və innovasiya mərkəzləri ilə əməkdaşlıq quraraq bu imkanları Azərbaycandakı gənc alimlər üçün əlçatan edə bilərlər”.
Həmsöhbətimiz onu da qeyd edib ki, bu iki qrupun birgə fəaliyyəti nəticəsində Çin ilə elm və texnologiya sahəsində əməkdaşlıq daha səmərəli şəkildə inkişaf edə bilər. Gənc tədqiqatçıların həm bilik, həm də təşəbbüskarlıq baxımından fəal mövqe tutması, ölkəmizin elmi potensialının gücləndirilməsində və beynəlxalq arenada daha rəqabətli mövqe tutmasında mühüm rol oynayacaqdır.

“Azərbaycan və Çin universitetləri arasında birgə təhsil proqramları və təlimlərin təşkil olunması”

O, təhsil və elm sahəsində Azərbaycan və Çin arasında əməkdaşlığın dərinləşdirilməsi üçün bir neçə təklif irəli sürərək bildirib ki, təcrübə mübadiləsi bu sahədə böyük əhəmiyyət kəsb edir. Çin təhsil və texnologiya sahələrində qabaqcıl mövqeyə malikdir. Azərbaycan və Çin universitetləri arasında birgə təhsil proqramları və təlimlərin təşkil olunması, hər iki ölkə üçün faydalı ola bilər:

“Bu, elmi tədqiqatların, tədris metodlarının və müasir təhsil yanaşmalarının müzakirəsi üçün yaxşı imkan yaradardı. Bundan əlavə, Azərbaycan və Çin arasında birgə tədqiqat və layihələrin həyata keçirilməsi, hər iki ölkənin təhsil sistemindəki problemləri birgə həll etməyə kömək edə bilər. Tədqiqatçıların əməkdaşlığı, yeni texnoloji və təhsil həllərinin ortaya çıxmasına imkan verər və bu, hər iki ölkənin inkişafına müsbət təsir göstərər. Bu əməkdaşlıq sayəsində hər iki tərəf bir-birinin təhsil strategiyalarından faydalana bilər”.
Həmyerlimiz yaxın perspektivdə, Çində qazandığı elmi və praktiki təcrübəyə əsaslanaraq, Azərbaycanda təhsil sahəsində dayanıqlı və innovativ inkişafı hədəfləyən layihələri həyata keçirməyi əsas məqsəd olaraq müəyyən edib.  

“Bu layihələr vasitəsilə təhsilin idarə olunması, müəllim hazırlığı və süni intellekt texnologiyalarının tədrisə inteqrasiyası sahələrində müasir yanaşmaların tətbiqini təşviq etmək niyyətindəyəm. Bu məqsədlə, xüsusilə Elm və Təhsil Nazirliyi, eləcə də ölkəmizin aparıcı universitetləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində təhsilin keyfiyyətinin artırılmasına yönəlmiş strateji təşəbbüslər irəli sürməyi və onların icrasına töhfə verməyi planlaşdırıram. Bu əməkdaşlıqlar, eyni zamanda, rəqəmsal transformasiya, pedaqoji yeniliklər və süni intellektin təhsil sahəsində tətbiqi kimi prioritet istiqamətləri əhatə edəcək”, - deyə o planlarından bəhs edib.

Şərhlər

Xəbər lenti

28 aprel, 17:00

Sevgi ilə böyüyən uşaqlar: İnternat tipli gimnaziyada bir gün 

28 aprel, 16:27

“Müasir metodist” layihəsi çərçivəsində vebinar təşkil olunub

28 aprel, 15:58

Şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri açıqlandı

28 aprel, 15:55

"Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi" mövzusunda təlim keçirilir

28 aprel, 15:48

Malayziya və Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə edilib

28 aprel, 15:13

Məktəblilər BDU-da olublar

28 aprel, 15:13

Müəllimlikdən başlayan ömür yolu

28 aprel, 15:02

TKTA rəhbərliyi region universitetlərində bir sıra görüşlər keçirib

28 aprel, 14:35

Azərbaycan Psixoloqlarının I Forumunun açılışı olub

28 aprel, 14:34

AzMİU əməkdaşları Özbəkistanda keçirilən beynəlxalq sərgidə iştirak ediblər

28 aprel, 13:24

Mayın 28-dək meteor yağışı müşahidə olunacaq

28 aprel, 13:08

“Məktəbli könüllülərin yaz düşərgəsi”nin açılış mərasimi keçirilib

28 aprel, 13:03

RFO-nun fizika və kimya fənləri üzrə final turu keçirilib

28 aprel, 12:20

“Öyrənməyi öyrətmək” – Dərin öyrənmənin sirri

28 aprel, 12:14

Sabahın hava proqnozu açıqlanıb

28 aprel, 11:49

TKTA-da Akkreditasiya komissiyaları ilə görüş keçirilib

28 aprel, 11:37

Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü olacaq

28 aprel, 11:36

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ

28 aprel, 10:44

Yeni nəslin tərbiyəsi müzakirə edildi – Bu dəfə Gəncədə

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.