
Avqustun 13-də Mingəçevir Dövlət Universiteti (MDU) ilə “Qafqaz-Qəbələ” Məhdud Məsuliyyətli Cəmiyyət arasında turizm sahəsində ixtisaslı və peşəkar kadrların hazırlanmasına dair əməkdaşlıq haqqında Memorandum imzalanıb.
MDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, sənədi MDU-nun rektoru Anar Eminov və “Qafqaz-Qəbələ” MMC-nin direktoru Şəbnəm Süleymanova imzalayıblar.
Memorandum Turizm işinin təşkili, Turizm bələdçiliyi, Turizm və hotelçilik ixtisasları üzrə təhsil alan tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirərək əmək bazarına uyğun rəqabətqabiliyyətli kadrlar yetişdirilməsini, regionun turizm və qonaqlama sektorunda elmi-tədqiqat və innovativ yanaşmaların təşviqini hədəfləyir.
Rektor Anar Eminov bildirib ki, bu əməkdaşlıq tələbələrə nəzəri biliklərini real iş mühitində tətbiq etmək, turizm sektorunun tələblərinə uyğun peşəkar bacarıqlar qazanmaq imkanı yaradacaq. Mingəçevir Dövlət Universiteti olaraq əsas məqsədin məzunların əmək bazarında rəqabətqabiliyyətli kadr kimi yetişdirilməsi olduğunu qeyd edən rektor “Qafqaz-Qəbələ” MMC ilə qurulan bu əməkdaşlığın tələbələr üçün geniş praktiki təcrübə imkanları yaradacağına inandığını, onların gələcək karyeralarına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
“Qafqaz-Qəbələ” MMC-nin direktoru Şəbnəm Süleymanova MDU ilə qurulan əməkdaşlığın regionun turizm potensialından səmərəli istifadə, ixtisaslı kadrların hazırlanması və xidmət keyfiyyətinin artırılması baxımından uğurlu addım kimi qiymətləndirib. Peşəkar kadrların yetişdirilməsinə strateji məsələ kimi baxan direktor MDU ilə əməkdaşlığın həm tələbələrə təcrübə imkanı yaradacağını, həm də turizm sektorunda yeni, yaradıcı və bacarıqlı mütəxəssislərin qazanılmasında müstəsna rol oynayacağını bildirib.
Sonra “Qafqaz Riverside Hotel”in maddi-texniki bazası, xidməti imkanları ilə tanış olunub.
Memoranduma əsasən, tərəflər təhsil, təcrübə, elmi-tədqiqat, innovasiya və insan resurslarının inkişafı sahələrində əməkdaşlıq edəcək, birgə seminar, konfrans və karyera tədbirləri təşkil olunacaq. Əməkdaşlığın icrası üçün birgə Koordinasiya Komissiyası yaradılacaq. “Turizm işinin təşkili”, “Turizm bələdçiliyi”, “Turizm və hotelçilik” ixtisaslarında təhsil alan tələbələrin “Qafqaz-Qəbələ” MMC-yə məxsus hotel və digər turizm müəssisələrində istehsalat təcrübəsi keçməsi təmin ediləcək.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər