
“Azərbaycan müəllimi” bu dəfə Samux rayonunun H.Zərdabi adına Çobanabdallı kənd tam orta məktəbindəki təhsil mühiti, müasir təhsil texnologiyaları, müəllim-şagird münasibətləri ilə maraqlanıb.
“Təhsil islahatlarında yeniliyə açıq olmaq vacibdir”
Məktəbin direktoru Arzu Kərimov deyir ki, cəmiyyətin inkişaf sürəti, şagirdlərin yeniliyə meyili məktəbdəki təlim-tədrisin daha çevik və müasir olmasını tələb edir: “Məktəb, dərs, müəllim şagirdləri özünə cəlb etməlidir. Şagirdlər hər gün yeni bilik əldə edəcəklərinə inanmalıdırlar. Bunu təmin edən müəllimlər işindən zövq alır, şagirdlər də onun dərsinə həvəslə qatılırlar. Bütün bunlar müəllimdən daim öz üzərində işləməyi, yaradıcılıq imkanlarını genişləndirməyi tələb edir”.
“Dərsdə oyun üsulundan istifadə yaddaşın inkişafına kömək edir”
Məktəbin həm də coğrafiya müəllimi olan Arzu Kərimov tədris etdiyi fənnin yalnız təsviri elm kimi başa düşülməsinin yanlış olduğunu düşünür: “Coğrafiya öz təsviri funksiyasını keçən əsrin əvvəllərində tamamlayıb. Bu gün coğrafiya təbii proseslərin dəyişmə qanunauyğunluqlarını, əhalinin və sənayenin yerləşməsini, inkişafını öyrənən, sosial-iqtisadi həyatda, planlaşdırmada geniş tətbiq edilən elmdir. Yer səthinin hər kvadratmetrini öyrənib ondan səmərəli istifadənin mümkünlüyünü göstərmək coğrafiyanın funksiyasıdır”.

Dərslərində məzmunları oyunlar vasitəsilə də şagirdə çatdırmağa çalışan müəllim hesab edir ki, bu üsuldan istifadə yaddaş, diqqət və təfəkkürün inkişafına kömək edir: “Didaktik, rollu, mütəhərrik oyunlar fərqli məqsəd daşıyan fənlərin tədrisini şagirdlər üçün daha maraqlı edir. Təcrübədən keçirdiyim müxtəlif oyunlar (məsələn, "Addım yarışması”, “Şah-Cəllad oyunu”, “Xəritədə tap”, “Söz qatarı”, “Sinifdə kim yoxdur?” və s.) şagirdlərin həm idrak, həm də psixomotor fəallığını gücləndirir. Sosial şəbəkələrin getdikcə artan imkanları şagirdlərin monoton dərs prosesindən uzaqlaşmasına səbəb olur. Çıxış yolu dərsləri əyləncəli üsluba gətirib onların idrak fəallığına nail olmaqdır”.
Arzu müəllim coğrafiya dərsində statistik iqtisadi göstəriciləri müqayisə etmək, texniki-iqtisadi hesablamalar aparmaq, diaqram və qrafiklər qurmaq, xəritə üzərində analiz bacarıqlarının formalaşdırılmasını vacib sayır. Eyni zamanda, qloballaşma və təhsildəki islahatları vurğulayır, interaktivliyin, müəllim və şagirdin, eləcə də şagirdlərin öz aralarında qarşılıqlı əməkdaşlıqla işləməsinin effektini qeyd edir:
“Dünyada baş verən qloballaşma, nəsil dəyişiklikləri, texnoloji sıçrayış, kənd və şəhər fərqləri – bütün bunlar məktəbi daim yenilənməyə sövq edir. Əsas məsələ müəllimin daim öz üzərində çalışması, şagirdləri yeni bilik əldə etməyə həvəsləndirməsidir”.
“Kənd mühitinin məktəbə təsiri özünü bu gün daha çox təlim-tərbiyə məsələsində göstərir”
Arzu müəllim “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı xatırladaraq bildirir ki, müəllimin nüfuzunun artırılması, peşəkar karyera inkişafı əsas şərtdir.

İndiki dövrdə kənd mühitinin təhsilə təsirinə gəldikdə isə deyir: “Kənd mühitinin məktəbə təsiri özünü bu gün daha çox təlim-tərbiyə məsələsində göstərir. Bəzən kənd məktəblərinin şagirdləri hər il yüksək nəticə göstərir. Amma ümumi götürsək, infrastrukturuna, imkanlarına görə şəhər məktəbləri kənd məktəblərini qabaqlayır. Bizim məktəb isə maddi-texniki baza baxımından bir çoxunu geridə qoyur. Son üç ildə müxtəlif siniflər üzrə keyfiyyət göstəricilərimiz yüksəlir, şagirdlərimiz olimpiada və müsabiqələrdə uğur qazanırlar. Peşə təmayüllü siniflərimiz də fəaliyyət göstərir”.
“Məktəb-valideyn əlaqəsi güclənməsə, şagirdin internet asılılığı davam edəcək”
Elnurə Abbasova məktəbdənkənar və sinifdənxaric tərbiyə işlərinin təşkili üzrə təşkilatçı və texnologiya müəllimidir. O, tərbiyə işləri üzrə təşkilatçının əmək funksiyasını belə izah edir: “Ümumi təhsil müəssisələrində şagirdlərin tərbiyəsini diqqətdə saxlayır, onların milli-mənəvi dəyərlər əsasında formalaşmasını, hüquq və sosial məsuliyyətlərinin inkişafını təmin edir. Bacardığım qədər bu işin öhdəsindən gəlməyə çalışıram. Şagirdlərin müstəqil həyatları ilə bağlı düzgün qərarlar verməsi üçün maarifləndirici söhbətlər, tədbirlər təşkil edirəm”.
Elnurə müəllim şagirdlərin internetə və sosial şəbəkələrə hədsiz aludə olmasından da narahatdır: “Düşünürəm ki, bunun əsasında valideyn nəzarətinin zəifliyi dayanır. Mütəmadi olaraq valideynlərə övladları haqqında məlumat verir, onlarla maarifləndirici söhbətlər aparıram”.
“Fənlərarası inteqrasiya şagirdlərdə tənqidi düşüncəni inkişaf etdirir”
Elnurə müəllimin fikrincə, məktəb daxilində müxtəlif layihələr və tədbirlər planlaşdırarkən şagird-müəllim əməkdaşlığından istifadə olunmalıdır: “Şagirdlər öz təklifləri, ideyaları ilə planlamada iştirak edir. Müəllim isə yönləndirir və prosesə rəhbərlik edir. Bu cür birgə fəaliyyət şagirdlərdə məsuliyyət hissini artırır, yaradıcılığı stimullaşdırır”.
Müəllim qeyd edir ki, prosesdə valideynlərin fəal iştirakı da xüsusi əhəmiyyət daşıyır: “Valideynlərə tədbir və layihələr haqqında vaxtında məlumat vermək, onların rəylərini almaq lazımdır. Onların fikirlərini dinləmək və kiçik həvəsləndirici mükafatlar vermək digər valideynlərin də fəallığına təsir edir”.
Elnurə Abbasova interaktiv dərslərin təşkilini də diqqətdə saxlayır. O deyir ki, dərslərin interaktiv keçməsi, real həyat nümunələrindən istifadə, fənlərarası inteqrasiya şagirdlərdə tənqidi və yaradıcı düşüncəni inkişaf etdirir. Gələcəkdə texnologiyanın tədrisində praktik vərdişlərə daha çox önəm veriləcəyini düşünür.

“Texnologiya ilə böyüyən şagirdlərə uyğun metodlar seçdikdə dərsin nəticəsi daha effektiv olur”
Gülnar İmranova müəllimlərin sertifikasiya imtahanında 60 bal toplayıb. Maksimum nəticə göstərən riyaziyyat müəllimi öz istəyi ilə Çobanabdallı kənd məktəbini seçib. O qeyd edir ki, riyaziyyat fənnini şagirdlər müxtəlif yollarla daha tez mənimsəyirlər: “Bəzi şagirdlər mövzuları real həyatdan nümunələr üzrə öyrənirlər, bəzilərinə bunun üçün məntiqi yanaşma lazımdır, bəzilərinin inkişafına isə sadəcə, vərdiş yaratmaqla nail olmaq mümkündür. Düzgün seçilmiş metodika və motivasiya başlıca şərtdir”.
Gülnar müəllim şagirdlərin riyazi hesablamaları asanlıqla yerinə yetirmələri üçün praktik misallar, müxtəlif platformalarda yarışlar, oyunlar keçirir: “Dərs zamanı mövzuya uyğun, həyatla əlaqəli motivasiyaedici fəaliyyət şagirdlərin dərsə marağını artırır. İnklüziv mühit üçün hər bir şagirdin fərqli öyrənmə tərzini gündəlik planlaşdırmada nəzərə alıram. Problem və oyun əsaslı öyrənmə metodlarından çox istifadə edirəm. Riyaziyyat dərslərində xüsusi saytlarda, proqramlarda hazırlanmış riyazi və məntiqi oyunlar da işə yarayır”.
Gülnar müəllim deyir ki, müasir valideynlər təhsilə maraq göstərirlər. Amma bəzən uşaqlardan həddindən artıq nəticə gözləyirlər ki, bu da motivasiyanı azaldır. Halbuki texnologiya ilə böyüyən şagirdlər üçün uyğun metodlar seçildikdə dərsin nəticəsi daha effektiv olur.
Hazırda məktəbdə fənn olimpiadalarına, müxtəlif respublika miqyaslı müsabiqələrə qatılan, orada nailiyyətlər qazanan şagirdlərin sayında artım müşahidə olunur. Pedaqoji kollektiv kənd məktəbini təhsil mühitinin mərkəzinə çevirməyin mümkünlüyünə inanır və bu istiqamətdə əllərindən gələni əsirgəmədiyini vurğulayır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər