
Son günlər sosial şəbəkələrdə azyaşlı uşaqların iştirakı ilə yayılan və ictimaiyyətdə ciddi rezonans doğuran videolar geniş müzakirələrə səbəb olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müraciət yayıb. Müraciətdə qeyd olunur ki, xüsusilə azyaşlı qızların böyüklər üçün nəzərdə tutulmuş davranış və rəqs hərəkətlərini nümayiş etdirməsi, həm etik və mənəvi dəyərlər, həm də hüquqi baxımdan qəbuledilməzdir.
Komitənin mövqeyinə görə, bu cür halların yaranmasında əsas səbəb valideyn məsuliyyətinin yetərincə dərk edilməməsi, uşaqların rəqəmsal platformalarda nəzarətsiz qalması və düzgün maarifləndirilməməsidir. Valideynlərin və ailə üzvlərinin borcu uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsini təmin etməkdir.
Qurum xatırladır ki, uşaqların davranış və maraqları formalaşma dövründə vizual və emosional təsirlərdən asılı olaraq inkişaf edir. Bu səbəbdən sosial mediada yayılan qeyri-etik məzmunlar və “trendlər” onların psixoloji sağlamlığı üçün ciddi risk daşıyır.
Komitə həmçinin bunları vurğulayır:
– Azərbaycan qanunvericiliyinə görə uşaqların hüquqlarının pozulması və psixoloji inkişafına zərər vuran fəaliyyətlər yolverilməzdir;
– Azərbaycan 1992-ci ildən BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub və bu sənəd uşaqların istismarının bütün formalarına qarşı beynəlxalq hüquqi baza yaradır;
– Uşaqların qeyri-münasib formada çəkilmiş foto və videolarının paylaşılması onların hüquqlarının kobud şəkildə pozulmasıdır və pedofiliya, uşaq istismarı hallarına zəmin yarada bilər.
Müraciətdə valideynlərə, ictimaiyyətə və media nümayəndələrinə çağırış edilib. Qeyd edilib ki, uşaqların sosial şəbəkələrdə foto və videolarının paylaşılmasına diqqətlə yanaşmaq, onların izlədiyi rəqəmsal məzmunlara nəzarəti gücləndirmək, ziddiyyətli halları müvafiq dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına bildirmək, uşaqlara erkən yaşdan sosial mediadan düzgün istifadə qaydalarını öyrətmək vacibdir.
Sonda qeyd edilib ki, uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsi yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər