
Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilir. Digər peşə təhsili müəssisələri kimi, prosesə böyük həvəslə qoşulan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi də artıq məzunlarını yola salıb, yeni ixtisaslar və həmin istiqamətlər üzrə müəssisəyə qəbul olacaq tələbələr üçün hazırlıqlara başlayıb. Ələnən ixtisaslar, süzgəcdən keçirilən fənnlər bəlli olub, yola hansılarla davam ediləcəyinə qərar verilib. Sadəcə ixtisaslar, fənlərmi? Mərkəzin direktoru Şaban Cəərçiyev “Azərbaycan müəllimi”nə müsahibəsində bu suallara cavab verib, eləcə də gözlənilən yeniliklərini açıqlayıb.
Bir ildə 47 faiz artım
– Ötən tədris ilini necə başa vurdunuz?
– Bu il növbəti dəfə əmək bazarına öz kadrlarımızı təqdim etdik. Bu dəfə 364 nəfər məzunumuz oldu. 278 nəfər texniki, 86 nəfər yüksək yexniki peşə təhsilini tamamladı. Məzunlarımızın 76 nəfəri dual qruplarda təhsil alıb. Hər il müəssisəmizə qəbul olunanların da, məzun olanların da sayı artır. Məsələn, bu ilin rəqəmlərini ötən 2023-2024-cü tədris ili ilə müqayisə edəndə 47 faiz artım görürük. Belə ki, ötən il 2023-2024-cü tədris ilində tələbə sayı 870 nəfər idisə, 2024-2025-ci tədris ilində 1283 tələbəmiz olub. Ötən tədris ilində ilk dəfə olaraq ikinövbəli sistemə keçdik. Dual təhsil imkanlarımız genişləndirildi. Bir çox sənaye müəssisələri ilə yeni əməkdaşlıq müqavilələri imzalandı. Bu il daha çox tələbəmiz real iş mühitində peşə bacarıqlarını möhkəmləndirdi.
– İndiyədək nə qədər məzununuz olub? Onların vahid bazası varmı?
– Məzunlarla əlaqələrimizi kəsmirik. Müəssisəmizdə Karyera Mərkəzinin fəaliyyəti birbaşa tələbələrin şəxsi inkişafına yönəlib. Fəaliyyət planına uyğun olaraq il ərzində müxtəlif səpkili görüşlər, tələbələrin şəxsi inkişafı ilə bağlı seminarlar, təlimlər keçirilir, sorğular aparılır, tələbələrin təcrübə proqramları, infoturlar təşkil olunur, izləmə sistemi qurulur, onların bütün məlumatları bazamızda yerləşdirilir. Bu məqsədlə sosial şəbəkələrdə müəyyən qruplarımız var və məzun olan hər kəs həmin qrupa daxil edilir, şirkətlərlə əməkdaşlıq çərçivəsində mərkəzə daxil olan sorğular sosial şəbəkələr vasitəsilə məzunlarımızla bölüşülür. Beləliklə, Karyera Mərkəzi məzunlarımızla işəgötürənlər arasında körpü rolunu oynayır. İl ərzində əmək yarmarkaları təşkil olunur. Bu yaxınlarda Dövlət Məşğulluq Xidməti ilə yarmarka təşkil etdik və mərkəzimizlə yanaşı, Bakı və Abşeron ərazisində fəaliyyət göstərən başqa peşə təhsili müəssisələri də cəlb olundu. Yarmarkada 25 şirkət 270 vakant yer təqdim etdi.

5 yeni ixtisas yaradılır
– Bu il neçə ixtisas üzrə məzunlarınız oldu?
– Ötən tədris ilində 71 qrupda 25 ixtisas üzrə tədris aparılıb. Yeni tədris ilindən 5 yeni ixtisas açılacaq və bununla da ixtisaslarımızın sayı 30 olacaq. Ötən il də əmək bazarının tələblərinə uyğun olan bir sıra yeni ixtisaslar var idi. Məsələn, “Alternativ enerji qurğuları və avadanlıqlarının istismarı”, “Elektrik və hibrid avtomobillərin texniki qulluğu və təmiri üzrə texnik”, “Qrafik dizayner”, “Tibbi avadanlıqların təmiri və xidməti” üzrə müxanik ixtisasları üzrə ilk dəfə kadr hazırlığı həyata keçirdik.
2025-2026-cı ildə də bizim üçün yeni olacaq bir sıra hədəflərimiz var. Qarşıdakı dövr ərzində 5 yeni ixtisas üzrə tələbə qəbulu planlaşdırılır. “3D oyun dizayneri”, “Mexatronika”, “Rəqəmsal inşaat mütəxəssisi”, “Avtomobil nəqliyyatı ilə beynəlxalq yük və sərnişindaşımalar üzrə operator” və “İstehsalata rəqəmsal nəzarət sistemləri” ixtisasları peşə təhsilində bir ilkdir. İndiki gənclərin İKT, internet, kompüter maraqlarını nəzərə alsaq, bu ixtisas üzrə təhsil alacaq tələbələr öz milli brendini, öz oyununu yarada biləcəklər. Artıq bu istiqamətdə bir sıra şirkətlərlə yeni əməkdaşlıq imkanları müzakirə olunur. Əmək bazarında bu ixtisas üzrə tədris aparacaq mütəxəssislərin axtarışına çıxmışıq.
– Yeni ixtisaslara qəbulda hər hansı əlavə şərt nəzərdə tutulubmu? Yəni təhsilalandan hansısa əlavə sənəd, bacarıq tələb ediləcəkmi?
– Hələlik bu ixtisasla bağlı hər hansı fərqli bacarıq meyarı qoyulmayıb. Hər kəs kimi portal üzərindən qeydiyyatdan keçməklə müraciət edəcəklər. Düşünürəm ki, bu sahəyə marağı olanlar bu ixtisasa yiyələnmək istəyəcəklər. “3D oyun dizayneri” ixtisası kimi “Rəqəmsal inşaat mütəxəssisi” ixtisası da peşə təhsilində yenidir. Odur ki, böyük inşaat şirkətləri ilə əlaqələrimizi genişləndirir, tədris aparacaq mütəxəssisləri məhz həmin şirkətlərdə axtarırıq. Bu gün bazarın tələbi olduğu üçün bu ixtisası qəbul planına salmışıq. “Avtomobil nəqliyyatı ilə beynəlxalq yük və sərnişindaşımalar üzrə operator” ixtisası da bizim üçün yenidir. Qeyd edim ki, məqsədimiz müasir texnologiyalara əsaslanan ixtisaslarla gənclərə rəqabətyönümlü peşə bacarıqlarını qazandırmaq olduğundan, şübhəsiz ki, bundan sonra da əmək bazarının tələb etdiyi ixtisaslar üzrə kadrlar hazırlayacağıq.
– Yeni ixtisaslarınız dual olacaq?
– İlkin mərhələdə həm texniki, həm də yüksək texniki peşə təhsil səviyyəsi üzrə qrupların olması planlaşdırılır. Yaxın illərdə yeni ixtisasların dual təhsil modeli əsasında təşkil olunması hədəflərimiz sırasındadır.

– Bir sıra ixtisaslar spesifikdir, bəziləri xüsusi bacarıq tələb edə bilər və s. Attestat balı ilə qəbul olunan peşə təhsili müəssisələrinin tələbələri tədris proqramlarını mənimsəyə bilirlərmi?
– Dual təhsil modelinə seçim prosesini özümüz həyata keçirə bilirik. İşəgötürənlərin iştirakı ilə seçim mərhələsi olur və müsahibədə tələbənin istəyi, bacarıqları yoxlanır. Portal üzərindən qəbul zamanı isə biz buna müdaxilə edə bilmirik.
– Yeni ixtisasların dual təhsil modeli əsasında olmadığını söylədiniz. Bəs hazırda dual olan ixtisaslar üzrə qəbul planında dəyişiklik planlaşdırırsınızmı?
– Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi olaraq dual təhsil modelinin tətbiqi bizim üçün strateji önəm daşıyır. Müəssisə olaraq bu təhsil formasının təşkili üçün bütün zəruri infrastruktur və metodiki imkanlara malikik. Əsas məqsədimiz isə təhsilalanların yalnız nəzəri biliklərlə deyil, eyni zamanda real iş şəraitində praktiki bacarıqlarla da silahlanmasıdır.
Bu məqsədə çatmaq üçün hər bir ixtisas üzrə əmək bazarında fəaliyyət göstərən aparıcı işəgötürənlərlə sıx və məqsədyönlü əməkdaşlıq qurulub. Sənaye sahəsindəki tərəfdaşlarımızla aparılan birgə fəaliyyət, tədris planlarının real tələblərə uyğun formalaşdırılması və praktik təcrübə imkanlarının yaradılması bu əməkdaşlığın əsas sütunlarıdır.
Təbii ki, işəgötürən tərəfin də ehtiyac və gözləntiləri bizim üçün olduqca önəmlidir. Onların konkret tələbləri nəzərə alınaraq təlimin forması, təcrübə şəraiti və təhsil planı çevik şəkildə uyğunlaşdırılır. Bu yanaşma həm məzunların işə hazırlıq səviyyəsini artırır, həm də müəssisələrin bilikli və bacarıqlı kadr ehtiyacını qarşılayır. Məhz bu səbəbdən dual təhsil modelinin əhatə dairəsini daha da genişləndirmək üçün davamlı işlər görülür. Bu model peşə təhsili ilə sənaye sektoru arasında canlı körpü rolunu oynayır və nəticə etibarilə həm tələbə, həm müəssisə, həm də ümumilikdə ölkə iqtisadiyyatı üçün fayda yaradır.
“Bəzi ixtisaslar var ki, yüksək tələbata baxmayaraq, onlara yetərincə maraq göstərilmir”
– Ötən tədris ilində qəbul planı dolmayan, əmək bazarında tələbat duyulmayan ixtisaslarınız oldumu?
– Bəzi ixtisaslar var ki, əmək bazarında yüksək tələbatın olmasına baxmayaraq, tələbə və valideynlər onlara yetərincə maraq göstərmirlər. Buna təəssüflənirik. Məsələn, “Torna və frezer dəzgahlarının operatoru”, “Proqramla idarə olunan dəzgahların operatoru” kimi texniki ixtisaslar məhz bu qəbildəndir. Bunun əsas səbəblərindən biri həmin ixtisas adlarının mürəkkəbliyi və geniş ictimaiyyətin onunla kifayət qədər tanış olmamasıdır. Halbuki bu sahələr üzrə peşəkar kadrlara əmək bazarında böyük ehtiyac var.
Oxşar yanaşmanı “Sənayedə quraşdırma işləri üzrə usta” ixtisası, yəni qaynaqçılıq üzrə də görürük. “Övladım qaynaqçı olacaq?” sualına hələ də bəzi ailələr tərəddüdlə cavab verirlər. Çünki bu ixtisasın adı çoxlarına qeyri-adi və anlaşılmaz gəlsə də, əslində gündəlik həyatımızda geniş tətbiq olunan sahələrdəndir. Bu ixtisas sahibləri örtüklü metal elektrodla qaynaq edir, qövs qaynağı, boru avadanlıqları və santexnika işlərinin həyata keçirilməsi ilə əlaqədar tətbiq oluna biləcək əsas qaynaq işlərini görürlər. Lakin valideynlərin bu peşəyə yanaşmasında müəyyən stereotiplər qalmaqdadır.
Halbuki reallıq tam fərqlidir. Bu gün əmək bazarında ən çox tələbat olan ixtisaslardan biri məhz qaynaqçılıqdır. Tələbat o qədər yüksəkdir ki, buraxılış imtahanlarımıza qatılan iş adamları tələbələrin bilik və bacarıqlarını yerindəcə qiymətləndirərək, elə imtahan zamanı onlara iş təklif edirlər. Məsələn, ötənilki buraxılış imtahanında Dövlət Attestasiya Komissiyasının sədri qaynaqçılıq ixtisası üzrə imtahanı uğurla başa vuran 7 tələbəyə dərhal iş təklif etdi.
Bu vəziyyət mebel quraşdırma ixtisasında da müşahidə olunur. Çox təəssüf ki, bu sahəyə də bəzən laqeyd yanaşılır, valideynlər övladlarının bu sahəyə yönəlməsində tərəddüd edirlər. Halbuki bu istiqamətdə də peşəkar kadrlara olan tələbat günbəgün artır. Göstərilən nümunələr bir daha sübut edir ki, peşə seçimində yalnız ixtisasın adı ilə deyil, onun real bazardakı dəyəri və tətbiq imkanları ilə maraqlanmaq lazımdır. Mərkəzimizdə məqsədimiz bu sahələrə olan ictimai münasibəti dəyişmək, informasiya bazasını gücləndirməklə doğru yönləndirmələr aparmaq və ixtisasların cəmiyyətə düzgün təqdim olunmasını təmin etməkdir.

“Tələbələrimiz iş dünyasının qapılarını hələ oxuyarkən açırlar”
– “Peşəkar” demişkən, hazırladığınız kadrlar əmək bazarının tələblərinə uyğun olurmu?
– Tələbələrimiz real iş mühitində yetişirlər. Dual təhsil modelinin verdiyi imkan sayəsində tələbələrimiz həftənin 3 və ya 2 günündə birbaşa müəssisədə olurlar. Onlar praktiki şəraitdə yetişdiklərindən iş dünyasının qapılarını hələ oxuyarkən açırlar. Əldə etdikləri bilik və bacarıqlarla peşə təhsili məzunları iş həyatına hazır olduqları üçün məzun olduqdan sonra ölkəmizdə tez-tez qarşılaşan “Təcrübən varmı?” sualı ilə üzləşmirlər, çünki artıq bu təcrübəni təhsil müddətində qazanmış olurlar.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi fəaliyyətində bir ilkə imza ataraq, ötən tədris ilində “Logistika operatoru” ixtisası üzrə təhsil alan tələbələrinə diplomla yanaşı, beynəlxalq dərəcəli sertifikat təqdim edib. Bu sertifikat əmək bazarında yüksək dəyərə malik olmaqla yanaşı, məzunların həm yerli, həm də xarici şirkətlərdə daha rəqabətli mövqe tutmasına geniş imkan yaradır. Təsadüfi deyil ki, təqdim edilən bu beynəlxalq sənədin real bazar dəyəri 4–5 min manat civarındadır.
Layihə tərəfdaş şirkətlərlə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Bu təcrübənin uğurlu nəticələri və müsbət geridönüşlər onu gələcəkdə davam etdirmək üçün əsas motivasiya olub. Hazırda məqsədimiz bu praktik modeli digər ixtisaslara da tətbiq etmək, daha geniş tələbə kütləsini beynəlxalq səviyyəli sənədlərlə təmin etməkdir. Bununla yanaşı, yalnız tələbələrin deyil, ixtisas fənn müəllimlərinin də beynəlxalq sertifikatlar əldə etməsi istiqamətində işlər görülür. Müəllimlərin beynəlxalq səviyyədə tanınan təlimlərə cəlb edilməsi onların peşəkarlıq səviyyəsinin yüksəlməsinə və dolayısı ilə tədrisin keyfiyyətinə müsbət təsir göstərir. Hədəfimiz odur ki, yaxın gələcəkdə mərkəzdə təhsil alan tələbələr yalnız peşə diplomu ilə deyil, beynəlxalq dərəcəli sertifikatla da əmək bazarına qədəm qoysunlar.
Bu prosesi mərhələli şəkildə həyata keçirməyi planlaşdırırıq. Hər tədris ilində seçilmiş bir neçə ixtisas üzrə bu təcrübəni tətbiq edərək, zamanla bütün sahələri əhatə etmək istəyirik. 2025–2026-cı tədris ili üçün konkret hədəfimiz – “Sənayedə quraşdırma işləri üzrə usta (qaynaqçı)” ixtisası üzrə təhsil alan tələbələrə beynəlxalq sertifikatların təqdim olunmasıdır. Bu istiqamətdə tərəfdaş şirkətlərlə aparılan danışıqlar artıq yekunlaşmaq üzrədir. Nəticədə həm təhsil alanlar, həm də konkret sifarişlə müraciət edən müəssisələr üçün beynəlxalq standartlara uyğun sertifikat təqdim edə biləcəyik.
Rəqiblərimiz universitet tələbələridir
– Bu yaxınlarda paylaşdığınız xəbərlərdən belə görünür ki, robotlarınız artıq dünya ilə yarışır. Bəs kadrlarınız rəqabətədavamlıdırmı? Müəllimlərinizin peşəkarlığı təhsilalan qarşısında götürdüyünüz öhdəliyi keyfiyyətli şəkildə icra etməyinizə imkan verirmi? Ən önəmlisi, müəlimlərin peşəkar inkişafına dəstək göstərə bilirsinizmi?
– Bəli, robotların qaydasız döyüşü üzrə ölkədə ikinci dəfə yarış keçirilib. Ötən il son anda qoşularaq III yerə çıxmışdıq. Bu il isə həm I, həm də III yerin qalibi biz olduq. Əlavə olaraq qeyd edim ki, bu yarışda rəqiblərimiz universitetin mühəndislik ixtisası üzrə təhsil alan tələbələridir. Peşə təhsili müəssisəsinin güclü rəqiblərlə mübarizədə I olması rəqabətədavamlılığımızın göstəricisi deyilmi?
Müəllimlərin peşəkarlığının artırılması isə daim diqqət mərkəzimizdədir. Bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq təcrübə proqramları geniş tətbiq edilir. Ümumiyyətlə, müxtəlif layihələr çərçivəsində təhsilverənlərimiz də, elə təhsilalanlarımız da dünya təcrübəsini mənimsəməyə çalışırlar. Özü də sadəcə xaricdə yox, ölkəmizdə də təlimlərə qatılırlar. Bu yaxınlarda Almaniyadan hibrid avtomobillərin təmiri ixtisası üzrə mütəxəssis gəldi və müəllimlərimizə bir həftəlik təlim kecdi. 1 həftə ərzində öz təcrübəsini həm bizim, həm də başqa peşə təhsili müəssisələrinin müəllimləri ilə bölüşdü. Gələn il isə alternativ enerji mənbələri ilə bağlı xarici mütəxəssis gəlib müəllimlərimizi təlim keçəcək. Bu peşəkar inkişaf tədbiri olaraq daha sərfəlidir. 15 nəfər müəllimi göndərmirik, 1 xarici mütəxəssis gəlib burada təlim keçir.

Tədris ili başa çatdı, indi də yay məktəbi başlayacaq
– Sadəcə tədris proqramında tələb edilən bilik və bacarıqlara önəm verilir, yoxsa müəssisə təhsilalanların fərqli bacarıqlarını da inkişaf etdirir?
– Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, adından da göründüyü kimi, sənaye bacarıqları ilə innovativ düşüncənin qovuşduğu məkandır. Bu, yalnız şüarımız deyil, həm də fəaliyyət fəlsəfəmizin əsasını təşkil edir. Məqsədimiz təkcə bilik ötürmək deyil, həm də yaradıcı və təşəbbüskar gəncləri kəşf etmək, onların potensialını inkişaf etdirməkdir.
Müəssisə elə bir tədris mühiti təqdim etməlidir ki, gənclər orada öz ideyalarını sərbəst ifadə edə, düşüncələrini gerçəkləşdirə bilsinlər. Bunun üçün biz tələbələrə azad yaradıcılıq mühiti yaradırıq, onların maraq və təşəbbüslərinə dəstək göstəririk. Bu tədris ilində interyer ixtisası üzrə keçirilən və COP-29 ərəfəsinə həsr olunmuş “Yaşıl dünya naminə” adlı sərgi buna əyani sübutdur.
Qrafik və interyer dizayn sahəsində təhsil alan bəzi tələbələr artıq məhsullarını satışa çıxarmağa başlayıblar. Bu uğurdan ilhamlanaraq yeni bir təşəbbüs formalaşıb: tələbələrdən ibarət yaradıcı komanda yaradaraq real sifarişlər üzərində işləmək. Bunun üçün əlavə zaman və dəstək tələb olunsa da, bu istiqamətdə artıq ilk addımları atmışıq.
Bu təşəbbüsləri gücləndirmək üçün işəgötürənlərlə sıx əməkdaşlıq aparırıq. Sahibkarlar və uğur hekayəsi olan şəxslər mərkəzə dəvət olunur, onlar öz təcrübələrini tələbələrlə bölüşür, motivasiya verirlər. Çünki inanırıq ki, texniki biliklərlə yanaşı, yumşaq bacarıqlar – ünsiyyət, təqdimat, komanda işi və özgüvən əmək bazarında uğurun açarıdır.
Məhz bu ehtiyacdan çıxış edərək daha bir layihəyə - “Innovation Boot Camp”a start verməyi planlaşdırırıq. İlham mənbəyimiz isə yenə tələbələrimizdir. Bir gün dərslər bitdikdən sonra “İnteryer dizayn” ixtisası üzrə təhsil alan bir qrup tələbənin hələ də mərkəzdə olduğunu görəndə səbəbini soruşduq. Cavab sadə idi: “Evdə darıxırıq, mərkəzdə işlərimizlə məşğul oluruq.” Bu cavabdan doğan ideya belə oldu: Avqust ayında mərkəzdə könüllü əsasda intensiv və inkişafyönümlü bir proqram həyata keçirək.
“Innovation Boot Camp” çərçivəsində tələbələr bilik və bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalarla tanış olmaq, startap düşüncəsi formalaşdırmaq və eyni zamanda öz ideyalarını təqdim etmək imkanı əldə edəcəklər. Proqramda film saatları, tematik seminarlar, zavod ekskursiyaları, mentorlarla görüşlər və rəhbər heyətin iştirakı ilə təcrübə mübadilələri nəzərdə tutulur. Tələbələr peşə təhsili müəssisələrinə qəbul kampaniyasına da qoşularaq oxuduqları mərkəzi gənclər arasında tanıdacaqlar.
Əgər layihə səmərəli nəticə verərsə, növbəti ildən “Innovation Boot Camp” proqramına digər peşə təhsil müəssisələrinin tələbələrinin də cəlb olunması planlaşdırılır. Bu təşəbbüs yalnız yay üçün bir tədbir deyil, tələbələrin özünəinamını, liderlik bacarıqlarını və yaradıcılıq potensialını üzə çıxarmaq üçün yaradılmış davamlı bir inkişaf platformasıdır.
Qaliblər Şanxayda keçiriləcək peşə bacarıqları üzrə yarışa qatılacaqlar
– Beynəlxalq dərəcəli sertifikat verirsiniz, beynəlxalq tədbirlərə göndərirsiniz. Müşahidələrimizə görə, son zamanlar tələbələrinizin səsi ayrı-ayrı ölkələrdən gəlir...
– Bəli, peşə təhsilinin inkişafında beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi prioritet istiqamətlərimizdəndir. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəllim və tələbələrin xarici ölkələrdə beynəlxalq standartlara əsaslanan təcrübə proqramlarına qatılması məqsədilə hər il müxtəlif ölkələrə səfərlər təşkil olunur. Rəhbərlik olaraq məqsədimiz budur ki, il ərzində maksimum sayda təhsilalan və təhsilverənimiz beynəlxalq mühitə çıxış əldə etsin, dünya təcrübəsini mənimsəyərək geri dönsün.
Ötən tədris ili ərzində bu məqsədlə 7 ölkəyə – Hindistan, Türkiyə, İtaliya, Almaniya, Gürcüstan, Belarusvə Fransaya səfərlər baş tutub. Tələbələr təcrübə səfərlərində, müəllimlər isə ixtisasartırma proqramlarında iştirak edərək həm fərdi bacarıqlarını artırıb, həm də mərkəzimizi layiqincə təmsil ediblər. Türkiyədə qardaşlaşdığımız peşə məktəbində 15 günlük təlim proqramı həyata keçirilib. İKT sahəsində dərs deyən müəllimlərimiz Bursa və İzmir şəhərlərində təşkil olunmuş təcrübə proqramında iştirak edərək Türkiyənin tədris modelləri və kurikulumları ilə yaxından tanış olublar.
Fransa, Belarus və Hindistanda keçirilən beynəlxalq müsabiqələrdə də mərkəzimiz uğurla təmsil olunub. Tələbə və müəllimlərimiz yarışlardan əlavə olaraq bu ölkələrdəki təlim metodikası və təhsil mühiti ilə də tanış olublar. Məsələn, “Robotların qaydasız döyüşü” üzrə keçirilən beynəlxalq yarışda mərkəzimiz iki komanda ilə çıxış edib. Nəticədə 15 və 30 kq çəki kateqoriyalarında komandalarımız müvafiq olaraq I və III yerə layiq görülüb.
Tələbələrimiz elektronika ixtisası üzrə keçirilən yarışda qazandıqları uğura görə Almaniyaya dəvət alıblar. “WorldSkills” yarışları çərçivəsində isə seçilmiş tələbə, müəllim və ekspert heyətimiz Fransada, daha sonra Minsk şəhərində keçirilən yarışlarda iştirak edərək həm mərkəzimizi, həm də Azərbaycanı beynəlxalq səviyyədə təmsil ediblər. Həmçinin tələbələrimizin öz təşəbbüsü ilə Almaniya və Gürcüstana həyata keçirdikləri təcrübə səfərləri də olduqca məhsuldar keçib.
Növbəti tədris ili üçün hədəflərimiz daha genişdir. Belə ki, bu il “WorldSkills” yarışına ilk dəfə olaraq yeni ixtisaslar – proqramlaşdırma, qaynaqçılıq, elektronika, avtomobil diaqnostikası və CNC mexanika üzrə da tələbələrimiz cəlb ediləcək. Hazırda seçim turları və müsahibə mərhələləri aparılır. Seçiləcək tələbələr 2026-cı ildə Şanxayda keçiriləcək peşə bacarıqları üzrə dünya çempionatında iştirak edəcəklər. Bu müddət ərzində onların hazırlığı intensiv şəkildə davam etdiriləcək, ekspertlər tərəfindən xüsusi proqram əsasında təlimlər keçiriləcək.
Ötən tədris ilində müəllim və tələbələrdən ibarət komandamız Hindistanda keçirilən yarışda da ölkəmizi təmsil etmək hüququ qazanıb. Bununla yanaşı, peşə təhsili müəssisələrinin rəhbər şəxsləri üçün təşkil edilən İtaliya səfərində mərkəzimizin nümayəndəsi də iştirak edib.
Gələcək planlarımız isə yalnız gördüklərimizlə kifayətlənmir. Yeni tədris ilində daha bir yeniliyi – müəllimlər üçün “Avtomobil ixtisasları üzrə Boot Camp” proqramını həyata keçirmək niyyətindəyik. Türkiyədən dəvət olunacaq 2 mütəxəssislə yanaşı, mərkəzimizin 2 təcrübəli müəllimi də bu təlimlərdə bilik və bacarıqlarını bölüşəcək. “Boot Camp” texnologiya, proqramlaşdırma, dizayn və digər sahələr üzrə qısa müddətli intensiv təlim proqramıdır. Dərslər real layihələr üzərində aparılır və tələb olunan praktiki bacarıqlar sürətli şəkildə aşılanır.
Bu proqramda yalnız mərkəzimizin deyil, ölkədə avtomobil ixtisası üzrə tədris aparan digər peşə təhsili müəssisələrinin müəllimlərinin də iştirak etməsi planlaşdırılır. Türkiyədən gələn mütəxəssislər eyni zamanda bizim yerli təcrübəmizi də öyrənmək imkanı əldə edəcəklər. Beləliklə, bu təşəbbüs həm milli, həm də beynəlxalq əməkdaşlığın parlaq nümunəsinə çevriləcək.

– Müəssisə publik hüquqi şəxsdir, səfərləri özü maliyyələşdirir?
– Əsasən müəssisə özü maliyyələşdirir. İlin əvvəlindən xərclərin idarə edilməsi ilə bağlı smeta təsdiqlənir. Hər müəssisə öz fəaliyyət planına uyğun olaraq xərcləri öncədən planlaşdıra bilir. İstər tələbələrin şəxsi inkişafı, istər müəllimlərin ixtisasartırması, istərsə də müəssisənin infrastrukturunun inkişafı ilə bağlı təkliflərini verə bilər. Amma dövlətin maliyyələşdirdiyi səfərlər də olur.
– Müəssisənin infrastrukturuna toxundunuz, bu istiqamətdə hansısa yenilik varmı, yoxsa fəaliyyətə başladığı şərait hələ tələbatı ödəyir?
– Növbəti tədris ilində 2 – “Kibertəhlükəsizlik” və “Alternativ enerji qurğu və avadanlıqlarının istismarı” ixtisasları üçün laboratoriyaların qurulması planlaşdırılıb. Artıq bu istiqamətdə hazırlığa başlamışıq. Bununla yanaşı, planımızda müəssisənin infrastrukturunda tədris korpusunu yenidən qurmaq, yaxud cari təmir işləri aparmaq nəzərdə tutulub.
“Maliyyə müstəqilliyi təlim imkanlarının genişlənməsinə şərait yaradır”
– Adambaşına maliyyələşmə mexanizminin tətbiqi də yəqin planlarınızın reallaşdırılmasında işinizi asanlaşdırır?
– Adambaşına maliyyələşmə mexanizminin yaratdığı imkanlarla yanaşı, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin publik hüquqi şəxs statusu da maliyyə dayanıqlığının təmin olunmasında mühüm rol oynayır. Bu status mərkəzə büdcədənkənar gəlirlər əldə etməyə, müxtəlif istiqamətlərdə əlavə fəaliyyətlər həyata keçirməyə hüquqi əsas verir.
Məhz bu imkanlar çərçivəsində dövlət və özəl qurumların konkret sifarişləri əsasında qısamüddətli və ödənişli ixtisasartırma təlimləri təşkil olunur. Bu təlimlər həm işəgötürənlərin kadr ehtiyaclarını qarşılamaq, həm də peşəkar inkişafda çevik və praktik yanaşma təqdim etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu model mərkəzin maliyyə imkanlarını genişləndirməklə yanaşı, tədrisin keyfiyyətinə və müxtəlif təlim formatlarının tətbiqinə də şərait yaradır.

“Bizdə olmayan ixtisaslar üzrə də tədris təşkil edə bilərik”
– Peşə təhsili müəssisələrinə artıq işi olan, sadəcə ixtisası üzrə sənədə ehtiyacı olduğu üçün buraya üz tutanlar da olur. Onlara nə təklif edirsiniz?
– Bu kateqoriyadan olan şəxslər üçün çevik təhsil imkanları yaradılıb.
Əgər işçi gündüz saatlarında qismən azaddırsa, səhər və ya günorta növbəsində təşkil olunan dərslərə qoşularaq yarım gün işləyib, yarım gün oxuma imkanı əldə edə bilər. Bu proses, təbii ki, işəgötürənin razılığı əsasında həyata keçirilir.
Bununla yanaşı, daha çevik və praktik formatda – qısamüddətli ixtisasartırma təlimləri də təklif olunur. Tədrisin qrafiki ixtisasın həftəlik saat yükünə uyğun olaraq tənzimlənir, adətən, həftədə 2–3 dəfə keçirilir. Təlimlər axşam saatlarında da təşkil oluna bilər ki, bu da işləyən şəxslər üçün əlverişli seçimdir. Tədrisin sonunda dövlət nümunəli sertifikat təqdim olunur. Bundan əlavə, dövlətin sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində tamamilə pulsuz təlim proqramları da mövcuddur. Bu proqramların məqsədi cəmiyyətin müxtəlif təbəqələrindən olan vətəndaşlara peşə bilikləri qazandırmaq və onların məşğulluğunu təmin etməkdir. Hədəfimiz bu il ərzində 500 nəfərə belə təlimlər keçməkdir. Artıq 150 nəfərin təlim prosesi başlanıb və onların ödənişi tam şəkildə dövlət hesabına həyata keçirilir.
– İxtisasartırma və qısamüddətli təlimlər, sadəcə müəssisədə tədrisi təşkil edilən ixtisaslar üzrə həyata keçirilir?
– Özümüzdə olan ixtisaslar üzrə də edirik, olmayan ixtisaslar üzrə də. Müəssisəmizin təlim bazası olduğu üçün hazırlığı həyata keçirilməyən ixtisaslar üzrə müraciət olarsa, tədris proqramı hazırlayır, müvafiq qurumlarda təsdiq edir, təcrübəli mütəxəssisləri kənardan dəvət edərək tədrisi təşkil edə bilirik. Bizdə olmayan, amma bizim keçə biləcəyimiz ixtisaslar üzrə tədris təşkil edə bilərik. Hazırda logistika üzrə müraciətlər var və onları reallaşdırmaq istiqamətində işləyirik. Bir sözlə, öz təlim və tədris laboratoriyalarımızda şəraitin imkan verdiyi bütün ixtisaslar üzrə, bizim ixtisaslara yaxın spesifik sahələr üzrə də ixtisasartırma və qısamüddətli təlimlərin təşkili mümkündür.
– Tutaq ki, zavod işçisi sənəd almaq istəyir, amma işəgötürənin buna razılığı yoxdur. Bu halda müraciətçiyə nə cavab verirsiniz?
– Peşə təhsilinin əsas üstünlüklərindən biri onun çevik və ehtiyaca uyğunlaşa bilən struktura malik olmasıdır. Mərkəz olaraq bu çevikliyi əmək bazarının konkret tələblərinə cavab vermək üçün praktiki şəkildə tətbiq edirik. Hazırda “Veysəloğlu Şirkətlər Qrupu” şirkəti ilə belə bir model üzərində birgə çalışırıq.
“Forklift operatoru” ixtisası üzrə rəsmi hazırlıq proqramımız olmasa da, avtomobil ixtisası üzrə dərs deyən müəllimimizin bu sahədə beynəlxalq sertifikatı var. Eyni zamanda, forklift avadanlığı müəssisənin özündə mövcuddur. Bu imkanlardan istifadə edərək, təlimin birbaşa iş yerində təşkili mümkündür. Belə ki, müəllimimiz müəssisənin əməkdaşına praktiki məşğələləri yerində keçir, sonra isə aralıq və yekun qiymətləndirmə həyata keçirilir. Sonda isə dövlət nümunəli sertifikat təqdim olunur və şəxs elə öz iş yerində “məzun” olur.
Bu nümunə göstərir ki, peşə təhsili istənilən müraciətə çevik reaksiya verə və tədris prosesini sifarişçinin ehtiyacına uyğunlaşdıra bilir. Biz əmək bazarının konkret tələblərini nəzərə alaraq, qısamüddətli təlim proqramlarını fərdi qaydada tərtib edir və həyata keçiririk. Hətta əgər ixtisas üzrə mövcud kurikulumda tələb olunan mövzular yer almırsa belə, tədris planı sifarişə uyğun yenidən formalaşdırılır. Nəticədə həm işəgötürən, həm də təhsil alan qazanc əldə edir.

Texniki göstəriciləri əks etdirən baza yaradılır
– 2025-2026-cı tədris ili müəssisə üçün əhəmiyyətli ildir. Attestasiyaya hazırsınızmı?
– Hazırda əsas məqsədlərdən biri akkreditasiya prosesindən uğurla keçərək müvafiq lisenziyanın əldə olunmasıdır. Bu, kifayət qədər məsuliyyətli və çoxşaxəli bir prosesdir. Akkreditasiyanın uğurla başa çatması üçün müəssisənin təhsil standartlarına tam cavab verməsi əsas şərtdir.
Əgər bütün şərtlər ödənilərsə, mərkəzə 5 illik fəaliyyət üçün lisenziya veriləcək. Oktyabr ayında keçirilməsi nəzərdə tutulan bu prosesə ciddi şəkildə hazırlaşırıq. Bu məqsədlə yeni bir data bazası formalaşdırılır. Yeni sistem tədris prosesinin səmərəliliyini artırmaqla yanaşı, binanın və texniki avadanlıqların təhlükəsizliyini və effektivliyini təmin edəcək. Əldə ediləcək nəticələr tədrisin keyfiyyətinə, idarəetmə mexanizminə və ümumi inkişaf strategiyasına bilavasitə təsir göstərəcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər