
Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində Gənc Xarici Dil Müəllimləri Birliyinin təşkilatçılığı ilə “Təhsildə yeni çağırışlar və müasir həllər” adlı genişmiqyaslı təlim təşkil edilib. Tədbirə respublikanın müxtəlif regionlarını təmsil edən 150-dən çox müəllim qatılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, təlimin məqsədi müasir dövrdə təhsilin qarşısında duran çağırışlara cavab vermək, müəllimlərin innovativ pedaqoji yanaşmalar və həll yolları ilə tanış olmasına dəstək göstərmək olub. İştirakçılar təlim ərzində aktual mövzularda peşəkar təlimçilərin təqdimatlarını dinləyib və təcrübə mübadiləsi aparıblar.
Belə ki, "İnteraktiv təlimin fəlsəfəsi" mövzusunda Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin dekanı, professor Hikmət Əlizadə təlim keçib. "İnklüziv mühitdə şagirdlərə xarici dilin tədrisi" mövzusunda Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova öz bilik və təcrübəsini bölüşüb. Bundan əlavə, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova "Uşaq müdafiəsi mexanizmi necə qurulmalıdır" mövzusunda təqdimat edib. IElTA-nın Azərbaycandakı səfiri Şəlalə Məmmədli "Şagirdlərdə tənqidi düşünmə bacarıqlarının inkişafı" mövzusunda təlim keçib. Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, dosent Bənövşə Məmmədova isə "Gender və xarici dil öyrənmə bacarıqları: fərqlər və səbəblər" mövzusunda çıxış edərək iştirakçılarla öz bilik və təcrübəsini bölüşüb.
Qeyd edilib ki, Gənc Xarici Dil Müəllimləri Birliyi tərəfindın gələcəkdə də ölkənin müxtəlif bölgələrində bu kimi maarifləndirici və inkişafyönümlü layihələr davam etdiriləcək.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər