Bütün xəbərlər
16 yanvar, 17:23

Azərbaycan təhsilinin uğurlarından danışarkən göz önünə ilk növbədə şagirdlərin fənn olimpiadalarında, müxtəlif bilik yarışlarında qazandıqları nailiyyətlər gəlir. Amma bu uğurların arxasında təkcə rəsmi göstəricilər deyil, eyni zamanda məktəbin daxilində – dərsdənkənar fəaliyyətlərdə, yaradıcı layihələrdə, sosial işlərdə, ümumilikdə sağlam mühitin formalaşdırılmasında görülən böyük zəhmət dayanır. 

“Azərbaycan müəllimi” olaraq bu dəfə Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə olub, buradakı gündəlik fəaliyyətlə tanış olduq.
Gördüyümüz ilk mənzərə sakit bir səhər çağında məktəbin səliqəli və geniş həyətidir. İlk zəngin vurulması ilə uşaq səs-küyü və gülüş səsləri bu sakitliyi pozur. 

İlk addımlar: 1979-cu ildən başlayan təhsil yolu

Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-lisey 1979-cu ilin sentyabr ayının 1-də “Qax şəhər beynəlmiləl orta məktəb” adı ilə fəaliyyətə başlayıb. Burada tədris Azərbaycan, rus və gürcü dillərində aparılır. Məhz bu beynəlmiləl xarakter məktəbin inklüziv, tolerant dəyərlər üzərində formalaşmasına təkan verib. Təhsil Nazirliyinin 26 avqust 1998-ci il tarixli 576 nömrəli əmrinə əsasən, məktəbə lisey statusu verilib.

Ənənələri qorumaq və yeniliklərə açıq olmaq

42 il ərzində məktəbə rəhbərlik etmiş Əməkdar müəllim Şəkər Abdullayeva yüksək idarəçilik istedadı və pedoqoji səriştəsi ilə məktəbi nəinki rayonun, hətta respublikanın qabaqcılları sırasına çıxara bilib. Şəkər müəllim və bu məktəbin ilk müəllimlərindən bir hissəsi indi həyatda yoxdur. Lakin onların işini davam etdirən, xatirələrini yaşadan peşəkar müəllim kollektivi var.

Bu gün məktəbdə təhsil alan 931 şagirdin təlim-tərbiyəsi ilə 118 ixtisaslı müəllim məşğul olur.

İki ildir məktəbə rəhbərlik edən Aybəniz Məmmədova bildirir ki, məktəbin üçdilli bölməsi, həmçinin müxtəlif təmayül siniflərinin (riyaziyyat-iqtisadiyyat, təbiət fənləri, humanitar və s.) uğurlu fəaliyyəti şagirdlərə biliklərini dərinləşdirməklə yanaşı, onların sosial bacarıqlarını və innovativ düşüncələrini inkişaf etdirməyə imkan verir.

Uzun illər məktəb ”Yeni təlim texnologiyalarını tətbiq etməklə yüksək nizam – intizam və təlim nəticələrinə nail olmaq” devizi ilə fəaliyyət göstərib. Bunun nəticəsidir ki, məktəbin şagirdləri dəfələrlə fənn olimpialarının, yarış və müsabiqələrin qalibi olublar. Dərslərin təmayülləşmə üzrə aparılması (fizika, kimya, biologiya, coğrafiya, tarix, Azərbaycan dili, riyaziyyat və s. dərinləşdirilmiş proqramla) yüksək nəticələr əldə olunmasına şərait yaradır.

“Təlim prosesində şagirdlərdə idraki fəaliyyəti inkişaf etdirmək, onlarda müvafiq bacarıq və vərdişləri formalaşdırmaq təhsilin əsas funksiyası kimi diqqətdə saxlanılır. Dərslərdə biliklərin sistemləşdirmək məqsədilə şagirdlərə bilik, intellektual və qavrama səviyələrinə uyğun tədqiqat və araşdırma işləri aparılır. Bu isə onlarda fikir söyləmək, fikirlərini arqumentlə sübut etmək və nəticə çıxarmaq qabiliyyətini formalaşdırır”, - deyə direktor bildirir.

2023-2024-cü tədris ilində məktəbin 79 məzunundan 46-sı ali təhsil müəssisələrinə, 12 məzun isə xarici ölkələrin ali təhsilə müəssisələrinə qəbul olub. 6 məzun 600 baldan yuxarı nəticə göstərib. Məktəbin bir sinfi ötən il ali məktəblərə qəbulda 100% nəticə göstərib. 

Məktəbin məzunlarından 7 nəfər Prezident təqaüdünə layiq görülüb. Buraxılış imtahanlarının nəticələrinə görə, məktəb iki dəfə “İlin ən yaxşı məktəbi ” kimi Dövlət İmtahan Mərkəzinin statistik hesabatına düşüb. Şagirdlərinin istər beynəlxalq, istər respublika səviyyəsində qazandıqları nailiyyətlər dəfələrlə Qax rayonunun və bütövlükdə bölgənin təhsil nüfuzunu yüksəldib. Məsələn, 2011, 2012 və 2014-cü illərdə “YNEPO” Beynəlxalq layihə olimpiadalarında 2 gümüş və 1 bürünc medal, “SPARE Beynəlxalq məktəbli” layihəsində I yer, onlarla şagirdin beynəlxalq diplomlarla təltif olunması təhsil ocağının fəaliyyətində parlaq səhifələrdəndir.

“Əsas məqsədimiz şagirdlərin təkcə yüksək bal toplaması deyil, dünyagörüşlərinin artırılması, elmi yeniliklərə açıq olmaları, məktəbdənkənar fəaliyyətlərdə fəal iştirak etmələri, ən başlıcası, müasir texnologiyaları mənimsəmələrini təşviq etməkdir. STEAM mərkəzinin açılışı, rəqəmsal bacarıqlar üçün ayrılmış xüsusi otaqlar, laboratoriyalarımız bu məqsədə xidmət edir”, - deyə direktor əlavə edib.

İbtidai siniflərdə “sehrli” atmosfer

Uşaqlarla ilk tanışlığımız ibtidai sinif bölməsində baş tutur. Balacalar müəllimlərinin rəhbərliyi ilə kiçik gül kolları əkdikləri sinifə toplaşırlar. Buranı məktəbin “botanika guşəsi” də adlandıra bilərik. İbtidai sinif müəllimləri uşaqlara təbiətə sevgi aşılayırlar. İbtidailər burada çiçəklərə qulluq edir, əkdikləri kiçik şitillərin böyüməsini izləyir, nəticələri dəftərlərində qeyd edirlər. Bu onların təbiətə yanaşma tərzini, məsuliyyət hisslərini və müşahidə qabiliyyətlərini inkişaf etdirir.

Laboratoriyalarda gəzinti

Növbəti ünvanımız fizika və biologiya laboratoriyaları olur. Burada şagirdlər özlərini real elmi-tədqiqat mühitində hiss edə bilsinlər deyə, məktəb rəhbərliyi texniki avadanlıqlara, laboratoriya cihazlarına xüsusi önəm verildiyini bildirir. 2023-cü ildə STEAM mərkəzi də açılıb. Şagirdlər indi innovativ yarış və olimpiadalarda daha həvəslə iştirak edirlər.

Başqa nələr var…

Məktəbdə basketbol dərnəyi də var. Şagirdlər təkcə zehni fəaliyyətlə məşğul olmur, fiziki cəhətdən də sağlam böyüyürlər. Söhbət əsnasında bəlli olur ki, məktəb “gənclərin məktəbdə daha çox vaxt keçirməsi” prinsipini əsas tutmağa çalışır: “Çünki şagird məktəbdə nə qədər çox vaxt keçirirsə, bir o qədər “məktəbin hissəsinə” çevrilir və ordakı fəaliyyətlərdə faydalı olur”, - deyir məktəbin direktoru.

Onun sözlərinə görə, basketbol dərnəyi, musiqi və rəqs qruplarının fəaliyyəti, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi ilə əməkdaşlıq, rayon və respublika səviyyəsində keçirilən ekoloji aksiyalarda iştirak, STEAM layihələri – bütün bunlar şagirdlərin sosial bacarıqlarını və dünyagörüşünü zənginləşdirir: “Bizim amalımız uşaqlarda biliklə bərabər zəngin düşüncə tərzi və ictimai fəal vətəndaş mövqeyi formalaşdırmaqdır. Biz burada təkcə dərs keçmirik, həm də cəmiyyətə yararlı insan yetişdiririk. Şagird məktəbinə daha bağlı olduqda müvəffəqiyyət dərəcəsi də yüksəlir”.

Müəllimin səsi: Gənc nəslə yeni baxış

Məktəb 11 alim yetişdirib.

Hər bir nailliyyətin arxasında peşəkar müəllim heyəti durur. Məktəbdə 5 “Əməkdar müəllim”, həmçinin “Qabaqcıl təhsil işçisi”, “Tərəqqi” medalı, Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif olunmuş xeyli pedaqoq çalışır. Gənc müəllimlər də təcrübəli müəllimlərlə çiyin-çiyinə çalışaraq müasir texnologiyaların, yeni metodikaların tətbiqinə böyük maraq göstərirlər.

“Müasir metodik xidmətlər” layihəsi üzrə metodist fəaliyyəti göstərən Tükəzban müəllimlə söhbətimiz əsnasında bildirir ki, əsas məqsədi gənc müəllimlərə müasir metodik dəstək göstərmək, onların dərslərində interaktiv resurslar, elektron lövhələr, onlayn platformalardan istifadəni asanlaşdırmaqdır: “Biz istəyirik ki, məktəb yalnız bilik ötürən yox, eyni zamanda, öyrədən-öyrənən qarşılıqlı münasibətlərin mərkəzi olsun”.

Müzakirələr, mütailə, dil öyrənmək

“Oxu guşəsi” adlandırılan sinifə keçir, burada “Azərbaycan dili və ədəbiyyat” fənnini tədris edən müəllimlərlə, eyni zamanda, bir neçə yüksək nəticə göstərən şagirdlə tanış oluruq. Burada müxtəlif dillərdə – gürcü,  rus,  ingiliscə oxunmuş əsərlər müzakirə edilir. Məktəbdə mütaliə sahəsində də maraqlı ənənə formalaşdırıblar. Məsələn, məktəbin gürcü bölməsinin şagirdləri gürcü ədəbiyyatının nümunələrini oxuyub, sonra Azərbaycan dilinə kiçik məzmunlar tərcümə edirlər. Bənzər qaydada rus bölməsinin şagirdləri də ingilis dilindən xırda parçaları orijinaldan oxumağa çalışırlar. Bütün bunlar onların təkcə dil bacarıqlarını deyil, eyni zamanda, müzakirə, arqument irəli sürmə, təqdimat vərdişlərini inkişaf etdirir.

Soruşuruq ki, bir neçə xarici dilin tədrisi məktəbdə necə təşkil olunur? Hansı yanaşmadan istifadə edirsiniz? Direktor sualımızı belə cavablandırır:

“Biz istəyirik ki, şagirdlərimiz öyrəndikləri dili sırf danışıq səviyyəsində yox, elmi səviyyədə də mənimsəsinlər. Yəni, dil öyrənmək təkcə ünsiyyət vasitəsi deyil, əsas məsələ o dildə düşünmək, tədqiqat aparmaq, tezisləri beyində formalaşdırmaqdır. Hələ 1979-cu ildə beynəlmiləl orta məktəb kimi fəaliyyətə başladığımızdan bu günə kimi özümüzdə bu dil müxtəlifliyini qorumuşuq”.

Söhbət edərkən məktəb üzrə ən fəal oxuculardan bir neçə şagird də yaxınlaşır. Onlar oxuduqları xarici dilli əsərlərin adlarını sadalayırlar. 2023-cü ildə Coğrafiya üzrə Respublika fənn olimpiadasında gümüş medal qazanmış Adil Paşayev deyir ki, elə coğrafiya ensiklopediyalarını da ingiliscə oxumağa çalışır:

Məktəb uğurlu şagirdlərin gözü ilə

“Bizim məktəbdə dərslər darıxdırıcı olmur”, – deyir Adil. 

“Coğrafiya müəllimimiz elmi biliklərə praktiki nümunələr qoşmağı çox sevir. Məsələn, xəritələrlə işləyir, ekskursiyalarda olur, onlayn yarış platformalarında iştirak edir, həmçinin komanda şəklində testlər üzərində çalışırıq. Dərsdən sonra da “coğrafiya klubu”muz da bir araya gəlir, orada öz araşdırmalarımızı müzakirə edir. Bu da yarışlara hazırlaşmağımıza kömək etdi.

Gülay Mütəllibova isə 2023-cü ildə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə respublika fənn olimpiadasında gümüş medal qazanıb. Gülay orijinaldan bədii əsər oxumağın, müzakirələrin onların dünyagörüşünə böyük təsir etdiyini vurğulayır. Digər şagirdlər – Mələk Mehrablı, Abdulla Toğrul da şeir, inşa müsabiqələrində, “Ən yaxşı yazı müsabiqəsi”ndə ölkə üzrə yüksək nəticələr qazanıblar.

“Burada atılan hər addım sabaha açılan üfüqdür”

Beləcə, Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə keçirdiyimiz bir gün başa çatır. Bu qısa səfərdən aydın olur ki, məktəbdə yüksək idarəçilik, müasir texnologiyalara açıq yanaşma və müəllim-şagird münasibətlərindəki qarşılıqlı inam sayəsində güclü təhsil mühiti mövcuddur. Yüksək bal toplamaq, olimpiada medalçısı olmaq nə qədər sevindiricidirsə, dərsdənkənar yaradıcılıq, sosial layihələr, idman və ekoloji klublar da uşaqların gələcək həyat uğurlarına bir o qədər zəmin yaradır.

Məktəbdən ayrılmaq istəyərkən görürük ki, dəhlizdə bir neçə valideyn övladları ilə birlikdə laboratoriya otaqlarına baş çəkir. Məlum olur ki, vaxtaşırı valideynlər üçün “məsləhət günləri” keçirilir, onlar şagirdlərin oxu mühiti ilə tanış olur, müəllimlərlə məsləhətləşirlər. Bu, məktəbin ailələrlə əlaqələrini canlı saxlamağa xidmət edir. Direktordan tutmuş müəllim heyətinə, şagirdlərdən valideynlərə qədər hamının ortaq fikri belədir: “Biz elmli, savadlı, vətənpərvər və gələcəyin çağırışlarına hazır nəsillər yetişdirmək üçün buradayıq”. Laboratoriyada tədqiqat aparan, debatlara qoşulan şagirdlərə baxdıqca aydın olur ki, bu amal artıq gerçəkləşməkdədir. Hər günün sonunda bir az da zənginləşən məktəb ruhu, hər gülüşdə böyüyən gələcək ümidləri var burada. Bu ümidlər isə sözsüz ki, Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin uğurla bərqərar etdiyi nizam-intizam və elmi yeniliklərlə cilalanır.

Beləliklə, Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-lisey bizə bir daha nümayiş etdirir ki, məktəb təkcə şagirdlərin uğur əldə etdiyi imtahan platforması deyil, eyni zamanda onların çoxşaxəli maraqlarının ifadə olunduğu həyata hazırlanma arealı, böyüklərə çevrilənə qədərki “ən parlaq dövr”lərindən birinin keçdiyi məkandır. Burada nəinki tədris, həm də aydın düşüncə, sağlam ictimai fəaliyyət, elmi-ictimai ruh, kreativ yanaşma var.

Bəli, buradakı şagirdlərin gülüşlərində, işıqlı baxışlarında, həqiqətən, böyük ümid və parlaq gələcək gizlidir. Və bu ümidin reallaşması üçün atılan hər addım, yaradılan hər şərait, çiçəklərə baxan balaca əllər, robotları hərəkətə gətirən beyinlər məktəbin öz missiyasını düzgün icra etdiyindən xəbər verir.

Xəbər lenti

5 fevral, 14:52

Mil-Muğan regionunda 2 yeni məktəb binası istifadəyə veriləcək

5 fevral, 14:31

Mingəçevirdə dərs zamanı halı pisləşən məktəbli vəfat edib

5 fevral, 14:21

Şagirdlərin peşə bacarıqlarının inkişafında yaradıcı düşüncənin rolu

5 fevral, 14:06

“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı konfrans başlayıb

5 fevral, 14:02

Keçmiş və müasirlik bir arada - Hənifə kənd məktəbində bir gün

5 fevral, 13:56

İdmanda gender ayrı-seçkiliyi yoxdur - Altıqat Azərbaycan çempionu 

5 fevral, 12:47

Eksternat imtahanlarının nəticələri bəlli olub

5 fevral, 11:48

"Azərbaycan məktəbi" jurnalı alim və tədqiqatçıları əməkdaşlığa dəvət edir

5 fevral, 11:30

Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi

5 fevral, 11:25

Fil Bati: Azərbaycan universitetləri öz tədqiqat fəaliyyətlərini əhəmiyyətli dərəcədə artırır

5 fevral, 11:02

Mingəçevir Gənclər Evində uğur və ilham dolu günlər - REPORTAJ

5 fevral, 10:51

İcma əsaslı məktəbəqədər təhsil xidməti göstərən 188 qrant layihə həyata keçirilir

5 fevral, 10:16

Azərbaycanlı tələbələr layihələrini Niderlandda təqdim ediblər

5 fevral, 10:09

Agentlikdə yeni təyinatlar olub

5 fevral, 10:05

BSU-da Tələbə Məşvərət Şurasının iclası keçirilib

5 fevral, 09:45

Bakı Avrasiya Universitetləri Sammitinə ev sahibliyi edəcək

5 fevral, 09:32

Ölkəmizdə ilk dəfə “Biotəhlükəsizlik və biomühafizə” fənni tədris olunacaq

5 fevral, 09:28

ETN yanında İctimai Şuranın üzvləri Təhsilin İnkişafı Fondunda olublar

5 fevral, 09:25

“ADPU 2030” Strateji inkişaf planı qəbul olunub

5 fevral, 09:19

Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.