Bütün xəbərlər
14 may, 10:45

“Azərbaycan müəllimi”, 20 oktyabr 1960-cı il, №79

Orta məktəblərdə ədəbiyyat fənninin tədrisi xalqın həyatı, mənəviyyatı və ictimai varlığı ilə əlaqədar olmaqla çox mühüm məsələdir. Gənclərimizin düzgün tərbiyə olunması işində, onların dünyagörüşlərinin istiqamətləndirilməsində ədəbiyyatın nə qədər böyük əhəmiyyətə malik olduğu məlumdur. Sənətin, ədəbiyyatın təsir qüvvəsi çox böyükdür. Ədəbiyyat sənətin ən əyani və ən inandırıcı forması olmaq etibarı ilə tərbiyə işində çox böyük təsir gücünə malikdir. Şagird ədəbiyyat vasitəsilə mənsub olduğu xalqın ruhuna, mənəviyyatına daxil olur. Oxuduğu əsərlərdə, eşitdiyi nəğmələrdə uşaq ikən zümzüməsi ilə yuxuya getdiyi laylalarda xalqını tanıyır, onu sevir və həqiqi bir vətəndaş kimi yetişir. Şagird qrammatika fənni ilə dilinin qanun-qaydalarını öyrənirsə, ədəbiyyat vasitəsilə bu dilin nələrə qadir olduğunu, bu dilin əzəmət və böyüklüyünü görür, incəlik və gözəlliyinə heyran qalır.

Şagird tarix elmi vasitəsilə əcdadının keçdiyi şərəfli yolları, xalqın apardığı mübarizəni faktlarla öyrənirsə, ədəbiyyat vasitəsilə əcdadının şanlı tarixini bədii lövhələrdə görür, onun keçmişi ilə yaşayır, qələbələri ilə fəxr edir. Coğrafiya elmi vətəninin böyüklüyünü, qüdrətini, iqlimini, təbii sərvətlərini, iqtisadi qüdrətini rəqəmlərlə öyrədirsə, ədəbiyyat vətənin mənəvi qüdrətini, mənəvi böyüklüyünü bədii lövhələrlə göstərir. 

Beləliklə, ədəbiyyat elminin tədrisində fakt və rəqəmlərin, müəyyən ölçü və qaydaların o qədər də böyük əhəmiyyəti yoxdur. Bu elmin tədrisində bizə görə ən mühüm amil müəllimin fənnə olan böyük məhəbbəti, xalq ruhunu, xalq mənəviyyatını dərindən bilməsidir. Ədəbiyyat müəllimi hər şeydən əvvəl bəhs etdiyi məsələnin atəşi ilə yanmağı, duya-duya, hiss edə-edə, alışa-alışa danışmağı bacarmalıdır. Ədəbiyyat müəlliminin ağzından sözlər tökülməməlidir. Onun dediyi sözlərin arxasında ürəyi od tutub alışmalıdır. Bu mənada bizə elə gəlir ki, müəllim də bir aktyor olmalıdır. Müəllim bəhs etdiyi məsələlərin incəliklərini hiss etməsə, şagirdlərə aşılamaq istədiyi bir hiss, ya fikirləri özü yaşamasa, dediklərinin heç bir təsir qüvvəsi ola bilməz.

Ədəbiyyat müəllimi tədris etdiyi kitabın əsiri olaraq qalmamalıdır. Müəllim hər hansı yazıçının həyatını keçərkən o həyatın eniş-yoxuşları ilə enib qalxmalı, gecələr səhərə qədər masa arxasında yanan yazıçının həyatı ilə yanmalıdır. Yoxsa “filanıncı ildə anadan oldu, filanıncı ildə filan əsərləri yazdı və filanıncı ildə öldü” deyə cansız bir dil ilə, soyuq rəqəmləri saymaqla şagirdlərdə heç bir fikir, heç bir hiss oyatmaq olmaz.

Yazıçının həyatı mənalı həyatdır. Ədəbiyyat müəllimi şərəfli zəhmət və alın təri ilə dolu olan bu həyatı uşaqlara öyrədərkən rəqəmləri, faktları sadalamaqla kifayətlənməməli, şagirdlərə bu həyatın poeziyasını, məna və fəlsəfəsini aşılamalı və onlarda yaradıcı əməyə məhəbbət oyatmağa çalışmalıdır. Buna isə yalnız yüksək dərəcədə savad və böyük məhəbbətlə nail olmaq mümkündür. Şübhəsiz, tədris üsulları, metodik qanun-qaydalar da vacibdir. Lakin yazıçılıqdan başqa, bir ədəbiyyat müəllimi olmaq etibarı ilə mənə elə gəlir ki, ən vacib olan məsələ bilik və məhəbbətdir! Müəllimdə bilik və məhəbbət var isə, tədris üsulu özü-özünə gələcəkdir. Daha doğrusu, bu tədris üsulu da bilik və məhəbbətdən doğur. 

Bu yaxın günlərdə mən Ağdam rayonuna getmişdim və orada bir məktəbin IX sinfində ədəbiyyat dərsinə qulaq asdım. Doğrusu, sinifdən çox bədbin çıxdım. Şagirdlər Zakirin həyatını danışırdılar. Lakin necə? Şagirdlər danışdıqca adama elə gəlirdi ki, canlı insan deyil, cansız qrammafon danışır. Şagirdlər dediklərini hiss etmir, əzbərlədiklərini tutuquşu kimi söyləyirdilər. Burada çox qəribə bir əhvalatın da şahidi oldum. Müəllim kitab cümlələrini eynilə əzbər deyən şagirdi saxlayıb, ona belə bir sual verdi:

- Zakir, M.F.Axundova nə yazmışdı?

Şagird nə qədər düşündüsə cavab verə bilmədi. Müəllim uşağa davam etməsini tapşırdı. Şagird yenə də eyni qayda ilə cümlə-cümlə kitabda yazılanları təkrar etdi, nəhayət, Zakirin M.F.Axundova yazdığı məktubdan da danışdı. Çox qəribədir. Bəs nə üçün sual veriləndə uşaq cavab tapa bilmədi?!

Demək, əgər şagird öz dediklərini başa düşsəydi, əzbərləməsəydi, müəllimin sualına cavab verə bilərdi. Əzbərçilik bizim şagirdlərimizi şüursuzluğa, fikirsizliyə gətirib çıxarır, bu isə çox qorxulu haldır. Ədəbiyyat müəllimlərimizin birinci vəzifəsi əzbərçiliyə qarşı mübarizə olmalıdır.

Dərsin ikinci yarısında müəllim Qasım bəy Zakirin lirikasını keçdi. Danışığındakı sərbəstlikdən və təmkinli davranışından məlum olurdu ki, müəllim öz fənnini bilir. Lakin, bilik azdır. Müəllimin danışığında Zakir şeirinə, bu şeirin incəliklərinə xüsusi məhəbbət hiss olunmurdu. Müəllimin dilində də quru kitab cümlələri, rəsmi ibarələr bol-bol idi (“ifşa etmişdir”, “zəmanəsini satira atəşinə tutmuşdur”, “öz əksini tapmışdır”, “ifadə etmişdir” və s. kimi). Ədəbiyyat müəllimləri bir dəfə başa düşməlidirlər ki, cansız, standart, quru, rəsmi ifadə tərzləri, oynaq təbiətə malik olan, varlığı həyat eşqi ilə çırpınan uşaqların beynini yorur. Onlara canlı həyat və canlı dil lazımdır!

...Olduğum dərsdə isə müəllim cansız standart cümlələrlə şagirdlərdə Zakir kimi qüdrətli söz ustasına məhəbbət oyada bilmədi. Zakir lirikasından danışan müəllim, hər şeydən əvvəl, lirikanın nədən ibarət olduğunu, onun mahiyyətini dərindən bilməlidir. Yalnız bundan sonra hər hansı bir şairin lirikasını, bu lirikanın xüsusiyyətlərini şagirdə də izah etmək mümkündür. Zakirin lirikasını keçən müəllim dərslikdən başqa şairin öz kitabını alıb, onu bir daha mütaliə etsəydi, pismi olardı? Məgər Zakir şeirinin böyüklüyü və mahiyyəti dərslikdə yazılan bir-iki cümlə ilə izah oluna bilərmi? Zakir lirikasının mahiyyəti heç də onun şeirlərində nikbinliyinmi, ya bədbinliyinmi çox olmasında, yaxud daha artıq qəzəl formasındamı, tərcibənd formasındamı yazmasında, yaxud Füzuliyə nəzirə yazıb-yazmamasında deyil (dərsində olduğum müəllim Zakirin lirikası adına yalnız bunlardan danışdı). Bu şeirlərin mahiyyəti, hər şeydən əvvəl, tərənnüm olunan duyğuların həyatiliyində, incəliyində və şairin sənətkarlığındadır. Məgər pismi olardı ki, müəllim Zakirin əyanilik üçün “Müntəxəbat!” kitabında olmayan və özünün ən gözəl hesab etdiyi şeirlərdən birisini oxuyaydı, onu misra-misra uşaqlara izah edəydi, klassik şeirimizin gözəlliyini açıb göstərəydi. 

Bu işdə müəllimlərimizdən də əvvəl, ən birinci günahkar dərslik yazan müəlliflərdir. Demək lazımdır ki, bizim ədəbiyyat dərsliklərimiz çox cansıxıcıdır. Bizcə, ədəbiyyat dərsliklərindəki nöqsanlardan geniş şəkildə danışıb bunu birdəfəlik həll etməyin vaxtı çoxdan gəlib çatmışdır. Ədəbiyyat dərsliklərində klassik sənətkarlarımızın yaradıcılığı əsasən birtərəfli, yalnız məfkurəvi nöqteyi-nəzərdən izah olunur. Şairin sənətkarlığı, onun bədii sözdən istifadə etmək bacarığı, ümumən bədii sözün nələrə qadir olduğundan qətiyyən danışılmır. Bədii əsərlər çox hallarda sosioloji nöqteyi-nəzərdən təhlil olunur.

...Yeri gəlmişkən, burada bir məsələdən də danışmaq lazım gəlir. Bizə elə gəlir ki, orta məktəb üçün dərslik yazan müəllif ədəbiyyat tarixinin xronoloji düzgünlüyünə riayət etmək naminə bütün yazıçıları dərsliyə salmağa məcbur deyil. Çünki bu, həm də uşaqların yükünü ağırlaşdırır.

Ədəbiyyat tarixi orta məktəbin VIII sinfindən başlayır. VIII, IX, X siniflərdə bu tarix xronologiya əsasında qurulmalıdır. Lakin, natamam orta məktəbin V, VI, VII sinifləri üçün yazılan dərsliklərə uşaqların tərbiyəsinə müvafiq olan əsərləri salmaq lazımdır. Ancaq, təəssüf ki, bu siniflər üçün dərslik yazan müəlliflər də əksərən ədəbiyyat tarixinin xronologiyasına riayət etməyə çalışırlar.

...Fikrimizi yekunlaşdıraraq deməliyik ki, istər dərslik yazan müəlliflərin, istərsə də müəllimlərin birinci məqsədi balalarımızın tərbiyəsinə düzgün istiqamət vermək, onlarda xalqımıza, Vətənimizə, ədəbiyyat və mədəniyyətimizə böyük məhəbbət oyatmaqdır! Bunun üçün öz fəaliyyətimizə bir daha baxmaq və onu zamanın səviyyəsinə yüksəltmək ən vacib vəzifəmizdir.

Bəxtiyar VAHABZADƏ

Şərhlər

Xəbər lenti

14 may, 16:34

II və III ixtisas qrupları üzrə imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

14 may, 16:00

Bu il 215 əcnəbi NDU-nun məzunu olacaq

14 may, 16:00

AzMİU və Ege Universiteti arasında elmi əməkdaşlıq seminarı keçirilib

14 may, 15:59

“Milli Proqram” çərçivəsində növbəti 7500 nəfər təlimlərə başlayıb

14 may, 15:51

ADNSU-da Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda infosessiya keçirilib

14 may, 15:45

Uşaqlar niyə yalan danışırlar?

14 may, 15:28

Monitorinqlərlə bağlı tez-tez verilən SUALLARA CAVAB

14 may, 15:21

Azərbaycan nümayəndə heyəti PISA-nın iclasında iştirak edib

14 may, 15:00

Təqdimat bacarığı: Şagirdlər Heydər Əliyevi necə təqdim etdilər?

14 may, 14:53

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

14 may, 14:25

Sabaha olan hava proqnozu açıqlanıb 

14 may, 13:31

“Astronomiya və astrofizikanın aktual problemləri” mövzusunda respublika konfransı keçiriləcək

14 may, 13:25

İş dünyasına açılan qapı: Tələbə və işəgötürənlər bir arada - REPORTAJ

14 may, 13:00

“Tanınmış müəllim olmaq istəyirəm” – Gimnastın uğur hekayəsi  

14 may, 12:30

BMU tələbələri beynəlxalq sərgilərdə iştirak edirlər

14 may, 12:22

LDU-da maarifləndirici sessiya keçirilib

14 may, 12:19

4SİM İstanbulda keçirilən "TRT World NEXT 2025" tədbirində təmsil olunub

14 may, 12:14

“Maarifçi” olmaq istəyən 2037 nəfər imtahan verəcək

14 may, 12:10

Türkiyə və Şimali Kipr nümayəndələri UNEC-də qonaq olublar

14 may, 12:03

Professor Mahirə Hüseynova AMEA-nın Naxçıvan Bölməsinin qonağı olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.