Bütün xəbərlər
15 sentyabr, 14:40

Bütün ümumtəhsil müəssisələrində bu il 130 mindən artıq uşaq birinci sinfə gedir. Onlardan 144 nəfəri Hökməli qəsəbə tam orta məktəbində oxuyacaq. Yeni tikilən bir məktəbdə. İki ildir tikintisi davam edən məktəb dövlət vəsaiti ilə deyil, “NEQSOL Holding”in maliyyəsi ilə xüsusi dizaynla müasir tələblərə uyğun tikilib.

Uşaqların “Bilik günü” təntənə ilə başlayıb. Bu gün çoxlu qonaqları da var. Belə ki, “Bilik günü” onları təbrik eləməyə elm və təhsil nazirinin müavini İdris İsayev, “NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də qatılıblar.  

Məktəb dövlət vəsaiti ilə deyil, özəl şirkətin maliyyəsi ilə inşa edilib

Nazir müavini İdris İsayev bildirib ki, bu gün əlamətdar gündür. Birincilər bu günü səbirsizliklə gözləyirdilər. Çünki ilk dəfə sinif otaqlarına girəcək, məktəb həyatına qədəm qoyacaqlar: "Hər şagirdimiz başa düşür ki, təhsil onların həyatlarında mühüm rol oynayır. Təhsil, ümumiyyətlə, cəmiyyətimizin inkişafında mühüm rol oynayır”. 

Nazir müavini yeni istifadəyə verilən Hökməli qəsəbə tam orta məktəbinin xüsusi layihə ilə ərsəyə gəldiyini deyib: “Bu məktəbin tikintisi dövlət vəsaiti ilə deyil, “NEQSOL Holding”in maliyyəsi ilə xüsusi dizaynla müasir tələblərə uyğun tikilib”.

İdris İsayev əlavə edib ki, bu il 130 mindən artıq uşaq birinci sinfə gedəcək. 50-dən artıq məktəb əsaslı təmir olunub və ya yenidən tikilib. 20 məktəb “Bilik günü”, 6 məktəb isə ilin sonunadək istifadəyə veriləcək. İşğaldan azad edilən ərazilərimizdə də 11 məktəb istifadəyə tam hazırdır: “Təsadüfi deyil ki, ölkənin sosial-iqtisadi inkişaf prioritetlərindən biri insan kapitalı müəyyən edilib. O ölkələr inkişaf edir ki, həmin ölkələrdə təhsilə diqqət var. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsil sahəsində siyasət uğurla davam etdirilir, bir sıra dövlət proqramları icra olunur. Nəticədə təhsilə əlçatanlıq genişlənib, təhsilin əhatəliliyi yüksəlib. Təhsil standartları beynəlxalq standartlara uyğunlaşdırılıb və səriştə əsaslı məzmun proqramları formalaşdırılıb, yeni təhsil texnologiyalarından istifadə olunur. Təbii ki, təhsilin infrastrukturu da müasirləşdirilib və hər il yeni məktəblər istifadəyə verilir”.

Nazir müavini təbrikində müəllimləri də unutmayıb: “Biz müəllimlərimizin də əməyini qiymətləndirməliyik. Onlar uşaqlarımıza sadəcə dərs vermir, onlara qayğı göstərir, həyata hazırlayırlar. Biz də müəllimlərimizə qayğı və diqqət göstərməliyik”.

İ.İsayev əlavə edib ki, təhsil mühitinin formalaşması, keyfiyyətli təhsilin təşkili üçün valideynlərin də üzərinə vacib məsuliyyət düşür: “Məktəb-şagird-valideyn tandeminin bir parçasısınız. Məktəblə əməkdaşlıq çərçivəsində olmalısınız ki, övladlarımız üçün öyrənmə mühiti yaradaq”.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında elm və təhsil nazirinə rayonun məktəb və bağçalarına diqqət ayırdığı üçün təşəkkür ünvanlayıb. Deyib ki, bu il Abşeronda 150 şəhid övladı oxuyur, onlardan 16 nəfəri bu il məktəbə gedir.

"Təhsilə verdiyimiz dəstəkdən qürur duyuruq"

“NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə “Bilik günü” təbrikində deyib ki, insan kapitalının inkişafı önəmlidir. Bu əhəmiyyəti nəzərə alaraq təmsil etdiyi şirkət korporativ korporativ sosial məsuliyyət siyasəti çərçivəsində fəaliyətində təhsilin bir sıra sahələrini əhatə etməyə çalışır: “Təhsilin ayrı-ayrı pillələrində fəaliyyətimizi təşkil etmişik. Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq edərək qızların təhsilinə dəstək verən layihələrdə yaxından iştirak edirik. Yaşat Fondu ilə təhsil sahəsində iş görürük və hesab edirik ki, bu, bizim borcumuzdur, biz bununla qürur duyuruq”.

İmran Əhmədzadə qeyd edib ki, hər bir layihənin həyata keçirilməsi üçün böyük bir komanda işləyir. O, təhsilin hər bir sahədə tərəqqinin əsası olduğunu bildirib, müəllimlərin fədakar əməyini yüksək qiymətləndirərək şagirdlərə dərslərində uğurlar arzulayıb.

Qonaqlara məlumat verilib ki, bu il məktəbdən məzun olan 45 şagirddən 33 nəfər tələbədir. Onlardan biri – Gülxanım Əliyeva 646 balla Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasına qəbul olub. 

Məktəbin şagird və müəllimləri də “Bilik günü” təbrikinə qoşulublar. III sinif şagirdi Əli Quliyev müəllimlərinə ünvanlanan şeir səsləndirib, V sinif şagirdləri mahnı ifaları ilə “Biz bu torpağın gül-çiçəyi, Heydər babamızın nəvələriyik”, - deyiblər. Sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərən Hökməli qəsəbə tam orta məktəbinin müəllimi Fərqanə Quliyeva yaradılan şəraitə görə təşəkkür edib. 

Tədbirdən sonra qonaqlar məktəbin şəraiti ilə tanış olublar. Müasir cihazlarla təchiz edilən STEAM, kimya kabinetləri ilə tanış olublar.

Müasir standartlara uyğun inşa edilən məktəb binası 1200-dən çox şagird yerlikdir. Təhsil ocağında laboratoriyalar, İKT kabinetləri, kitabxana, idman zalları, açıq idman meydançaları və inklüziv təhsil üçün xüsusi otaqlar yaradılıb.

Yeni məktəbin istifadəyə verilməsi bölgədə şagird sıxlığının azaldılmasına, eyni zamanda tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.

“Mən ağlayıb qurtardım, sən də ağlama”

“Bilik günü”ndə təhsil həyatlarına yenicə qədəm qoyan balacaların həyəcanı da diqqətimizdən qaçmadı. Zeynəb onlardan biridir. Bayaqdan gözünün yaşı qurumayıb. Deyir anası Gülşən üçün darıxıb. Gözü onu axtarır və tapmadığı üçün də ağlayır. Muradın da gözüyaşlıdır. Murad Əliyev ağlamağının səbəbini belə izah edir: “İçəriyə getmək istəyirəm. Nə vaxt gedəcəyik? Burda neyləyəcəyəm? Nə vaxt gedəcəyik?”.

Bütün suallarına cavab alandan sonra daha ağlamayacağına söz verir. Zeynəblə Murad I "b" sinfində təhsil alacaqlar. Bu il onlara Rəmziyyə Əbilova dərs deyəcək. Sinifdə 24 şagirdi var. Müəllim fəaliyyəti dövründə bu onun beşinci sinfi olacaq: “2 il idi ki, Masazır məktəbində dərs keçirdik”. 

Digər ibtidai sinif müəllimi Vüsalə Məmmədova isə ikinci dəfədir ki, məktəbə yeni qədəm qoyan balacaları götürüb, onlara 4 il boyunca bələdçilik edəcək. Bu il sertifikatlaşdırma imtahanında iştirak edib və 50 bal toplayıb. Sinfində şagirdlərinin hamısı yerindədir. Aralarında məktəbəhazırlıq qrupundan gələnlər də var. Dəcəlliklərini bu gün gözlərindəki maraq əvəz edib. Hər kəsi maraqla izləyirlər. Şeir deyir, bütün söhbətlərə qoşulurlar.

Başqa bir birinci Ruqəyya soyadını bilmir, ağlaya-ağlaya: “O nə deməkdir?”, - deyə soruşur. Dilək də çox ağlayıb. Sinif yoldaşı Ruqəyyaya “təsəlli” verərək “Mən ağlayıb qurtardım, sən də ağlama”, - deyir.

Qızların ağlamağına Cahid Hüseynli reaksiya verir: “Mən heç bir dəfə də ağlamamışam. Əvvəlki məktəbimdə də ağlamamışdım”. 

Məktəbin ibtidai siniflər üzrə direktor müavini Mehriban Əsgərova “Azərbaycan müəllimi”nə məlumat verib ki, bu il məktəbdə 144 şagird üçün 6 sinif təşkil edilib və müasir binada münbit təhsil mühiti və keyfiyyətli müəllimləri ilə tədrisə başlayıblar.

Məktəbi görən valideynlər özləri də oxumaq istəyirlər

Nuray Hacıməmmədli məktəbin “köhnə” şagirdlərindəndir, VIII sinifdə oxuyur: “Köhnə məktəbimiz də yaxşı idi, amma indi daha gözəl məktəbdə oxuyacağıq. Məktəbimiz tamamilə dəyişib, indi çox gözəl olub. Müəllimlərimiz də yaxşıdır, hər halda daha yaxşı infrastrukturla onların da imkanları artacaq”. 

Məktəbdə şagirddən çox valideyn var. Belə görünür ki, yeni məktəb binası şagirdlərdən çox valideynlərin marağına səbəb olub. Şagirdləri məktəbə gələrkən, deyəsən, bütün ailə üzvləri müşayiət edib. Məsələn, Rasim Qəhrəmanovun ən kiçik övladı IV sinifdə oxuyacaq:

“Böyük övladlarım ali məktəbdə təhsil alır. Bir qızım da bu il tələbə oldu. Mən də Bakıda işləyirəm. Ona görə Kürdəmirdən buraya köçdük. Hökməlidə ev almışam. Qızım Nur da bu il bu gözəl məktəbdə oxuyacaq. Yeni məktəbimizi görməyə mən də qızımla gəldim. Çox gözəldir".

Nur Kürdəmirdəki dostlarından ayrılmağa təəssüflənmir: “Burda da çoxlu dostlarım olacaq”. O deyir ki, ingilis dili müəllimi olmaq istəyir. Yeni məktəbini çox sevib.

Qucağında övladı ilə gələn başqa bir valideynə yaxınlaşırıq. Orxan Babayev oğlu Yadigarı birinci sinfə gətirib:

“Bu məktəb təmirdə olduğu üçün başqa yerdə məktəbəhazırlığa gedib. Artıq burada hər şərait var. Az qalıram özüm də yenidən oxuyam”.

1 /25

Şərhlər

Xəbər lenti

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

15 sentyabr, 13:08

“Bilik günü”nü yeni məktəblərində qeyd etdilər

15 sentyabr, 13:07

Firudin Qurbanov: Təhsil sahəsində dövlətin siyasəti lazımi səviyyədə həyata keçirilir

15 sentyabr, 13:01

Məleykə Abbaszadə "Bilik günü" münasibətilə təbrik ünvanlayıb

15 sentyabr, 12:43

Nazir Şuşada “Bilik günü”ndə iştirak edib 

15 sentyabr, 12:19

Qusarın Cibir kəndində yeni məktəb binası istifadəyə verilib 

15 sentyabr, 12:07

İdris İsayev: İstərdik ki, özəl şirkətlərimiz məktəb tikintisində aktiv iştirak etsin

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.