
Deyirlər, uğur əldə etmək çətin yol getməyə bənzəyir. Qürur hissi ilə deyə bilərik ki, günümüzdə Azərbaycanda çətin yolu fəth edib “uğur hekayəsi”nə sahib olan yetərincə gənc var. Onlar bir örnək kimi təbliğ olunmalı, digər gənclərə motivasiya nümunəsi kimi təqdim edilməlidirlər.
“Azərbaycan müəllimi” elm və təhsillə yanaşı, idman, incəsənət sahəsində də uğur qazanan şagirdlərimizi ictimaiyyətə tanıtmağa davam edir. Onlardan biri pianino ifaçısı olan məktəbli qız Aygün Fərəclidir.
“Musiqi mənim üçün sadəcə bir hobbi deyil, həm də özümü ifadə etməyin, hisslərimi çatdırmağın bir yoludur”
Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 4 nömrəli tam orta məktəbin 8-ci sinfinə keçən Aygün Fərəcli 2012-ci ildə Mingəçevir şəhərində anadan olub. Bir ilə yaxındır ki, Abşeron rayonuna köçən məktəbli Mingəçevir şəhəri Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbində təhsil alıb. 2025-2026-cı tədris ilindən Xırdalan şəhər Onbirillik Musiqi Məktəbində təhsilini davam etdirməyi planlaşdırır.

Pianinoda çox gözəl ifa edən Aygün musiqiyə olan marağının təxminən iki il əvvəl – 11 yaşı olanda başladığını qeyd edir: “Bir gün yutubda kiçik bir qızın pianinoda gözəl ifasını izlədim və bu məni çox təsirləndirdi. Onun ifası məndə böyük maraq oyatdı və elə o andan pianinonu öyrənmək istədiyimi anladım. Bu istəyimi anamla bölüşdüm və o mənə dəstək oldu. Həmin vaxtdan bu sənətə qarşı içimdə böyük sevgi formalaşıb. Artıq 13 yaşım var və iki ildir ki, pianino ilə ciddi şəkildə məşğulam. Hər gün öyrənməyə, yeni əsərlər ifa etməyə və bacarıqlarımı artırmağa çalışıram. Musiqi mənim üçün sadəcə bir hobbi deyil, həm də özümü ifadə etməyin, hisslərimi çatdırmağın bir yoludur. Pianino ilə məşğul olduqca bu sahədə daha da irəliləmək, bir gün daha böyük səhnələrdə ifa etmək arzusu məni ruhlandırır”.
Aygün 2024-cü ilin noyabr ayında Türkiyədə onlayn formatda keçirilən XVI Beynəlxalq Musiqi Müsabiqəsində iştirak edərək II yerə layiq görülüb. Onun sözlərinə görə, bu müsabiqə onun üçün həm böyük təcrübə, həm də qürurverici bir uğur olub. Bu il isə istedadlı qızımız müəllimi Vüsalə Hacıyevanın təşəbbüsü və dəstəyi ilə məşhur “Golden Time Talent” festivalının 65-ci sezon müsabiqəsinə qatılıb. Bu il yanvarın 24-də Aygün həmin müsabiqəyə onlayn formada qoşulub və pianinoda ifa etdiyi Aleksandr Darqomijskinin “Melanxolik vals” əsərini video şəklində yarışmaya göndərib. Onun ifası müsabiqənin Münsiflər Heyəti tərəfindən 87 balla qiymətləndirilərək II yerə layiq görülüb. Bu xəbər gənc ifaçını, eləcə də ailəsini çox sevindirib.

Aygün iyunun 8-də Birləşmiş Krallığın London şəhərində "The Shaw" teatrında təşkil olunan böyük, təntənəli tədbirdə pianinoda canlı ifa edərək tamaşaçıların rəğbətini qazanıb. Jürilər onun ifasını II yerə layiq görüblər. Tədbir haqqında təəssüratlarını bölüşən qalib məlumat verir ki, “Golden Time Talent” Londonda keçirilən beynəlxalq müsabiqədir: “Bu tədbir hər il müxtəlif ölkələrdən istedadları bir araya gətirir. Müsabiqə musiqi, təsviri sənət, solo ifalar və digər sahələri əhatə edir. Yarışmada həm həvəskar, həm də peşəkarlar iştirak edə bilərlər. Bu platforma istedadların tanınması və təcrübə qazanması üçün gözəl imkandır. Müsabiqədə iştirak mənim üçün həm həyəcanlı, həm də çox maraqlı idi. “Golden Time Talent” mənim beynəlxalq səviyyədə iştirak etdiyim ikinci müsabiqə idi və nəticələri böyük həyəcanla gözləyirdim. Uğurum mənim üçün böyük təcrübə və motivasiya oldu. Həm özümü sınamaq, həm də beynəlxalq səviyyədə təmsil olunmaq çox dəyərli bir təcrübə idi”.
Gələcək arzularını dilə gətirən qalib qeyd edir ki, gələcəkdə pianino ifaçılığı və ya hüquq sahəsində təhsil almağı planlaşdırır: “Bu istiqamətlərdə irəliləyərək özümü daha da inkişaf etdirmək və yeni uğurlar qazanmaq əsas məqsədlərimdəndir. Yaşıdlarıma isə bir tövsiyəm var: heç vaxt arzularından vaz keçməyin. Əgər bir məqsəd qoyublarsa, ona doğru inamla və əzmlə addımlasınlar. Çünki hər zəhmətin sonunda mütləq nəticə var”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər