Bütün xəbərlər
18 iyun, 10:00

Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi statistikaya görə, 2024-2025-ci tədris ili üzrə keçirilmiş qəbul imtahanlarında kənd rayonlarının bəzi məktəblərinin məzunlarının göstəriciləri əksər şəhər məktəbləri məzunlarının göstəricilərindən daha yüksəkdir. Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinin arasında da yüksək nəticələri olan belə məktəblər var. 

“Azərbaycan müəllimi” olaraq Azərbaycan dili və ədəbiyyat fənni üzrə qəbul göstəricilərinə görə xüsusi fərqlənən məktəblərdən biri olan Lənkəran rayonu Gərmətük qəsəbə tam orta ümumtəhsil məktəbinin müəllimi Pərvin Əkbərova ilə görüşüb söhbətləşdik. Pərvin müəllim 1990-cı ildə Lənkəran rayonunun Xolmili kəndində ziyalı ailəsində dünyaya gəlib. 2007-ci ildə orta məktəbi bitirib, ali təhsilini isə “Azərbaycan dili və ədəbiyyat” ixtisası üzrə bakalavr və magistr pillələrində başa vurub. Artıq 14 ildir ki, doğma rayonunda müəllimlik edir.

Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Pərvin Əkbərova bu il şagirdlərinin qəbul imtahanında qazandığı yüksək nəticələrlə həm məktəbin, həm də rayonun adını bir daha ucaldıb. Müəllim özü də deyir ki, bu nəticələr sadəcə şagirdlərin deyil, eyni zamanda müəllimin, ailənin və məktəbin ortaq zəhmətinin bəhrəsidir: “Müəllim, valideyn, şagird üçlüyü vəhdətdə olduqda, doğrudan da, nəticə gözəl olur. Tək əldən səs çıxmaz. Məsuliyyətli şagird, işini sevən müəllim, valideyn nəzarəti, müəllim-valideyn əməkdaşlığı gözəl nəticənin təminatıdır”.

Söhbətimizdən məlum oldu ki, bu uğurun təməlində əsasən sistemli və məqsədyönlü fəaliyyət dayanır. Tədris ilinin əvvəlindən buraxılış imtahanlarına hazırlıq üçün xüsusi proqram hazırlanıb, şagirdlərlə həm məktəb saatlarında, həm də məktəbdənkənar vaxtlarda ardıcıl məşğələlər keçirilib. “Şagirdlərimizin builki uğurlu nəticələri bizi çox sevindirir. Çünki biz onların sanki ruhuyuq. Bizi daşıyan şagirdlərdir. Baxın, sizin məni tanımağınıza səbəb onlardır. Şagirdlərimizin uğurlu göstəricilərinin səbəbləri davamlı məşğələlər, buraxılış üçün hazırladığımız xüsusi proqram əsasında tədris ilinin əvvəlindən qurduğumuz təlim mühiti, eyni zamanda, şagirdlərin məsuliyyətlə, həvəslə çalışmasıdır. Yanvar ayından həm 11, həm 9-cu siniflər üzrə könüllü onlayn məşğələlərə başladıq.  Məşğələlər mayın 22-də başa çatdı. Həm XI sinif buraxılış, həm IX sinif buraxılış, həm də III qrup şagirdləri məşğələlərə qatılırdılar”, - deyə Pərvin müəllim bildirir.

O, dərslərdə fərdi yanaşmaya da xüsusi önəm verir. Şagirdlərin oxuyub-anlama qabiliyyətini artırmaq üçün onların maraqlarına uyğun mətnlər seçir, dərslərə müasir təlim metodları əlavə edir. “Dil qaydaları üzrə məktəb saatı bizə yetir. Oxuyub-anlama üçün bəzi şagirdləri nəzərə alıb oxuyub-anlama dərnəyində məşğul olurduq”,- deyir. Hətta motivasiya məqsədilə şagirdlərin adlarını dərs nümunələrində istifadə edir: “Əli bunu bacarar, lakin o, tənbəldir”, “Nihad yazır, ancaq oxumur”, “Müəllim əsəbiləşdimi, hamımızı danlayar” və s. bu kimi maraqlı cümlələrlə həm dərs prosesini rəngarəng edir, həm də uşaqların diqqətini cəlb edir.  

Şagirdləri ruhlandırmaq üçün müəllim kiçik hədiyyələr vəd edir: “Buraxılışdan 90+ bal yığana hədiyyə məndən, tam bal - 100 bal yığana isə xüsusi hədiyyə!” Bu təşviq üsulu şagirdlərin marağını daha da artırır. 

O, şagirdlərin yazılı və şifahi nitqinin inkişafına da diqqət yetirir: Esse yazmaq, təqdimatlar hazırlamaq, debat və diskussiyalarda iştirak etmək mütləqdir: “Bu zaman meyarı da açıqlayıram ki, nəzərə alsınlar. Şifahi nitqi inkişaf etdirmək üçün debat, diskussiya təşkil edirik. Nitqlərini bədii nümunələrlə zənginləşdirməyi, sitatlar gətirməyi də unutmuruq. Şagirdlərlə ilk gündən anlaşırıq ki, insan dinlənildiyi hiss edəndə daha gözəl danışır, anladır. Dinləmə mədəniyyəti formalaşır beləcə. Hər hansı mövzunu, yoldaşın fikrini tam dinləyərək, sonda münasibət bildirməklə şifahi nitqləri inkişaf edir”.

Pərvin müəllim yüksək imkanlara sahib olmayan kənd məktəbinin şəhər mərkəzlərində yerləşən məktəblərdən belə geri qalmadığını deyir: “Heç bir xırda çətinlik təlim prosesinə təsir etmir. Biz hər şəraitdə yüksək səviyyədə dərs deməyi bacarırıq. Keçən tədris ili üzrə 5 şagirdimiz 600+ bal topladı, onlardan dördünün dil üzrə məşğələ müəllimi biz idik. Bu il buraxılışda tam bal yığan bir şagirdimiz, 90+ yığan ona yaxın şagirdimiz var”.

Novator müəllim Ana dili üzrə ən çox çətinliyin fonetika və sintaksis bölməsində yarandığını deyir: “Oxuyub-anlama üzrə də çətinliklər ola bilir. Təbii ki, bu şagirdə görə dəyişir. Bu çətinliyi aradan qaldırmaq üçün nə edirik? Öyrənməyi öyrədirik. Motivasiya öz yerində! Çalışmadan qaydaya, qaydadan təkrar tətbiqə keçid edirik. Bəzən şagirdlərə şərait yaradırıq ki, “yoldaşına sən dəstək ol”. O situasiyanı görsəniz... Ondan böyük zövq ola bilməz. Necə anlatmağa çalışırlar geridə qalan yoldalarına... Bu da “İnsan öyrədəndə daha çox öyrənir” fikrinin sübutudur”.

Pərvin müəllim gələcək planları barədə də danışdı: “Gələcəkdə Azərbaycan dili və ədəbiyyatı şagirdlərimizə sevdirmək üçün daha fərqli üsul və vasitələrdən istifadə edərək təlim nəticəsinə tam nail olmaqdır. Çünki Azərbaycan dilini bilmədən heç bir xarici dili mükəmməl öyrənmək olmaz. Biz Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq məsuliyyətimizi dərk edirik, bu istiqamətdə məqsədyönlü fəaliyyət göstəririk. Ədəbiyyat fənnindən isə mənim öz arzularım var. Ana dili gecəsində, rollu oyunlar zamanı və ya başqa tədbirlərimizdə şagirdlərin marağının bir başqa olduğunun şahidiyəm. İnanın ki, təlim nəticəsi yüksək olmayan şagirdlər belə o obrazları necə sevə-sevə canlandırırlar, rolun mətnini öyrənirlər. Mən istəyərdim ki, məktəblərdə teatr dərnəyi olsun, qarderobumuz olsun. O zaman bir çox şagirdlərin həyatını dəyişə bilərik. Mən buna inanıram. Biz var gücümüzlə çalışırıq, ümid edirik ki, nəticələrimiz daha da gözəl olacaq”.

O, “Böyük dahilər balaca çadırlardan çıxır, mən bu uşaqların parlayacaqlarına inanıram”, - deyir. Sonda isə illərdir ki,  hər tədris ilinin əvvəlində şagirdlərinə göndərdiyi motivasiya mesajını xatırladır: “Hər birinizin daxilində bir günəş var. Onu parıldatmaq, daxilinizdə işıqlı günün doğması sizin əlinizdədir. Bacararsınız, mən sizə inanıram!”.

Pərvin müəllimin bu sözləri təkcə şagirdlərinə deyil, elə bütün müəllimlərə də örnək olacaq gücdədir.

1 /1

Şərhlər

Xəbər lenti

18 iyun, 13:33

Sertifikatlaşdırmadan uğurla keçənlər: İmtahan o qədər də çətin olmayıb

18 iyun, 13:29

AzMİU ilə Ankara Universiteti arasında əlaqələr genişlənir

18 iyun, 13:23

Kiçiklər üçün böyük imkanlar - Sabirabadda müasir bağça

18 iyun, 13:14

Sertifikatlaşdırmada maksimum bal toplayan müəllim: Dərsliklərdəki məlumatlar kifayət etdi

18 iyun, 13:06

Naxçıvanın təhsil naziri: Sertifikatlaşdırma tam şəffaf keçirilir 

18 iyun, 12:48

Mingəçevir Dövlət Universitetinin rektoru abituriyentlərlə görüşüb 

18 iyun, 12:40

Sabahın hava proqnozu açıqlanıb

18 iyun, 12:39

“İllərin təcrübəsi imtahanda öz sözünü deməlidir” 67 yaşlı müəllim

18 iyun, 12:17

“TikTok” müəllimlər üçün keçirdiyi müsabiqənin qaliblərini AÇIQLADI

18 iyun, 12:15

ADU-nun tələbəsi beynəlxalq döyüş arenasında uğur qazanıb

18 iyun, 11:55

MÜTDA: 10 min namizəd eyni anda imtahan verə bilər 

18 iyun, 11:52

Nurlan İsmayılbəyli: Sertifikatlaşdırma imtahanında davamiyyət 95 faizdir

18 iyun, 11:21

Nazir “City Hong Kong” Universiteti və “Asia Greentech” Fondunun rəhbərləri ilə görüşüb

18 iyun, 11:19

Psixoloqlar müsahibəyə cəlb olunacaq

18 iyun, 11:12

Məleykə Abbaszadə: Riyaziyyat fənni üzrə nəticələr aşağıdır

18 iyun, 11:12

Bu il III qrupun bəzi ixtisaslarının balları arta bilər

18 iyun, 11:00

"Bəzən şagirdlər diqqət çəkmək üçün hüquqazidd hərəkətlərə əl atırlar" – MÜSAHİBƏ – VİDEO

18 iyun, 10:59

ATİAHİ Respublika Komitəsinin V Məclisinin iclası keçirilib

18 iyun, 10:50

ADNSU BƏƏ Universiteti ilə əməkdaşlıq edəcək

18 iyun, 10:39

Bu gün Naxçıvanda 64 müəllim sertifikatlaşdırma imtahanı verəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.