Bütün xəbərlər
4 iyun, 13:48

Sənətin dili sərhəd tanımır, yaradıcılıq isə hər zaman yolunu tapır. Gənc istedadların iç dünyasını ifadə etdiyi rəngli palitralar, zərif kompozisiyalar, harmonik melodiyalar və möhtəşəm səhnə performansları bir araya gələndə isə bu, təkcə tədbir deyil, əsl bayrama çevrilir. Bu dəfə isə o bayramın ünvanı SABAH ailəsinin ənənəsinə çevrilmiş və hər il öz rəngarəngliyi ilə seçilən SABAH İncəsənət Festivalı oldu.

Sayca 6-cı dəfə keçirilən və incəsənətin müxtəlif sahələrində təhsil alan tələbələrin öz bacarıqlarını nümayiş etdirdiyi bu festival həm onların yaradıcılıq potensialını üzə çıxarmaq, həm də milli mədəniyyətimizin gənc nəfəsini duymaq baxımından mühüm bir platformaya çevrilib. 

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının ev sahibliyi etdyi budəfəki SABAH İncəsənət Festivalında Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, eləcə də Bakı Musiqi Akademiyasının SABAH qruplarında təhsil alan tələbələrinin təsviri sənətdən klassik musiqiyə, rəqs ifalarından memarlıq layihələrinə qədər geniş bir spektrdə işləri təqdim olunurdu.

Sənətin qovuşduğu SABAH

Festivalın açılışına ilk nəfəsi incəsənət verirdi. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının foyesi rənglərin, formaların və ideyaların sanki danışdığı sərgi məkanına çevrilmişdi. Rəssamlıq Akademiyasının, Memarlıq və İnşaat Universitetinin SABAH tələbələrinin əl işləri, fırça ilə əsərlərinə ötürdükləri duyğular, xalça naxışlarında gizlənən minillik mədəniyyət, keramika və şüşə sənətindəki zərif harmoniya, metal və toxuculuq nümunələrində əks olunan zəhmət və zövq festival iştirakçıları tərəfindən maraqla qarşılanırdı. Memarlıq layihələri isə bir başqa aləm idi. Layihələrin müəllifləri olan gənclər təkcə binalar deyil, gələcəyin şəhərlərini qurmağa hazır olduqlarını sübut edirdilər.

Sərgi salonunda səslər yavaş-yavaş musiqiyə qarışırdı. Bakı Musiqi Akademiyasının istedadlı tələbələri notların sehrini artıq səhnəyə daşıyırdı. Üzeyir Hacıbəylinin milli ruhu, Fikrət Əmirovun melodik poeziyası, Qara Qarayevin yenilikçi nəfəsi dünya klassiklərinin zəngin palitrası ilə harmoniya təşkil edərək festival iştirakçılarını musiqi ilə düşündürüb, musiqi ilə duyğulandırdı. Ardınca Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH tələbələri ritmin və hərəkətin dili ilə – rəqslərlə səhnəyə həyat verdi. Səhnədə nümayiş olunun rəqslər sanki bir hekayə danışır, hər dönüş bir duyğunu ifadə edirdi.

“SABAH artıq beynəlxalq əməkdaşlıq səviyyəsindədir”

“Azərbaycan müəllimi”nə SABAH İncəsənət Festivalı ilə bağlı fikirlərini bölüşən SABAH qruplarının İcra Komitəsinin rəhbəri Elza Səmədova deyir ki, 10 illik bir yolu geridə qoyan adıçəkilən layihə çərçivəsində bir sıra uğurlar, nəticələr əldə edilib, bu sahədə geniş təcrübə qazanılıb: “SABAH layihəsi bu gün yüzlərlə uğurlu tələbə və məzunla Azərbaycanın təhsil tarixində xüsusi bir yer tutur. Hər il daha da genişlənən SABAH ailəsi gəncləri yalnız yüksək bilik və bacarıqlarının deyil, həm də yaradıcılıq imkanlarının genişləndirilməsi, onların daha böyük auditoriyalarda tanıdılması baxımından mühüm rol oynayır. SABAH İncəsənət Festivalı hər bir gəncin özünü kəşf etdiyi, potensialını üzə çıxardığı bir tədbirdir. SABAH onların arzularına yol açır, tələbələrimizə inam verir və ən əsası onları gələcəyə hazırlayır”.

Elza Səmədova deyir ki, SABAH artıq beynəlxalq əməkdaşlıq səviyyəsindədir. Belə ki, builki İncənət Festivalı çərçivəsində SABAH qrupları və Türkiyənin “Ufuk Planlama” şirkəti ilə birgə "Bir başqa təhsil, bir başqa şəhər" layihəsi çərçivəsində "Dayanıqlı şəhər layihəsi" multidisiplinar məkan planlaşdırma təlimi keçirilib. Layihənin tərəfdaşları Azərbaycan Memarlıq ve İnşaat Universitetinin SABAH qrupları, Xəzər Universiteti, Orta Doğu Texniki Universiteti Yıldız Texniki Universiteti, Ankara Universiteti, İstanbul Universiteti və Türkiyənin digər aparıcı ali təhsil müəssisələrinin tələbə və müəllimləri bir araya gələrək şəhər planlaşdırılması sahəsində multidisiplinar təlimlərə qoşulublar. 

Bugünkü tədbirdə də qardaş Türkiyənin müxtəlif universitetlərindən olan bir qrup müəllim və tələbə iştirak edir: “Biz artıq regional deyil, beynəlxalq miqyasda düşünür və fəaliyyət göstəririk. Festivalda qardaş Türkiyənin universitetlərindən gəlmiş müəllim və tələbələri görmək bizim üçün qürurdur. SABAH təkcə Azərbaycan üçün deyil, region üçün də nümunəvi bir modelə çevrilmək yolundadır”.

Elza xanım deyir ki, hər il keçirilən və artıq bir ənənyə çevrilmiş SABAH İncəsənət Festivalı bir daha göstərir ki, bu təkcə təhsilin deyil, həm də mədəniyyətin, əməkdaşlığın və dostluğun körpüsüdür. Hər bir gəncin özünü kəşf etməsinə, potensialını üzə çıxarılmasına imkan yaradan unikal yaradıcı bir tədbirdir.

SABAH – bir yol, bir vizyon

Festivalın rəsmi açılış mərasimində çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqov SABAH tələbələrinin incəsənət sahəsindəki uğurlarını yüksək qiymətləndirərək bu layihənin gənclərin potensialını üzə çıxarmaqda mühüm rol oynadığını vurğuladı. 

Çıxış zamanı Əminağa müəllim SABAH layihəsinin ötən 10 il ərzində əldə etdiyi uğurlara da toxundu. O vurğuladı ki, bu layihə çərçivəsində tədris prosesində müasir və mütərəqqi metodlar tətbiq olunur, tələbələrin intellektual və yaradıcı inkişafına yönəlmiş çoxsaylı proqramlar həyata keçirilir. SABAH tələbələri təkcə elmi və peşəkar hazırlıqla deyil, eyni zamanda, estetik zövq və mədəni təfəkkürlə də formalaşırlar.

Qeyd olundu ki, SABAH İncəsənət Festivalı tələbələrin yalnız yaradıcılıq imkanlarını nümayiş etdirməklə kifayətlənmir. O, eyni zamanda, Azərbaycanda ali təhsil sistemində həyata keçirilən islahatların, xüsusilə də keyfiyyətli və fərdi yanaşmaya əsaslanan yeni təhsil modelinin praktik nəticəsini ortaya qoyur. SABAH İncəsənət Festivalı bu mənada yalnız bir mədəni tədbir yox, təhsil və elmin, sənət və gəncliyin birgə nümayiş platformasıdır.  

Bəs bu sənət bayramını gənclərimiz necə yaşayırlar? Nə hiss edirlər, nə düşünürlər? Bu sualların cavabını isə ən səmimi mənbədən – SABAH tələbələrindən eşitmək bizim üçün maraqlı idi…

Notların içində gizlənmiş duyğular, rənglərdə canlanan xəyal gücü, hər toxunuşda hiss edilən zəhmət

Ləman Mustafayeva Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qruplarında “Memarlıq” ixtisası üzrə təhsil alır. IV kurs tələbəsidir. Festivala “Şəhərin şifrəsini açmaq, şəhər kimliyini yenidən düşünmək: Bakı, İzmir” mövzusunda layihəsi ilə qatılıb. Deyir ki, layihə 9 Eylül Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetini birləşdirən beynəlxalq əməkdaşlıq çərçivəsində hazırlanıb: “Bu layihədə Bakı və İzmir şəhərlərinin sahilboyu inkişaf tarixini araşdıraraq hər iki şəhərin ortaq cəhətlərindən ilhamlanmış və bunun əsasında müasir, funksional bir sahil konsepti yaratmağa çalışmışıq. Əsas məqsədimiz bir zamanlar sənaye ərazisi olan Ağ şəhər ərazisində yerləşən bulvarın davamını konseptual şəkildə işləyib hazırlamaq olmuşdur. Layihəmizdə sahil zonası təkcə gəzinti məkanı deyil, həm də aktiv istirahət, idman və mədəniyyət məkanı kimi təsəvvür olunub. Avarçəkmə idmanı üçün xüsusi infrastruktur, amfiteatrlar, uşaq zonaları və sakit guşələr – bunların hər biri bu layihənin sosial və estetik məqsədlərinə xidmət edir. Artıq üçüncü dəfədir ki, SABAH İncəsənət Festivalında iştirak edirəm və hər dəfə bir az daha çox özümü tanıyıram, bir az daha çox inkişaf edirəm”.

Ləman deyir ki, SABAH qrupları onun üçün sadəcə təhsil məkanı deyil, eyni zamanda, yaradıcılıq üçün sərbəst bir meydan, potensiallarını kəşf etdikləri bir yol xəritəsidir. Elə bu festivala təqdim edilən layihə də bunun bariz nümunəsidir.

Aydan Mahmudova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının SABAH qruplarının “Toxuculuq” ixtisası üzrə II kurs tələbəsidir. Festivalda təqdim etdiyi toxuma işi “Qadın xoşbəxtliyi” adlanır: “Bu, spatifilum çiçəyinin obrazıdır. Qadın enerjisini, daxili harmoniyanı və sakitliyi ifadə edən bu əsər çiçəyin hər açan ləçəyində bir ümid, bir sevinc, bir xəbər daşıyır. Spatifilum stresi azaldır, ruha sakitlik bəxş edir. Mənim toxuma kompozisiyam da məhz bu mesajı vermək üçündür. Bu festivalda ilk iştirakım idi, amma çox dəyərli təcrübələr qazandım. Yaradıcı mühit, müəllim və tələbələrin bir araya gəlib fikir paylaşması, işlərini sərgiləməsi məni həm ruhlandırır, həm də inkişaf etdirir”.

Hər şey sonda dağılır…

Hər şey sonda dağılır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının SABAH qruplarının Dekorativ tətbiqi sənət fakültəsinin III kurs tələbəsi Şirin Eyvazovanın hazırladığı əl işi belə adlanır. Dekorativ fiqurlar fonunda metal üzərində işlənmiş nərd lövhəsi barədə məlumat verən Şirin söyləyir ki, bu əsər nərd oyununu yalnız əyləncə və strategiya kimi deyil, həm də həyatın özü kimi təqdim edir: “Gördüyünüz aşağıda dağılmış fiqurlar nəinki oyun sonrasını, həm də bir dönəmin, bir hissin və ya bir insanın iç dünyasının dağılmasını təmsil edir. Nə qədər plan qursaq da, həyat bizi sonda öz qaydaları ilə “oynadır”. Bu əsər oyunun sonunu və onunla birlikdə gələn boşluğu, səssizliyi və dağınıqlığı əks etdirir. Hazırladığım metal kompozisiya sabitliyin illüziyasını dağıdır və seyirçini sual qarşısında qoyur: bəlkə elə hər şey dağılmaq üçündür? Əsərimlə demək istədiyim budur: həyat bəzən planlarımızı alt-üst edir, amma bu da təbiidir. Festivalda bu fikirləri paylaşmaq mənim üçün çox dəyərlidir”.

“Onlardan ilham almaq imkanı tapırıq”

Ərgün Camalzadə və Hidayət Kərimli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının Dram və kino fakültəsinin tələbələridir.  
Rəqs nömrələri ilə səhnəyə çıxan Ərgün və Hidayət söyləyirlər ki, İncəsənət Festivalı onlar üçün çox önəmli bir təcrübədir. Hər anı ilə unudulmaz olan bu tədbir onların həm yaradıcılıqlarını göstərmək, həm də digər ali təhsil müəssisələrinin tələbələri ilə ünsiyyət qurmaq, əlaqə yaratmaq baxımından əvəzsiz fürsətdir. “Festivalın atmosferi çox canlı və ruhlandırıcıdır. Burada təkcə rəqs yox, incəsənətin müxtəlif sahələri ilə məşğul olan həmkarlarımızın işlərini görmək və onlardan ilham almaq imkanı tapırıq”.

Festivalın sənət dolu ab-havası…

Festivalın sənətlə yoğrulmuş ab-havası sərgi və rəqs nömrələri ilə məhdudlaşmadı. Səhnəyə Bakı Musiqi Akademiyasının SABAH tələbələri çıxdı və məkan sanki musiqi məbədinə çevrildi. Gənc ifaçılar zala toplaşanları klassik musiqinin sehrli aləminə qərq edərək, unudulmaz bir atmosfer yaratdılar. Konsert proqramında Azərbaycan və dünya musiqisinin zirvələrində dayanan bəstəkarların əsərləri səsləndi.

Teatr səhnəsində SABAH tələbələrinin ifasında Kafkanın məşhur “Metamorfoz”u

Festivalın növbəti günü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH tələbələrinin ifasında təqdim olunan Franz Kafkanın “Metamorfoz” əsəri ilə yadda qaldı. Kafka bu simvolik əsərində insanın cəmiyyət və ailə içindəki yerini, özgələşmə və dəyərsizlik hissini dərinliklə təsvir edir. Qreqorun fiziki metamorfozu onun daxili iztirablarının, psixoloji təklənməsinin və sevgisizlik içində necə yoxa çıxmasının metaforasıdır. Gələcəyin aktyorları bu mürəkkəb ideyanı səhnə performansları ilə tamaşaçıya ustalıqla çatdırdılar.

Festival göstərdi ki…

SABAH İncəsənət Festivalı yalnız gənc yaradıcıların öz bacarıqlarını nümayiş etdirdiyi bir məkan deyil, eyni zamanda, onların sənət dünyasına inamla ilk addımlarını atdıqları mühüm bir platforma olduğunu növbəti dəfə təsdiqlədi. 

SABAH layihəsi gənclərə təkcə peşəkar biliklər vermir, həm də onların yaradıcılıq potensialını üzə çıxarmaq, fərqli sahələrdə özünü ifadə etmək imkanı yaradır. İncəsənət Festivalı isə elə bu imkanların təcəssümüdür. Burada gənclərin müxtəlif sənət növlərindəki istedadı, kreativ fikirləri və yenilikçi yanaşmaları bir araya gəlir.

Festival göstərdi ki, SABAH qrupları gənclərin həm milli mədəniyyətimizi zənginləşdirmək, həm də qlobal sənət mühitində öz layiqli yerini tapmaq üçün ən ideal təhsil və inkişaf mühitidir. Burada yaradılan yaradıcılıq atmosferi gənclərin özlərini sınaması, təcrübə qazanması və gələcəkdə sənət dünyasında parlaq ulduzlar kimi parlaması üçün güclü zəmin formalaşdırır.

Şərhlər

Xəbər lenti

5 iyun, 23:21

Ukraynalı şagird və müəllimlər Naxçıvana səfərə gəliblər

5 iyun, 23:14

“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb

5 iyun, 23:01

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

5 iyun, 18:53

3 nəfərin imtahan nəticəsi ləğv olunub

5 iyun, 18:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 18:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 17:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 17:32

Ayla Həsənova: Uşaqlar tək deyil, onları sevən müəllimlər, dövlət və cəmiyyət var

5 iyun, 17:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 17:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 17:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 16:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 16:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 16:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 15:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

5 iyun, 15:25

Bəhruz Əzimov: Hər gün 100-ə yaxın tələbə kredit üçün müraciət edir – MÜSAHİBƏ

5 iyun, 15:11

Ölkədə süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

5 iyun, 14:47

Tovuzda peşə təhsili ilə bağlı birinci regional forum keçirilib

5 iyun, 14:21

AzMİU-da şəhid məzunların övladları üçün xüsusi tədbir keçirilib

5 iyun, 14:01

UNEC-də beynəlxalq elmi konfransı keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.