Bütün xəbərlər
13 iyun, 11:40

Belə bir deyim var: sevinci paylaşdıqca çoxalar, dərdi, qəmi bölüşdükcə azalar. Bəzən insan dərdini azaltmaq, daxilən yüngülləşmək üçün onu dostları, yaxınları və ya tanımadığı oxucuları ilə bölüşür. Bu yazıda qəhrəmanımızın sevincini paylaşırıq ki, çoxalsın, dərdini paylaşırıq ki, yox olsun…

IX sinif buraxılış imtahanından 254.6 bal toplayaraq yüksək nəticə göstərən şagirdlərdən biri Abşeron rayonu Allahverdi Novruzov adına Pirəkəşkül kənd tam orta məktəbin şagirdi Sadiq Rəcəblidir. “Azərbaycan müəllimi” Sadiqin uğur hekayəsini təqdim edir. 

“Sadiqin dərmanları çox baha olduğundan, onun təhsilinə kömək edə bilmirik”

Onkoloji xəstə olan Sadiq Rəcəbli 16 yaşındadır və ailədə yeganə övladdır. Atası taksi sürücüsü, anası isə evdar qadındır. Yeniyetmənin anası Ruqiyyə Rəcəbova deyir ki, Sadiq kiçik yaşlarından sakit təbiətli, yaşıdlarından daha ağıllı olması, dərrakəsi ilə seçilib. Uşaqlıqdan ən sevimli məşğuliyyəti kitab oxumaq, şahmat oynamaq, gəzintiyə çıxmaq olub. Məktəbə getdikdən sonra isə əla qiymətləri ilə valideynlərini həmişə sevindirib. Müəllimləri ata-anasına onun haqqında ancaq xoş sözlər deyib, çox məsuliyyətli, ünsiyyətcil, intizamlı şagird olduğunu bildiriblər. 

Ruqiyyə xanımın sözlərinə görə, 2023-cü ildə Sadiqin boynunda şişlər əmələ gəlib. Müxtəlif həkimlərə üz tutsalar da, fərqli diaqnozlar qoyulub, müalicələr təyin edilib. Daha sonra şiş döş qəfəsində və boynunun digər tərəfində yaranıb. Sadiqi Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasına göndəriblər və orada əməliyyatla şişin biri götürülüb. Biopsiya nəticəsində Sadiqə qorxunc xəstəlik – III mərhələli Qeyri-Hodgkin lenfoması diaqnozu qoyulub. Bu illər ərzində çox çətin günlər yaşadıqlarını dilə gətirən ana 10 ay xəstəxanada qaldıqlarını, Sadiqin üzücü müalicələr aldığını, kimya, şüa terapiyası qəbul etdiyini göz yaşları ilə xatırlayır. Bütün yaşananlara rəğmən Ruqiyyə xanım Sadiqin gələcəyinə çox böyük ümidlər bəsləyir:

“Hazırda Sadiq təyin olunan 66 günlük ev müalicəsi alır, ağır kimyəvi dərmanları qəbul edir. Hər həftə xəstəxanaya gedib müayinədən keçir, analiz veririk. Çox şükürlər olsun, 66 günün yarısını artıq geridə qoymuşuq! Həkimlər bu xəstəliyin 5 il müddəti olduğunu bildirirlər. Beş ildən sonra şiş yenidən əmələ gəlməsə, xəstə tam sağalmış hesab olunur”.

Ana oğlunun gələcəyi, təhsili ilə bağlı gözəl arzularını, məqsədlərini dilə gətirir: “Ağrılarına baxmayaraq, Sadiq heç vaxt dərslərindən qalmayıb. Oxuduğu məktəbin rəhbərliyi, müəllimləri həmişə onun yanında olublar və nəticədə o, buraxılış imtahanında belə yüksək bal toplayıb. Oğlum məktəbi bitirib hüquqşünas olmaq, xaricdə təhsil almaq istəyir. Sadiqin dərmanları çox baha olduğundan onun təhsilinə kömək edə, əlavə vəsaitlər ala bilmirik. İmmuniteti aşağıdır, qanı düşür, onu xüsusi qidalandırmaq lazımdır. Bütün günü Sadiqə qulluq etdiyimə görə istəsəm də işləyə bilmirəm”.

 Oxumaq məni çox ruhlandırır, bu, arzularıma çatmağım üçün yeganə səbəbimdir

Xəstəliyi, qəbul etdiyi ağır kimyaterapiyalarla əlaqədar halsız olmasına baxmayaraq, uğurlu məktəblimiz “Azərbaycan müəllimi”nə müsahibə verməkdən boyun qaçırmır. Dərsləri, nailiyyəti, sevimli müəllimləri haqqında danışdıqca gözlərində parıltı, üzündə təbəssüm əmələ gəlir: “Ən sevdiyim fənlər Azərbaycan dili, ədəbiyyat, tarix, riyaziyyat, ingilis dilidir. Çünki ali məktəbə həmin fənlər üzrə hazırlaşıram və bu fənlər mənə daha maraqlı gəlir. Məktəb müsabiqələrində iştirak etmişəm, bir sıra sınaq imtahanlarında olmuşam və yaxşı nəticələr əldə etmişəm. Dərslərimi müəllimlərimin və valideynlərimin köməyilə hazırlayıram. 2023-cü ilin əvvəlindən məktəbə getmirəm, hazırda evdə təhsil alıram. Məktəbimizin direktoru Vüsalə Əliyeva, tarix müəllimim olmuş Kamran Şeyxzamanlı, Azərbaycan dili və ədəbiyyatı müəllimim Aysel Məhyəddinova, ingilis dili müəllimim Kamil Orucov, riyaziyyat müəllimim Aysel Muradova, ədəbiyyat müəllimim Məleykə Muradalıyeva, biologiya müəllimim Xədicə Novruzova, fizika müəllimim Humay Əliyeva və digər müəllimlərim Sədayə Hüseynova, Xəyalə Qəribova, Gülbəniz Sadıqova, Tahir Vəliyev, İrşad Mirzəyev mənə hər zaman dəstək olurlar, mənə evdə dərs keçirlər, hamısından çox razıyam. Müəllimlərimə dərin təşəkkür edirəm! Dostlarım, sinif yoldaşlarım, əsas da Mikayıl, Əkbər həmişə yanımda olublar. Bu xəstəliyə baxmayaraq, daim əzmlə və inamla çalışdım,  beləliklə, bu nailiyyəti əldə etdim. Ümid edirəm ki, 11-ci sinifdə bundan daha yaxşı, yüksək bal toplayaram. Oxumaq məni çox ruhlandırır, bu, arzularıma çatmağım  üçün yeganə səbəbimdir”

Sadiq imtahan zamanı çox həyəcan keçirib. İmtahandan sonra özünü pis hiss edib. Lakin uğurlu nəticə göstərməsi indi onu çox sevindirir. Məktəbli iradəsi və qətiyyəti sayəsində hüquqşünas olmaq arzusuna addım-addım daha da yaxınlaşır. Qeyd edir ki, ağır kimyəvi dərmanla onu çox halsızlaşdırır, yeriməyə belə taqəti qalmır, baş ağrılarından əziyyət çəkir. Oxumağa olan böyük həvəsi ona xəstəliyini, ağrılarını unutdurur, əsəb və stresdən uzaqlaşdırır, həyat sevgisi bəxş edir. “Gələcəkdə dünya səyahətinə çıxmaq istəyirəm. Kitablarda oxuduqlarımı gözlərimlə görmək arzusundayam”, – deyir Sadiq.

Ən güclü ağrılarla mübarizə apararkən belə, eyni həvəslə dərslərinə hazırlaşırdı”

Aysel Məhyəddinova Abşeron rayonu Pirəkəşkül kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Bildirir ki, Pirəkəşkül kəndində pedaqoji fəaliyyətə başladığı müddətdən şagirdi Sadiq Rəcəbli diqqətini cəlb edib: “4 ildir ki, Sadiqgilin sinfinə dərs keçirəm. Dərslərə hazırlığı, elmə, öyrənməyə böyük həvəsi, eyni zamanda, istiqanlılığı, mehribanlığı ilə müəllimlərinin, dostlarının sevgisini qazanıb. Sadiq bütün fənlərə eyni həvəslə yanaşır. 2023-2024-cü tədris ilinin əvvəlində Sadiq balamız qəflətən onkoloji xəstəliyə yaxalandı. Müəllimləri, sinif yoldaşları Sadiqi bu çətin yolda heç zaman tək buraxmadı. Sadiq xəstəxanada ikən, ən güclü ağrılarla mübarizə apararkən belə, həkimlərin təkidlərinə baxmayaraq, eyni həvəslə dərslərinə hazırlaşır, tapşırıqlarını həll edirdi. Sevindirici haldır ki, Sadiq bu il 9-cu siniflər üçün keçirilən buraxılış imtahanlarında 254,6 bal, Azərbaycan dili fənnindən isə 95,1 bal toplayıb”. 

Aysel müəllim diqqətə çatdırır ki, məktəbin direktoru Vüsalə Əliyeva başda olmaqla Sadiqin sinfinə dərs keçən bütün fənn müəllimləri şagirdi yüksək diqqət və qayğı ilə əhatə edir, həm dərs zamanı, həm də əlavə saatlarda öz dəstəyini göstərirlər: “İnanırıq ki, Sadiqimiz tezliklə öz sağlamlığına qovuşacaq və ölkəmizdə yüzlərlə bu xəstəlikdən əziyyət çəkən uşaqlarımıza ümid olacaq. Sadiq hamımıza sübut etdi ki, gərgin əmək, zəhmət, inam və sevginin fəth edə bilməyəcəyi zirvə yoxdur. Bu gün balamızın dəstəyə ehtiyacı var. Mən əminəm ki, Sadiq bu keşməkeşli mübarizədən, sınaqdan qalibiyyətlə çıxacaq və vətənimizə layiqli, savadlı bir şəxsiyyət kimi yetişəcək”.

Qeyd edək ki, Sadiqin müalicəsinə kömək məqsədilə müddətli yardım kampaniyası keçirilir. Yardımsevərlər Sadiqin “Kapital Bank”dakı bu hesab nömrəsinə (5239151730900100) vəsait köçürə bilərlər. 

Çalışqan məktəblimizə tezliklə şəfa tapmağı və bütün arzularına çatmağı diləyirik.

Şərhlər

Xəbər lenti

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

15 iyul, 09:27

ADNSU tələbəsi beynəlxalq uğura imza atıb

15 iyul, 09:20

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

15 iyul, 09:18

ADNSU tələbələri Oksford Universitetində yay məktəbinə seçiliblər

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

14 iyul, 12:55

Məktəblilərimiz 57-ci Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

14 iyul, 12:37

Yüksək bal toplayan şagirdlərin çoxunun valideyni müəllimdir - Məleykə Abbaszadə

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.