Bütün xəbərlər
8 sentyabr, 13:56

Son illərdə dünyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclərin elmi-tədqiqat sahələrində ciddi uğurlara imza atması hər birimizi sevindirir. İstedadlı gənclərimizin Azərbaycan üçün mühüm əhəmiyyət və aktuallıq kəsb edən elmi-tədqiqatlarda iştirak etmələri ölkəmizin gələcək elmi potensialının gücləndirilməsində əhəmiyyətli faktordur. 

“Azərbaycan müəllimi”nin budəfəki müsahibi ötən həftə dünyanın nüfuzlu elmi nəşrlərindən olan “Science” jurnalında baş müəllif kimi məqaləsi dərc olunan, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yetirməsi Zaur Bayramovdur. Ölkəmizdə mühəndislik ixtisasları sahəsində mühüm töhfələri ilə seçilən ADNSU-nun istedadlı məzunu ilə yaxından tanış olaq: 

– Orta təhsilimi Sumqayıt şəhəri Tağıyev qəsəbəsindəki 6 nömrəli tam orta məktəbdə almışam. 2014–2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU), Elm və Təhsil Nazirliyinin xüsusi proqramı olan SABAH qrupları çərçivəsində “Geologiya mühəndisliyi” ixtisası üzrə bakalavr təhsilimi ilə fərqlənmə diplomu ilə bitirmişəm. İlk beynəlxalq təhsil təcrübəm isə 2018–2019-cu tədris ilində hökumətlərarası təqaüd ilə Çinin dünyada top 15-də olan Pekin Universitetində olub. 2020–2022-ci illərdə Fransız–Azərbaycan Universitetində (Strasbuurq Universiteti və ADNSU) Yer elmləri üzrə magistr təhsilimi də fərqlənmə diplomu ilə bitirmişəm. Bu müddətdə mühüm mərhələlərdən biri 2022-ci ilin ilk yarısında Fransada Renn-1 Universitetində təcrübə proqramı olub ki, burada praktiki tədqiqat bacarıqları qazanmışam. 2020-2022-ci illərdə Bakıda “Azərkosmos”da peyk kontrolleri kimi çalışmışam. 2022-ci ikinci yarısından “Campus France” təqaüdü ilə Fransanın Strasburq Universitetininin doktorantura proqramına qəbul olmuşam. Demək olar ki, təhsilimin böyük hissəsində Elm və Təhsil Nazirliyinin dəstəyi böyük olmuşdur və dövlətimizin yaratdığı şanslardan həmişə istifadə etmişəm. 

– Strasburq Universitetinin doktorantı olaraq üzərində çalışdığınız elmi mövzular, tədqiqatlar barədə məlumat verməyinizi istərdik... 

– Doktorantura tədqiqatım Cənubi Qafqaz və Şimal İranın yer qabığının tektonik deformasiyasının monitorinqi ilə bağlıdır. Bildiyiniz kimi, Qafqaz tarixən dağıdıcı 6.0–7.0 maqnitudalı zəlzələlər yaşayıb. 1139-cu ildə Gəncədə, 1667, 1892, 1902-ci illərdə Şamaxıda, 1988-ci il Spitakda və 1991-ci il Raçada və son olaraq, 2000-ci ildə Bakıda baş vermiş zəlzələlər regionun dərindən öyrənilməsini tələb edir.

Tədqiqatımda seysmik, peyk-radar məlumatları və süni intellekt üsullarının kombinasiyasından istifadə edirəm. Məqsədim gərginlik yığılan və dağıdıcı zəlzələlərlə qırılma potensialına malik fəal tektonik strukturların xarakteristikalarını dəqiqliklə sənədləşdirməkdir.

– İmpakt faktorlu jurnallarda dərc olunan məqalələriniz barədə məlumat verərdiniz. Hansı nüfuzlu jurnallarda dərc olunmusunuz? Akademik dairələrdə elmi işlərinizə, tədqiqatlarınıza maraq necədir?

– Sentyabrın 4-də mənim birinci müəllif olduğum və Fransanın aparıcı elmi institutları ilə birgə ən yüksək nüfuzlu jurnal olan “Science”da (impakt faktoru: 47.0) məqaləm (https://www.science.org/doi/10.1126/science.adv8438) dərc olunub. Məqalə 2023-cü ildəki Türkiyə zəlzələsinin 1000 km məsafədə Azərbaycanda səssiz zəlzələni və 50-dən çox palçıq vulkanını dinamik olarak tətikləndirməsi ilə bağlıdır. Məqalədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də adı qeyd olunur. Bu nəticə ilə mən bir çox beynəlxalq konfranslarda və elmi seminarlarda iştirak etmişməm. Bunlara Oksford Universitetində elmi seminar (Böyük Britaniya), Avstriya və Fransada keçirilən konfranslar daxildir. 

Məqalə haqqında İspaniyanın məşhur “El Pais” qəzeti ispan dilində (https://elpais.com/ciencia/2025-09-04/los-terremotos-de-turquia-de-2023-activaron-decenas -de-volcanes-de-lodo-a-mil-kilometros.html) və beynəlxalq “The Conversation” qəzeti (https://theconversation.com/volcans-de-boue-et-seismes-silencieux-quand-les-ondes-dun-s eisme-ont-des-effets-a-tres-grande-distance-264526) fransız dilində paylaşım edib.

– Tədqiqatlarınız, səhv etmirəmsə, zəlzələ problemlərinin tədqiqi ilə bağlıdır. Bu sahəyə marağınız nə ilə bağlıdır? Azərbaycan aktiv seysmoloji zona hesab olunur və tədqiqatlarınızda Azərbaycana da yer ayırırsınızmı? 

– Bəli, tədqiqatım Qafqaz və Şimali İranın seysmikliyi ilə bağlıdır. Azərbaycan, bütövlükdə Qafqaz regionu seysmik cəhətdən aktiv Alp-Himalay qırışıqlığının mərkəzi zonasıdır. Lakin mürəkkəb tektonik quruluşu və məlumat azlığı səbəbindən bu bölgəyə çox az diqqət yetirilib. Regionumuzda böyük zəlzələlər uzun fasilələrlə baş verir, deformasiya prosesi ləngdir və bu da seysmiklik barədə detallı nəticə çıxarmağı çətinləşdirir. Bu səbəbdən radar peykləri ilə uzaqdan müşahidə və seysmoloji stansiyalar vasitəsilə böyük zəlzələlər arasında olan vaxt ərzində tektonik fayların gərilmə toplamasının izlənilməsini həyata keçirirəm. Bu məlumatların toplanılması və dəqiqliklə emal və təhlil olunması illərlə vaxt alan bir prosessdir və böyük kompüter-hesablama resusrları tələb edir. Lakin mən bu işi sevərək həyata keçirirəm. Bu sahəyə marağım, magistratura dövründə hollandiyalı səyyah Jan Stryusun 17-ci əsrdə Qafqaz səyahəti ilə bağlı qeydlərində 1667-ci il Şamaxı zəlzələsinin təsvirini oxuduqdan sonra yaranıb. Dəhşət dolu təsvirdə Azərbaycanın o dövrdəki əsas şəhərinin, Şamaxının necə dağıntılara qərq olduğunu, 80.000 insanın həlak olduğunu və səyahətinin 5-10 il sonra olmasına baxmaraq afterşoklar səbəbindən insanların şəhəri hələ də tərk etdiyi qeyd olunurdu. Bundan sonra seysmologiya sahəsinə marağım çox artdı və ölkəmizin bu elm sahəsinə töhfə verə biləcəyini düşündüm. Nəticə etibarilə, bu ideyam zənnimcə, özünü “Science” jurnalındakı məqalə ilə doğrultdu. 

– Sizcə, hazırda regionumuzda seysmoloji aktivliyin artması təhlükəsi varmı və nə ilə bağlı ola bilər? 

– Bəzi yerli tədqiqatçıların bunu iddia etməsinə baxmayaraq, bölgəmizdə seysmik fəallığın artması barədə heç bir elmi sübut yoxdur. Təsadüfi olaraq, ölkənin iki müxtəlif ərazilərində eyni həftə və ya ay ərzində hiss ediləbilən zəlzələnin baş verməsi seysmik aktivliyin artmasını deməyə əsas vermir. Böyük Qafqaz, Xəzərin mərkəzi və kənar sahil zonaları, Talış dağları və Kiçik Qafqazın şimal hissəsi hamısı seysmik aktiv zonalardır. Bu ərazilərdə 5 maqnitudalı zəlzələnın baş verməsi çox təbii prosesdir. Qafqazda tam seysmiklik cəhətdən təhlükəsiz sayılacaq şəhər demək olar ki, yoxdur. Dünyanın müxtəlif ərazilərində, əvvəllər seysmik cəhətdən passiv hesab olunan ərazilərdə də seysmik aktivləşmə baş verə bilər ki, bu da geoloji yaş cəhətdən qoca qırılmalarının yenidən aktivləşməsi ilə bağlıdır. Qafqazda isə hər gün yüzlərlə kiçikölçülü və ortaölçülü (5–5.5 maqnitudla) zəlzələlər ildə 3-5 dəfə baş verir ki, bu da seysmik aktiv zonalar üçün normal fon hesab olunur. Regionumuzda 6.0-dan böyük maqnitudalı zəlzələlər isə nadir hallarda müşahidə olunur (məsələn, Gəncə, Şamaxı, Bakı və Raça zəlzələləri). Əslində seysmik təhlükə dünyanın çox hissəsində var və təhlükə zəlzələnin özü deyil, onun yaratdığı fəsadlardır (yer titrəyişi, tsunami və s.). Risk isə təhlükə ilə yanaşı insanların və binaların bu təhlükəyə məruz qalması və bu strukturların zəifliyi birləşəndə yaranır. Yəni dayanıqsız bina varsa və insanlar orada yaşayırsa, risk var və artır. Elə ərazilər vardır ki, orada seysmik təhlükə var, lakin risk yoxdur, çünki orada insan yaşamır və infrastruktur yoxdur. Riskin azalması isə infrastrukturun möhkəmləndirilməsindən, zəlzələ zamanı düzgün davranış və maarifləndirmədən keçir. 

Yeraaltı təkanlar, palçıq vulkanı – bunlar barədə məlumatlıyıq. Ancaq sizin tədqiqatlarda “səssiz zəlzələ” problemi də qoyulur. “Səssiz zəlzələ”ni necə başa düşməliyik? 

– Səssiz zəlzələ terminologiyası çox yenidir və elmdə yaranan yeniliklər (GPS və peyk texnologiyaları ilə uzaqdan müşahidə üsulları) vasitəsilə bunu və digər tipli zəlzələləri müşahidə etmək mümkün olmuşdur. Enerjinin çox yavaş sərbəst buraxılması səbəbindən biz səssiz zəlzələni silkələnmə kimi hiss etmirik. Lakin bu səssiz zəlzələ adi zəlzələlər kimi yer səthində seysmoloji, GPS və peyk üsulları ilə ölçülə bilinəcək titrəyişlər və mühüm deformasiyalara səbəb olur. Tədqiqatım, xüsusən də “Science” jurnalında dərc olunan məqaləm bu səssiz zəlzələ probleminə həsr olunub. Səssiz zəlzələnin ilk peyk-radar şəkilini, GPS və seysmoloji üsullarla Türkiyə zəlzələsinin dalğalarından təsirlənərək baş verdiyinin detallı izahını ilk dəfə Azərbaycanda görmək oldu. Bundan sonra Azərbaycanda müşahidə olunan bu hadisə elmi ədəbiyyatda səssiz zəlzələnin ən böyük nünuməsi kimi göstəriləcək. Ümid edək ki, bununla beynəlxalq elmi cəmiyyət Qafqazın seysmikliyinə diqqətini artıracaq. 

Biz hazırda süni intellektin bütün cinahlardan “hücuma” keçdiyini müşahidə edirik. Süni intellekt zəlzələlərin öyrənilməsində effektiv ola bilərmi və bunu necə izah edərdiniz?

– Təəssüf ki, bir çoxları süni intellekti yalnız “ChatGPT” ilə məhdudlaşdırır. Artıq insanlar həyatlarında bəzən ən vacib qərarlarını belə, süni intellekt vasitəsilə verirlər. Bəzi insanlar sosial media postlarını süni intellekt vasitəsilə yazır ki, bunu da bəzən oxuduqda sadəcə söz yığınından ibarət olub heç bir məna ifadə etmədiyini görmək asanlıqla mümkündür. Təbii beyin məhsulu və düşünülmüş və üzərində uzun müddət işlənilmiş mətnlərə indi rast gəlmək, təəssüf ki, nadirdir. Amma əslində süni intellekt reallıqda bundan ibarət deyil və “ChatGPT” çox hallarda ümumi publikaya yönəlmiş süni intellekt modellərindən biridir. Süni intellekt dünyada bütün elm sahələrində artıq geniş tətbiq olunan vasitədir. Seysmologiyada süni intellekt, böyük həcmdə seysmik stansiya yazılarında gizli qalan kiçik maqnitudalı zəlzələləri aşkar edə bilir. Seysmoloji mərkəzlərdə analitiklər zəlzələləri adətən manual üsullarla (bir və ya bir neçə seysmoloqun seysmoloji yazıları izləməsi) müəyyən edirlər və nəzərə alsaq ki, hər hansı bir ölkədə 80-dən çox stansiya olsa, zəlzələləri gündəlik kataloqlaşdırmaq uzun müddət vaxt alır və çox sayda insan resursu tələb edir. Süni intellekt modelləri ilə isə standart performanslı kompüterdə 30-dan çox stansiyanın gündəlik zəlzələ kataloqunu cəmi 2 dəqiqəyə hazırlamaq mümkündür. Yadda saxlamaq lazımdır ki, istənilən süni intellekt modelləri insanlar tərəfindən hazırlanır və bu modellərdən istifadə etməklə alınmış nəticələrin insanlar tərəfindən yenidən yoxlanılması vacib prosedur ola bilər.
 
Azərbaycanda yer elmlərinin öyrənilməsi və tədrisi, bu sahədə müvafiq kadr hazırlığı barədə fikirlərinizi də bölüşməyinizi istərdik. Bu sahə ölkəmiz üçün nə dərəcədə perspektivlidir? 

– Azərbaycan zəngin neft-qaz yataqlarına sahib olduğu üçün yer elmlərinin öyrənilməsinin tarixi böyükdür. Lakin elm son illərdə sürətlə inkişaf edir və bəzi ölkələr bu elmi yenilikləri öz sənayelərində tez bir zamanda tətbiq edirlər. Hazırda dünya elminin və sənayesinin əsas diqqəti yenilənə bilən enerji, kosmik, kimya və süni intellekt sahələrinə yönəlib. Azərbaycanda isə hazırda investisiya yatırılan sahə yenilənəbilən enerji resurslarıdır və dövlətimiz 2035-ci ilə kimi təmiz enerji mövzusunda ciddi addımlar atmaq istəyir. Ümumilikdə, yer elmlərinin sahəsinə daxil olan bu resurslara külək, günəş və geotermal enerji mənbələrini göstərmək olar ki, ölkəmizin bu sahələrdə potensialı da çox böyükdür. Gələcəkdə Azərbaycanın bu potensialından istifadə edərək, diversifikasiya olunmuş təmiz enerjinin Avropa və Asiya bazarına ixrac etməsi şansı çox böyükdür. Lakin bu məsələ yerli kadrların hazırlanmasından və müxtəlif enerji növünün hər biri üçün uyğun ərazinin seçilməsindən keçir. Bəzi universitetlər yenilənəbilən və təmiz enerji mövzuda tədris proqramları açır. Lakin Azərbaycandakı tədris proqramlarının çoxu hələ ki, müasir yeniliklərə əsasən tam yenilənməyib. Azərbaycanda yerli və xarici universitetlər arasında birgə tədris layihələri var və bu da resurs şirkətləri üçün yaxşı geoloq və geofizik-mühəndislər yetişdirmək üçün həddən artıq kifayətdir. Amma məzunların çoxu akademik fəaliyyətlə maraqlanmadığına görə yerli elmi töhfələr yaranmır və müasir biliklərə sahib elmi–pedaqoji kadr çatışmazlığı mövcuddur. Dövlətimiz, təbii ki, son 20 ildə Dövlət Proqramı vasitəsilə bu problemin aradan qaldırılması üçün doktorantların xaricdə hazırlanmasına böyük maliyyə dəstəyi ayırır. Lakin bir doktorantın hazırlanması və sonrakı mərhələlərdə inkişafı uzun müddət alan bir prosesdir. ABŞ və İngiltərə kimi ölkələrdə bakalavr, magistratura və doktorantura təhsili üçün tələbələrin yüz minlərlə dollar kredit borcu yarandığı halda, Azərbaycanın yerli təqaüddən əlavə, doktorantların xarici institutlarda hazırlanmasına yönələn və ölkəmizin elmi inkişafına və gələcəyinə hesablanmış bu cür geniş maliyyə dəstəyi böyük alqışa layiq nümunəvi addımdır. Xaricdə təhsili dövlət tərəfindən dəstəklənən doktorantlara yerli universitetlərdə də hərtərəfli dəstəyin göstərilməsi və elmi-texniki bazalarının yaradılması onların elmi töhfələrinin davamı üçün çox vacibdir. Hazırda Strasburqda Azərbaycan tərəfindən dəstəklənən 20-dən çox tələbə doktorantura təhsili alır. Əgər Azərbaycanda yerli universitetlər müasir elmi-texniki avadanlıq və qrant imkanları ilə bu tədqiqatçıları daim dəstəkləsə, dünyanın müxtəlif ölkələrində dövlət dəstəyi ilə təhsil alan çox sayda tələbələr ölkəmizin elmi və sənayesi üçün çox ümidverici mütəxəssis olacaqdır.

Zaur Bayramovun 2024-cü ildə Fransanın Orleans şəhərində keçirilən peyk texnologiyalarına həsr olunmuş konfransdakı çıxışı.

Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

– Doktorantura təhsilimi bu ilin dekabrında başa vuracağam və hələ ki, tezisimi bitirmək qarşıda duran ən əsas məqsəddir. Sonrakı planım isə Qafqazın seysmologiyası ilə bağlı tədqiqatımı hər hansısa bir xarici elmi-tədqiqat institutlarında davam etdirməkdir. Şans yaranarsa və təkliflər olarsa, qonşu ölkələrdə (TÜBİTAK, Türkiyə) və Avropa ölkələrində (CNRS, Fransa) mövcud olan Milli Elmi-Tədqiqat Mərkəzi modelinin digər xaricdə təhsil alan doktorantlarla birlikdə Azərbaycanda da yaradılmasına töhfə verə bilərəm.

Şərhlər

Xəbər lenti

8 sentyabr, 19:23

"Nar” ilin ən uğurlu abituriyentlərini mükafatlandırıb

8 sentyabr, 18:45

Bakı məktəblərində yeni futbol meydançaları istifadəyə verilib

8 sentyabr, 18:19

Andrey Şevçenko: Bu stadion Bakıdakı uşaqlar üçün unikal fürsətdir

8 sentyabr, 17:58

AFFA Prezidenti: Məktəblərdə futbolun inkişafı prioritet istiqamət kimi müəyyən edilib

8 sentyabr, 17:52

Nazir: Biz fiziki tərbiyə dərslərinə gənc nəslin sağlam inkişafı üçün vacib sahə kimi yanaşırıq

8 sentyabr, 17:36

“5-0 uduzsam da, sonda qələbə qazandım” - Naxçıvan boksçusunun uğuru

8 sentyabr, 17:02

TİF ilə Azərbaycan–Türkiyə İş adamları Birliyi arasında görüş keçirilib

8 sentyabr, 16:52

Birgə hazırlaşıb eyni universitetə daxil oldular

8 sentyabr, 16:51

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb

8 sentyabr, 16:31

ETN: Qeydiyyat zamanı tələbədən tibbi arayış tələb oluna bilər

8 sentyabr, 16:13

AzTU vakansiya elan edir

8 sentyabr, 15:39

Paytaxt məktəblərində maarifləndirici görüşlər başlayıb

8 sentyabr, 15:35

Məşqçi-müəllim Avropa çempionatında bürünc medal qazanıb 

8 sentyabr, 14:48

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

8 sentyabr, 14:33

Rezidenturaya əlavə qəbul üzrə qeydiyyat başlayır

8 sentyabr, 13:43

İdmançılarımız Türkdilli Dövlətlərin Universiadasında uğur qazanıblar

8 sentyabr, 13:22

Rektor Anar Eminov MDU-ya yüksək balla qəbul olunan tələbələrlə görüş keçirib

8 sentyabr, 13:03

Azərbaycan savadlılıq səviyyəsinə görə ilk 5-likdə – Savadlılıq səviyyəsi 100 faiz!

8 sentyabr, 12:10

Mebel, televizor, indi də … 3-cü peşəyə 46 yaşında yiyələndi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.