Bütün xəbərlər
25 aprel, 14:08

Ümumtəhsil məktəblərində proseslərin elektronlaşdırılması məqsədi ilə yaradılan “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayıb. Elm və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəis müavini Ayaz Abuşovdan aldığımız məlumata görə, Azərbaycan təhsil sistemində rəqəmsallaşma və tədris prosesinin elektron idarə olunması məqsədilə yaradılan bu sistemin əsas funksiyası şagird, müəllim, valideyn və məktəb rəhbərliyi üçün inteqrasiya olunmuş idarəetmə və məlumat mübadiləsi imkanı yaratmaqdır.

Platforma şagirdlərə dərs cədvəlləri, tədris mövzuları, ev tapşırıqları, qiymətləndirmə nəticələri və dərs videolarını izləmək imkanı verir.

Yəni onlar dərsdən sonra da məktəblə birbaşa əlaqə yarada, onları maraqlandıran məsələləri təkrar gözdən keçirə, biliklərini təkmilləşdirə bilərlər.

Şagirdin kabinetdə qeydiyyatı valideyni tərəfindən təyin edilmiş şifrə və UTİS kod vasitəsilə mümkün olur.

Platformada şagirdlərin elektron resurslardan istifadə imkanının təmin olunması məqsədilə hər fənnin mövzusuna uyğun resurslar – video dərslər, tapşırıqlar və testlər yerləşdirilib. Bu funksiya məktəblilər hər hansı mövzu üzrə çətinlik çəkdikdə dərslərin öyrənilməsinə fayda verəcək. Burada fizika, kimya, Azərbaycan dili, təbiət, riyaziyyat və s. fənlər üzrə məktəb proqramı əhatə olunub. Video dərslər hər bir şagirdə olduğu məkandan asılı olmayaraq geniş öyrənmə imkanları yaradır. Onu da vurğulayım ki, platforma şagirdlərə dərs tapşırıqlarının həllini müəllimin dilindən vizual izahlı şəkildə dinləmək imkanı verir.

Platformada valideynlər üçün də müəyyən funksiyalar nəzərdə tutulub. A.Abuşovun sözlərinə görə, valideynlər övladlarının davamiyyətini, qiymətlərini və davranışlarını real vaxtda izləyə bilirlər. Rəqəmsal platforma vasitəsilə valideynlər müəllimlərlə birbaşa və tez ünsiyyət qurmaq imkanı əldə edirlər. Layihə valideynlərə övladlarının təhsil prosesinə daha yaxından nəzarət etməyə şərait yaradır. Bildirişlər və xatırlatmalar sayəsində valideynlər məktəbdə baş verən yeniliklərdən dərhal xəbər tuturlar.

Bu imkanlar valideynin tədris prosesinə fəal inteqrasiyasını təmin edir. Valideynlər istənilən vaxt və məkanda, mobil cihaz və ya kompüter vasitəsilə övladlarına dair məlumatlara rahatlıqla çıxış əldə edirlər. Tədris göstəricilərinə dair statistik məlumatlar da valideynlərin övladlarının inkişafını izləməsini asanlaşdırır. Rəqəmsal məktəb şəffaflıq yaratmaqla valideyn-məktəb əməkdaşlığını gücləndirir.

Rəis müavinin verdiyi məlumata görə, platformada müəllimlərə tədrisin planlaşdırılması üçün geniş imkanlar yaradılıb:

  • Müəllimlər dərs cədvəllərini hazırlayıb paylaşa bilirlər.
  • Onlar dərs mövzularını qabaqcadan planlaşdırıb şagirdlər və valideynlərlə bölüşə bilirlər.
  • Burada illik, rüblük və günlük tədris planlarının yüklənməsi və saxlanması mümkündür. Bu, təhsilin sistemli və ardıcıl aparılmasına kömək edir.
  • Təhsilverənlər mövzu üzrə resursların əlavə olunması üçün də sistemdən faydalana, mövzulara uyğun slaydlar, videolar, sənədlər və linklər əlavə edə bilirlər.

A.Abuşov həmçinin qeyd edib ki, platformada qiymətləndirmə üçün xüsusi imkanlar yaradılıb:

Burada qiymətlərin elektron formada daxil edilməsi və izlənilməsi mümkündür.

  • Hər bir qiymət şagirdin şəxsi profilinə düşür və valideyn onu görə bilir.
  • Formativ və summativ qiymətləndirmələrin aparılması da mövcud imkanlardan biridir. Müəllimlər həm gündəlik müşahidələrini, həm də sınaq və imtahan nəticələrini platformada qeyd edə bilirlər.
  • Burada əlavə qeydlərə və şərhlərə də yer verilir. Qiymətləndirmə ilə yanaşı, müəllim şagirdin nailiyyətləri və çətinlikləri ilə bağlı qeydlər əlavə edə bilər.
  • Platformada müəllimlər şagirdlərin ümumi və fərdi nəticələrinə dair vizual hesabatlar ala bilirlər. Bu hesabatlar tədris prosesinin təkmilləşdirilməsi və fərdi yanaşmalar üçün istifadə oluna bilər.

Müəllimlər, eyni zamanda tematik planlarını yerləşdirə, dərs mövzularını əlavə edə, qiymətləndirməni sistemə daxil edə bilirlər.

Bu funksiya diaqnostik və formativ qiymətləndirmənin sistemli şəkildə aparılmasını təmin edir.

Layihədə məktəb direktorları üçün də nəzarət alətləri mövcuddur. Bununla bağlı, A.Abuşov vurğulayıb ki, “Rəqəmsal məktəb” layihəsi məktəb rəhbərliyi üçün idarəetmə proseslərini daha şəffaf, sistemli və effektiv şəkildə aparmağa geniş imkanlar yaradır. Layihə çərçivəsində direktorlar üçün xüsusi hazırlanmış “Direktor kabineti” adlı idarəetmə paneli onların gündəlik fəaliyyətlərini asanlaşdırır, monitorinq və nəzarət proseslərini avtomatlaşdırır.

Burada direktor kabineti vasitəsilə məktəbin bütün sinifləri üzrə dərs cədvəllərinə və müəllimlərin tədris yüklərinə baxmaq mümkündür. Bu funksionallıq direktorun fənlər üzrə dərs bölgüsünü, müəllimlərə təyin olunmuş dərs saatlarını və resursların balanslı şəkildə paylaşılmasını nəzarətdə saxlamağa şərait yaradır.

Bu yanaşma, eyni zamanda məktəbdə tədrisin planlı şəkildə təşkili və resursların səmərəli istifadəsi baxımından olduqca vacibdir.

Direktorlar üçün ən önəmli nəzarət alətlərindən biri də məktəbin ümumi təhsil göstəricilərinə çıxış imkanının olmasıdır. Bu hissə vasitəsilə müəllimlərin dərsə davamiyyəti, şagirdlərin aktivliyi və qiymət nəticələri, tədris prosesində baş verən dəyişiklikləri real vaxtda izləmək mümkündür.

Bu məlumatlar direktorun təhsil keyfiyyətinə nəzarətini və zəif nəticələrə operativ müdaxiləsini mümkün edir.

Rəqəmsal sistemlərdə yaranan texniki problemlərin vaxtında və düzgün həlli üçün direktor kabinetində texniki dəstək bölməsi mövcuddur. Bu bölmə vasitəsilə məktəbdə yaranan texniki problemlər qeyd olunur, onların icrasına nəzarət edilir və aidiyyəti qurumlara ötürülərək sistemli şəkildə həll olunur.

Bu funksiya məktəbin rəqəmsal infrastrukturu üzərində fasiləsiz nəzarəti təmin edir.

Rəqəmsal məktəb platforması vasitəsilə valideynlər direktorla birbaşa əlaqə qura bilirlər. Direktor kabinetində daxil olan müraciətlər sistemləşdirilir, onlara baxılması və cavablandırılmasına, valideynlərə vaxtında və dolğun məlumat təqdim olunmasına nəzarət edilir.

Bu funksiya məktəb-valideyn münasibətlərində şəffaflığın və qarşılıqlı etimadın gücləndirilməsində mühüm rol oynayır.

Direktor kabineti məktəbin statistik göstəricilərinə dair vizual və analitik hesabatlar təqdim edir. Bu hesabatlar vasitəsilə davamiyyət səviyyəsi, qiymətləndirmə nəticələri, müəllimlər üzrə fəaliyyət statistikası kimi məlumatlar müxtəlif kəsimlərdə təhlil olunur.

Bu cür analitik imkanlar məktəb rəhbərliyinin əsaslandırılmış qərarlar qəbul etməsinə və strateji planlama aparmasına kömək edir.

Rəqəmsal Məktəb layihəsinin direktorlar üçün təqdim etdiyi bu alətlər məktəb idarəçiliyində kağızdan rəqəmsala keçidi sürətləndirməklə yanaşı, idarəetmənin effektivliyini, şəffaflığını və hesabatlılığını da artırır. Bu, müasir və çevik idarəetmə yanaşmasıdır ki, XXI əsr məktəblərinin əsas tələblərinə cavab verir.

İdarədən onu da bildiriblər ki, hələlik test rejimində fəaliyyət göstərən platformada Bakı şəhəri üzrə bütün məktəblər və 475000-dən çox istifadəçi (şagird, müəllim, valideyn) qeydiyyatdan keçib. Yaxın vaxtlarda platformanın geniş tətbiqi planlaşdırılır.

Mənbə: “Azərbaycan məktəbi” jurnalı

Şərhlər

Xəbər lenti

29 aprel, 11:11

BANM-də süni intellekt və enerjinin gələcəyi mövzusunda konfrans keçirilib

29 aprel, 11:02

ADMİU-nun müəllimi Beynəlxalq Festivalın Qran-pri qalibi olub

29 aprel, 11:01

NDU-da “Beynəlxalq təlim aylığı” çərçivəsində professor Qərib Mürşüdov təlim keçib

29 aprel, 10:52

Çıxışına görə şəkli Kembric Birliyinin divarından asıldı – 23 yaşlı azərbaycanlı kimdir?

29 aprel, 10:45

Təhsil işçiləri üçün maarifləndirici təlimlər başlayıb

29 aprel, 10:44

Cənubi Koreyadan tələbələrin BANM-də təhsil alması üçün fikir mübadiləsi aparılıb

29 aprel, 10:13

Şəxsiyyətin formalaşması, təhsil və milli suverenlik – “Çağdaş təhsildə təşkilatlanma”

29 aprel, 09:59

Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilib

29 aprel, 09:50

“Gənc istedadlar” liseyində “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

29 aprel, 09:42

Ulu Öndərə həsr olunmuş seminar keçirilib

28 aprel, 18:12

Zərifə Əliyevanın adını daşıyan məktəbdə xatirəsi anılıb

28 aprel, 18:05

Gəncədə Beynəlxalq İKT-də Qızlar Gününə həsr olunmuş tədbir keçirilib

28 aprel, 17:00

Sevgi ilə böyüyən uşaqlar: İnternat tipli gimnaziyada bir gün 

28 aprel, 16:27

“Müasir metodist” layihəsi çərçivəsində vebinar təşkil olunub

28 aprel, 15:58

Şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri açıqlandı

28 aprel, 15:55

"Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi" mövzusunda təlim keçirilir

28 aprel, 15:48

Malayziya və Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə edilib

28 aprel, 15:13

Məktəblilər BDU-da olublar

28 aprel, 15:13

Müəllimlikdən başlayan ömür yolu

28 aprel, 15:02

TKTA rəhbərliyi region universitetlərində bir sıra görüşlər keçirib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.