
Psixopedaqoji mənbələrdə nüfuz həm də valideynlərin uşaqlarına pedaqoji təsiri kimi qiymətləndirilir. Lakin xüsusilə vurğulamaq lazımdır ki, təsir dedikdə hədə-qorxu, cəzalandırma, şiddət nəzərdə tutulmur. Valideynlər ailədəki nüfuzlarını ailə üzvlərinə qayğısı, sevgisi, maddi və mənəvi dəstəyi ilə qazanmalıdırlar. Belə şüurlu münasibətlərin, qarşılıqlı sevgi və hörmətin əsasında qurulan nüfuz getdikcə möhkəmlənir və ailədə uşaqların şəxsiyyət kimi formalaşmasına da müsbət təsir göstərir. “Əgər böyüklər uşaqlarla sıx yaxınlaşsaydılar, öz sevgilərini onlara göstərsəydilər, onların atdıqları bütün yeni addımlarda yaxından iştirak etsəydilər, hətta bəzən özləri də uşaqlara bənzəsəydilər, bu yolla uşaqların məhəbbətini və etibarını qazana bilər və onları xoşbəxtliyə doğru aparardılar. Onda onların uşaqları könüllü surətdə öz valideynlərinin və müəllimlərinin avtoritetinə hörmət edər və onları sevərdilər” [Uayt, Y.Q., 2019] .
A.S.Makarenkonun fikrincə, nüfuz valideynlərin uşaqlara münasibətindən, yanaşmasından asılı olmayaraq məhz onların özlərində olmalıdır. Yəni, nüfuz həmişə valideynlərin davranışlarından qaynaqlanır. Əgər valideyn özü şüurlu, əxlaqlı, namuslu, övladlarına nümunə olacaq dolğun həyat sürürsə, onların tərbiyəsinə məsuliyyət hissi ilə yanaşırsa, sözsüz ki, həmin valideyn övladlarının gözündə həqiqi nüfuza malik olacaqdır.
Müasir dövrdə bu sahədə aparılan araşdırmaları təhlil edərkən valideyn nüfuzunun üç əsas məqama əsaslandığını görmək mümkündür:
• Valideynlər özləri övladlarının tərbiyəsində səlahiyyətli şəxslər olduqlarını bilməli və bu məsuliyyəti dərk etməlidirlər. Belə ki, onlar uşaqları ilə heç bir vəcdlə mübahisə etməməli, buna səbəb ola biləcək konfliktli situasiyalardan çəkinməlidirlər. Valideynlər övladlarından inciməməli, öz yaş və mövqelərinə uyğun formada hərəkət etməlidirlər. Bu, onların nüfuzunun qorunması istiqamətində atılmış məqsədyönlü bir addım olmalıdır.
• Valideynlər uşaqların ehtiyaclarını nəzərə alaraq onları başa düşməyə çalışmalıdırlar. Belə ki, uşaqlara nəyin daha vacib olduğunu çox gözəl bilən valideyn onlara “mən bunu belə istəyirəm” əvəzinə, “biz bunu belə etməliyik, çünki bu, bizim üçün daha vacibdir” deyərsə, daha doğru olar. Uşaqları anlamağın və onların istəklərinə hörmətlə yanaşmağın ən yaxşı yolu valideynin özünün uşaqlıq illərindəki arzu və istəklərini xatırlaması, ya da oxşar vəziyyətdə özünü böyüklər kimi təsəvvür etməsidir.
• Valideynlər övladını bütün mənfi və müsbət cəhətləri ilə bərabər, olduğu kimi qəbul etməyə çalışmalıdırlar. Çünki istənilən halda uşaqlar valideynlərini ideal olmadıqları halda belə, sadəcə valideynləri olduqları üçün sevir, eyni zamanda da onlardan sevgi və qayğı gözləyirlər. Bu səbəbdən də valideynlər övladlarının müəyyən davranışlarına iradlarını bildirsələr belə, onları sevdiklərini, onlara güvəndiklərini və düzələcəklərinə inandıqlarını bildirməlidirlər. Bu, uşaqların gözündə valideynin nüfuzunu bir daha artıraraq, onların inamını doğrultmaq istəyini formalaşdırır. Hər bir xalqın özünə xas adət-ənənələri, tərbiyə üsulları olduğu kimi, ailədə valideynin nüfuzuna yanaşma da müxtəlifdir. Əgər biz nüfuz məsələsini dini və kontingent aspektindən təhlil etsək, görərik ki, İslam dinində və həmçinin Şərq ölkələrində ailədaxili valideyn-övlad münasibətləri, o cümlədən valideynin nüfuzu Qərb ölkələrində olduğundan fərqlidir. Məsələn, islam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”də övladın valideynə münasibətini, valideynin övladının gözündə nüfuzunu bu kəlamlarla müəyyən edə bilərik: “Ataya ibadət – Allaha ibadətdir. Atanın üzünə ağ olmaq – Allahın üzünə ağ olmaqdır. Behişt anaların ayaqları altındadır” [Məhəmməd Peyğəmbər(s): 40 sual-cavab. Kəlamlar., 2012]. Yuxarıda təqdim olunan nümunələrdən bir daha aydın olur ki, islamda valideynə yanaşma, övladın öz valideynlərinə münasibəti tanrıya münasibətə, ona sitayişə bənzəyir.
Azərbaycan ailələrində hər bir valideyn övladlarının tərbiyəsinə böyük həssaslıqla yanaşaraq, hansı yaşda olmasından asılı olmayaraq onlara qayğı və dəstəyini əsirgəmir. Hətta övladları ailə qurub valideyn olduqdan sonra belə bu dəstək davam edir. Bu səbəbdən də mütəxəssislər qeyd edirlər ki, Azərbaycan ailələrində uşaqların tərbiyəsində ən çox diqqət edilən məqam valideyn-övlad münasibətlərində ailə bağlarının, valideynə bağlılıq hissinin qorunması məsələsidir. Bu da, öz növbəsində, ata və ananın ailədəki yüksək nüfuzundan xəbər verir. Avropa ailələrinə nəzər saldıqda bizim dəyər hesab etdiyimiz bu xüsusiyyətlərin onlarda olmadığını görürük. Məsələn, bir çox Avropa ölkələrində valideynlər yaşlanıb əldən düşdükdə, onların qocalar evinə verilməsi normal hal kimi qəbul olunur. Bu, həmin ölkələrin Azərbaycan ailələrindən fərqli olaraq özünəməxsus ailə tərbiyəsindən, həmçinin ailədə valideynə münasibətindən qaynaqlanır. Çünki Avropa dövlətlərində bizdən fərqli olaraq uşaqların sərbəst, müstəqil böyüməsinə daha çox üstünlük verilir. Bu ölkələrdə artıq 18 yaşına çatmış gənclər ata ocağını tərk edərək müstəqil yaşadıqları üçün onlarda valideynlərə bağlılıq olmur.
Azərbaycan ailələrində valideyn-övlad münasibətlərində olan bu bağlılığın yüksək həddə çatması da düzgün hal kimi qəbul olunmamalıdır. Çünki bu bağlılığın həddən ziyadə çox olması, həmin ailələrdə böyüyən uşaqların gələcək müstəqil fəaliyyət və münasibətlərinə mənfi təsir göstərəcəkdir. Belə olan halda övladının hər işinə qarışan, onu daim izləyən, nəzarət altında saxlamağa çalışan valideyn istəmədən belə olsa, övladının cəmiyyətdəki sosial münasibətlərinə və onun şəxsiyyət kimi formalaşmasına, müstəqil qərarlar qəbul etməsinə, onda məsuliyyət hissinin yaranmasına maneəçilik törətmiş olacaqdır. Daim valideynin onun yerinə qərarlar qəbul etməsinə, onun problemlərini və rastlaşdığı çətinlikləri aradan qaldırmasına alışan bu günün uşaqları, gələcəyinsə gəncləri və ailə başçıları onların yoxluğunda necə davranacaqlarını bilmirlər, məsuliyyət daşımaqdan qaçırlar. Belə hallar müasir dövrdə bir çox ailələrin dağılmasına qədər gətirib çıxarır.
Ümumiyyətlə, qədim türk xalqlarının tərbiyə məsələsinə xüsusi və özünəməxsus yanaşması olmuşdur. Görkəmli türk əsilli tədqiqatçı Ziya Göyalp yazırdı: “Əgər qədim yunanlar estetikada, romalılar hüquqda, israil və ərəblər dində, fransızlar ədəbiyyatda, anqlosaksonlar iqtisadiyyatda, almanlar musiqi və metafizikada birinci olmuşlarsa, türklər əxlaqda birincilik qazanmışlar” [Ziya Göyalp., 2024]. Z.Göyalpın fikrinə istinadən deyə bilərik ki, bütün dünya türklərinin ortaq xüsusiyyəti ailə tərbiyəsində əxlaqi dəyərlərə üstünlük verməsidir. Xüsusilə qeyd etmək lazımdır ki, türk tayfalarının fikrincə, əxlaqi dəyərlər tərbiyə prosesində aşılandığı kimi, valideynlərdən irsi yolla onların övladlarına da ötürülür. Yəni, burada valideynlərin əsil-nəcabəti də çox önəmlidir. Bununla belə ailədə ata və ana əsas tərbiyə nümunəsi hesab olunmuşlar.
Belə bir deyim var: “Uşaqlarınızı tərbiyə etməyə çalışmayın, onsuz da sizə oxşayacaqlar, özünüzü tərbiyə edin...”. Burada bir Azərbaycan atalar sözü də yada düşür: “Uşaq evin aynasıdır, nə görürsə, onu da əks etdirir”, yaxud da “Kitabi - Dədə Qorqud” eposunda deyildiyi kimi “Qız anadan görməyincə öyüd almaz, oğul atadan görməyincə süfrə yaymaz…” [Kitabi-Dədə Qorqud., 1999]. Yəni uşaqların tərbiyəsində düzgün valideyn nümunəsi çox önəmlidir. Gələcəkdə mənəvi cəhətdən düzgün, əxlaqlı övlad yetişdirmək istəyən hər bir valideyn, ilk növbədə, özü mənəvi paklığa və yüksək əxlaqi keyfiyyətlərə malik olmalıdır. “Hər şeydən əvvəl kişi ailə rəisliyini layiqincə yerinə yetirməli, həyat yoldaşı ilə anlayışla davranmalı, uşaqlarının gözündə əsl ata obrazı yaratmalıdır” [Hüseynzadə, R., 2016].
Övladına düzgün tərbiyə vermək, ailədə həqiqi nüfuza malik olmaq istəyən valideynlər ilk olaraq, davranışlarına diqqət etməli, məsuliyyətini anlamalı, tələbləri ilə hərəkətləri arasında uyğunluq yaratmalıdırlar. Belə olan halda daim valideynlərini təqlid edən uşaq onların davranışlarından nümunə götürür, tələb və istəklərinə riayət edirlər.
Məlumdur ki, türk xalqlarında oğlanların tərbiyə olunmasında ata, qızların tərbiyə olunmasında isə ana önəmli rol oynayır. Türk ailə dəyərlərinə əsasən, ailənin bir süfrə ətrafına toplanması və ailə başçısına – ataya hörmət əlaməti olaraq o gəlmədən süfrəyə əl uzadılmaması çox önəmli bir ənənə kimi qəbul olunur.
Valideynlərin ailədəki nüfuzuna onların yaxınlarının və ətrafdakı insanların həmin şəxslərə münasibəti də əhəmiyyətli dərəcədə təsir göstərir. Əgər valideyn qohum-əqrəba, dost-tanış arasında müsbət əxlaqlı, vicdanlı, nümunəvi şəxs kimi tanınır və buna müvafiq olaraq hörmət görürsə, bu da onun ailədəki nüfuzuna təsir göstərərək, onun ailə üzvləri qarşısındakı nüfuzunu daha da möhkəmləndirəcəkdir.
Ailədə valideynlər arasında nüfuzun qorunması uşağın əqli, psixi, əxlaqi tərbiyəsində son dərəcə önəmli faktordur. Uşağın valideynlərinə münasibətində onların qarşılıqlı duyğularının, davranışlarının təsiri böyükdür. Yəni, ailədə ata və ana bir-birinə qarşılıqlı hörmət, qayğı və sevgi ilə yanaşarlarsa, mütləq uşaqların da onlara münasibəti eynilə belə olacaqdır.
Ailədə valideyn–övlad arasında hökm sürən sevgi, hörmət, diqqət, qayğı, psixoloji uyğunluq, emosional rifah, əmin-amanlıq valideyn nüfuzunun formalaşmasına təkan verir. Əgər valideynlərin müxtəlif səbəbdən münasibətləri pozulubsa, ailədə daim övladların gözü qarşısında qarşılıqlı məzəmmətlər, mübahisələr baş verirsə, belə bir ailədə valideyn nüfuzundan söhbət belə gedə bilməz.
Müasir dövrdə bəzi yeni qurulmuş ailələrdə alışmış olduğumuz “kişi ailə başçısıdır” fikrinə zidd olan münasibətlər də müşahidə olunur. Əksər hallarda, bu münasibətlər ailədə qadının məvacibi çox olduqda onun hegemonluğu, liderlik etmək istəyi ilə yaranır. Belə olan halda ailədə balans pozulur, cütlüklər arasındakı münasibət psixoloji təzyiqə çevrilir və bu da atanın nüfuzdan düşməsinə və ya nüfuzunu tamamən itirməsinə gətirib çıxarır.
Ailədə hökm sürən qarşılıqlı sevgi və hörmət valideyn nüfuzunun formalaşmasına kömək edən yeganə şərt deyil. Ailədə emosional və əxlaqi münasibətlərin formalaşmasında ata və ananın şəxsi keyfiyyətlərinin, onların ailə-məişət məsələlərinə münasibətinin, uşaqlarla bağlı qərarların verilməsində həmrəyliyinin, bir-birinə maddi və mənəvi dəstəyinin təsiri olduqca böyükdür.
Əgər ata və ya ananın nüfuzu yoxdursa, uşaqlara sevgi kimi güclü bir hiss belə öz tərbiyəvi təsir gücünü itirmiş olur. Uşağın valideynin nüfuzunu qəbul etməməsi isə, onun tələblərini yerinə yetirməkdən boyun qaçırmasına səbəb olur. Beləliklə də, valideyn və uşaq arasında açıq və ya gizli mübarizə başlayır ki, bu da zamanla valideynin öz mövqeyindən əl çəkməsinə gətirib çıxarır. Belə ailələrdə qaydaları uşaqlar diqtə edir, tələbləri onlar irəli sürürlər. Digər bir qrup ailələrdə isə itirilmiş nüfuzunu bərpa etməyə çalışan valideyn gücə və fiziki şiddətə əl atmalı olur. Bu isə uşaqlarda daxili eqo və valideynin haqsız saydıqları davranışlarına qarşı nifrət hissi formalaşdırır.
Valideyn nüfuzuna təsir edən əsas komponentlər aşağıdakılardır:
Söz. Valideyn başqaları haqqında layiq olmadığı sözləri söyləməməli, ədalətsiz bir yanaşma göstərməməlidir. Güclü müşahidə qabiliyyətinə malik olan uşaq valideynin haqsız olduğunu anladığı anda ona hörməti azalacaqdır.
Davranış. Valideynin davranışı sözləri ilə vəhdət təşkil etməlidir. Övladından böyüklərə hörmətlə davranmasını tələb edən valideyn mütləq ki, özü də böyüklərə qarşı nəzakətli olmalıdır. Əks halda, həmin valideyn uşağın gözündə düzgün olmayan davranış nümunəsi sərgiləmiş olur.
Qarşılıqlı münasibətlər. Sağlam ailədaxili münasibətlər modeli uşaqların əqli, psixi, emosional inkişafında olduqca vacib amildir. Valideynlərin ailədə qarşılıqlı münasibəti yetkin yaş dövründə uşaqların davranışının əsas nümunəsinə çevrilir. Buna görə ailədə sağlam, qarşılıqlı hörmətə əsaslanan münasibətin qurulması, valideyn nüfuzunun möhkəmlənməsinə gətirib çıxarır.
Valideynin tərbiyəçi-müəllimlərə olan münasibəti. Unutmaq olmaz ki, tərbiyəçi-müəllimlər uşaqların müəyyən yaş dövrlərində valideynlərindən sonra hörmət bəslədikləri böyüklərdir. Övlad yanında nüfuzunun möhkəmlənməsi üçün valideynlər tərbiyəçi-müəllimlərə hörmətlə yanaşmalıdırlar.
Əməyə münasibət. Övladında ev işlərinə, ümumiyyətlə, fiziki və əqli əməyə düzgün münasibət formalaşdırmaq istəyən hər bir valideyn özü bu işlərdə maraqlı tərəf olmalıdır. Belə ki, ata və anasını nümunə götürən uşaq onların əməksevərliyini görsə, özü də bu sahədə fəallıq göstərəcəkdir.
Valideyn nüfuzuna təsir göstərən şərtlər sırasında valideynlər tərəfindən verilən vədlərin yerinə yetirilməsi amilini də vurğulamaq olar. Əgər valideyn övladına vəd veribsə, onu zamanında yerinə yetirməyi bacarmalıdır. Bu səbəbdən də valideyn övladını istər motivasiya etmək, istərsə də hər hansı bir nailiyyətinə görə mükafatlandırmaq istəyirsə, o zaman maddi və mənəvi öhdəsindən gələ biləcəkləri vədləri verməlidir. Əks halda, yerinə yetirilməyən vədlər valideyni uşaq qarşısında yalançı vəziyyətə salaraq nüfuzunu sarsıtmış olur. Onlardan asılı olmayan səbəblərdən verilmiş vədlərin yerinə yetirilməsi gecikirsə və ya ümumiyyətlə, təxirə salınırsa, o zaman valideyn övladına onun anlaya biləcəyi üsulla bunun səbəbini izah etməlidir. Bu, valideynə qarşı uşaqda yaranmış inamsızlığın aradan qalxmasına kömək olur.
“Nüfuzu qazanmağın mühüm yollarından biri də valideynin öz uşaqlarının həyatını, maraq və meylini, bacarıq və qabiliyyətini yaxşı bilməsidir” [Axundov, S., və Həsənov, A., 1991]. Valideyn övladının onu əhatə edən insanlarla davranış və münasibətlərini öyrənməlidir. Bu isə valideynin uşağa vaxt ayırması, onunla zaman keçirməsi yolu ilə mümkün ola bilər. Ailə üzvləri ilə bərabər asudə vaxtın səmərəli keçirilməsi, heç şübhəsiz ki, valideyn nüfuzunun möhkəmlənməsinə təkan verən amillərdəndir.
Psixoloqların gəldiyi qənaətə görə, ailənin yaşlı üzvləri və valideynlərin uşaqlarla ünsiyyəti onların mənəvi tələbatı olduğunu və bu ünsiyyətin onların həyatında önəmini anladıqları zaman valideynlər öz məqsədlərinə çatırlar. Belə şəraitdə böyüyən uşaq böyüklərin tərbiyəvi təsirinə meyilli olur və onlarla ünsiyyətə can atırlar. Çünki bu zaman uşaqlar özlərini ailənin bərabərhüquqlu üzvü kimi görür və dəyərli olduqlarını hiss edirlər.
Valideynlərin uşaqlara qarşı səmimi və qayğıkeş münasibəti, onların nailiyyətlərini dəyərləndirməsi və yeri gəldikcə rəğbətləndirməsi uşaqlarda özünəinam hissi formalaşdırır. Beləliklə də, valideynləri tərəfindən sevilən, dəyər və hörmət görən uşaq, buna cavab olaraq onların tələb və istəklərinə də hörmətlə yanaşır. Ailədə bu cür qurulmuş qarşılıqlı münasibətlər, öz növbəsində, valideynin uşaq gözündə həqiqi, sarsılmaz nüfuz qazanmasına gətirib çıxarır.
Makarenko yazırdı: “Valideynin nüfuzu üçün əsas bünövrə yalnız uşaqların həyatı və işi, vətəndaşlıq siması, davranışı ola bilər. Ailə böyük və məsuliyyətli bir işdir, valideynlər bu işə rəhbərlik edirlər… Valideynlər bu işi namusla, idrakla görürlərsə, onlar öz qarşılarında böyük və gözəl məqsədlər qoyurlarsa, öz əməlləri və hərəkətləri haqqında özlərinə həmişə hesabat verirlərsə, bu o deməkdir ki, onların valideynlik nüfuzları da vardır və heç bir başqa əsaslar axtarmaq, xüsusən heç bir süni nüfuz fikirləşib tapmaq lazım deyildir” [Makarenko, A.S., 1988]. Çünki süni əsaslar üzərində qurulmuş, hədə-qorxu, təzyiq və şiddət yolu ilə əldə olunmuş nüfuz çox az bir müddət təsir göstərə bilər, onunla yalnız uşağın qısa müddət ata və anaya tabe olmasına, onun sözünə qulaq asmasına nail olmaq olar.
Mənbə: “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalı 2025, №1/250, s.33-44
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər