Bütün xəbərlər
16 yanvar, 13:32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müşaviri Şaiq Kazımov əmək bazarındakı vəziyyətlə bağlı “Azərbaycan müəllimi”nə müsahibə verib.

“Bəzi sahələrdə işçilərin bilik və bacarıqları əmək bazarının tələblərinə tam cavab vermir”

- Milli Observatoriya rəqabətqabiliyyətli işçi qüvvəsi baxımından əmək bazarının mövcud vəziyyətini necə qiymətləndirir? Əmək bazarında hansı dəyişikliklər və inkişaf meyilləri müşahidə edilir?

- Observatoriyanın əsas araşdırma istiqamətlərindən biri əmək bazarı, bu mühitdəki tendensiyalardır. Azərbaycanda rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşması əmək bazarının əsas prioritetlərindən biridir. Təhsil səviyyəsinin artması, xüsusilə texniki və peşə sahələrində kadr hazırlığının genişləndirilməsi bu istiqamətdə müsbət dəyişikliklərə səbəb olur. Bununla yanaşı, bəzi sahələrdə işçi qüvvəsinin bilik və bacarıqları əmək bazarının tələblərinə tam cavab vermir, bu da xüsusi ixtisaslı kadrlara olan ehtiyacı artırır. Mövcud vəziyyəti qiymətləndirdikdə onu demək yerinə düşər ki, Azərbaycan iqtisadiyyatı müxtəlif sahələrdə ixtisaslı və rəqabətqabiliyyətli işçi qüvvəsinə ehtiyac duyur. Xüsusilə texnologiya, mühəndislik, informasiya texnologiyaları və enerji sahələrində peşəkar işçi qüvvəsi tələbatı artır. 

Gənclər əmək bazarına daxil olur, lakin onların peşə və praktiki bilikləri ilə əmək bazarının tələbləri arasında uyğunluq tam təmin edilməyib. Bu, təhsil və karyera hazırlıq proqramlarının yenidən nəzərdən keçirilməsini tələb edir. Azərbaycanda əmək bazarında dəyişikliklər və inkişaf meyilləri, bütün dünyada olduğu kimi, rəqəmsallaşma və texnologiya ilə sıx bağlıdır. Rəqəmsal texnologiyaların sürətli inkişafı yeni bacarıqlar tələb edir.

İnformasiya texnologiyaları, rəqəmsal bacarıqlar tələb edən sahələr, xüsusilə məlumat analitikası və proqnozlaşdırma sahələri üzrə işçilərə tələbat sürətlə artmaqdadır. Bununla yanaşı, Azərbaycanın əlverişli coğrafi mövqeyi onun “yaşıl iqtisadiyyat” strategiyasını sürətli şəkildə mənimsəməyə, dünyanın prioritet problemlərindən başlıcası olan qida təhlükəsizliyi fonunda kənd təsərrüfatı sahələrinin inkişafına rəvac verir. Bu da öz növbəsində yeni texnika və texnologiyaların bu sahəyə tətbiqi ilə ənənəvi peşələrin yeni bilik və bacarıqlar tələb etməsini zəruri edir. Dövlət, sənaye və təhsil əməkdaşlığı çərçivəsində peşə təhsili sahəsində təkmilləşmə baş verir. Yeni peşə mərkəzləri açılır və əmək bazarının tələblərinə uyğun təlimlər təşkil olunur. Bundan başqa, qadınların əmək bazarına inteqrasiyası ötən illərlə müqayisədə artmaqdadır. 

- Əmək bazarının inkişaf etdirilməsi üçün nələrə ehtiyac var? Bununla bağlı hansı vacib məqamları qeyd edə bilərsiniz?

- Bütün bu deyilənlərin fonunda Azərbaycanda əmək bazarının inkişaf etdirilməsi üçün vacib məqamları da sadalamaq yerinə düşər. Mövcud və yeni yaranan peşələrin sürətli inkişafını təqib etmək məqsədilə işçilərin peşəkar hazırlığını artırmaq və bunun üçün yeni proqramların həyata keçirilməsi, təlimlərin təşkili, rəqəmsal bacarıqların inkişaf etdirilməsi və gənclərin innovativ layihələrə cəlb olunması, regionlarda iş imkanlarının artırılması, gənc sahibkarlığın dəstəklənməsi və əmək bazarında gender bərabərliyini təmin etmək üçün tədbirlərin görülməsi vacib məqamlardandır.

“Süni intellekt, böyük verilənlər bazası analizi, kibertəhlükəsizlik və proqram təminatı inkişafı üzrə mütəxəssislərə ehtiyac artacaq”

- Əmək bazarı ilə proqnozlar gələcəkdə ölkəmizdə daha çox hansı peşə və ixtisaslara tələbatın olacağını deməyə əsas verir?

- Ölkədə əmək bazarının inkişafı ilə bağlı proqnozlar müxtəlif amillərə əsaslanır və gələcəkdə iqtisadiyyatın inkişaf istiqamətləri, texnoloji irəliləyişlər, qlobal trendlər və dövlət siyasəti ilə əlaqədar olaraq tələbatın artacağı peşə və ixtisasları müəyyənləşdirir. Əvvəl də qeyd etdiyim kimi, əmək bazarında mövcud vəziyyət və tendensiyalar gələcəyi müəyyən edir. Ümumi istiqamətlərdən biri olaraq texnologiya və rəqəmsallaşmanı qeyd etmək olar. Hazırda informasiya texnologiyaları, elm tutumlu sahələrə tələbatın artması bizə gələcəklə bağlı müəyyən proqnozlar etməyə imkan verir. Gələcəkdə bu sahələrə, xüsusilə də süni intellekt, böyük verilənlər bazası analizi, kibertəhlükəsizlik və proqram təminatı inkişafı üzrə mütəxəssislərə ehtiyac artacaq. Azərbaycanın 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP) ev sahibliyi etməsi ölkənin yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf sahəsində üzərinə götürdüyü yüksək hədəflərin olmasından xəbər verir. Buna görə də alternativ enerji mənbələri, ətraf mühitin qorunması və bərpa olunan enerji sahəsi üzrə peşələr gələcəkdə əmək bazarında önəmli rol oynayacaq. 

Son dövrlərin tendensiyaları kimi informal, onlayn və hibrid təhsilin inkişafı ilə əmək bazarında onlayn təhsil və təlim texnologiyalarına uyğunlaşa bilən mütəxəssislərin də önəmi artacaq. Neft-qaz sənayesində texniki mütəxəssislərə tələbat müəyyən müddət ərzində davam edəcək, lakin qeyri-neft sektorunda diversifikasiya ilə bağlı yeni peşələr ön plana çıxacaq. Xüsusilə kənd təsərrüfatı, turizm və logistik sahələrdə yeni iş yerləri yaranacaq. Yəni yaxın gələcəkdə Azərbaycan əmək bazarında süni intellekt və maşın öyrənməsi üzrə mütəxəssislərə, kibertəhlükəsizlik analitikləri və proqram təminatı mühəndislərinə, rəqəmsal marketinq və e-ticarət üzrə mütəxəssislərə, bərpa olunan enerji mühəndislərinə, ekologiya üzrə mütəxəssislər və iqlim dəyişikliyi üzrə analitiklərə, rəqəmsal təhsil platformalarını idarə edən texnologiya mütəxəssislərinə və s. tələbat artacaq.

- Milli Observatoriya tərəfindən son vaxtlar hansı araşdırmalar aparılıb?

- Milli Observatoriya yarandığı 5 il ərzində əmək bazarı, peşələrin inkişafı, məşğulluq tendensiyaları ilə bağlı müxtəlif monitorinq və təhlillər aparıb. Əmək bazarının çoxşaxəli olmasını nəzərə alaraq qurumumuz onu birtərəfli deyil, bir ekosistem kimi hərtərəfli araşdırılmasını məqsədəuyğun hesab edir. Buna görə də əmək bazarının böyük oyunçuları kimi təhsil müəssisələri, dövlət qurumları, işgötürənlər, işaxtaranlar və bu sahədə öz sözünü demiş ekspertlərlə mütəmadi sorğular keçirilir. Milli Observatoriyanın son dövrlərdə keçirdiyi sorğulara misal olaraq “Şagirdlərin peşəyönümü meyillərinin öyrənilməsinə dair keçirilmiş sorğu”, “Tələbələrin ixtisas seçimi ilə bağlı sorğu”, “Müstəqil məlumat portallarından vakansiya bazası analizi”, “Peşə kurslarında təhsil almış şəxslərin məşğulluq reytinqi”, “Ali və orta ixtisas təhsili müəssisələri məzunlarının məşğulluğunun analizi”, “Əmək bazarının gələcəyi ilə bağlı meqatrendlərin analizi” və s. göstərmək olar. Bununla yanaşı, əmək qanunvericiliyi də daxil olmaqla əmək bazarının funksionallığını təmin edən müxtəlif normativ hüquqi aktların təkmilləşdirilməsi sahəsində müxtəlif araşdırmalar həyata keçirilib və müasir tendensiyaları əhatə edən çoxlu sayda səmərələşdirici təkliflər verilib.

“Yanlış ixtisas seçimi edən gənclərin iş tapmaq şansı azalır”

- Bir çox hallarda abituriyentlər ali məktəblərə qəbul zamanı düzgün ixtisas seçmir və buna görə də sonradan ya ikinci ali təhsil alır ya da oxuduğu sahə üzrə işləmirlər. Gənclərin düzgün ixtisas seçməməsi əmək bazarında onların karyerasına necə təsir edir?

- Dünyada olduğu kimi, Azərbaycanda da əmək bazarı tələb və təklifin tarazlığı əsasında formalaşır. Lakin burada təklif tərəfdə çıxış edən işaxtaranlardır. Dünyada əmək bazarında tələbi formalaşdıran tendensiyaların fonunda peşə və ixtisasların müasir və gələcək tələblərə həssaslığı çox vacibdir. Peşə və ixtisasların emitenti kimi təhsil müəssisələri əsas rol oynayır. Milli Observatoriyanın ümumi təhsil və ali təhsil müəssisələrində apardığı monitorinqlər onu deməyə imkan verir ki, gənclərin ixtisas seçiminin düzgün formalaşdırılması kiçik yaşlarından başlayır. Bunun üçün daha erkən yaşlarda ixtisaslar və peşələrlə, həmçinin gələcəyin mənzərəsi ilə bağlı mühüm biliklərin verilməsi və təsəvvürün yaradılması çox vacibdir. Təəssüf ki, yanlış ixtisas seçimi nəticəsində gənclər əmək bazarında tələb olunan bacarıqlara və biliklərə sahib olmurlar. Nəticədə onların iş tapmaq şansı azalır və ya daha aşağı əməkhaqqı qarşılığında işləməyə məcbur qalırlar. Onlar uyğun ixtisas seçmədikləri üçün motivasiyaları azalır və iş mühitində effektiv olmurlar. Digər məsələ isə yanlış seçilmiş ixtisas nəticəsində gənclər ikinci ali təhsil almaq məcburiyyətində qalırlar ki, bu, həm zaman, həm də maliyyə baxımından əlavə xərclərə səbəb olur. İxtisas dəyişiklikləri ilə karyera yolunda fasilələr yaranır, bu da təcrübə toplamağa və əmək bazarında rəqabətqabiliyyətini artırmağa mane olur.

Gənclərin öz maraq və bacarıqlarına uyğun olmayan sahələrdə işlə təmin olunması onların peşəkar inkişaflarına mane olmaqla yanaşı, rəhbər vəzifələrə yüksəlmə ehtimallarını da azaldır. 

- Bu məsələni hansı formada tənzimləmək olar?

-  Bu məsələrin tənzimlənməsi yolunda atılan ən əsas addımlardan biri əmək bazarının araşdırılması ilə ixtisas planının formalaşmasıdır. Sevindirici haldır ki, bu sahədə son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi sıx əməkdaşlıqlarını inkişaf etdirir. Bu əməkdaşlığın nəticəsi olaraq prioritet ixtisasların yer aldığı ixtisas planları formalaşdırılır. Buna misal olaraq Nazirlər Kabinetinin 2 dekabr 2024-cü il tarixli 503 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasları təsnifatı”nın “Texniki və texnoloji ixtisaslar qrupu”na “Data analitikası” ixtisası da daxil edilib. Bu faktın özü dövlətin gələcəkdə əmək bazarını gözləyən tendensiyaları nə qədər həssaslıqla izləməsinin bariz nümunəsidir. Bu göstərir ki, peşə, orta-ixtisas və ali təhsil pillələrində təhsil proqramlarının əmək bazarının real tələbatına uyğun olaraq yenilənməsi zəruridir. İxtisaslaşma və işə hazırlıq proqramları gənclərə müvafiq bilik və bacarıqlar qazandırmalıdır. Həmçinin əmək bazarının tələblərini formalaşdıran iqtisadiyyatın inkişaf istiqamətləri və ümumilikdə əmək bazarı və düzgün ixtisas seçiminin əhəmiyyəti haqqında valideynlərə məlumat verilməlidir ki, onlar da öz növbəsində ixtisas seçimin astanasında olan yeniyetmələri düzgün istiqamətləndirsinlər.

“İqtisadiyyat, idarəetmə, maliyyə alətləri, risk menecmenti, strateji idarəetmə və rəqəmsal marketinq sahələrinin məzunları iş axtararkən çətinlik çəkirlər”

- Son illər ərzində Azərbaycanda əmək bazarına yeni daxil olan işçilərin təhsil səviyyələrində hansı dəyişikliklər müşahidə edilir? Əmək bazarına təhsilli, ya təhsilsiz gənclər daha çox daxil olurlar? Bu, nə ilə əlaqədardır?

- Bildiyiniz kimi, Azərbaycanda təhsilin, xüsusilə də ali təhsilin əhəmiyyəti artıb. Bunu son illərin qəbul planında kəskin artımla görə bilirik. Bir çox gənclər ali təhsil alaraq əmək bazarına daxil olmağa üstünlük verir, çünki ali təhsil almaq daha yaxşı iş imkanları və yüksək məvacibli iş deməkdir. Təhsilli əməkdaşlar informasiya texnologiyaları, mühəndislik, iqtisadiyyat, hüquq və tibbi sahələrdə daha çox tələb olunur. Bu sahələr üzrə təhsil alan gənclər əmək bazarına daha çox cəlb edilirlər. Dövlət tərəfindən həyata keçirilən təhsil islahatları və yüksəkkeyfiyyətli təhsil proqramlarının inkişafı ali təhsil müəssisələrinin və kadrların keyfiyyətini yüksəldib. Bilikli və ixtisaslaşmış kadrlar yetişdirilməsinin stimullaşdırılması məqsədilə təhsil müəssisələrində proqramların müasir iş bazarına uyğunlaşdırılması da təhsilli gənclərin sayını artırır. Bunlarla yanaşı, hökümətin xaricdə təhsillə bağlı silsilə xarakterli dövlət proqramlarının həyata keçirilməsi ölkədə yüksəkixtisaslı kadrların inkişafına əvəzsiz töhfə verir. Digər tərəfdən, əmək bazarına təhsilsiz gənclərin  daxil olmasını da qeyd etmək yerinə düşərdi. 

Son illərdə ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı, xüsusilə inşaat, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində işçi qüvvəsinə tələbatın çoxalması təhsilsiz işçilərə ehtiyacı artırıb. Təhsilsiz və ya aşağı təhsilli gənclər bu sektorlarda, xüsusilə əl işləri tələb edən işlərdə işləməyə cəlb olunurlar. Əmək bazarında işəgötürənlərin tələblərini əhatə etmək üçün təhsil sistemi ilə uyğunluğu gücləndirmək məqsədəuyğundur. Məsələn, iqtisadiyyat və idarəetmə sahəsində təhsil proqramlarında, müasir maliyyə alətləri, risk menecmenti, strateji idarəetmə və rəqəmsal marketinq kimi sahələrdə dərs proqramları bəzən köhnəlmiş və ya praktiki iş dünyası ilə uyğunlaşdırılmamış olur. Bu sahədəki məzunlar təhsil aldıqları nəzəri biliklərə əsaslanaraq iş axtararkən praktiki təcrübə və müasir idarəetmə alətləri ilə tanış olmadıqları üçün iş tapmaqda çətinlik çəkirlər. Belə işçilər daha çox iş yerində əlavə təlimlər və hazırlıq mərhələlərini keçmək məcburiyyətində qalırlar. Bu problem müxtəlif sahələrdə bu və ya digər şəkildə müşahidə olunur.

- Milli Observatoriyanın Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə müəssisələrdə “DOST Müfəttiş” layihəsini həyata keçirməsi əmək münasibətlərinin tənzimlənməsinə hansı formada fayda verir?

-  "DOST Müfəttiş" layihəsi Azərbaycanda fəaliyyət göstərən müəssisələrin əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları üzrə cari vəziyyəti qiymətləndirmək, çatışmazlıqları və uyğunsuzluqları aşkar edərək müvafiq istiqamətlər üzrə təlim və konsultasiya təşkil etmək məqsədi daşıyır. Layihənin məqsədləri arasında əmək qanunvericiliyinin tələblərinə riayət vəziyyətini qiymətləndirmək, əməyin mühafizəsi işini dəyərləndirmək, insan resursları idarəetmə sistemlərinin səmərəliliyini ölçmək və ƏMAS-ın tətbiqini müşahidə etmək kimi vacib aspektlər yer alır. Həmçinin layihə müəssisələrə əmək qanunvericiliyi üzrə uyğunsuzluqların aradan qaldırılmasına, müasir insan resursları yanaşmalarının tətbiqinə və insan kapitalının inkişafına dəstək olmağı hədəfləyir. Layihənin faydaları isə inzibati məsuliyyət risklərinin azaldılması, preventiv tədbirlərin tətbiqi, əməyin mühafizəsi tədbirlərinin düzgün təşkili və insan resursları proseslərinin optimallaşdırılmasıdır. Bu yanaşmalarla layihə müəssisələrin mütərəqqi fəaliyyətini dəstəkləyərək ölkəmizdə korporativ mühitin inkişafına töhfə verir.

Qeyd edim ki, “DOST Müfəttiş” layihəsi bu günə qədər 5 beynəlxalq mükafata layiq görülüb.

“İşaxtaranların işə qəbul prosesində bilik və bacarıqlara ehtiyacları dəyişir”

- Əmək bazarında rəqabətqabiliyyətli işçi qüvvəsinin hansı bacarıqlara ehtiyacı var?

- Bütün dünyada olduğu kimi, Azərbaycanda da əmək bazarında işaxtaranların işə qəbul prosesində müxtəlif bilik və bacarıqlara ehtiyacları dəyişilir. Milli Observatoriyanın iqtisadiyyatın müxtəlif fəaliyyət növlərini təmsil edən iri, orta, kiçik və mikro işəgötürənləri ilə keçirdiyi mütəmadi sorğularda əsas və yumşaq bacarıqları müəyyən etməyə geniş yer ayırıb. Müxtəlif peşələrdə çalışmaq üçün tələb olunan əsas bilik və bacarıqlarla yanaşı, yumşaq bacarıqlardan ən çox şəxsi inkişaf və özünü təkmilləşdirmə, təqdimat bacarığı, öyrənmə qabiliyyəti və davamlı öyrənmə, nəticəyönümlülük və məqsədyönlülük, korporativ nəzakətlilik, qərarvermə qabiliyyəti, müstəqil işləmək, planlaşdırma bacarığı, liderlik, işgüzar etika, davranış və s. rast gəlinir. 

Ümumilikdə, Milli Observatoriya tərəfindən keçirilmiş vakansiya sorğularının 50%-dən çoxunda əsas ünsiyyət bacarıqlar, məsuliyyətlilik, komanda işi, detallara diqqətetmə, analitik düşünmə yüksək reytinqdə yer alır. Bununla yanaşı, müxtəlif peşə istiqamətləri üzrə informasiya texnologiyaları bilikləri tələb olunur. Bunlardan ən çox tələb olunan proqramlaşdırma bilikləri olan SQL sorğu dili, Java, Windows server bilikləri, HTML, CSS, Javascript, Linux bilikləri tələb olunur. Həmçinin Microsoft Office, 1C, ERP sistemlər, Adobe, Autocad, Corel draw, CRM proqramları ən çox tələb olunanlar arasında yer alır.

- Milli Observatoriya artıq ölkəmizdə əmək və sosial müdafiə sahəsində mühüm beyin mərkəzinə çevrilir. Beynəlxalq əməkdaşlıqlar baxımından hansı addımlar atılıb və gələcək perspektivlər nələrdir?

- Milli Observatoriya yaranmasından az vaxtın keçməsinə baxmayaraq, artıq ölkədə əmək bazarı, sosial müdafiə, demoqrafiya və s. sahələrdə apardığı çoxsaylı araşdırmalar və bu sahədə müvafiq idarəetmə qərarlarının formalaşdırılması sahəsində verdiyi təkliflər onu ölkənin aparıcı beyin mərkəzinə çevirib. Bununla yanaşı, Milli Observatoriya üçün yalnız lokal beyin mərkəzi qalmamaqla beynəlxalq əməkdaşlığı genişləndirmək prioritetdir. 

Bunun məntiqi nəticəsi olaraq qurumumuz son illərdə bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurub. Bunlara misal olaraq, Dünya Bankını, Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Əmək və Sosial Təminat Təlim və Tədqiqat Mərkəzini (ÇASGEM), Tacikistan Respublikasının Əmək, Miqrasiya və Məşğulluq Nazirliyini, Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin Sosial Müdafiə Sistemi İşçilərinin Təkmilləşdirmə Mərkəzini, İslam Ölkələri üçün Statistika, İqtisadi və Sosial Araşdırmalar və Tədris Mərkəzini (SESRIC) göstərmək olar.

Xəbər lenti

5 fevral, 12:47

Eksternat imtahanlarının nəticələri bəlli olub

5 fevral, 11:48

"Azərbaycan məktəbi" jurnalı alim və tədqiqatçıları əməkdaşlığa dəvət edir

5 fevral, 11:46

Bakı Dövlət Universiteti vakansiya elan edir

5 fevral, 11:30

Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi

5 fevral, 11:25

Fil Bati: Azərbaycan universitetləri öz tədqiqat fəaliyyətlərini əhəmiyyətli dərəcədə artırır

5 fevral, 11:02

Mingəçevir Gənclər Evində uğur və ilham dolu günlər - REPORTAJ

5 fevral, 10:51

İcma əsaslı məktəbəqədər təhsil xidməti göstərən 188 qrant layihə həyata keçirilir

5 fevral, 10:16

Azərbaycanlı tələbələr layihələrini Niderlandda təqdim ediblər

5 fevral, 10:09

Agentlikdə yeni təyinatlar olub

5 fevral, 10:05

BSU-da Tələbə Məşvərət Şurasının iclası keçirilib

5 fevral, 09:45

Bakı Avrasiya Universitetləri Sammitinə ev sahibliyi edəcək

5 fevral, 09:32

Ölkəmizdə ilk dəfə “Biotəhlükəsizlik və biomühafizə” fənni tədris olunacaq

5 fevral, 09:28

ETN yanında İctimai Şuranın üzvləri Təhsilin İnkişafı Fondunda olublar

5 fevral, 09:25

“ADPU 2030” Strateji inkişaf planı qəbul olunub

5 fevral, 09:19

Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.