![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews/11%20February%202025/112223a4-13aa-4486-9947-a9df234ff5c7_1b8d5d0b-2f35-46bd-af04-1b21bdc02402.jpg)
Lənkəran-Astara regionunda həm fəaliyyəti, həm də uğurları ilə fərqlənən müəllimlərdən biri Babək Rzazadədir. Təsadüfi deyil ki, qısa müddət əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 2 fevral-Gənclər Günü münasibətilə təltif edilən bir neçə gənc arasında onun da adı vardı. Yaşadığı kənddə öz hesabına yaratdığı kiçik mərkəzdə şagirdlərinə təmənnasız dərslər keçməsi onu əksər həmkarlarından fərqləndirən cəhətlərdən yalnız biridir.
“Azərbaycan müəllimi”nin budəfəki müsahibi Astara şəhərinin M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, Azərbaycan Gənc Xarici Dil Müəllimlər Birliyinin sədr müavini, ABŞ-nin Şimali Karolina Universitetinin ELT proqramının mentoru Babək Rzazadədir.
- “Fulbright TEA” Proqramı çərçivəsində ABŞ universitetində kurs keçdikdən sonra oradakı məktəblərdə praktikada olmusunuz. Müqayisə edilərsə, ABŞ məktəbləri ilə bizim məktəblər arasında hansı üstünlük və çatışmazlıqlar var? Orada öyrəndiklərinizdən nələri praktikanızda tətbiq etmisiniz?
- 2023-cü ildə “Fulbright TEA” proqramının qalibi kimi ABŞ-nin Montana Dövlət Universiterində 2 aylıq kurs keçmişəm. Eyni zamanda, “Gallatin High School”da praktikada olmuşam. Proqramda universitet professorları tərəfindən bizə “ESL” (İngilis dili xarici dil kimi), “Liderlik”, “Metodologiya”, “Texnoloji bacarıqlar”, “Mədəni və sivil dəyərlər” mövzuları üzrə dərslər keçirildi.
ABŞ məktəbində iki həftəlik praktikada olduq, müəllimlərin dərslərini izlədik və özüm də amerikalı şagirdlərə həm “ESL”, həm də “Azərbaycan dəyərləri” adlı dərs keçdim.
ABŞ-də hər ştatın, demək olar ki, öz kurikulumu, fərqli təhsil sistemi var. Montanada dərslər daha çox “PBL” (Project Based Learning-Layihə Əsaslı Öyrənmə) ilə keçirilirdi. Şagirdlərə əvvəlcədən layihələr tapşırılır, onlar bunun üçün araşdırmalar edir, daha sonra işlərini təqdim edirdilər.
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews/11%20February%202025/a075478a-bdb9-4beb-b1ef-1c6445f13002_438d680c-e1d8-4af1-8345-5014ca2a9539.jpg)
ABŞ siniflərində “CO teaching” çox məşhurdur. Bir sinifdə bir akademik dərs saatı ərzində iki fərqli fənni iki müəllim inteqrasiya şəklində tədris edir. “Gallatin High School”da şagirdlər ali məktəbə daxil olmaq üçün 10, 11, 12-ci siniflərdə öz nailiyyətləri ilə kredit qazanmalıdırlar. Artıq 11-12-ci sinifdə təhsil alan bəzi şagirdlər müxtəlif kolleclər və Montana Dövlət Universiteti üçün lazım olan krediti toplayırlar.
Biologiya və coğrafiya dərslərində bir qrup şagird öz müəllimləri ilə Sarı Daş Milli Parkına, müxtəlif muzeylərə, meşəyə tədqiqat işi üçün gedir və nəticəsini məktəbin kollektivinə təqdim edirdilər.
Üstünlüklərdən danışsaq, qeyd edə bilərəm ki, orada dərslər 07:45-də başlayır, 14:30-da bitirdi. Günorta bütün kollektiv məktəbin geniş yeməkxanasında yeməklə pulsuz təmin olunurdu. Rəqəmsal kitabxana sistemləri çox yüksək səviyyədədir, şagirdlər kitabxanalardan olduqca çox istifadə edirlər.
Dərsdən sonrakı fəaliyyətlər çoxşaxəlidir. Məsələn, simfoniya, teatr, xor, qolf, futbol istiqamətləri üzrə müxtəlif komandalar formalaşıb. Dərslərdən sonra bütün kollektiv onların ifalarını, yarışlarını izləməyə gedirdi.
Sizə “Gallatin”də olan çox maraqlı bir fəaliyyətdən danışmaq istəyirəm. “Homecoming week” adlanan mərasimdə bir həftə ərzində “Gallatin” məzunları məktəblərinə qayıdırlar və məktəb hər gün fərqli-fərqli rənglərə boyanırdı. Məsələn, bazar ertəsi bütün kollektiv mavi, çərşənbə axşamı sarı rəngli, qalan günlərdə digər fərqli rəngli geyimlər geyinərək məktəbdə müxtəlif yarışlar təşkil edirlər.
Çatışmazlıqlar müəllim və şagirdlərin geyimləri və xarici görünüşləri ilə bağlıdır. Mən özüm sərbəst geyimə üstünlük verirəm. Amma düşünürəm ki, müəllimin imici olmalıdır və o, geyimi, görünüşü ilə digərlərinə nümunə olmalıdır. Şagirdlər də çox absurd şəkildə geyinirdilər. Bu, mənə görə, çatışmayan tərəf idi.
“Şagirdlərin daha məlumatlı olması müəllimlərin daha peşəkar olmasını tələb edir”
- Müəllim kimi fəaliyyətə kənd məktəbində başlamısınız, hazırda isə şəhər məktəbində işləyirsiniz. Sizcə, şəhər və kənd məktəbində işləmək arasında fərqlər var?
- Hazırda çalışdığım məktəb müəllimlik fəaliyyəti ilə məşğul olduğum 3-cü təhsil müəssisəsidir. 2014-cü ildə Lerik rayonunun ucqar Molalan məktəbində fəaliyyətə başlamışam. 2 il çalışdığım məktəbin cəmi 60 şagirdi və hər sinifdə də 2-3 şagird var idi. 2-3 şagirdlə sinifdə işləmək asan olurdu. Kənd şagirdləri çox saf və səmimi idilər. Dərsdən sonra kirayə qaldığım evə gələr, odun yarmağa, soba qalamağa kömək edərdilər. Orada 2014-2016-cı illərdə çalışmışam. Şagirdlərin demək olar ki, heç birində mobil telefon yox idi. Fənn üzrə bilik və bacarıqları yaxşı idi, amma ümumi dünyagörüşləri nisbətən zəif idi.
Daha sonra Şahağacı kənd 2 nömrəli tam orta məktəbində çalışmışam. Burada hiperaktiv şagirdlər nisbətən daha çox idi. Amma mən şagirdlərin müəllimi olmaqla yanaşı, həm də dostu olaraq onlarla dil tapa bildim.
Hazırda çalışdığım müəssisə Astara şəhərinin mərkəzində yerləşən 1 nömrəli tam orta məktəbdir. Bura rayonumuzun ən qocaman, eyni zamanda, son illərin çox inkişaf etmiş, uğur qazanmış məktəbidir. Burada şagirdlərin sayı kənd məktəblərinə nisbətən çoxdur. Son illərdə bu məktəbdə şagirdlərin yüksək balla ali məktəbə daxil olması ənənəyə çevrilib. 10-11-ci siniflər təmayüllüdür. Buna görə həm şagirdlərin, həm də valideynlərinin gözləntiləri daha yüksəkdir. Şagirdlər daha məlumatlıdırlar və müasir dövrün texnologiyaları onlar üçün daha əlçatandır. Bu da müəllimlərdən daha peşəkar və məsuliyyətli olmağı tələb edir.
“Heç bir çətinlik məni müəllimlik peşəsindən uzaqlaşdıra bilməz”
- Fəaliyyətinizin ilk illərində hansı çətinliklərlə qarşılaşmısınız? Müəllimlikdən uzaqlaşmaq istədiyiniz zaman olubmu?
- Təbii ki, bütün müəllimlər ilk fəaliyyətə başlayanda müəyyən çətinliklərlə qarşılaşırlar. İlk dəfə məktəblə tanışlıq üçün atamla yayda kəndə getdik. Məktəb binası ikimərtəbəli yeni tikili idi. Sentyabrın 15-də ora getməyin, şagirdlərlə görüşməyin xəyalını qururdum və səbirsizliklə həmin günü gözləyirdim. Amma ilk gün xəyal qırıqlığına uğradım. Çünki məktəbdə cəmi 50-60 şagird vardı. Hər sinifdə də 2-3 şagirdə dərs keçməli olurdum. Bu, ilk günlər mənə çətin gəlirdi. Mənə qədər o məktəbdə heç vaxt ingilis dili fənni tədris olumamışdı. Orada ingilis dili üzrə təyin olunan ilk müəllim oldum. Təsəvvür edin: 8-9-cu sinif şagirdlərinə ingilis dilini proqram üzrə keçməliydim, amma proqramı kənara qoyub onlara aşağı sinif kitablarından dili sıfır səviyyəsindən tədris edirdim. Dərsləri çox sürətli proqramla keçdik, dərsdən sonra onlarla təmənnasız məşğul olmağa başladım. Beləliklə, əksəriyyəti ali və orta ixtisas məktəblərinə daxil oldu. Burada ingilis dili fənninin də böyük rolu oldu. Şəxsi noutbukumu dərsdə istifadə etmək üçün məktəbə aparırdım, amma internet və işıq problemi ilə qarşılaşırdım. Lerikdə işlədiyim kənd ucqar idi, qış aylarında hava çox soyuq, yolları şaxtalı və palçıqlı olurdu. Kirayə qaldığım evdə dərsdən sonra odun tədarükü, yemək və digər vacib işləri görmək nisbətən çətin olurdu. Müəllim peşəsinə o qədər vurğunam ki, heç bir çətinlik məni bu peşədən uzaqlaşdıra bilməz.
- Fəaliyyətiniz dövründə ən yaddaqalan hadisə nə olub?
- Açığı, yaddaqalan hadisələr çox olub. Yadımda qalan bir hadisəni danışmaq istəyirəm. Karantin dövründə Astara şəhəri 1 nömrəli tam orta məktəbdə 6-cı sinfin rəhbəri idim. Yarımilin sonunda böyük summativ qiymətləndirmələr üçün şagirdləri növbə ilə məktəbə çağırırdıq. Sinfimdəki nisbətən zəif oxuyan iki şagird məktəbə gəlmədi. Onları tətil zamanı yenidən məktəbə dəvət etdik, amma yenə gəlmədilər. Sinif rəhbəri kimi çıxış yolu düşündüm və BSQ testlərini əldə edərək müxtəlif kəndlərdə yaşayan şagirdlərin evlərinə üz tutdum. Şagirdlər məni görəndə çox sevinmişdilər. Valideynlərdən biri mənim üçün xüsusi süfrə hazırlamışdı. Artıq onlar 10-cu sinif şagirdləridir. Biri peşə məktəbində təhsilini davam etdirir. ABŞ-dən qayıdanda şagirdlərimin məni sürpriz ilə qarşılaması da yaddaqalan olmuşdu.
Müasir metodlara açıq, nümunəvi dərs təşkil etməyim məni fərq yaradan gənc müəllim etdi
- Hansı fərqli fəaliyyətinizə görə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının “Fərq yaradan gənc müəllim” mükafatına layiq görülmüsünüz?
- Slovakiyanın Bratislava şəhərində “Facilitator school” təliminin, Gürcüstanın Tbilisi şəhərində “İngilis dili müəllimlərinin beynəlxalq konfransı”nın, Türkiyənin Bursa şəhərində “Türkiyə-Azərbaycan müəllimlərinin Yay Məktəbi”nin iştirakçısı olmuşam.
Düşünürəm ki, Lerik rayonunda ikiillik fəaliyyətim, şagirdlər üçün təmənnasız dərslər, şagirdlərimin ali və orta ixtisas məktəblərinə daxil olması, Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasilar üzrə 4-cü qrant müsabiqəsində qalib olmağım, karantin dövründə şagird və müəllimlər üçün “OrdEng” adlı tətbiqi proqram hazırlamağım və pulsuz istifadə üçün onların istifadəsinə verməyim, Şahağacı kəndində şagirdlərin sevimli müəllimi olmağım və eyni zamanda, onların yüksək nəticələri, müasir metodlara açıq, nümunəvi dərs təşkil etməyim məni fərq yaradan gənc müəllim etdi.
Düşünürəm ki, uğurlu müəllim olmağımın ən böyük sirlərindən biri müəllimlik peşəsini, şagirdlərimi hədsiz sevməyim və zəhmətkeşliyimdir. Kiçik bir kənddə yaşayıram və artıq illərdir ki, o kəndin şagirdlərinin ali və orta ixtisas məktəblərinə daxil olmasında xidmətlərim var. Dərsdən əlavə, təlimlər təşkil edirəm. Qızların təhsilinə xüsusi önəm verirəm. Astaranın Deqədi kəndinin ilk ingilis dili müəllimiyəm. Müstəqillik dövründə bizim kənddən məndən əvvəl cəmi bir nəfər ali məktəbə daxil olub. Müəllimlik fəaliyyətinə başlayandan artıq kəndimizdən hər il 10-a yaxın şagird ali məktəbə daxil olur, onların əksəriyyəti qızdır.
- Dərslərinizi hansı metodlarla keçirsiniz?
- Mən TKT 1, 2, 3 modullarını imtahan verərək əldə etmişəm, TOEFL iBT sertifikatını almışam. İngilis dilini təcrübələrimdən istifadə edərək tədris edirəm. Əvvəl rahat sinif otağı mühiti yaradıram. Daha sonra onları dərsə həvəsləndirmək üçün müxtəlif oyunlardan, “warm up activity” kimi metodlardan istifadə edirəm. Şagirdlərdə elmi biliklərlə yanaşı, tənqidi düşüncə, liderlik bacarığını inkişaf etdirirəm. Sinifdə debatlar təşkil edir, anlayışın çıxarılması, klaster və s. kimi metod və üsullardan istifadə edirəm.
Dərsləri şagirdlər üçün daha maraqlı və əyani etmək üçün proyektor, kompüter və səs ucaldıcıdan istifadə edirəm.
- Şagirdlərin ingilis dilini mənimsəmə səviyyəsi sizi qane edir?
- Bu suala, açığı, tam cavab verə bilmirəm. Orta məktəblərdə əksər müəllimlərimiz daha çox qrammatik bacarıqları inkişaf etdirən dərslər keçirlər, valideynlər də bəzi hallarda bunu tələb edir. Amma son illər bu tendensiya dəyişib, artıq valideynlər övladlarının dil öyrənməyinə üstünlük verirlər. Yeni dərsliklər də bunu üçün uyğundur.
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews/11%20February%202025/8626c9d5-1356-4a0e-add8-37ed90d49d48_IMG_3742.jpg)
- İbtidai siniflərdə həftədə 1 saat xarici dil keçməklə istənilən nəticəni almaq mümkündür? Digər siniflərdə saat məsələsi qaneedicidirmi?
- Bu il 3, 4, 6, 7, 10, 11-ci siniflərə dərs keçirəm. Digər siniflərdə saat məsələsi tam qane edir. Bir həftədə 3-4 saat normaldır. Amma ibtidai siniflərdə 1 saatın ayrılması qətiyyən qane etmir. Bunun nəticəsini yuxarı siniflərdə görürük. İbtidai siniflərin ingilis dili kitabları çox yaxşı hazırlanıb, orada onların yaşına uyğun sözlər, mahnılar, mətnlər, dinləmələr var. Dərsdə trims.edu.az saytından istifadə edərək onları keçirəm. Amma bu kifayət etmir. Şagirdə bu həftə keçdiyin növbəti həftə yadından çıxır. Bu məsələ həll olunsa, çox yaxşı olar.
- Mövzunu şagirdlərə daha yaxşı mənimsətmək üçün dərsliklərdən başqa hansı vəsaitlərdən istifadə edirsiniz?
- Hazırda dərsliklər öyrədici, hərtərəfli və maraqlıdır. Əlavə vəsaitləri yalnız təmayüllü 10-11-ci siniflərdə istifadə edirəm, bunun üçün slaydlar hazırlayıram. Eyni zamanda, DİM-in test toplularını istifadə edirəm. Düşünürəm ki, bunlar kifayətdir.
- Alfa nəslinin uşaqları ilə işləmək sizə çətin deyil ki? Şagirdin təlim keyfiyyətini yüksəltmək üçün müəllim-valideyn əməkdaşlığını necə qurursunuz?
- Xeyr, çətin deyil. Dərsləri onların maraqlarını nəzərə almaqla keçirəm. Fənn müəllimi olmaqla yanaşı, sinif rəhbəri kimi də valideynlərlə sıx əməkdaşlıq edirəm. Valideyn iclasları keçirir, mütəmadi onlara övladları barədə məlumatlar verirəm.
Şagirdin təlim nailiyyətini artırmaq üçün valideynlərin də müəllimə inamı çox vacibdir. Mən bu münasibəti prioritet görürəm.
“Dostlarım deyir ki, sən müəllim doğulmusan”
- Özünüzü başqa sahədə təsəvvür edirsiniz, yoxsa elə arzuladığınız peşə müəllimlik olub?
- Müəllimlik mənim üçün sadəcə, sinif otağında deyil, hər yerdə öyrədən, yalnız özü üçün deyil, cəmiyyət üçün yaşayan və yaradan deməkdir. Dostlarım deyir ki, sən müəllim doğulmusan. 3-4 yaşım olanda atam əlimdən tutub gözətçi işlədiyi məktəbə aparardı. Mən məktəb həyətində kağızlar, qırıq qələmlər toplayar və evdə ancaq onlarla məşğul olardım. Məktəbə getməyə başlayanda evdə özüm üçün xəyali sinif və şagirdlər yaratmışdım. Əşyaları şagird etmişdim, evdə onlara dərs keçirdim. Dərslərimi xəyali şagirdlə birgə öyrənirdim. Bir etiraf edim, xəyali şagirdlərimin bəzilərini dərsə yaxşı hazır olmadığı üçün döyürdüm də. O zamanlar elə bilirdim ki, müəllim şagirdi döyməlidir.
- Təhsil aldığınız dövrlə indiki dövrün məktəbini, müəllim-şagird münasibətlərini müqayisə edə bilərsiniz?
- Çox fərq var. Əslində, mən dərslərimi yaxşı oxuyan şagird olmuşam. O dövr oxuyan şagird bütün fənləri yaxşı öyrənirdi. Çünki qiymət almaq üçün fənlərdən imtahan verirdik. 2009-cu ildə attestat imtahanı verərkən mərkəzləşdirilmiş şəkildə 8 fənn üzrə imtahan vermişəm. Amma bu gün şagirdlər hazırlaşdıqları qrup fənləri üzrə daha çox çalışırlar, digər fənləri bəzən çox yaxşı öyrənmirlər.
İndi bütün dərsliklər əlçatan, maraqlı, əhatəlidir. Bizim dövrdə dərsliklərin hamısı əlçatan deyildi. İndi şagirdyönümlü təhsil öndə gəlir, bu, çox yaxşıdır.
- Repetitorluq fəaliyyətinə münasibətiniz necədir? Təkcə məktəb təhsili ilə uğur qazanmaq mümkündürmü?
- Müəllimin iş saatından sonra asudə vaxtında repetitorluq etməyinə pis baxmıram. O, yenə də elm öyrədir, özünü inkişaf etdirir. Amma bu, gərək onun məktəbdəki performansına pis təsir etməsin. Müəllim balanslaşdırmalıdır bunu. Mən də müəyyən qədər repetitor fəaliyyəti ilə məşğul oluram. Amma mənim üçün əsas olan məktəbdəki dərsimdir. Bu, bütün müəllimlər üçün belə olmalıdır. Müəllimin repetitorluq fəaliyyətini məktəb dərslərindən öndə və daha önəmli görməsi qəbuledilməzdir. Çünki, müəllimlik həm də fədakar olmaqdır. Məktəbdəki dərslərlə fənn olimpiadalarının rayon mərhələsində uğur qazanmaq mümkündür, amma ölkə mərhələsində uğur qazanmaq üçün əlavə hazırlığa ehtiyac var. 10-11-ci siniflərdə həftədə 4 dəfə ingilis dili tədris olunur. Bu, buraxılış imtahanına hazırlaşmaq və uğur qazanmaq üçün kifayətdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
![Bookmark](/_next/image?url=%2Fassets%2Fimages%2Fbookmark.png&w=256&q=75)
![Programmer](/_next/image?url=%2Fassets%2Fimages%2Fprogrammer.png&w=640&q=75)
![Mail box](/_next/image?url=%2Fassets%2Fimages%2Fmailbox.png&w=640&q=75)
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
![Azərbaycan müəllimi logo white](/_next/image?url=%2Fassets%2Flogo%2Fmain-logo-white.png&w=640&q=75)
Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər