Bütün xəbərlər
19 avqust, 11:55

Son bir neçə ayda dünya oyuncaq sənayesində yeni trend çılğınlığı yaşanır. Dünyanın aparıcı KİV-inin və psixoloqlarının diqqət yetirdiyi bu axın “Labubu” adlı oyuncaqla bağlıdır.

“Labubu” nədir?

Elf və ya monstr formasında yumşaq, tüklü bədəni, iri gözləri, iti qulaqları olan və gülümsəyən bu obrazları 2015-ci ildə honq-konqlu rəssam Kasinq Lun yaradıb. Rəssam “The Monsters” seriyasının əsas personajı olan oyuncağı Skandinaviya folklorundan ilhamlanmaqla dizayn edib. 2019-cu ildə Çinin “Pop Mart” şirkəti “Labubu” fiqurlarının kütləvi istehsalına başlayıb və bu, oyuncağın dünya miqyasında populyarlaşmasına səbəb olub.

Kolleksiyanın ilk oyuncaqları 2015-ci ildən mövcud olsa da, sənət adamları və influserlər sayəsində “Labubu” 2025-ci ilin yazında məşhurluq zirvəsinə çatıb. Buna təkan verən isə 2024-cü ilin sonunda Cənubi Koreyanın qızlardan ibarət “Blackpink” qrupunun üzvü Lizanın və müğənni Rihannanın öz çantalarından “Labubu” oyuncağı asmaqları olub. “Labubu” trendi “TikTok” sayəsində öncə Çin, sonra Asiya, Kanada, ABŞ və Avropada məşhurlaşıb.

Bu oyuncaqların ağlagəlməz məşhurluğu kolleksiyaçıları onun bəzi köhnə modellərini axtarmağa məcbur edir. Dünyada oyuncağa tələbat o qədər artıb ki, “Pop Mart” şirkəti rəsmi saytında bir dəfəyə maksimum 6 ədəd oyuncaq almaq limiti müəyyənləşdirib. Oyuncağın bir çox modelləri tamamilə tükənib.

Yeri gəlmişkən qeyd edək ki, “Labubu” “TikTok”un məşhurlaşdırdığı ilk oyuncaq deyil. Bir neçə il əvvəl “Lyalya Fanfan” ördəkləri də eyni şəkildə trend olub. “Labubu”nu fərqləndirən cəhət odur ki, onu həm kolleksiyalaşdırmaq, həm oynamaq, həm də aksesuar kimi taxmaq olar.

Uşaq oyuncağı kimi yaradılan, sonra isə böyüklərin stil və status göstəricisinə çevrilən “Labubu” hamının diqqət mərkəzindədir. Onun inkişafını həm alıcılar, həm stilistlər, həm də psixoloqlar izləyir. Oyuncaqla bağlı moda stilisti Culiya Matos parents.com müsahibəsində deyib ki, “Bu, Z və Alfa nəsillərinin üslub, şəxsiyyət və onlayn mədəniyyətlə necə əlaqə qurduğunu çox yaxşı göstərən maraqlı prosesdir”. Matos bu dəbi bir vaxtlar “Beanie Babies”, “Tamaqotçi” və “Furby” kimi kütləvi kolleksiya asılılıqları ilə müqayisə edib. Amma “Beanie”, “Tamaqotçi” və “Furby” sosial media dövründən əvvəl populyarlaşıb, “labubu”lar isə “TikTok”un gücünə sahibdir.

“"Labubu"lar kolleksiyalaşdırıla bilindiyindən yeniyetmələri özünə çəkir. Onlar qeyri-adi görünüşləri ilə sosial şəbəkələrdə paylaşmaq üçün çox cazibədardır”. Bu oyuncaqlar həm də “TikTok”da məşhur olan “core” (özünəməxsus üslub) estetikasına tam uyğundur.

Stilistlər bildirir ki, “Bu gün fərdi üslub yalnız geyimlərlə deyil, toplanan kolleksiyalar və sosial mediada paylaşılan əşyalarla da ölçülür. “Labubu” yeniyetmə və gənclərin yaratdığı “estetik kimliyin bir parçasına çevrilib”. İndi çantadan “Labubu” asmaq və ya xüsusi modelləri toplamaq şəxsi üslubu nümayiş etdirməyin və ya trendə öz imzanı atmağın yollarından biri sayılır.

Bəs övladınıza “Labubu” almalısınızmı?

Uşaqlıq hər bir predmetin uşağın dünyasının bir hissəsinə çevrildiyi, emosiyaları, davranışları və gələcək düşüncə modellərini formalaşdırdığı dövrdür. Oyuncaqlar yalnız əyləncə vasitəsi deyil, həm də vacib psixoloji funksiyalar daşıyır: qorxularla mübarizə aparmağa, empatiyanı inkişaf etdirməyə və ətrafdakılarla qarşılıqlı əlaqəni möhkəmləndirməyə kömək edir.

Psixoloqlar bildirir ki, “labubu”lar – ilk baxışdan əyləncəli varlıqlar kimi görünsə də, onların “üz ifadəsi”ndən saxta mehribanlıq, hiyləgər baxış və bəzən də aqressiya oxunur.

Psixoloqlar Albert Banduranın eksperimentlərinə əsaslanaraq vurğulayırlar ki, uşaqlar gördükləri davranışları birbaşa təqlid edirlər. Əgər oyuncaq hiyləgərliyi və ya qəzəbi nümayiş etdirirsə, uşaq bunu oxşar hərəkətləri təkrarlamağa icazə kimi qəbul edir. Oyuncaq aqressiyanı “təsdiqləyirsə”, uşaq beyni bunu yadda saxlayır: “Belə etmək olar”.

6-7 yaşadək uşaqlar uydurma ilə həqiqəti ayırd edə bilmirlər. Əgər yumşaq canavar hiyləgərcəsinə “göz qırpırsa”, uşaq düşünə bilər ki, gecə canavar canlanacaq Nəticədə onun gecə qorxuları yarana bilər. Bu mərhələdə uşağın beyni fizioloji olaraq “oyunu” potensial təhlükədən ayıra bilmir.

Uşaq psixologiyası üzrə mütəxəssis Donald Vinnikott qeyd edib ki, oyuncaq uşaq üçün sabitlik və müdafiə simvolu olmalıdır. Lakin “Labubu” ikili mimikası ilə (məsələn, təbəssüm və dar gözlər) çox vaxt uşaqların şüuraltında narahatlıq yaradır. Azyaşlı uşağın təsəvvürü şəkillər üzərində qurulur. Əgər o, mehriban obrazlarla oynayırsa, dostluq və qarşılıqlı yardım hekayələri uydurur. “Yırtıcı” “Labubu” ilə isə onun beynində qurduğu ssenarilər təhlükəli ola bilər.

Mütəxəssislər uşaqlara “Labubu” əvəzinə neytral mimikaya malik kuklalar, inkişaf etdirici oyuncaqlar (konstrukturlar, pazllar) almağı tövsiyə edirlər.

Əgər siz artıq övladınıza “Labubu” almısınızsa, və o da oyuncağa bağlanıbsa, bu halda nə etməli?

  • “Labubu” uşağı qorxudurmu? Öncə bunu yoxlamağa çalışın. Bəlkə uşaq bu haqda danışmağa qorxur. Valideynin övladının davranışını müşahidə etməsi vacibdir: oyuncaq alındıqdan sonra uşaqda narahatlıq və ya aqressivlik olurmu?
  • Oyuncaqla bağlı müzakirə aparın: “Səncə, bu necə qəhrəmandır? Sən onun yerində olsaydın necə davranardın?” deyə soruşun.
  • Oyuncağı tədricən başqa oyuncaqla əvəz etməyə çalışın: ona yeni “mehriban” yumşaq dost təklif edin və “Labubu” ilə oyun vaxtını azaldın.

“Labubu” fenomeni həm müasir trendlər və sosial medianın gücünü, həm də oyuncaqların uşaqlar və böyüklər üçün fərqli məna daşıya bildiyini göstərir. Bir tərəfdən o gənclərin üslub və özünüifadə vasitəsinə çevrilib, digər tərəfdən isə uşaqlar üçün psixoloji risklər daşıya bilər. Bu səbədən də valideynlər seçim edərkən təkcə trendi deyil, həm də övladlarının psixoloji sağlamlığını nəzərə almalıdırlar. Oyuncaqlar nə qədər populyar və gözəl olsa da, onların yaratdığı emosional təsir hər şeydən önəmlidir.

Mənbə: “Azərbaycan məktəbi” jurnalı

Şərhlər

Xəbər lenti

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

19 avqust, 11:33

Hazırda 45 min azərbaycanlı Türkiyədə təhsil alıb

19 avqust, 11:30

Süni intellektə görə IT məzunları işsizliklə üzləşirlər – ARAŞDIRMA

19 avqust, 11:23

Avropa çempionu UNEC komandasına transfer olub

19 avqust, 11:21

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

19 avqust, 11:10

Komitə: Uşaqların sosial mediada qeyri-etik videolarda iştirakı narahatlıq doğurur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.