
50 ilin universiteti - Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) 2024/2025-ci tədris ilində başa vuran tələbələr üçün “Məzun günü” idi. Məzun olmağı bacaran hər tələbə oradaydı. Elm və təhsil nazirinin müavini İdris İsayev, universitetin rəhbərliyi, bütün müəllimləri də yanlarındaydı - Bakı Kristal Zalında. Onları təbrikə gələnlər arasında tanınmış elm və ictimaiyyət xadimləri, dövlət qurumlarının nümayəndələri və valideynləri də vardı.
“Hərbi xidmətə gedirəm”
Təhsil aldıqları universitetin 50-ci ildönümündə bir təhsil səviyyəsi ilə, tələbəlik həyatı ilə, AzMİU ilə vidalaşırdılar. Özlərini xoşbəxt hiss etsələr də, həyəcanlarını da gizlədə bilmirdilər. Xoşbəxtliyi yerişindən bəlli olan məzunun özünü tanımadan adını öyrənirik. Kürəyində “Şahalı Şahalıyev” yazılıb. Şahalı “İnformasiya texnologiyaları” ixtisası üzrə məzun olur. İsmayıllı rayonundandır. 2021-ci ildən Bakıda tələbə həyatı yaşayır: “İxtisasım üzrə təhsil almaq maraqlı idi. Məncə, mənə lazım olan əsas baza biliyim formalaşıb. Artıq işləyirəm, amma işdən çıxmaq məcburiyyətindəyəm. Hərbi xidmətə gedirəm”.
“Burada çox şey öyrəndim”
Füruzə Kazımzadə də məzundur, amma magistratura səviyyəsindən. O, eyni ixtisas üzrə - “Geodeziya və xərtitəçilik mühəndisliyi” ixtisası üzrə başqa universitetdə bakalavriat, AzMİU-da isə magistratura səviyyəsini tamamlayıb: “İxtisasım memarlığa yaxındır. Bu ixtisas üzrə Memarlıq və İnşaat Universitetində təhsil səviyyəmi artırmağın doğru qərar olduğunu düşünürəm. Burada çox şey öyrəndim”.
Çox şey öyrənsə də, hələ öyrəndiklərini tətbiq imkanı olmayıb: “Hazırda nəqliyyat sahəsində işləyirəm. Ancaq öz ixtisasım üzrə fəaliyyət göstərməyi çox istəyirəm”.
Bakalavriat səviyyəsini 9 ilə bitirən məzunlar
Təbii, belə məzunlar da var - 4 illik bakalavriatı 9 ilə bitirənlər. Məsələn, Yasin Süleymanov 2016-cı ildə ali məktəbə daxil olub. “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisası üzrə Mühəndis kommunikasiya sistemləri fakültəsində III kursadək təhsil alsa da, yarımçıq qoyub hərbi xidmətə yollanıb: “Hərbi xidmətdə olduğum vaxt müharibə başladı və Qubadlı, Cəbrayıl, Füzuli uğrunda gedən döyüşlərdə iştirak etdim. Qayıtdıqdan sonra ailəmin təkidi ilə təhsilimə davam etməyi qərara aldım. Artıq 9 il əvvəl daxil olduğum universiteti bitirirəm”.
Yasin deyir modellik fəaliyyəti ilə məşğuldur və bundan sonra da bu istiqamətdə davam edəcək.
“Nümunəvi tələbə ola bilməsəm də, nümunəvi əsgər oldum”
Yasinin qrup yoldaşı Elçin Məhərli də 2016-cı ildən AzMİU-nun tələbəsi idi: “9 illik universitet həyatımız bu gün yekunlaşır. Təhsil almaqda maraqlı biri olmuşam. Amma imkansızlıqdan həm də işləməliydim və nəticədə 4 illik bakalavriat səviyyəsi üzrə təhsilim bitsə də, kreditini ödəmədiyim fənlər vardı. Kəsirlərimi düzəltmədən hərbi xidmətə yollandım. Mən hərbi xidmətdə olanda müharibə başladı. Nümunəvi tələbə ola bilməsəm də, nümunəvi əsgər, yaxşı döyüşçü oldum”.
2022-ci ildə hərbi xidmətdən qayıdıb kəsirim olan fənlər üzrə təhsilimə davam etdim. Bu dəfə nümunəvi tələbə oldum. Təhsildə uğur qazandım və indi məzun oluram”.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova bildirib ki, 2024/2025-ci tədris ilində ümumilikdə 2422 nəfər tələbə universiteti uğurla bitirib: “Onlardan 2301 nəfəri adi əsaslarla, 70 nəfəri isə fərqlənmə diplomu ilə məzun olub. Məzunlar sırasında 51 əcnəbi tələbə də yer alır ki, bu da AzMİU-nun beynəlxalq nüfuzunun və qlobal əməkdaşlıq imkanlarının göstəricisidir.
Bakalavriat səviyyəsini 1292, magistratura pilləsini 631 tələbə başa vurub: “Universitetin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin 499 məzunu ali və orta ixtisas təhsili səviyyəsində peşəkar inkişaf yoluna çıxır. Eyni zamanda, AzMİU-nun həyata keçirdiyi beynəlxalq ikili diplom proqramı çərçivəsində bu il 6 tələbə məzun olub ki, onlardan 5-i Azərbaycan, 1-i Türkiyə vətəndaşıdır. Bu göstəricilər universitetin çoxpilləli, çevik və beynəlxalq yönümlü təhsil strategiyasının uğurla reallaşdığını təsdiqləyir”.
G.Məmmədova əlavə edib: “Məzunlarımız ölkəmizin böyük tikinti şirkətlərində, memarlıq-layihələndirmə institutlarında, demək olar ki, bütün sahələrdə fəaliyyət göstərirlər. İşğaldan azad olunan Azərbaycan torpaqlarında məzunlarımızın iştirakı ilə genişmiqyaslı tikinti işləri gedir”.
Bu il Azərbaycanda 63 mindən çox gənc məzun oldu
Elm və təhsil nazirinin müavini İdris İsayevin sözlərinə görə, ölkədə təhsil sistemi müasirləşir, beynəlxalq standartlara uyğunlaşdırılır. Ali təhsilin əlçatanlığı getdikcə artır.
Nazir müavini vurğulayıb ki, təhsil dövlətin əsas prioritetlərindən biridir. O, valideynlərin də tədris prosesində aktiv iştirak etdiyi fikrindədir.
“Əgər bu kürsüdə bu gün uğurlarımdan danışıramsa...”
“Məzun günü”ndə müxtəlif fakültələri fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim olunub. Həmçinin təhsil müddətində ictimai fəallığı, innovativ təşəbbüsləri və sosial layihələrdə iştirakı ilə seçilən məzunlar xüsusi sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.
Onlardan biri də Mexanika və informasiya texnologiyaları fakültəsinin “İnformasiya texnologiyaları” ixtisasının məzunu Nihat Quliyevdir. Nihat qazandığı uğurlara görə müəllimləri, universiteti ilə yanaşı, dostlarına və valideynlərinə təşəkkür edib: “Tələbə yoldaşlarım Xədicə Babayeva və Elçin Hüseynliyə təşəkkür edirəm. Əgər bu kürsüdə bu gün uğurlarımdan danışıramsa, bu, onların da köməyi sayəsindədir”.
“Universitetdə qazandıqlarım gələcək fəaliyyətimdə də faydalı olacaq”
Daha bir mükafatçı Gülnar Lətifli “Marketinq” ixtisası üzrə təhsil alıb: “Universitetə qəbul olunandan bəri fəal tələbə oldum. Tələbə Gənclər Təşkilatı fəallarından biri idim. Bu gün də ictimai fəaliyyətimə görə mükafatlandırıldım”.
“Marketinq” ixtisası üzrə təhsil alsa da, dövlət qulluqçusu olmaq niyyətindədir: “Marketinq” ixtisası üzrə kadrlara tələbat var. Mən də ona görə bu ixtisası seçdim. Peşman deyiləm. Hesab edirəm ki, universitetdə qazandıqlarım gələcək fəaliyyətimdə də faydalı olacaq”.
“Qürur duyuram ki, belə gənclər arasında mənim də övladlarım var”
Valeh Lətifov həyəcanla qızının mükafatlandırılmasını gözləyir ki, əlindəki çiçəyi ona versin: “Qızım bir azdan mükafatlandırılacaq, həyəcanla onu gözləyirəm”.
O, qızlarının hər zaman və hər mənada yanındadır: “İki qızım var. Birinci qızım bitirib, indi ikinci qızım təhsilini tamamlayır. Gülnarın yüzlərlə sertifikat və diplomları var. Bizi həmişə sevindirib. Savadlı, gələcəyə inamlı övladlar yetişdirmək çox önəmlidir. Qürur duyuram ki, belə gənclər arasında mənim də övladlarım var”.
1 /14
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər