
Naxçıvan Dövlət Universitetində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, əvvəlcə İncəsənət fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət 40-a yaxın rəsm əsərinin təqdim olunduğu “Unudulmayanlar” adlı sərgiyə baxış olub.
Sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, 27 sentyabr Azərbaycan xalqının yeni şanlı tarix səhifələrindən biridir. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti müstəqil dövlətimizin qorunub saxlanılmasında həlledici rol oynayıb. Məhz bu möhkəm siyasi irs üzərində Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli addımlar, güclü ordu quruculuğu və xalq-ordu birliyi nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq 30 illik işğala son qoyub.
Rektor diqqətə çatdırıb ki, 2023-cü il 19 sentyabrda cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın tam suverenliyi bərpa olunub və dövlətimizin tarixində yeni mərhələ başlanıb. Eləcə də Azərbaycanın Cənubi Qafqazda sabitlik və sülhün təmin olunması üçün atdığı konstruktiv addımlar yalnız regional deyil, qlobal miqyasda da sabitliyə töhfə verib.
Elbrus İsayev vurğulayıb ki, işğal altında olan torpaqlarımız şəhidlərin qanı bahasına azad olunub və hər bir gənc bunu daim yadda saxlamalıdır. 27 Sentyabr – Anım Günü həm qürur, həm də məsuliyyət günüdür. Bu tarix xalqımızın mübarizlik, dözüm və şücaət simvoluna çevrilib və gənclərə milli dəyərlərə sadiqlik nümunəsi kimi aşılanmalıdır. Elbrus İsayev qeyd edib ki, bu gün Qarabağ sürətlə bərpa olunur, Azərbaycan isə iqtisadi və hərbi gücü, siyasi çəkisi ilə regionun lider dövlətinə çevrilib.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva “Zəfərin ədəbiyyatda əksi”, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanlı “Azərbaycan tarixində Qarabağ”, Hüquq fənləri kafedrasının müəllimi Əli Qədimov isə “Vətən müharibəsinin diplomatik aspektləri” mövzularında çıxış ediblər.
Sonda Universitet Televiziyasının hazırladığı, şəhidlərin qəhrəmanlıq yolunu əks etdirən “Qəhrəmanlıq salnaməsi” adlı reportaj nümayiş olunub.
Qeyd edək ki, NDU-nun Elmi Kitabxanasında da “27 Sentyabr - Anım Günü” ilə əlaqədar “Şanlı Zəfər tariximiz” adlı kitab sərgisi təşkil olunub. Sərgidə 44 günlük Vətən müharibəsinin tarixini, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın həyat və döyüş yolunu özündə əks etdirən kitab və jurnallar yer alır.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər