
46 yaşlı Bəşir Əsədov Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilən kurslara qatılaraq “Alternativ enerji qurğu və avadanlıqlarının istismarı” ixtisasına yiyələnib. Bununla da gələcəyin peşəsi ilə öz gələcəyini təminat altına alıb. Məsələ burasındadır ki, Bəşir Əsədov, sadəcə bu günün deyil, elə dünənin də ən tələbolunan ixtisaslarına yiyələnib, özü də peşə təhsili ilə. Onun işgüzar həyatı qəribə şəkildə peşə təhsili ilə bağlanıb. Ömür boyu öyrənib, hər dəfə yeni peşələrə sahib olub. Başqa sözlə, onu tanıdıqca həyat hekayəsindən bir insanın ömür boyu öyrənib zamanın tələbinə uyğun işlərlə məşğul olmağının əyani sübutunu görə bilərik.
Bu da o. Laçın rayonunun Mirik kəndindən olan qəhrəmanım ümumi orta təhsilini də elə bu kənddə alıb. Amma tam orta təhsilini orada tamamlaya bilməyib, çünki məcburi köçkün həyatı yaşamağa məhkum olunub. Təhsilinə Buzovna qəsəbəsində 53 nömrəli texniki peşə təhsili müəssisəsinin nəzdində fəaliyyət göstərən qaçqın məktəbində davam edib. Oxuduğu məktəbin bir peşə təhsili müəssisəsi nəzdində fəaliyyət göstərməyinin sonradan peşə təhsili almasında rolu olmadığını düşünür:
“O vaxtın şərtləri fərqli idi. Biliyim imkan verərdi ali məktəb oxumağa, Laçında yaxşı oxumuşdum. Ali məktəb oxumaq, tələbə olmaq isə arzum idi. Amma şərtlər buna imkan vermədi”.
Televizor ustası oldu
İmkansızlıq, şəraitsizlik onu ali təhsil almaq arzularından əl çəkməyə vadar edib: “Məcburən sənədlərimi texniki peşə məktəbinə verdim. Universitet deyil, peşə məktəbi oxudum. Buna baxmayaraq, arzu etdiyim ixtisası olan peşə təhsili müəssisəsini seçdim. Radio və televizor təmiri ustası olmaq istəyirdim. Məhz bu ixtisas üzrə oxumaq üçün də Sabunçudakı 88 nömrəli peşə məktəbinə müraciət etdim. Elektronika üzrə mütəxəssis, peşəkar olmaq istəyirdim, mən də marağımın arxasınca getdim”.
Bəşir Əsədov təhsilini tamamlayıb, hərbi xidmətdən qayıtdıqdan sonra elektronika sahəsində biliklərini yeniləmək üçün kurslara qatılıb və biliyini nəinki yeniləyib, həm də təkmilləşdirib, sonra əlinə televizor, maqnitafonlar alıb. Yeni televizorlar çıxan kimi əlini-ətəyini bu işdən çəkib. Bəs sonra?

Sonra sifariş götürüb mebel düzəltdi
Deyir başqa sahələrdə işləməyə davam edib: “Məsələn, çox gözəl mebel işi görürəm. Bu işə fəhləlikdən başladım, usta oldum. Sifariş götürüb mebel düzəldirdim”.
Torpaqlarımız geri alınana qədər mebel işində öz bacarıqlarını nümayiş etdirən Bəşir Əsədov Laçın işğaldan azad olan kimi, özünün ifadəsi ilə desək, “mebeli də atıb” düz Laçına gedib: “Şəhərin işıqlanmasında işləyirəm. “Radio-telemexanik” ixtisası üzrə diplomum sayəsində indi “Laçın Abadlıq Xidməti”ndə çalışıram”.
Bundan sonra isə alternativ enerji
Doğma şəhərinin işıqlandırılmasında canla-başla çalışan müsahibim deyir ki, alternativ enerji qurğu və avadanlıqları ilə iş onun üçün yad sahə deyil: “Sahə bizim üçün yeni olduğundan alternativ enerji qurğu və avadanlıqlarla işləməyin daha perspektivli olacağını düşündüm. Xüsusən, bizim bölgə alternativ enerji mənbələrindən istifadə baxımından əlverişli zonadır. Su mənbələrindən elektrik əldə edilməsi təcrübəsi olub, artıq digər enerji qaynaqlarından da yararlanacağıq və bu prosesdə mən də fəal iştirak edəcəyəm. Elə bu səbəbdən də kursu keçməyə qərar verdim. Yaşadığım ərazidə təlim keçdiyim bu ixtisas üzrə çalışa bilərəm. Bu avadanlıqların istismarını bacarıram. Əsas təcrübə isə elə işləməklə qazanılır”.
Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində hazırda 42 istiqamət üzrə qısamüddətli təlimlər həyata keçirilir. Alternativ enerji qurğu və avadanlıqlarının istismarı həmin 42 vacib istiqamətdən biridir. Bu istiqamət üzrə 20 nəfər təlimləndirilib.
Xatırladaq ki, təlimin nəticəsi olaraq iştirakçılara dövlət nümunəli sertifikatlar təqdim edilir və bu da o deməkdir ki, onlar həmin sahə üzrə əmək fəaliyyətinə başlaya bilərlər.
Foto: Kənan QAFAROV
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər