
Peşə təmayüllü siniflərdə təhsil alan, istedadına güvənən şagirdlər üçün “Sənin brendin, sənin imzan” adlı dizayn müsabiqəsi keçirilib. Bu şagirdlər öz xəyali brend, loqo, vizit kartlarını və s. dizaynlarını yaradaraq müsabiqədə nümayiş etdiriblər. Onlayn formada təşkil olunan müsabiqənin birinci və ikinci yerlərinin qalibləri Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin peşə təmayüllü sinif şagirdləri Qulu Tağıyev və Arəstə Abbasova, üçüncü yerin qalibi isə Ağsu şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Nihad Əhmədzadə olub.
“Azərbaycan müəllimi” birinci və ikinci yerlərin sahibləri, eləcə də onların qrup rəhbərləri ilə həmsöhbət olub.
Şagird olsa da, artıq biznesini qurmağa başlayıb
11-ci sinif şagirdi Qulu Tağıyev 8-9-cu siniflərdən başlayaraq qrafik dizayn sahəsi ilə maraqlanıb. Daha sonra peşə təmayüllü siniflər haqqında eşidib. Qrafik dizayn sahəsini ətraflı öyrənmək üçün təhsilini peşə təmayüllü siniflərdə davam etdirib.
Məktəbli bildirir ki, daim qrafik dizayn proqramları üzərində işləyir, yeni ideyalar düşünür, biliklərini inkişaf etdirməyə çalışır: “Bəzən əlavə, sərbəst onlayn gördüyüm işlərim də olur. Dizaynla bağlı yarışmalara qatılmağı sevirəm. Qeyri-adi ideyalar üzərində işləmək və yaradıcılığımı göstərmək mənə həmişə maraqlı olub. Məktəbimizdə peşə təmayüllü 10 “p” və 11 “p” sinifləri arasında keçirilən “Yaşıl dəyişiklik” fotomüsabiqəsində iştirak etdik və 11 “p” sinfi olaraq 1-ci yerə layiq görüldük. “Sənin brendin, sənin imzan” müsabiqəsinin mövzusu da diqqətimi çəkdi və düşündüm ki, iştirak etməyə dəyər”.

Müsabiqədə 1-ci yeri qazanmağın sevincini bölüşən Qulu vurğulayır: “Mən avtomobil şirkəti yaratmaq qərarına gəldim. Qrafik dizaynla yaratdığım avtomobilin adı “Velon”dur. “Velon” sadəcə bir avtomobil deyil, güc və dinamikanın simvoludur. Müasir dizaynı, aerodinamik forması və yüksək performansı ilə “Velon” sərhədləri aşmağa çağırır. Dizaynda verilən avtomobil şəkillərini “Adobe İllüstrator” proqramında “Pen Tool” aləti ilə eskizini çəkib süni intellekt vasitəsilə canlandırmışam. Layihənin ideyası və hazırlanması sırf özümə məxsusdur. Müsabiqədə qalib olduğumu eşidəndə çox sevindim. Bu uğur mənə göstərdi ki, doğru yoldayam. İndi daha böyük həvəslə öyrənmək və öz üzərimdə çalışmaq istəyirəm”.
Qulu Tağıyev məktəbdə oxumaqla yanaşı, dizayn işlərini sifariş götürərək evdən işləyir və bununla qazanc da əldə edir. Beləliklə, o, artıq öz biznesini qurmaqla məşğuldur. Qulunun hədəfi qrafik dizayn sahəsi üzrə inkişaf etmək, dizaynın digər qollarını öyrənmək və gələcəkdə öz brendini yaratmaqdır.

“Kitab mağazası yaratmaq ideyası üzərində işlədim və “Butterfly library” adlı brendimi yaratdım”
Qulu Tağıyevin sinif yoldaşı Arəstə Abbasova “Sənin brendin, sənin imzan” müsabiqəsində “Butterfly library” layihəsi ilə 2-ci yerə layiq görülüb. Onun sözlərinə görə, 9-cu sinifdə oxuyarkən müəllimlər peşə təmayüllü siniflər haqqında şagirdlərə məlumat veriblər: “Mən öyrəndim ki, bu siniflərdə həm dərslər keçirilir, həm də peşə bacarıqlarını öyrənib inkişaf etdirə bilirik. Rəsmə və kompüter proqramlarına marağım olduğu üçün qrafik dizayn üzrə təhsil almağa qərar verdim. “Qrafik dizayner” ixtisası üzrə işləyib özümü inkişaf etdirməyə çalışıram. Bundan əlavə, kitab oxumağı çox sevirəm”.

Arəstə bildirir ki, bu müsabiqə barədə öyrənib və mövzu onun marağına səbəb olub. Düşünüb ki, özünü müsabiqədə sınaya bilər: “Öz fikirlərimi və bacarığımı göstərmək istədim. Ona görə də müsabiqədə iştirak etmək qərarına gəldim. Kitab mağazası yaratmaq ideyası üzərində işlədim və “Butterfly library” adlı brendimi yaratdım. Bu, uşaqlar və gənclər üçün maraqlı, rəngarəng və rahat bir kitab mağazası ideyasıdır. İnsanlar burada həm oxumağı sevəcək, həm də kitab mağazasında vaxt keçirməkdən zövq alacaqlar. Kitab mağazam adına uyğun dizayn ediləcək. Layihənin ideyası mənə məxsusdur. Hazırlıq prosesində mənə qrafik dizayn üzrə ixtisas müəllimi Ülkər Mustafayeva kömək edib. Layihəm məktəbimizin müəllimləri tərəfindən çox bəyənildi. Müsabiqədə ikinci yeri tutdum. Mənim üçün müsabiqədə yer tutmaq çox sevindiricidir. Qalibiyyətim mənə bu sahə üzrə daha da özümü inkişaf etdirmək üçün güc verir”.
Məktəblinin gələcək planı dizayn sahəsində uğurla irəliləmək, yeni ideyalar yaratmaq, eyni zamanda, hazırladığı brendi gərçəkləşdirməkdir. Arəstə sinif yoldaşı Qulu kimi dizayn işlərindən gəlir əldə etməsə də, gələcəkdə öz biznesini qurmaq arzusundadır.
“Bu uğur onların istedadı, zəhməti və özlərinə olan inamlarının nəticəsidir”
Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin peşə təmayüllü siniflərinin qrup rəhbəri, informatika müəllimi Könül Tağızadə “Azərbaycan müəllimi”nə bildirir ki, bu siniflərdə ilk dəfə “Qrafik dizayner” ixtisas müəllimi kimi fəaliyyətə başladığı vaxtdan Qulu Tağıyev və Arəstə Abasova şagirdləri arasında olublar. Onlar ilk gündən istedadları, maraqları və öz üzərlərində çalışma əzmləri ilə seçiliblər. Könül müəllim deyir: “Hazırda Qulu və Arəstənin qrup rəhbəri kimi fəaliyyət göstərmək və bu yolda onları müşayiət etmək mənim üçün böyük qürurdur. “Sənin brendin, sənin imzan” dizayn müsabiqəsinin elanını görəndə dərhal düşündüm ki, bu yarışma onların yaradıcılıqlarını sərbəst ifadə edə biləcəkləri üçün gözəl fürsətdir. Onlara mütləq qatılmağı tövsiyə etdim. Çox sevinirəm ki, bu gün onlar respublika üzrə birinci və ikinci yerlərin qalibləridirlər. Bu uğur, ilk növbədə, onların istedadı, zəhməti və özlərinə olan inamlarının nəticəsidir”.
Qrup rəhbəri şagirdlərə dəstək olan, hazırda “Qrafik dizayner” ixtisas müəllimi kimi çalışan Ülkər Mustafayevanın da əməyini xüsusi qeyd edərək ona bu uğurda verdiyi töhfəyə görə təşəkkür edib: “Qulu və Arəstənin bu nailiyyəti bizim üçün böyük sevinc və qürur mənbəyidir. Şagirdlərimlə fəxr edirəm və inanıram ki, qarşıda onları daha böyük uğurlar gözləyir”.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər