Bütün xəbərlər
5 may, 14:45

Bu il aprelin 25-30-da Bosniya və Herseqovinanın Sarayevo şəhərində 42-ci Balkan Riyaziyyat Olimpiadasında milli komandamız uğurla çıxış edərək 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 3 medal qazanıb.

“Azərbaycan müəllimi” medalçı şagirdlərlə həmsöhbət olub.

“Yarışda iştirak mənə ölkəmizin adını yüksəltmək şansı yaratdı”

Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın X sinif şagirdi Davud Tarverdili 42-ci Balkan Riyaziyyat Olimpiadasında bürünc medal qazanaraq ölkəmizə növbəti beynəlxalq uğuru yaşadıb.

Davud bildirib ki, bu olimpiadaya qatılmaq üçün əvvəlcədən seçim mərhələləri keçirilir və yalnız 6 nəfərlik komanda formalaşdırılır: “Bu yarışda iştirak mənə həm başqa ölkənin mədəniyyətini tanımaq imkanı verdi, həm də qazandığım nəticə ilə ölkəmizin adını yüksəltmək şansı yaratdı. Bu, qürurverici və unudulmaz hissdir. Bu uğurda ailəmin, məktəbimin və müəllimlərimin böyük rolu olub. Onlar hər zaman yanımda olub və mənə dayaq durublar. Bu dəstək mənim üçün çox önəmlidir”.

Davudun olimpiada təcrübəsi və uğurları təkcə bununla bitmir. O, 6-cı sinifdən müxtəlif fənn olimpiadaları və beynəlxalq yarışlara qatılıb. 6-cı sinifdə Respublika fənn müsabiqəsində riyaziyyat üzrə qızıl medal, 7-ci sinifdə fizika üzrə bürünc medal, 8-ci sinifdə isə riyaziyyat üzrə yenidən qızıl medal əldə edib. Həmin ildə o, Özbəkistanın Daşkənd şəhərində keçirilən Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadasında bürünc, Albaniyanın Tirana şəhərində keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında isə gümüş medal qazanıb.

9-cu sinifdə uğurları daha da artıb. Belə ki, Respublika fənn olimpiadası və Əl-Xarəzmi olimpiadasında qızıl, Türkiyənin Antalya şəhərində təşkil olunan Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında gümüş medal əldə edib. Bu il Avropa Riyaziyyat Kubokunda ikincilik diplomu əldə edən Davud Bosniya və Herseqovinada keçirilən Balkan Riyaziyyat Olimpiadasında qazandığı bürünc medalla özünün medal kolleksiyasını daha da zənginləşdirib.

O, medal qazanmağın çox sevindirici və qürurverici bir hiss olduğunu dilə gətirib: “Hər uğur mənə yeni motivasiya verir. Gələcək planım təhsilimi xaricdə - Böyük Britaniya, ABŞ və ya Sinqapur kimi ölkələrdə davam etdirməkdir. Hələlik ixtisas seçimi ilə bağlı qəti qərar verməmişəm, lakin kompüter elmləri və riyaziyyata marağım böyükdür”.
Boş vaxtlarında şahmat oynayan, müxtəlif intellektual oyunlarla maraqlanan Davud vaxtını düzgün bölməyə çalışır və məqsədlərinə doğru əzmlə irəliləyir.

“Ən çox zövq aldığım məqamlardan biri yaxın yoldaşlarımla eyni mühitdə qalmaq idi”

Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin IX sinif şagirdi Fərhad İskəndər isə yarışda gümüş medal qazanıb. O, riyaziyyata marağının 6-cı sinifdən yarandığını deyir: “Həmin il Respublika Fənn Müsabiqəsində iştirak etdim və qızıl medala layiq görüldüm. Bu uğur mənim olimpiada yolumda ilk addım oldu. Daha sonra ARTİ-nin Respublika fənn müsabiqəsinin qalibləri üçün təşkil etdiyi olimpiada dərslərinə qatıldım. Bu dərslər həm motivasiya, həm də biliklərimi inkişaf etdirmək baxımından çox faydalı oldu.

Fərhadın ilk dəfə canlı olaraq qatıldığı beynəlxalq yarış Balkan Riyaziyyat Olimpiadası olub. Ondan əvvəl isə onlayn şəkildə keçirilən Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadasında və Avropa Riyaziyyat Kubokunda iştirak edib, hər ikisində də birincilik əldə edib: “Balkan Olimpiadası mənim üçün çox dəyərli təcrübə oldu. İlk dəfə Avropa ölkəsinə səyahət etdim. Yarışın təşkili və iştirakçılar üçün yaradılan şərait çox yüksək səviyyədə idi. Ən çox zövq aldığım məqamlardan biri isə yaxın olduğum yoldaşlarla 6 gün eyni mühitdə qalmaq, birlikdə oyunlar oynamaq və gözəl xatirələr toplamaq idi. İmtahan 4 saat 30 dəqiqə davam etdi və 4 sualdan ibarət idi. İlk saatlarda həyəcanlı olsam da, birinci sualı həll etdikdən sonra rahatlaşdım və qalan suallara daha soyuqqanlı yanaşa bildim. Nəticədə 40 baldan 27 bal toplayaraq gümüş medala layiq görüldüm. Yarışdan sonra təşkil olunan ekskursiyalar da çox maraqlı və unudulmaz idi”.

Gələcək planları riyaziyyatla bağlıdır. O, ali təhsilini xarici universitetlərin birində bu istiqamət üzrə davam etdirməyi arzulayır. Bundan əlavə, musiqi də həyatının ayrılmaz hissəsidir. Hazırda “Fortepiano” ixtisası üzrə musiqi məktəbinin son sinfində təhsil alır. Musiqi ona həm rahatlıq verir, həm də yaradıcılığını inkişaf etdirməyə kömək edir.

“Riyaziyyata marağım kiçik yaşlarımdan başlayıb”

Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Yunis İsayev beynəlxalq riyaziyyat olimpiadasında uğurla çıxış edərək bürünc medal qazanıb. O bildirib ki, bu olimpiadada iştirak etmək üçün əvvəlcə komanda seçmə imtahanı təşkil olunur. İmtahanda ən yüksək nəticə göstərən 6 şagirddən biri də Yunis olub və bu uğuru sayəsində beynəlxalq yarışda ölkəmizi təmsil etmək hüququ qazanıb.

Yunis həm yerli, həm də beynəlxalq səviyyəli bir sıra yarışmalarda iştirak edib. Onun yerli səviyyədə Respublika fənn olimpiadaları və müxtəlif bilik yarışlarında, beynəlxalq arenada isə Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası, “İstedadların hazırlığı laboratoriyası” Beynəlxalq Olimpiadası və Balkan Riyaziyyat Olimpiadasında iştirak təcrübəsi var: “Riyaziyyata marağım hələ kiçik yaşlarımdan başlayıb. Bu marağımın formalaşmasında ailəmin dəstəyi, xüsusilə riyaziyyat olimpiadalarında uğur qazanmış əmioğlumun təsiri böyük olub”.

Yunis özünü bu sahədə inkişaf etdirməkdə qərarlıdır. Respublika fənn olimpiadasının qalibi olmaq və universitetə hazırlaşmaq əsas hədəfidir. Boş vaxtlarında futbol oynamaq, stolüstü tennislə məşğul olmaq, futbol izləmək, musiqi dinləmək və kitab oxumaq onun sevimli məşğuliyyətlərindəndir. İxtisas seçiminə gəldikdə, Yunis kompüter elmləri (və ya mühəndisliyi) və riyaziyyat arasında seçim etməyi düşünür. O, universitet seçimi ilə bağlı hələ dəqiq qərar verməyib.

Şərhlər

Xəbər lenti

5 may, 18:35

Naxçıvanda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

5 may, 17:50

Məktəbəhazırlıq qruplarında fəaliyyətin optimal idarə edilməsi ilk məktəb təliminin səmərəlilik amili kimi

5 may, 17:46

Tarix və coğrafiya fənləri üzrə RFO-nun qalibləri elan edildi

5 may, 17:30

Daşkənd Dövlət Texniki Universitetinin əməkdaşları ADNSU-da olublar

5 may, 17:17

Doktorantlar üçün növbəti seminar keçirilib

5 may, 17:10

Almaniyanın nüfuzlu universitetinin nümayəndələri AzTU-da olublar

5 may, 17:08

Şagird davranış qaydaları – “Çağdaş təhsildə təşkilatlanma”

5 may, 16:49

RFO-nun bu fənlər üzrə qalibləri açıqlandı

5 may, 16:38

ADNSU bp şirkəti və Britaniya institutu ilə əməkdaşlıq edəcək

5 may, 16:37

AzTU müəlliminin mentoru olduğu komanda robot olimpiadasının finalına vəsiqə qazanıb

5 may, 16:33

Yeni nəslin tərbiyəsi: Məktəbdən nə tələb olunur?

5 may, 16:32

Qeyri-formal təhsil xidmətləri üzrə yeni dövlət standartı qəbul edilib

5 may, 16:28

AzMİU-da məktəblilər üçün “Açıq qapı” günü keçirilib

5 may, 16:26

Almaniyanın Max Planck İnstitutunun doktorantı təcrübəsini tələbələrlə bölüşüb

5 may, 16:20

Rezidenturaya qəbul imtahan nəticələri açıqlanıb

5 may, 14:56

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

5 may, 14:45

Qarabağ Universitetinin nümayəndə heyəti Ağdam Sənaye Parkına səfər edib

5 may, 14:27

“TikTok”da müəllimlər üçün müsabiqə elan edildi

5 may, 13:54

“Rəqəmsal Bacarıqlar” təmayül siniflərə qeydiyyat davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.