
“Monitorinq edir, qiymətləndirir, hesabat hazırlayır və ortaya çıxan nəticəyə əsasən müəyyənləşdiririk ki, biz hardayıq?”
Bunu Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə III “Maarifçi” proqramının iştirakçıları ilə görüşdə deyib.

O, təlim xarakteri daşıyan görüşdə əvvəlcə rəhbərlik etdiyi şöbənin işi ilə bağlı məlumat verib, gördükləri işin mahiyyətindən danışıb: “Planlaşdırma zamanı əsas 5 suala cavab verməliyik. Birinci sual budur: “Biz indi hardayıq?” Bunu cavablandırmaq üçün məlumat bazamız olmalıdır. İkincisi, “Hara getmək istəyirik?” – sualıdır ki, bu da qısamüddətli, orta və uzunmüddətli hədəfimizi müəyyənləşdirməyimizin vacibliyini göstərir. “Hədəfimizə necə çatacağıq?” – sualının altında həddindən artıq böyük komponentlər var. Maliyyə, insan resursları, planı kimin hansı formada həyata keçirəcəyi, məqsədə çatmaq üçün hansı addımların atılacağı, nə kimi tədbirlərin görüləcəyi müəyyənləşdirilməlidir. Dördüncü sual nə ilə ölçəcəyimiz məsələsidir. Monitorinq, qiymətləndirmə və hesabatlılıq bu fəaliyyətin vacib komponentləridir. Sonuncu sual isə görülən işlərə kimin cavabdeh olması ilə bağlıdır”.
Sadaladıqlarını bilməyin “Maarifçi” gənclər üçün əhəmiyyətli olacağını vurğulayan Leyla Xəlilova Rzazadə bildirib ki, hazırda bir strateji dövrün yekunlaşıb digər strateji dövrün planlaşdırılmasına başlanıldığı dövrdür.
Belə bir dövrdə “Maarifçi”lərlə görüşmələrinin xüsusilə əhəmiyyətli vurğulayan şöbə müdiri “Maarifçi” gənclərin suallarını da cavablandırıb.
6 qrup, bir tapşırıq
Sonra III “Maarifçi” proqramının iştirakçıları 6 qrupa bölünüb strateji plan hazırlamaq tapşırığını yerinə yetiriblər.
Bu tapşırğa görə, gənclər seçdikləri istiqamət üzrə 3 prioritet müəyyənləşdirərək Elm və Təhsil Nazirliyi üçün strateji plan hazırlamalı idilər.

Planlar quruldu, layihələr bir-bir ortaya çıxdı. Təqdimatlar maraqlı olsa da, səhvlər də vardı. Hər layihədə gənclərin təhsil sisteminə bələd olduğu hiss olunurdu.
“Maarifçi” Turan Əliyev: “Strateji plan hazırladıq, amma məlum oldu ki...”
Altı qrupdan birinin nümayəndəsi Turan Əliyev Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə” ixtisası üzrə təhsil alıb. Hazırda Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsində təcrübəsini davam etdirir: “Qrupumuzda fərqli ixtisaslar üzrə təhsil alan və nazirliyin müxtəlif strukturlarında təcrübə keçən gənclər vardı. Müəyyənləşdirdiyimiz prioritetlərdən biri universitetlərin regionlara köçürülməsi idi. Ali təhsil istiqaməti üzrə 2027-2030-cu illər üçün bir sıra hədəflər müəyyənləşdirib strateji plan hazırladıq. Çox maraqlı proses idi, amma səhvlər etmişdik. Özü də bütün səhvlərimiz Leyla xanımın barəsində danışdıqları məsələlərlə bağlı idi. Məsələn, hədəfi müəyyənləşdirib barəsində uzun-uzadı danışsaq da, bir sualla bütün qurduğumuz plan dağıldı. Məlum oldu ki, planımızda dövrü və mövzunu müəyyənləşdirsək də, lazım olan vəsaiti, resurslarımızı nəzərə almamışıq”.

“Maarifçi” Reyhanə Musayeva: “Strateji planın mövzusu ilə məktəbdən tanışam”
Reyhanə Musayeva Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin Statistik məlumatların təhlili şöbəsində data analitik kimi fəaliyyət göstərir. Bakalavr təhsilini Bakı Dövlət Universitetinin SABAH qruplarında “Riyaziyyat müəllimliyi” ixtisası üzrə, magistratura təhsilini Dövlət İdarəçilik Akademiyasında “Kompüter elmləri” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. İqtisadi fəaliyyətin riyazi informasiya təminatı üzrə ixtisaslaşıb. Qrup işində də öz fəaliyyətini qabardan Reyhanə iddialıdır: “Uşaqlıqdan olan fəallığım, maraqlarım, təhsilim sayəsində qrup işindəki rolum böyük oldu. Məsələn, bu gün strateji planını hazırladığımız məsələ - inklüziv təhsildə olan problemlərlə məktəbdən tanışam. Müəllimlərimdən biri inklüziv təhsilə ehtiyacı olan uşaqlara kömək edir, ona təhsil verirdi. Həmin müəllimimlə bu mövzuda çox söhbətlərimiz olmuşdu. Yaxud ikinci prioritetimiz olan bullinq məsələsi, şagird zorakılıqları idi. Bu məsələ də məlumatlı olduğum problemlərdən biridir. Ümumiyyətlə, fəal şagird idim, hər zaman öndə olmuşam. Müəllimlərim məni problemləri düzgün müəyyənləşdirdiyim və həll etdiyim üçün sinif nümayəndəsi təyin etmişdilər. Məntiqi təfəkkürüm, təhlil bacarığım da məktəbdə tez-tez olimpiadalara qatıldığım üçün yaxşı inkişaf edib. Odur ki, qrup işində də fəal rol oynadım”.

“Uğurlu başlayan, uğurla davam edən və təkmilləşən bir layihədir”
Görüşü qiymətləndirən Leyla Xəlilova Rzazadə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, “Maarifçi” proqramı gənclərin inkişafı ilə bağlı həyata keçirilən vacib layihələrdən biridir. Bu layihə həm gənclər, həm də nazirlik üçün faydalıdır:
“Prosesə töhfə vermək üçün mən də öz təcrübəmi bölüşməyə çalışdım. Görüş çox interaktiv, maraqlı və qarşılıqlı müzakirə şəraitində keçdi. Suallarıma aldığım cavabdan aydın görünürdü ki, “Maarifçi”lər prosesin içərisindədir, təhsil sistemi ilə yaxından maraqlanır və gedən prosesləri kifayət qədər dəqiq izləyirlər. Layihə çərçivəsində keçirilən görüşlər, təlimlər qarşılıqlı öyrənmə mühiti formalaşdırır, bir yandan “Maarifçi”lərin inkişafına öz töhfəsini verir, digər tərəfdən də təhsil sisteminin canlanmasına, nazirlikdə çevik bir mühitin formalaşmasına yardım edir”.

Şöbə müdiri əlavə edib ki, “Maarifçi” proqramının ideyasının irəli sürüldüyü gündən prosesin fəal iştirakçısıdır: “Hər 3 “Maarifçi”ni görən biri olaraq qürurla deyə bilərəm ki, uğurlu başlayan, uğurla davam edən və təkmilləşən bir layihədir. Bu layihə sayəsində nəinki təhsil sistemi, bütövlükdə cəmiyyətimiz üçün faydalı kadrların yetişəcəyinə inanıram”.
Foto: Kənan QAFAROV
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər