Bütün xəbərlər
28 dekabr, 09:56

XIX əsrin II yarısı və XX əsrin əvvəllərində qədim Azərbaycan şəhəri olan İrəvanda güclü maarifçilik mühiti formalaşıb. Qafqazın çar Rusiyası tərəfindən işğalından sonra burada maarifçiliyin və məktəb təhsilinin inkişafında yeni meyillər yaranıb. Şuşada açılan qəza məktəbindən iki il sonra İrəvanda ilk ikisinifli qəza məktəbi (1832) açılıb. 1844-cü ildə qəza məktəbi üçsinifli qəza məktəbinə, sonra progimnaziyaya (1868), daha sonra isə gimnaziyaya (1881) çevrilib. 1881-ci ildə İrəvan Müəllimlər Seminariyası açılıb. İrəvan rus-tatar (Azərbaycan) məktəbi fəaliyyətə başlayıb, ildən-ilə dünyəvi məktəblərin və təhsilə cəlb edilən azərbaycanlıların sayı artıb.

Mirzə Qədim İrəvaninin nəsli: mədəni irsin daşıyıcıları

İrəvanda maarifçilik mühitinin formalaşmasında müstəsna xidmətləri olan görkəmli ziyalılardan biri də XIX əsrdə yaşamış Azərbaycanda panel rəssamlığının əsasını qoyan böyük rəssam Mirzə Qədim İrəvani idi. Peşəkar rəssam təhsili almasa da,  istedadı və zövqü sayəsində çox böyük  məşhurluq qazanıb. Rus, fransız, fars dillərini mükəmməl bilən İrəvani Qərbi Avropa, rus, Şərq müəlliflərinin əsərlərindən ibarət zəngin kitabxanaya sahib olub. 1875-ci ildə kollec asessoru rütbəsində vəfat edən İrəvaninin ailəsi həm də maarifçi ziyalılar  nəsli kimi tanınıb. Onun ailəsində Ələkbər və Ələsgər İrəvani kimi tanınmış insanlar olub.

Ələkbər bəy 1859-cu ildə İrəvan şəhərində anadan olub, İrəvan kişi gimnaziyasında təhsil alıb, şəhər teleqraf mərkəzində 4-cü dərəcəli teleqrafçı və quberniya katibliyində işləyib. “Şiri Xurşid” ordeni, üzərində Aleksandr Nevskinin lenti olan gümüş medalla təltif edilib. Haqqında bəhs etmək istədiyimiz  Əfşan xanım onun  övladıdır. 

Nəvəsi Əfşan Qədimbəyova

1914-cü ildə İrəvan şəhərində Ələkbər  bəyin Fatma xanım Süleymanbəyova ilə ailəliyindən dünyaya gələn 3-cü övladıdır. Amma bəzi mənbələrdə onun 1915-ci ildə anadan olduğu bildirilir. 1918-ci ildə İrəvanda erməni daşnaklarının törətdikləri  qətliam nəticəsində  on minlərlə soydaşımız öldürüldü, diri-diri quyulara dolduruldu və yandırıldı. XIX əsrin əvvəllərində əhalinin mütləq əksəriyyətini təşkil edən azərbaycanlı ailələr Türkiyə, Batum, Tiflis və Azərbaycanın müxtəlif şəhərlərinə  köçmək məcburiyyətində qaldı. İrəvanda böyük şan-şöhrət və mülk sahibi olan Əfşan xanımın ailəsi də Mustafa bəy Topçubaşovun, Heydər Hüseynovun, Səid Rüstəmovun, Cəfər Xəndanın (Hacıyev), Hüseyn Seyidzadənin, Əhməd Cəmilin  ailəsi kimi Bakıya köçmək məcburiyyətində qaldı. 1918-ci ildə atasını itirən Əfşan xanım  Münəvvər və  Mənzərlə birlikdə Bakı şəhərində məskunlaşdı.

Təhsil illəri

Ziyalı ailəsində dünyaya gələn Əfşan xanım bütün maddi və mənəvi sıxıntılara baxmayaraq təhsildən ayrılmayıb. 1921-1926-cı illərdə Bakı şəhərindəki 1 saylı nümunəvi orta məktəbdə, 1926-1929-cu illərdə Bakı  Pedaqoji Texnikumunda təhsil alıb. Həmin dövrdə ölkədə ümumi icbari təhsilin həyata keçirilməsi, savadsızlığın ləğvi uğrunda gərgin mübarizə gedirdi. Mədəni inqilab həyatın bütün sahələrini öz ağuşuna almışdı. 

1929-cu ildə  texnikumu bitirən Əfşan xanım Azərbaycan SSR Xalq Maarif Komissarlığı tərəfindən Şəki şəhərinə göndərilib. O, iki il Şəki şəhərindəki məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçi işləyib. 1931-ci ildə  Xalq Maarif Komissarlığı tərəfindən Bakıya dəvət olunaraq  1930-cu ildə yenidən təşkil edilən Azərbaycan Ali Pedaqoji İnstitutuna ali təhsil almağa göndərilib. Həmin dövrdə ali məktəbə qəbul zamanı Azərbaycan KP-nin rayon, vilayət şöbələri, Xalq Maarif Komissarlığı, Həmkarlar İttifaqı Şurası, Fəhlə fakültəsi, siyasi idarə, hərbi hissə (oğlanlar üçün) tərəfindən verilən göndərişlərə  üstünlük verilirdi. Xalq Maarif Komissarlığının göndərişi əsasında Ali Pedaqoji İnstitutun  Pedaqoji fakültəsinə daxil olan Əfşan Qədimbəyova 1931-1935-ci illərdə burada təhsil alıb. Həmin dövrdə instituta Məmməd Bayramov, Bəşir Bünyatov və Mirzə Məmmədov rəhbərlik edib. Orta məktəbdə müəllim işləmək hüququ qazanan Əfşan xanım təhsilini davam etdirmək məqsədilə Moskvaya gedərək orada S.Bubnov adına Moskva Pedaqoji İnstitutunun aspiranturasına daxil olub. Rus və ingilis dillərini mükəmməl bilən Əfşan Qədimbəyova 1935-1937-ci illərdə  Moskvada aspirantura  təhsili alıb, Azərbaycanda məktəbəqədər tərbiyənin tarixi ilə bağlı araşdırmalar aparıb. 

Pedaqoji fəaliyyət

Aspirantura təhsilini uğurla başa  vuran Əfşan Qədimbəyova Bakıya qayıdaraq Pedaqoji İnstitutda elmi-pedaqoji fəaliyyətə başlayıb. Həmin dövrdə məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi genişləndirildiyindən tərbiyəçi-müəllim hazırlığına xüsusi önəm verilirdi. Bu məqsədlə 1936-cı ildə Pedaqoji fakültənin məktəbəqədər tərbiyə şöbəsinin  əsasında müstəqil Məktəbəqədər tərbiyə fakültəsi təşkil edilib, Dilrubə Mustafayeva fakültənin dekanı təyin olunub. Fakültədə pedaqoji fənləri  fakültə dekanı Dilrubə Mustafayeva, Gülrux Qədimbəyova (o, Əfşan xanımın əmisi oğlu Kamal bəyin həyat yoldaşı olub) Şahbəyim Cəfərova və Əfşan Qədimbəyova tədris edirdi.

 Fakültənin əməkdaşları 1937-ci ildə Moskvada elmi ezamiyyətdə olarkən N.K.Krupskaya ilə görüşüb, respublikada uşaq bağçası şəbəkəsinin inkişafı, metodik ədəbiyyatın nəşri, kənd yerlərində uşaq bağçalarının təşkili, məktəbəqədər kadr hazırlığı  və s. məsələləri geniş  müzakirə ediblər. Fakültə müstəqil olaraq 5 il fəaliyyət göstərib. İlk vaxtlar Əfşan xanım institutun Pedaqogika kafedrasında fəaliyyət göstərmiş, sonra ictimai əsaslarla Məktəbəqədər pedaqogika kafedrasına rəhbərlik edib.

30 aprel 1941-ci ildə V.İ.Lenin adına APİ-nin direktoru Cəbrayıl Ələsgərovun imzaladığı arayışda bildirilir ki, Əfşan Axundova (Qədimbəyova) 1 sentyabr 1937-ci ildən 17 iyul 1941-ci ilə kimi ADPİ-nin Məktəbəqədər pedaqogika kafedrasında işləyib. Çoxşaxəli fəaliyyəti ilə diqqəti cəlb edən Əfşan Qədimbəyova həmin illərdə həm də Bakı Şəhər Xalq Təhsili İdarəsində metodist və direktor vəzifələrində çalışıb.

1941-ci ildə Hitler Almaniyasının  SSRİ-yə qəflətən hücumu nəticəsində II Dünya müharibəsinin sərhədləri genişləndi. Ölkədə quruculuq işlərinə ara verildi, institutun müəllimlərinin və tələbələrinin  böyük bir hissəsi cəbhəyə səfərbər olundu. Pedaqoji İnstitutda oxuyan tələbələrin sayı kəskin azaldı. 1941-ci ilin yanvar ayında direktor Ələsgər Həşimov institutda fakültələrin birləşdirilməsi, qrup və birləşmələrin sayının azaldılması, bəzi ixtisasların digər institutlara verilməsi ilə bağlı Azərbaycan KP MK partiya təbliğatı şöbəsinə məktub  ünvanladı. Məktubda Məktəbəqədər fakültənin ləğv edilməsi, M.F.Axundov adına Müəllimlər İnstitutunun nəzdində məktəbəqədər tərbiyə müəssisələri üçün işçilərin hazırlanması üçün fakültənin yaradılması təklif edildi. Beləliklə, Pedaqoji İnstitutda məktəbəqədər tərbiyə mütəxəssislərinin hazırlığına son qoyuldu. Fakültənin dekanı D.Mustafayeva Azərbaycan Dövlət Universitetinin Pedaqogika-psixologiya kafedrasına köçürüldü.

İctimai-siyasi fəaliyyət

1928-ci ildən ÜİLKİ-nin, 1942-ci ildən Sovet İKP-nin üzvü olan Əfşan Qədimbəyova bacarıqlı təşkilatçı, fəal ictimaiyyətçi və gənc kommunist  kimi Azərbaycan LKGİ-də işə dəvət olundu. 22 oktyabr 1956-cı ildə Azərbaycan LKGİ MK katibi N. Hacıyevin  imzaladığı arayışda yazılır: “Axundova Əfşan Ələkbər qızı 18 iyun 1942-ci ildən  28 fevral 1946-cı ilə kimi  Azərbaycan LKGİ-nin katibi vəzifəsində  işləyib. Ölkə üçün olduqca çətin və məsuliyyətli bir dövrdə respublika komsomolçularının ön və arxa cəbhədə fəaliyyətinin təşkilində böyük rol oynayan Əfşan xanım partiya işinə irəli çəkilir”. 1 mart 1946-cı ildən 17 noyabr 1947-ci ilə kimi Əfşan xanım Azərbaycan Tibb İnstitutunda partiya təşkilat katibi vəzifəsində çalışıb. Sonra o, daha yüksək vəzifəyə - Azərbaycan KP MK-nın partiya təşkilatları ilə iş şöbəsinin müdirinin müavini vəzifəsinə irəli çəkilib. Azərbaycan KP MK-nın  İşlər İdarəsi tərəfindən 23 iyun 1955-ci ildə Ə.Qədimbəyovaya verilən arayışda bildirilir ki, o, 17 noyabr 1947-ci ildən 1 oktyabr 1949-cu ilə kimi həmin vəzifədə çalışıb.

35 yaşlı rektor

Zəngin idarəetmə təcrübəsinə malik olan Əfşan Qədimbəyova 1949-cu ilin oktyabrın 1-də  Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna direktor vəzifəsinə təyin olunur. 1948-1949-cu tədris ilində Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xarici dillər fakültəsinin bazasında təşkil edilən institut hələ tam formalaşmamışdı. İnfrastruktur zəif idi, zəruri avadanlıqlar çatışmırdı, kafedraların yüksəkixtisaslı elmi-pedaqoji kadrlarla təminatında  xeyli çətinliklər var idi. Cəmi 1 il fəaliyyət göstərən institutda həm tədrisin, həm də elmin təşkilində çoxlu problemlər var idi. Əfşan xanımın yüksək təşkilatçılığı və idarəetmə qabiliyyəti sayəsində institut qısa bir müddətdə xeyli uğurlara imza atdı. Onun məqsədyönlü və təşkilatçılığı nəticəsində 1950-1951-ci tədris ilində instituta tələbə qəbulu planı iki dəfə artırıldı, struktur dəyişikliyi həyata keçirildi, yeni kafedralar yaradıldı və elmi-pedaqoji kadrlarla təmin edildi. Əfşan Qədimbəyovanın  institutun  direktoru olduğu 1949-1955-ci illərdə buraya 1205 tələbə qəbul olunub,  əyani şöbəni 778, qiyabi şöbəni  192 tələbə  bitirib. 1948-1949-cu tədris ilində institutda 366 tələbə təhsil aldığı halda, 1954-1955-ci tədris ilində onların sayı  823-ə yüksəlib. Əfşan xanımın təşəbbüsü ilə ümumtəhsil məktəblərində xarici dildən əlavə, yeddiillik məktəblərdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edə biləcək müəllim hazırlığına başlanıldı.  Həmin dövrdə institutun əməkdaşları ayrı-ayrı rayonlarda müəllim və şagirdlərin qonağı olur, daha bacarıqlı gənclərin ali məktəbə cəlb edilməsinə çalışırdılar. Əfşan xanım özü də təbliğat aparmaq üçün rayonlarda olurdu. 27 yanvar 1951-ci ilə aid arxiv sənədində Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun direktoru Əfşan Qədimbəyovanın 27 yanvardan 10 fevrala kimi Qaryagin (Füzuli) rayonunda ezamiyyətdə olması bildirilir.

İctimai-siyasi fəallığın parlaq nümunəsi

Həmin illərdə respublikada ictimai-siyasi fəallığı ilə seçilən qadın rəhbər işçilərdən biri olan Əfşan Qədimbəyova Bakı Şəhər Sovetinə və Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 1953-cü ildə Azərbaycan SSR Ali Sovetinin sədri akademik Mustafa Topçubaşovun müavini olub.

1955-ci ildə Azərbaycan Pedaqoji  Xarici Dillər İnstitutuna Rəfiqə Hüseynovanın direktor vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq Əfşan Qədimbəyova həmin ilin 6 sentyabrında institutun pedaqogika və psixologiya kafedrasına baş müəllim vəzifəsinə təyin olunur. Həmin dövrdə kafedra müdiri tanınmış psixoloq alim Surxay Hacıyev idi. 

Geniş ictimai-siyasi fəaliyyətlə məşğul olan Əfşan Qədimbəyova Moskvada aspirantura təhsili alsa da, dissertasiyasını tamamlayaraq müdafiə etməmişdi. Bu səbəbdən də o, 4 fevral 1955-ci ildə  kafedra müdirinə ərizə  ilə müraciət edərək  “Azərbaycanda məktəbəqədər tərbiyənin inkişafı” mövzusunda dissertasiya üzərində işləmək məqsədilə  ona   yaradıcılıq ezamiyyətinin verilməsini xahiş edir. Onun  ərizəsi  5 fevral 1955-ci ildə Pedaqogika və psixologiya kafedrasının iclasında müzakirə olunur,  ona ayrı-ayrılıqda 3 ay  və 1 ay yaradıcılıq məzuniyyətinin verilməsi qərara alınır. Lakin ərizənin dərkənarındakı 15 mart 1955-ci ildəki qeyddən (hazırda mümkün deyildir) aydın olur ki, ona icazə verilmir.

Elmi-pedaqoji missiya

26 avqust 1956-cı ildə Əfşan Qədimbəyova doğma instituta-V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Pedaqogika və psixologiya kafedrasına qayıdır və ömrünün sonuna kimi burada pedaqoji fəaliyyətlə məşğul olur. 1958-1959-cu tədris ilində Pedaqoji İnstitutda  ali təhsilli ibtidai sinif müəllimi hazırlamaq məqsədilə İbtidai təhsil pedaqogikası və metodikası fakültəsi təşkil edildi. Bir il sonra fakültənin nəzdində məktəbəqədər tərbiyə  şöbəsi yaradıldı. Əfşan xanım 1956-1961-ci illərdə Pedaqogika kafedrasında baş müəllim, 1961-1968-ci illərdə İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasında baş müəllim və dosent vəzifələrində çalışıb. Elmi axtarışlarını davam etdirərək 1965-ci ildə  professor Mərdan Muradxanovun elmi rəhbərliyi ilə  “1920-1941-ci illərdə Azərbaycanda məktəbəqədər tərbiyənin inkişafı mövzusunda” namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edib.

Dissertasiyada XX əsrin 20-30-cu illərində Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin təşəkkülü və inkişafının ilkin mərhələsi tədqiq olunur, XX əsrin əvvəllərində Azərbaycan ərazisində təşkil edilən ilk məktəbəqədər tərbiyə müəssisəsinin (“Dəcəllər məktəbi”) tarixi müəyyənləşdirilir, onun təsiri ilə açılan digər müəssisələr haqqında ətraflı məlumat verilir. 1920-ci ildən Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı sistemli xarakter aldı, uşaq bağçaları və uşaq evləri ilə yanaşı, fabrik və zavodlarda çalışan fəhlələrin uşaqları üçün “uşaq ocaqları”, kənd yerlərində isə mövsümi uşaq meydançaları təşkil edildi. Əfşan Qədimbəyovanın tədqiqatlarında sovet hökumətinin məktəbəqədər tərbiyə sahəsində ilk tədbirləri təhlil edilir,  20-30-cu illərdə məktəbəqədər tərbiyə müəssisələrinin şəbəkəsi, onlarda tərbiyə alan uşaqların sayı, uşaq bağçasının nümunəvi əsasnaməsi, məktəbəqədər tərbiyə sahəsində ilk ixtisaslı kadrların hazırlanması, məktəbəqədər tərbiyə müəssisələri üçün proqram və dərs vəsaitinin nəşri  və digər məsələlər geniş araşdırılır, dövlətin bu sahədəki siyasətinin mahiyyəti üzə çıxarılır.

Keçən əsrin 60-70-ci illərində ADPİ-də məktəbəqədər tərbiyənin nəzəri və praktik məsələləri Əfşan Qədimbəyovanın şəxsində sürətlə inkişaf edir, onun elmi rəhbərliyi ilə  Raya Mursaqulova,  Zemfira Vəliyeva, Sənubər Axundova namizədlik dissertasiyası (fəlsəfə doktorluğu) müdafiə edib. Nazimə Rüstəmova, N.Cəfərli, B.Paşayeva və X.Əliyevanın elmi araşdırmalarının ərsəyə gəlməsində elmi köməyini əsirgəməyib. Ümumiyyətlə, məktəbəqədər təhsil və tərbiyə sahəsində ilk elmi  nəslin formalaşması onun adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və təşkilatçılığı ilə 7 may 1968-ci ildə Məktəbəqədər pedaqogika kafedrası təşkil olunub.  İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasında məktəbəqədər təhsillə bağlı fənləri tədris edən müəllimlər yeni təşkil edilən kafedraya köçürülüb. Pedaqoji fakültənin Məktəbəqədər pedaqogika kafedrasına müdir təyin olunan dosent Əfşan Qədimbəyova 1968-1978-ci illərdə həmin vəzifədə çalışıb. 1978-ci ildə kafedra müdiri vəzifəsindən ayrılan Əfşan xanım 1980-ci ildə haqq dünyasına  qovuşub.

Dövlət mükafatları

Dosent Əfşan Qədimbəyovanın əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. İki dəfə “Şərəf nişanı” (1943) ordeni,  “Qafqazın müdafiəsinə görə“  (1944), “Almaniya üzərindəki qələbəyə görə” (1945),  “Böyük Vətən müharibəsində şərəfli əməyinə görə” (1945)  medalları ilə  təltif olunub. Azərbaycan SSR Ali Sovetinin, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, Azərbaycan SSR Maarif Nazirliyinin Fəxri fərmanları ilə təltif olunub.

Pedaqoji yaradıcılığı 

Azərbaycanda məktəbəqədər təhsil-tərbiyənin nəzəri və praktik məsələlərinin araşdırılmasında, tədqiq və təbliğ olunmasında, elmi-pedaqoji kadr hazırlığında dosent Əfşan Qədimbəyovanın müstəsna xidmətləri olub. Uzun müddət ali pedaqoji məktəblərdə istifadə edilən D.V.Menceritskaya və F.S.Levin-Şirinanın II hissəlik “Məktəbəqədər yaşlı uşaqların kommunist tərbiyəsinin əsasları” tədris vəsaitini  Əfşan Qədimbəyova (S. Ə.Əfəndiyeva  ilə birlikdə) tərcümə edib. O,“Uşaq bağçasında əxlaq tərbiyəsi” (1969) adlı kitabın, “ADPİ-nin Elmi Əsərləri”ndə, “Azərbaycan məktəbi” və “Məktəbəqədər və ibtidai təhsil” jurnallarında dərc olunmuş 40-dan çox elmi məqalənin müəllifi, məktəbəqədər təhsillə bağlı onlarla  kitabın, proqramın tərtibçisi, redaktoru və ya rəyçisi olub. 

Xatirələrdə yaşayan şəxsiyyət

İnsan o vaxt ölür ki, onu heç kim xatırlamır, yada salmır. Xeyirxah əməllər sahibi olanlar fiziki olaraq dünyalarını dəyişsə də, insanların yaddaşına köçür, xatirələrə çevrilir. Xatirəyə çevrilən ömürlər uzunmüddətli olur, zaman-zaman yada düşür, xatırlanır. Belə insanlardan biri də Əfşan Qədimbəyovadır. Qərbi Azərbaycan İcmasının möhtəşəm binasının dəhlizində Aşıq Alı, Aşıq Ələsgər, Əziz Əliyev, Mustafa Topçubaşov, Heydər Hüseynov, Əhməd Rəcəbli, Şamama Ələsgərova,  Səid Rüstəmov, Cəfər Xəndan Hacıyev kimi görkəmli elm və sənət korifeyləri  ilə birlikdə Əfşan xanımın şəklinin asılması onun əbədiyaşarlığından xəbər verir.

ADPU-nun Ağsaqqallar Şurasının sədri, professor Məlikməmməd Cəbrayılovun Əfşan xanım haqqında dediklərindən: “Mən institut komsomol komitəsinin katibi olanda Əfşan xanım Pedaqogika kafedrasının baş müəllimi və institut partiya komitəsinin üzvü idi. Çox aristokrat xanım idi. Olduqca səmimi, mədəni, yüksək intellektə və əxlaqa malik xanım-xatın kübar bir qadın idi. Xeyirxah insan idi, sonra kafedra müdiri seçildi və uzun müddət ləyaqətlə çalışdı, institutun rektorları ona xüsusi rəğbət bəsləyirdilər. İnstitutda onun  böyük nüfuzu vardı. Yetirməsi dosent Zemfira Vəliyeva onu ensiklopedik biliyə, geniş dünyagörüşə malik alim, mülayim, zərif və kövrək təbiətli insan, paklıq və təmizlik nümunəsi kimi səciyyələndirirdi. Akademik H.Əhmədov Əfşan Qədimbəyovanı məktəbəqədər tərbiyə müəssisələrinin inkişafında müstəsna xidmət göstərən alimlərdən biri kimi səciyyələndirirdi.

Pedaqoji elmlər namizədi, dosent Əfşan Qədimbəyova bu gün Azərbaycanda  yeni bir istiqamətin - məktəbəqədər pedaqogikanın təşəkkülündə və inkişafında ilk tədqiqatçı alim kimi xatırlanır.

Əfşan xanım Qədimbəyovanın nəsillərə nümunə həyatı, ictimai-siyasi fəaliyyəti, pedaqoji ideyaları, elmi irsi və yaratdığı dəyərlər zamanın sınağından keçərək yeni nəsillərə yol göstərir. Belə insanların adı, əməlləri və xatirələri insanlığa xidmətin əbədi simvoluna çevrilir.

Fərrux Rüstəmov,
ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi

1 /1

Xəbər lenti

5 fevral, 18:00

Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 

5 fevral, 17:30

Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib

5 fevral, 17:10

Gənc müəllim: Dərsdə ən zəif şagirdin belə fəal olmasına çalışıram

5 fevral, 17:03

Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək

5 fevral, 16:58

Təhsilin “McDonaldlaşdırılması”: səmərəlilik, yoxsa dəyərlərin itkisi? 

5 fevral, 16:52

Texniki və yumşaq bacarıqlar ilk dəfə keys metodu ilə qiymətləndirilib

5 fevral, 16:37

Təhsil real həyatla əlaqələndirilməlidir - Laura Hinz nümunəsi 

5 fevral, 16:04

Akademik uğurların artması üçün nələrə diqqət yetirilməlidir?    

5 fevral, 15:53

Elm və təhsil naziri Emin Əmrullayev sabah brifinq keçirəcək

5 fevral, 15:43

Özəl bağçalar davranış pozuntuları olan uşaqları uzaqlaşdırmağı çıxış yolu sayırlar - Mütəxəssis

5 fevral, 15:30

NASA: Yeni yanacaq texnologiyası ilə Marsa cəmi 45 günə gedilə bilər

5 fevral, 15:19

Şuşada STEAM Mərkəz fəaliyyətə başlayıb

5 fevral, 15:11

Ayın iki nəhəng kanyonu 10 dəqiqədən az bir vaxtda formalaşıb

5 fevral, 14:52

Mil-Muğan regionunda 2 yeni məktəb binası istifadəyə veriləcək

5 fevral, 14:31

Mingəçevirdə dərs zamanı halı pisləşən məktəbli vəfat edib

5 fevral, 14:21

Şagirdlərin peşə bacarıqlarının inkişafında yaradıcı düşüncənin rolu

5 fevral, 14:06

“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı konfrans başlayıb

5 fevral, 14:02

Keçmiş və müasirlik bir arada - Hənifə kənd məktəbində bir gün

5 fevral, 13:56

İdmanda gender ayrı-seçkiliyi yoxdur - Altıqat Azərbaycan çempionu 

5 fevral, 12:47

Eksternat imtahanlarının nəticələri bəlli olub

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.