Samux rayonunun Qarayeri qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəb bu il 100 yaşını qeyd edir. 1925-ci ildə peşə məktəbi kimi açılan təhsil ocağı 1929-cu ildən fəaliyyətini 7 illik orta məktəb kimi davam etdirib. Hazırda isə bu təhsil müəssisəsi 11 illik tam orta məktəb statusuna malikdir.
Məktəbin yubileyi münasibətilə Samux rayonunun Heydər Əliyev Mərkəzində geniş tədbirin təşkili, bir sıra məktəbdaxili layihələrin həyata keçirilməsi planlaşdırılır.
“Azərbaycan müəllimi” bir əsrlik tarixi özündə daşıyan təhsil ocağında olub.
Məktəbin direktoru Şahin Məmmədov bu inzibati vəzifəni artıq iki ilə yaxındır ki, icra edir. Onun sözlərinə görə, hazırda məktəbin 12 sinfində 200 şagird oxuyur. Son iki ildə bu təhsil müəssisəsinin əsas hədəfi abituriyentlərin ali məktəblərə hazırlığını tam olaraq məktəbdə təşkil etməkdir. Cari tədris ilində işə qəbul imtahanlarında yüksək bal toplayan 6 müəllim məktəbdə fəaliyyətə başlayıb. Məktəb rəhbərliyi belə müəllimlərin dəstəyi ilə hədəfinə nail olacağını düşünür.
“Valideynlər artıq uşaqlarını sınaq imtahanlarına göndərməyə ehtiyac duymurlar”
2023-2024-cü tədris ilinin nəticələrinə əsasən, məktəbin ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə buraxılış imtahanlarında müvəffəqiyyət göstəricisi 33 bal artıb. Məktəb bu göstəricisi ilə rayon üzrə 16 pillə irəliləyib. Ali məktəblərə qəbulda da müsbət dinamika müşahidə edilir. Təhsil müəssisəsinin məzunları arasında ali məktəblərə yüksək balla daxil olanların sayı getdikcə çoxalır.
Şahin Məmmədov bildirib ki, tarix müəllimi olduğu 9-cu sinif şagirdi Aysel Məmmədli ötən il bu fənn üzrə Respublika fənn olimpiadasında yarımfinala qədər yüksəlib.
Məktəb rəhbərliyi hazırda builki 6-cı siniflərin nəticələrini yüksəltməyə çalışır: “6-cı siniflərin göstəricilərini yüksəltmək hazırda əsas prioritetlərimizdəndir. Digər əsas hədəf isə 4-cü sinfin rayon üzrə ən yaxşı 5 sinifdən biri olmasıdır”.
Dərs keyfiyyətini artırmaq üçün məktəbdə monitorinqlər aparılır. Ayda bir dəfə direktorun, ayda iki dəfə isə müəllimlərin təşəbbüsü ilə keçirilən belə qiymətləndirmələrin əsasında rəylər hazırlanır, məktəbin nöqsan və irəliləyişləri müəyyən edilir. Bununla yanaşı, valideynlərlə sıx əməkdaşlığa da xüsusi önəm verilir: “İl ərzində müntəzəm olaraq valideyn iclasları təşkil olunur, “WhatsApp” qrupları vasitəsilə valideynlərə mütəmadi olaraq, övladlarının təhsil göstəriciləri barədə məlumatlar verilir”.
Direktorun sözlərinə görə, valideynlərin məktəbdə keçirilən monitorinqlərə inamı o qədər artıb ki, onlar uşaqlarını artıq sınaq imtahanlarına göndərməyə ehtiyac duymurlar.
Telefon qadağası bu məktəbdə də var
Məktəbdə şagirdlərin davamiyyəti əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşıb. 9-11-ci siniflərdə davamiyyətə xüsusi diqqət yetirilir. Bunun nəticəsində şagirdlər mütəmadi olaraq dərsdə iştirak edirlər.
Şahin Məmmədov hesab edir ki, uşağın təməl tərbiyəsində məktəbin xüsusi rolu var: “Uşaqlar 5 yaşından başlayaraq günün çox hissəsini təhsil müəssisələrində keçirirlər. Elə buna görə şagirdlərin düzgün özünüaparma bacarığı məhz məktəbdə formalaşmalıdır”, - deyə o, əlavə edib.
Direktor qeyd edib ki, şagirdlərin məktəbə telefon gətirməsi qadağan olunub, lakin bəzi ibtidai sinif şagirdləri uzaq məsafədən gəldiyindən onlar üçün müəyyən dərəcədə istisna tətbiq edilir. Bununla belə, dərs zamanı telefondan istifadəyə qəti şəkildə icazə verilmir. Şahin Məmmədovun sözlərinə görə, son 10 ildə valideynlərin övladlarının təhsilinə marağının nəzərəçarpacaq dərəcədə artdığını müşahidə edir. Artıq ailələr bilik və savadın uğurlu gələcək üçün vacib şərt olduğunu dərk edirlər:
“Düşünürəm ki, sürətlə inkişaf edən texnologiyalar, süni intellektin gündəmdə olması yaxın gələcəkdə humanitar fənlərə tələbatı qismən azalda bilər. Tarix müəllimi olmağıma baxmayaraq, texniki fənlərin, xüsusən də informatika və dəqiq elmlərin saatlarının artırılmasının tərəfdarıyam”.
Şagird sayı az olsa da, onların arasında istedadlılar çoxdur
Məktəbdə şagirdlərin yaradıcı potensialının üzə çıxmasında 2019-cu ildən dərnək rəhbəri kimi çalışan Nigar Babayevanın xüsusi rolu var. O, 5-11-ci sinif şagirdlərini meyil və bacarıqlarına əsasən, iki qrupa bölüb.
Müəllim deyib ki, “Bacarıqlı əllər” qrupu böyükyaşlı, “Sehrli qələm” qrupu isə kiçikyaşlı şagirdlər üçün formalaşdırılıb: “Təcrübə göstərir ki, ibtidai və yuxarı sinif şagirdlərinin ayrı-ayrılıqda işləməsi daha səmərəli nəticələr verir. Dərnəklər həftədə 3 dəfə keçirilir. Burada, əsasən, əl işləri, rəsmlər, tullantılardan yeni konstruksiyalar, aplikasiyalar hazırlanır”.
Məktəbin şagird sayı nisbətən az olsa da, Nigar müəllim onların arasında istedadlı uşaqların çox olduğunu vurğulayıb. Onun fikrincə, dərnək şagirdlərə mədəni təfəkkür, özünəinam, motivasiya və səbir aşılayır. Şagirdlər “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Təbiəti qoruyaq, dünyamızı yaşadaq” adlı rəsm müsabiqəsində və digər sərgilərdə böyük həvəslə iştirak edərək yüksək nəticələr əldə ediblər.
Şagirdlərin gözü ilə: yaradıcılıq, elm və gələcək arzuları
Dərnək üzvləri və digər fəal şagirdlər məktəbdəki şəraitdən məmnunluqlarını bildirərək gələcək planlarından da danışıblar:
İlkin Məmmədov (7-ci sinif): “3-cü sinifdən dərnəyə gedirəm. Mənzərə, portret, xüsusilə at şəkilləri çəkməyi sevirəm. Böyüyəndə Leonardo da Vinçi kimi dahi rəssam olmaq istəyirəm. Sarı rəngin uğur gətirdiyinə inanıram. Bir çox rəsm müsabiqələrində iştirak etmişəm. Azərbaycan dili, kimya, riyaziyyat fənlərini də yaxşı oxuyuram”.
Nuray Rəhimova (4-cü sinif): “Dərnəyə bu ildən qoşulmuşam. 20 Yanvarla bağlı rəsm, göbələk aplikasiyası hazırlamışam. Böyüyəndə rəssam olmaq istəyirəm. Riyaziyyat və ingilis dilini sevirəm”.
Ramidə Quliyeva (7-ci sinif): “3-cü sinifdən dərnəyə gəlirəm. “Zəfər Günü”, “Müstəqillik Günü” mövzularında rəsmlər çəkmişəm. Mavi rəng açıq səmanı ifadə etdiyinə görə mənə çox doğmadır. Gələcəkdə dizayner olmaq niyyətindəyəm. Azərbaycan dili, biologiya, riyaziyyat və rəsm dərslərini xoşlayıram”.
Aysel Həsənova (11-ci sinif): “5-ci sinifdən “Bacarıqlı əllər” dərnəyinin üzvüyəm. Hələ uşaqlıqdan rəssamlığa marağım var idi. Dərnək bu bacarığımı inkişaf etdirməyə kömək etdi. Rayon və ya şəhər səviyyəli sərgilərdə iştirak etmişəm. Rəsm çəkmək mənim üçün istirahətdir,o, mənə gündəlik dərslərimin yorğunluğunu çıxarmağa kömək edir. Ən çox vətənpərvərlik mövzusunda rəsmlər çəkirəm. Dünyanı, əsasən, yaşıl və mavi rəngdə görürəm. Yaşıllıq nəfəs almağımız üçün çox vacibdir. Gələcəkdə həkim olmaq istəyirəm, kimya, biologiya və fizika fənlərinə marağım çoxdur”.
Nuray Zeynalova (10-cu sinif): “5-ci sinifdən dərnəyə gedirəm. Rəsm çəkmək məni sakitləşdirir, həyəcanımı aradan qaldırır. İndiyədək daha çox vətənpərvərlik yönümlü rəsmlər çəkmişəm. Bir çox diplomlarım var. Qırmızı rəngi daha çox sevirəm, çünki özgüvəni ifadə edir. Dizayner olmaq arzusundayam. Azərbaycan dili, riyaziyyat, ingilis dili, biologiya və kimyanı da həvəslə öyrənirəm”.
“Kimyanı şagirdlərə ən çox təcrübələr aparmaqla sevdirməyə çalışır”
Məktəbin kimya müəllimi Bənövşə Mövlayeva 10 illik pedaqoji təcrübəyə malikdir. O, kimyanı şagirdlərə ən çox təcrübələr aparmaqla sevdirməyə çalışır. Məktəb laboratoriyası yüksək standartlara tam cavab verməsə də, müəllim mövcud imkanları ilə hər dərsdə təhlükəsiz olmayan reaksiyalar apararaq şagirdlərin kimyaya marağını artırmağı bacarır. Ən zəif oxuyanları belə prosesə cəlb etməklə onlara kimyanı sevdirir. Bunun nəticəsidir ki, məktəbdə ixtisas seçimini dəyişərək həkim olmaq istəyənlərin sayı artır.
Müəllim bildirdi ki, dərsdən sonra kimyaya marağı olan şagirdləri təmənnasız olaraq olimpiadalara hazırlaşdırır.
100 illik yubileyə qədəm qoyan Qarayeri qəsəbəsi 2 nömrəli tam orta məktəbin pedaqoji heyəti balanslı yanaşma ilə şagirdlərə hərtərəfli bilik verməyin zəruriliyini əsas götürür.
Onlara bu inkişaf yolunda uğurlar arzu edirik!
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)