Yanvarın 10-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bir qrup əməkdaşı ATU-nun Tədris Cərrahiyyə Klinikasında "İdman tibbi və reabilitasiya" ixtisaslaşması üzrə magistratura proqramı çərçivəsində rezidentlərlə görüş keçirib.
Bu barədə “Azərbaycan müəllimi”nə akademiyadan məlumat verilib.
Bildirilib ki, əvvəlcə ATU-nun Rezidentura ve magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov tədbirin məqsədini açıqlayıb. Qonaqları toplantı iştirakçılara təqdim edən N.Xəlilov bildirib ki, artıq neçə ildir ATU ilə ADBTİA arasında işgüzar əlaqələr mövcuddur və bu əlaqələrdən biri də beynəlxalq proqram çərçivəsində klinik ixtisaslar üzrə təhsil alan rezidentlərlə bağlıdır.
Sonra ADBTİA-nın Elmi beynəlxalq əməkdaşlıq və keyfiyyət siyasəti üzrə prorektorunun müşaviri Zərifə Kamilova proqram haqqında ətraflı məlumat verib: “Akademiyamızda ingilisdilli "İdman tibbi və reabilitasiya" ixtisaslaşmasına dair magistratura proqramı üzrə təhsil aparılır. Bu proqram klinik ixtisaslar üzrə rezidenturanı və ya internaturanı bitirmiş həkimlər üçün nəzərdə tutulub, onlara idman və fiziki fəaliyyət tibbi, o cümlədən idman zədələnmələri üzrə sübutlara əsasən dərin biliklər verir. Proqram modul tiplidir. Modullardan birinin tədrisi Böyük Britaniyada aparılır. Təhsil elə təşkil olunur ki, həkimlər əsas iş yerlərini saxlamaqla proqramdan faydalana bilirlər”.
Bildirilib ki, proqram üzrə təhsil sentyabr ayından başlayır və icra müddəti 2 ildir. Təhsilhaqqı Azərbaycan Respublikasının vətəndaşları üçün 4500 AZN, əcnəbi vətəndaşlar üçün 4500 USD təşkil edir. Proqramın direktoru London Kollec Universitetinin və İdman, Fiziki fəaliyyət və Sağlamlıq İnstitutunun İdman və fiziki fəaliyyət tibbi üzrə professoru, Avropanın İdman tibbi üzrə təhsil standartının müəllifi Maykl Pol Luzmordur: “O, Böyük Britaniyanın milli idman komandalarının baş həkimi kimi idmançıları Olimpiya və Millətlər Birliyi Oyunları, Dünya və Avropa çempionatlarında müşayiət edib. Hazırda isə Beynəlxalq Olimpiya Komitəsinin (İOC) Boks üzrə İşçi Qrupunun tibbi rəhbəridir. Professor Maykl Pol Luzmor İdman və fiziki fəaliyyət tibbi sahəsində xidmətlərinə görə Böyük Britaniya Krallığı ordeninin kavaleri (MBE) mükafatı ilə təltif olunub”.
Proqramın mütləq və seçmə modullardan, dissertasiya işinin (magistr tezisinin) hazırlanmasından və klinik sessiyalardan ibarət olduğunu söyləyən Z.Kamilova qeyd edib ki, təhsil müddətində bərpa və reabilitasiya, o cümlədən yuxarı və aşağı ətraf, baş, beyin, boyun, onurğa zədələnmələri və onların reabilitasiyası, nevroloji, kardioloji reabilitasiya, hərəki fəaliyyətin fiziologiyası, fiziki fəaliyyət və sağlamlıq, tədqiqat üsulları, psixologiya, ali məktəb pedaqogikası və digər modullar aparıcı professor-müəllim heyəti tərəfindən tədris olunur.
Görüşdə çıxış edən ATU-nun Rezidentura ve magistratura şöbəsinin müdiri, dosent İlhamə Mustafayeva bu proqramın qaydaları və onun üstünlükləri haqqında rezidentlərə, eləcə də gənc həkimlərə ətraflı məlumat verib. O, həmçinin fürsətdən istifadə edərək, nizam-intizam qaydalarını bir daha rezidentlərin nəzərinə çatdırıb və hər il ənənəvi olaraq universitetimizdə keçirilən ATUREK-lə bağlı hazırlıqlar aparıldığını bildirib.
Toplantıda ADBTİA-nın Magistratura şöbəsinin müdiri vəzifəsini icra edən koordinator Könül Həsənova, ATU-nun Rezidentura və magistratura şöbəsinin müdir müavini, dosent Ləman Əlizadə və universitetimizin rezidentləri iştirak ediblər.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)